adalet.az header logo
  • Bakı 19°C

SÜRÜCÜLƏR ƏZRAİL LİBASINDA

FƏRİDƏ RƏHİMLİ
54303 | 2015-09-19 11:23
Sovet hökuməti zamanında da vardı, sonralar da yol polis postlarının yaxınlığında qəza törətmiş avtomobillərin "qəbiristanlığı" olur. Aydın məsələdir ki, bunlar yol hərəkəti qaydalarına əməl etməyən, sürücü mədəniyyətinə əhəmiyyət verməyən, yüksək sürət həddini keçməyi üstünlük hesab edən sürücülərə görk, örnək üçün yol kənarında saxlanılır. Əzilmiş, deformasiya olunmuş, görünüşündən dəhşətli bir faciənin şahidi olan bu əzik maşınlar kimlər üçünsə bəlkə də dərs olur, amma hər kəs üçün deyil. Son günlərin dəhşətli faciəsi olan Bakı-Sumqayıt yolundakı qorxunc hadisənin Saray polis postunun yaxınlığında baş verməsi heç də hər kəsin belə görüntülərdən nəticə çıxarmadığını bir daha sübut etdi.
Bir çox problemlərimizin içində yol hərəkət qaydalarına əməl etməyən sürücülərin kobudluğu da səhhətimizə, əsəblərimizə hər gün zərbə vuran amillərdən biri və bəlkə də ən əsasıdır. Çünki səhər evdən xoş əhvalla çıxsan da avtobuslarda əsəbləşməyə bilmirsən. Bu əsəbiliyi öz şəxsi avtomobili ilə evdən çıxanlar da yaşayır. Çünki intizamlı sürücü ilə kobud, mədəniyyətdən uzaq, sürücülük vəsiqəsini müxtəlif yollarla almış insanlar eyni yolu bölüşmək zorundadırlar. Ancaq bölüşmək kəlməsi ikinci kateqoriyaya aid deyil. Çünki onlar yolda elə oyunlardan çıxırlar ki, sanki yolu onların ata-babası çəkdirib və özləri də bu yolun ömürlük darğasıdırlar.
Hər gün yollarda baş verən saysız-hesabsız qəzalardan kimsə nəticə çıxarmaq istəmir deyəsən. Xüsusən də hər gün istifadə etdiyim Xırdalan - Bakı sərnişin avtobusları olan 119 və 135 nömrəli avtobusların əbədi "savaşı" bitmək bilmir ki, bilmir. Başqa-başqa şirkətlərə mənsub olan bu iki avtobusun yolun əksər hissəsində marşrutu eyni olduğundan önə keçib, daha çox sərnişin toplamaq üçün daim mübarizədədirlər. Bu yolda nəinki sərnişinlərin narazılığına əhəmiyyət edir, hətta kobudluqla haqlı olduqlarını sübut etməyə çalışırlar. Hər ikisi iritutumlu avtobuslar olmasına, yəni içində çoxlu sayda insanlar daşımalarına rəğmən təhlükəli dönmələrlə, ötmələrlə hər kəsin sinirlərinə toxunurlar. Hər dəfə qəzalara səbəb sürücü intizamsızlığı, yüksək sürət, yol hərəkət qaydalarını doğru-dürüst öyrənmədən sürücü vəsiqəsi almaları və sairdir. Günü-gündən avtomobillər artdıqca qəzaların sayı da artır.
Statistikaya əsasən 1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən il Azərbaycanda 54 min 383 nəfər dünyasını dəyişib ki, bunların da 1164 nəfəri avtomobil qəzalarının qurbanı olub. Yol qəzaları ilə bağlı qorxunc statistika barədə dəfələrlə məlumatlar yayılıb. Hər dəfə də bu cür məlumatların meydana çıxmasının ardından rəsmi mənbələr cərimələri sərtləşdirməklə, müvafiq profilaktik iş aparmaqla məsələni yoluna qoymağa çalışdıqlarını bəyan edir. Lakin vəziyyət müsbətə doğru dəyişmir, əksinə, daha da pisləşir. Yol qəzalarında dünyasını dəyişənlərin əksəriyyəti gənc və orta yaşlılardır. 2015-ci il yanvarın 1-dən sentyabrın 14-dək Bakı şəhərində 570 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 158 nəfər ölüb, 655 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu siyahını uzatmaq da olar. Çox sürücülər Əzrail libasında gəzirlər. Təəssüf ki, Dövlət Yol Polisinin bütün cəhdlərinə baxmayaraq bu qəzaların qarşısını almaq mümkün deyil. Sadalanan səbəblər çox olduqca qarşısını almaq da o qədər çətinləşir. Şəhərdə avtomobillərin sayını azaltmaqla problemin həll edilməsi məsələnin bir tərəfidir. Əsas səbəblərdən biri də sürücü vəsiqəsinin, yol hərəkət qaydalarını bilmədən, sürücü mədəniyyətini öyrənmədən əldə olunmasıdır. Əks tərəfdən gələn sürücü intizamlı, bütün yol hərəkət qaydalarına əməl etsə də, qarşıdakı intizamsız sürücünün güdazına gedir.
Hər kəs evindən bir ümidlə, arzuyla çıxır. İşə, gəzməyə, qohumların ziyarətinə, bazara, toya, yasa... gedənlərin yoldan sağ-salamat dönəcəyinə qarantiyası yoxdur. Bir intizamsız sürücünün səhlənkarlığı neçə ailənin, evin, ocağının qaralmasına səbəb olur. Neçə ailə yola saldığı atanı, oğulu, tələbəni, fəhləni... qan içində qarşılamağa, o dəhşətli anları yaşamağa məcbur olur. Hərdən bəzi sürücülərin başı üzərində asılmış bir yazı diqqət çəkir: Ata, ehtiyatlı ol, səni evdə gözləyirik!
Bakı - Sumqayıt yolunda dünən baş verən qəza sükan tutan çoxlarını düşündürməlidir. Sərnişinlər səhər erkən o mikroavtobusa minməyə tələsərkən ölümlərinə tələsdiklərini, əcəllərinə tələsdiklərini, Əzrailiylə yola çıxdıqlarını anlamamışdılar. O Əzrail bir sürücünün timsalında çoxlarının canını aldı həmin an - tələbə, fəhlə, gənc, yaşlı, qadın, kişi bilmədən. Neçə arzu ürəkdə qaldı, neçə ümid yerdən-göydən kəsildi, neçə övlad atasız-anasız qaldı. "Ölüm ölümdü, zülmü daha betər" deyib nənələrimiz. O faciəni ürək ağrısız seyr etmək mümkün deyil. Sürət həddinin aşılması nəticəsində yol kənarındakı hasarın dəmirinin mikroavtobusun içinə girərək insanları parçalayaraq sona kimi getməsi xəsarət almayan bircə nəfər də buraxmadı. Ən az on iki-on beş evdə yas qurulmasına səbəb oldu bir nəfərin səhlənkarlığı, intizamsızlığı. Bədən əzaları parçalanaraq ölən insanları görmək ən dəhşətli qorxu filmlərindən də betərdi. Uzun müddət o olayı görənlərin yaddaşından silinməyəcək bu faciədən, sükan tutarkən özünü məğlubedilməz hesab edən çoxlarının dərs götürməsi lazımdır. Daha belə dəhşətləri yaşamayaq deyə bu sahədə çox işlər görülməsi, kəskin ölçülər götürülməsi lazımdı. Rüşvətlə alınan sürücü vəsiqələrinin faciəli sonluğunun hər gün şahidi oluruq. Bu sahədə də qaydaların sərtləşdirilməsi qaçılmazdır. Sürücülərin sərnişinlərlə davranışını yoxlamaq, sürücü mədəniyyətinin olub olmamasını yoxlamaq elə də çətin məsələ deyil. Hər gün, bir çox avtobuslarda söyüşlə, kobud sözlərlə sərnişinləri təhqir edən sürücüləri görmək olur. Bunların qarşısı alınmalı, çoxlu insanlarla ünsiyyətdə olan, onların taleyinə cavabdeh olan sürücülərin sürücü mədəniyyətini mənimsəməsinə nail olunmalıdır. Sürücülüyə iş tapmayanlar, məktəb oxumayanlar deyil, bu sənəti sevən, dərindən bilən, bacarıqlı, insani keyfiyyətlərə malik olanlar işə götürülməlidirlər.
Vətəndaş sürücülər! Evdən acıqlı, hirsli, ac və sair halda çıxmanız başqalarının əsəblərinin pozulmasına, ailələrin sizin ucbatınızdan bədbəxt olmasına səbəb olmamalıdır. Şəxsi problemlərinizi evinizin kandarında buraxıb çıxın. Sizi, hər şeydən əvvəl sizə əmanət olan çoxlu sayda insanın taleyinə cavabdeh olmağınız düşündürməlidir. Sizə də, həyatı sizinlə tükdən asılı vəziyyətdə olan insanlara da can sağlığı arzulayıram.
Beş dəqiqə tələsmək insanı bir ömür geri ata bilər. Yolunuz açıq, vicdanınız rahat, mükafatınız insanların razılığı olsun.



TƏQVİM / ARXİV