adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ON DÖRD ƏSR ƏVVƏLDƏN BOYLANAN HƏQİQƏT

FƏRİDƏ RƏHİMLİ
52007 | 2015-10-31 10:17
İmam Hüseyn(ə): "Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün qiyama qalxdım!"
Amma təəssüf ki, on dörd əsr keçsə də ümməti islah etmək tam olaraq mümkün olmayıb. Sonuncu səmavi kitab olan Qurani-Kərimin və sonuncu peyğəmbər Hz.Məhəmməd(s.ə.s)-in göstərdiyi yolu, ümməti şaxələndirərək elə özlərinin də bu yolda azmalarına səbəb olurlar. Sünni-şiə ayrımçılığı, fərqli təriqətlər, məzhəblər, uydurulmuş hədislər, dini rəvayətlər bu yolu doğru getmək istəyənləri çaşdırmağa xidmət edir. Bu günlər Aşura - yəni, hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günü məzhəblər arasındakı fikir ayrılıqları yenə də gündəmə gəldi. Aşurada oruc tutulub-tutulmaması, bu gündə edilən ibadətlər və s. haqda mübahisələr əsrlərdir davam edir.
Aşuranın İslam inancında bir çox önəmli hadisələrin olduğuna inanılır:
H.Adəmin tövbəsinin qəbul olması,
Hz. Nuhun tufandan qurtulması, (Nuh peyğəmbərin gəmisinin bu gündə tufandan qurtulub Cudi dağının təpəsinə endiyi bildirilir).
Hz. Yunusun balığın qarnından çıxması,
Hz. İbrahimin atəşdə yanmaması,
Hz. İdrisin göyə çıxarılması,
Hz. Süleyman (a.s.)-a səltənət verilməsi,
Hz. Yaqubun oğlu Hz.Yusufa qovuşması, Hz.Yusufun quyudan çıxması,
Hz. Əyyubun xəstəlikdən qurtulması,
Hz. Musanın Qızıl dənizi keçməsi və firounun həlak olması,
Hz. İsanın doğumu və ölümdən qurtulub, diri olarak göyə çıxarılması
Hz. Musa (a.s.)-ın fironun şərindən qurtulması
Hz. İbrahim (a.s.)-ın dünyaya gəlməsi və oddan qurtulması,
Hz. Hüseyn (ə.)-ın şəhid edilməsi aşura günü oldu.
Qiyamətin qopmasının da aşura günü olması fikirləri səslənir.
Aşura sözünün ərəb dilindən tərcüməsi də "onuncu gün" deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Hz.Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Məhərrəm və Səfər aylarını matəm ayları olaraq qəbul edərlər, iki ay boyunca toy və əyləncələr edilməz, bu günlərdə yas məclisləri qurulur, mersiyələr oxunur, ehsan yeməkləri verilir. Türkiyədəki ən böyük anma mərasimi İstanbul Halkalıdaki Aşura Matəm Mərasimində keçirilir. Bu törən Aşura gününü ən yaxşı şəkildə anladılması üçündür.
Bu ayda bir məsələyə diqqət yetirmək lazımdı. Mərsiyə və növhə deyib ağlamaqlara sözüm yox, amma moizə və nəsihət vasitəsilə aşura ideyalarını insanlara başa salmaq daha vacibdir. Lakin çox təəssüf ki, bu gün nəinki bu cür tədbirlər keçirilmir, hətta dini ocaqlardakı proqramlar da bəzən qənaətbəxş olmur. Bəzi mollalar öz vəzifələrini yalnız mərsiyə deyib camaatı ağlatmaqda görürlər ki, bu da onların savadsızlığını göstərir. Hətta bəzi üzdəniraq "din xadimləri" Aşura günü camaatın çoxluğunu, insanlara hakim olan emosional abü-havanı fürsət sayıb, bundan pul qazanmaq üçün istifadə edirlər. Aşura günündə nəzir qutularının daha çox olması, küçələrdə dilənərək nəzir istəyən adamların sayının onqat artması da buna sübutdur. Aşura şəhidlərinə yas saxlayan zaman bəzi dini və etik normaları diqqət mərkəzində tutmaq lazımdı. Hadisələri təhrif edən, İmam Hüseynin (ə) mübariz simasını zəlil və aciz formada təqdim edən, olmayan hadisələri bəzəyib göstərməyə çalışan moizələr söyləmək, mərsiyələr demək də dinə xidmət hesab oluna bilməz.
Müaviyə öz ölümündən bir qədər öncə oğlu Yezidi gələcək xəlifə kimi təsdiqlədi. Bu isə İslam dininin hələ tam oturuşmadığı bir dövrdə təhrif olaraq səltənət ideologiyasına çevirilməsi demək idi. Müsəlmanların yavaş-yavaş Peyğəmbərin(s) yolundan döndüyünü və İslamın aradan getdiyini görən İmam Hüseyn(ə) anlayırdı ki, onun kimi insanın qanı tökülməyincə müsəlman cəmiyyəti qəflət yuxusundan oyanmayacaq. Onlar Peyğəmbərin(s) vaxtı ilə 3 nəfərlə Məkkə müşriklərinə qarşı qiyamını unutmuş, mübarizədən əsas məqsədin qələbə deyil, mübarizənin özü olduğunu hələ də anlamamışdırlar. Onalrın gözündə kiçik bir dəstənin zahiri qələbə çalmaması onların məğlubiyyəti idi. Ancaq İmam Hüseyn(ə) qanın qılınca qələbə çala biləcəyini sübuta yetirdi. O qadın və uşaq daxil olmaqla bütün yaxın adamları ilə Məkkəyə tərəf Həcc mərasiminə yola düşdü. Məkkədə müsəlmanların bütün vilayətlərdən bir araya gəldiyi zaman İmam(ə) onları qiyama səslədi və Həccini yarımçıq qoyub Kufəyə tərəf yola düşdü. İmam(ə) çox gözəl bilirdi ki, nə Məkkədə onun çağırışına cavab verəcəklər, nə də Kufə əhli ona dəstək verəcək. İmam(ə) müsəlman cəmiyyətinin mənəvi cəhətdən ölü və cansız bədən olduğunu anlayırdı. Kufəyə getdiyi arada bir çoxları İmama(ə) qoşulmaq istəyirdi ancaq İmam(ə) öz tərəfdarlarını seçirdi. Kərbəla hadisəsinin qəhrəmanlarının heç biri təsadüfi insan deyildi. Onlar dövrünün ziyalıları, öz sahələrində birinci, həyatda və işlərində böyük uğurlar əldə etmiş şəxsiyyətlər idi. Bir sözlə, İmam Hüseynin(ə) ətrafında bütün müsəlman cəmiyyətinin qaymağı yığışmışdı. Kufəlilər İmam Hüseynin(ə) elçisi Müslim ibn Əqili(r) şəhid etdikdən sonra Yezidə biyət etdilər. Bu da gözlənilən idi. Çünki, kufəlilər Həzrət Əli(ə) və İmam Həsənə(ə) də qarşı xəyanətlər etmişdilər. Onlar həmişə təhlükə ilə üzləşəndə Əhli-Beytə(ə) üz çevirirdilər. Bu xəyanətlərin kökündə qorxu durmurdu. Əməvilər onsuz da kufəlilərin malına və canına qəsd edirdilər. Malına və canına görə qorxan şəxslər əslində İmamlara(ə) dəstək verməli idilər. Çünki onlar əmin idilər ki, yalnız Əhli-Beytin(ə) hakimiyyəti altında onlar amanda qalacaqlar. Alimlərdən biri çox gözəl şəkildə kufəlilərin davranışını əsaslandırır. O deyir ki, kufəlilər iki seçim arasında idilər: İmam Hüseynə(ə) və ya Yezidə beyət. Yezidə beyət etməyib, İmam Hüseynə(ə) beyət edib və məğlub olacaqları təqdirdə onları ölüm gözləyirdi. İmama(ə) beyət etməyib Yezidə beyət edib və məğlub olacaqları təqdirdə onlardan heç kəs intiqam almayacaqdı. Çünki bu xüsusiyyət Əhli-Beyt(ə) əxlaqına ziddir. Onlar Əhli-Beytin(ə) kəramətinə arxayın olub Yezidə beyət etdilər.
Bundan xəbər tutan İmam Hüseyn(ə) Fərat çayının yaxınlığında yerləşən Kərbəla adlı bir çöldə düşərgə saldı. Bu zaman onun yanında 130-a yaxın insan var idi ki, onalrdan 72-si döyüşə hazır olan kişilər idi. İmam Hüseyn(ə) bu anda da düşmən qoşununa özünü tanıtdırır, heç olmasa bircə nəfəri də cahiliyyət və mənəviyyatsızlıq bataqlığından xilas etmək üçün çalışırdı. Döyüş günün axşamı isə İmam(ə) öz qoşununa müraciət edərək onlara şəhadət müjdəsini verdi. Səhər öləcəklərini yəqin bildikləri halda hər bir əsgərin üzündə sevinc təbəssümü var idi. Çünki sabah onlar haqq uğrunda döyüşəcək, haqq uğrunda şəhid olacaq və təkliyini bütün vücudları ilə dərk etdiyi Allaha qovuşacaqlar. Onlar Allahın təyin etdiyi imamın əmrinə tabe olub ona yardım edəcklər. İstər qalib olsunlar istərsə də məğlub. Elə onların qələbəsi də bunda idi. Hicri 61-ci ildə Məhərrəm ayının 10-u Aşura günü Yezidin göndərdiyi və kufəlilərdən ibarət 30 minlik ordu ilə 72 nəfərlik İmam Hüseyn(ə) qoşunu arasında döyüş baş verdi. Onlar hamısı şəhid edildi. Qadın və uşaqlar həmçinin xəstə yatağında olan İmam Səccad(ə) əsir götürüldü.
Bu hadisənin tarixdən silinməsi üçün kifayət qədər səy göstərilib, lakin bu, mümkün olmayıb. Bu faciəyə hər dəfə edilən hücumda onun yeni özəlliyi ortaya çıxıb. Əksəriyyət düşünür ki, 14 əsr əvvəl baş vermiş bir döyüş səhnəsi niyə yaddan çıxmır? Niyə hər il daha da təntənəli şəkildə yad edilir? Kərbəla hadisəsinə qiymət vermək və bu "niyə"lərin cavabını tapmaq üçün ən azı o dövrün ictimai-siyasi vəziyyəti ilə az da olsa, tanış olmalıyıq. İmam Hüseyn (ə) sonuncu peyğəmbər həzrət Məhəmmədin (s) nəvəsi və ədalət simvolu kimi tanınan imam Əlinin (ə) övladıdır. Onun Hz.İbrahim(ə) və İsmayıldan (ə) gələn soyu dünyada ən mötəbər və şərəfli soy hesab olunur. Əlbəttə, Aşura qiyamını yaddaşlara həkk edən səbəb bu deyil. Hər kəsin dərk etdiyi bir həqiqət var - xeyir və şər, haqq və batil. Bu savaş da batilin ən yüksək zirvədə dayandığı, haqqın ən aşağı həddə yuvarlandığı bir vaxtda baş verdi. İslam dini bəşəriyyət üçün xilaskar funksiyasını tam şəkildə üzərinə götürdüyü halda, onun başına ilahi göstərişləri açıq şəkildə pozan biri keçdi. Müsəlmanların xəlifəsi olan Yezid it oynatmağı, meymun saxlamağı, əyyaşlıq etməyi və müxtəlif cinayətləri ilə məşhurlaşmışdı. Belə bir vaxtda imam Hüseyn (ə) ilahi höccət olaraq, bəşəriyyətin mənəviyyatsızlıq bataqlığında məhv olmasında özünün də məsuliyyət daşıyacağını anlayaraq, zülmə qarşı qiyam etdi. Onun məqsədi Yezidi hakimiyyətdən kənarlaşdırıb şahlıq kürsüsündə oturmaq deyildi. Bunu tarix də sübut edir. Aşura qiyamının hər səhnəsi göstərir ki, burada ancaq və ancaq şəhadət olub. İmamın məqsədi Yezidin islam dininə aid olmadığını çatdırmaq idi və o, bunu çatdırdı".
İbn Teymiyyə demişdir: "Aşura günü Allah Hüseynə şəhid olmağı nəsib etməklə Hz.Hüseynin hörmətini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə onlara köməklik göstərənləri və bundan məmnun qalanları isə alçaltmışdır... Hüseynin qətlə yetirilməsi, həqiqətən də, böyük bir müsibətdir. Rəsulullahın (s) əhli-beytini sevib onları gözətmək hər müsəlmanın borcudur".
Aşura günündə bəzi yerlərdə aşure adlı yemək bişirilir. Aşuranın Aşure adlı yeməklə nə əlaqəsi var? Anadoluda çeşitli hububatlardan bişirilən Aşure Nuh tufanı ilə bağlı bir rəvayətlə əlaqəli edilir. Rivayətə göre gəmidəkilərin yeməkləri tufan müddətində qurtarmış, ərzaq çuvallarının dibində qalan az miqdardakı ərzaqların hamısını bir qazan içərisində birləşdirilərək yemək bişirilmişdi. Aşurenin Aşurayla heç bir əlaqəsi olmadığı üçün onu yalnız həmin gün deyil, istədiyimiz zaman bişirə bilərik.
Son illər Aşura günündə zəncir vurmaq, bədənin müxtəlif yerlərindən qan çıxarmaq əvəzinə, məscidlərdə keçirilən qanvermə aksiyası keçirilməsi bəyəniləndi. Bu il Aşura zamanı 5 min litrdən çox qan toplandı. Könüllü olaraq bu prosesdə iştirak edən insanlar qan xəstəliyindən əziyyət çəkən insanlara yardımçı olmağa çalışırlar.
Belə xeyirli təşəbbüslə bərabər, məscidlərdə Aşuranın mahiyyətinin anladılması dindarların, xüsusilə gənclərin doğru yola yönəldilməsində vacib məsələdi və din xadimlərimizin vəzifə, həm də vicdani borcudu.


TƏQVİM / ARXİV