adalet.az header logo
  • Bakı 18°C

NOSTALJİ

MƏZAHİR ƏHMƏDZADƏ
87480 | 2015-09-19 01:12
(keçmişə məktub)

Yadındamı, o dadlı, şirin yeniyetmə günlərimiz, ilk gənclik illərimiz, yadındamı? Qollarını sanki bir ana qucağıtək açıb da hər gün bizi şəfqətlə, sevgiylə qoynuna alan o doğma məktəbimizi unutmadın ki? O vaxtlar necə böyük, necə gözəl, necə cazibədar idi 1 nömrəli... Sonralar gedib gəzmisənmi o təbaşir, kitab-dəftər, mürəkkəb qoxulu otaqları, o qərib günlərin həsrətini çəkmisənmi heç? Birgə çalışdığımız məktəb komsomol komitəsinin üçüncü mərtəbədə yerləşən otağının qapısını açıb içəri keçmək istəmisənmi? İdman zalına, iclas və tədbirlər salonuna kənardan da olsa boylanmısanmı? Şakirin çayxanasını, Solmazın kotletli vermeşil, hərdən də müəllimlər üçün ayrıca xörəklər bişirilən yeməkxanasını, eləcə bizə inanan, bizimlə dostluq edən müəllimləri xatırlayırsanmı? Məktəbin arxa tərəfindəki meydançanı, kənd bağlarına oxşayan geniş həyətini, X1, X2... siniflərində keçirilən ad günlərinə hörmət-izzətlə dəvət olunmağımızı, qızlı-oğlanlı etibarlı dostlarımızı hərdən xatırlayırsan yəqin ki...

Əziz qardaşım, sevimli Fərəc! Əgər sən unutduqlarını unudub, unuda bilmədiklərini xatırlayırsansa, elə beləcə də qal. Ancaq çalış gözəl anlarını, günlərini yaşadığımız o doğma məktəbimiz tərəflərə yolunu salma, getmə ora. Gedib o nəhəng və gözəl məktəbimizin nə kökə düşdüyünü görmə. Görmə onun qocalıb əldən düşdüyünü, əriyib sınıxdığını, əfəlləşdiyini... Xatirələrinə, xəyallarına, sevdalı günlərinə yazıq olar. Gördüklərin səni aldadar; elə bilərsən ki, ömrün o bənzərsiz, şirin günləri də heç yerli-dibli olmayıb. Özünə də, dünyaya da şübhə ilə yanaşarsan. Sanki bütün bunlar bir əfsanəymiş, kimsə bunları şirin bir nağıl kimi danışıb bizə.

Ancaq solmuş, öləzimiş o xatirələr ki var, hərdən-hərdən canlanıb bizə yenə də o əl çatmaz illəri qaytara bəlkə. Çəkinmə, həyatın özü də büsbütün bir nağıl misallıdır.

... Onsuz da o Sabir bağı ki vardı, daha o da yoxdur. İlk dəfə sənin gözlərində yaş damcılarının kirpiklər arasında donub qaldığını gördüyüm 1 May klubu da yoxdur daha. Məmlinin su köşkü, Bayram kişinin çayxanası, daha kimlər, daha nələr - heç biri yoxdur...

...Maraqlıdır, bizim 40-45 il bundan əvvəllər həvəslə baxdığımız, sonralarsa heç vaxt belə əyləncələrə vaxt sərf etmək istəmədiyimiz o dövrün hind filmlərini telekanallarımız son vaxtlar tez-tez göstərməyə başlayıblar. Doğrusu bu ucuz melodramların ekranlara belə həvəslə daşınması məni yaman çaşdırır. Dünya kinematoqrafının indiki səviyyəsi ilə, dünya görüşümüz və zövqümüzlə heç cür uyuşmayan yalançı və şablon bir təəssürat! Ancaq gizlətmirəm. Bir dəfə çox tanış bir simanı ekranda görüncə gülümsəyərək bir az diqqət kəsildim, həmin melodram üstündə və bəsit dünya görüşdə o uzaq keçmişə ekskurs etdim. "Ram və Şam" filmini nümayiş etdirirdilər. Və həmin o gizlin göz yaşlarını xatırladım. Bir də indi heç bir mənası, dəyəri qalmayan uzaq mavilikləri, o mavi gözləri də... Bunlar da ömrümüzün, yeniyetmə çağlarımızın indi başqa dünyalarda mürgüləyən xatirələridir. Ancaq hər halda biz o günləri də yaşamışıq, yalan-gerçək...

Sən, əziz qardaşım, əla qiymətlərlə oxuyurdun, nümunə idin. Həmişə yaxşı geyinən, əliaçıq, mərhəmətli, sevgini və nifrətini gizlətməyi bacaran təmkinli, ağayana bir gənc kimi çoxlarından fərqlənirdin. Əxlaqınla, zəngin biliyin və dünyagörüşünlə... Allah bilir, sən o vaxt tibb institutunu bitirib həkim olmasaydın, başqa hansı sahənin tanınmışı olacaqdın. Bəlkə dünya səviyyəli idmançı, bəlkə yazıçı, rejissor, ya bəlkə də... Hər nədirsə, sən yenə də həmin Fərəc olaraq qalacaqdın. Necə ki, elə belə də varsan. Fərəc Teymur oğlu Əhmədov!

İnsan nə qədər ağıllı və təmkinli, nə qədər nəzakətli, nə qədər alicənab və vətənpərvər ola bilərmiş! Bütün bu xüsusiyyətlər səni hamının gözündə elə ucaldıb ki! Xoşbəxtlik deyilən şirin arzular həmişə bu zirvələrdə bərq vurmurmu, qardaş? Görəsən 60-ı ötürmüş bu keşməkeşli ömründə sən bircə nəfərin qəlbinə dəymisənmi, dəyə bilmisənmi, görəsən indiyəcən səndən zərrə qədər inciyən bircə adam tapmaq olarmı? Düzlüyün, mərdliyin etalonu olmaq, bu dərəcədə İnsan olmaq asan deyil axı!
Sən yaranışdan belə oldun, sevimli qardaş!

Zalım fələk sizləri çox məhrumiyylətlərlə də üzləşdirdi. Sınmadınız, Tanrıya tapınıb böyük ailənizin, böyük nəslinizin adını həmişə uca tutdunuz. Qardaşımız və dostumuz Fərhad (o bu yazıya, başqa neçə-neçə yazıya sığan şəxsiyyət deyil, onun haqqında kitablar yazılmalıdır və yazılacaq da), ilk gənclik illərindən vətəndən uzaqlarda özünü oda-közə vurub ailənin, nəslin şöhrət və ləyaqətini zirvələrə daşıdı. Zarafat deyil, ildən-ilə yüksələrək senator, elmlər doktoru, dünyaca məşhur iş adamı və başlıcası da Azərbaycandan kənarda ən təmiz reputasiyalı milyarder kimi ad qazanan bizim Fərhad Əhmədovdur. Və onun qardaşı olmaq da böyük bir xoşbəxtlikdir. Doğma Azərbaycana bağlı, doğma Göyçaya bağlı vətənpərvər Fərhad Əhmədovun qardaşı olmaq...

Sən məşhur milyarderin Azərbaycanda qurduğu, yüzlərlə yeni iş yerləri açdığı, yüzlərlə insana ailəsini dolandırmaq şansı yaratdığı bütün şirkərlərin, başlıcası "AzNAR"ın baş direktoru vəzifəsinə elə belə qardaş istəyindən gətirilməmisən ki! Sən bütün bunlara layiqsən, ona görə.

Halal və zəhmətkeş qardaşım! Görürsənmi, sən hətta böyük istehsalat adamı da ola bilərsənmiş. Mən bunlara təəccüblənmirəm. Sənin indi 3-4 xarici dil bilməyinə də təəccüblənmirəm. Teymur əminin oğlu və Fərhadın qardaşı üçün hələ bunlar nədir ki?

Sən daha böyük işlərə, zirvələrə layiq olan ləyaqətli bir insan, ləyaqətli Azərbaycan vətəndaşısan.
... Ancaq biz heç vaxt, heç zaman uzaqlarda qalan o qəribə dünyamızı da unutmayacağıq, elə deyilmi? İnsanlığa, dostluğa, sevgilərə, ulduzlu aldanışlara, dünyamızın dadına öyrəşməyə başladığımız, boylandığımız o nostalji illəri də unutmayacağıq.
Fərəc, hərdən nə qədər sevincli, həm də kədərli olsa da o ilk gəncliyimizin ayrı-ayrı günləri, illəri üçün elə qəribsəyirəm ki. Və bu andaca həm dadlı, həm də ötəri bir hiss kimi dostumuz Ramiz Rövşənin sanki bu əhvalı yaşadan qəribə şeiri yadıma düşür. Bəlkə də bu şeir dahiyanə bir nostaljidir öz-özlüyündə...

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü
Bu qırışın üzümüzü,
Bu köhnələn sözümüzü
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər,
Gəl çıxıb gedək birtəhər,
Bu ev, bu küçə, bu şəhər
Bu dəniz olmayan yerə...

TƏQVİM / ARXİV