adalet.az header logo
  • Bakı 13°C

ƏLi ASLANOğLUNUN QƏZƏLLƏRi

VAQİF YUSİFLİ
52243 | 2012-10-20 01:09
"Qəzəldir səfabəxşi həhli -nəzər, Qəzəldir güli-busitani-hünər" - dahi Füzulinin altı əsr əvvəl söylədiyi bu sözlər indiyə kimi öz dəyərini hifz edir və heç şübhəsiz, əsrlər keçdikcə yenə hifz edəcəkdir.
   
   O səbəbdən ki, qəzəl təkcə klassik ədəbiyyatın ən dinamik forması kimi yox, müasir ədəbiyyatın da işlək forması kimi öz missiyasını yerinə yetirir. Səkkiz əsrdən artıq poeziyamızın ən başlıca şeir forması kimi işlənən və işləndikcə də, daha da gözəlləşən və kamilləşən qəzəlin müasir dövrdə də, müxtəlif izmlərin və cərəyanların, poetik meyl və tendensiyaların hökm sürdüyü indiki çağda da öz şaxlığını, şuxluğunu saxlaması fenomenal hadisədir.
   
   "Klassik Azərbaycan poeziyasında qəzəl" tədqiqat əsərində mərhum ədəbiyyatşünas, professor Azadə Rüstəmova qəzəlin yaranması və tərifi ilə bağlı maraqlı faktlarla bizi tanış edir. Məlum olur ki, qəzəl ərəb ədəbiyyatında qəsidənin tərkib hissəsinə daxil idi, sonra ondan ayrılmış və müstəqil bir şeir forması kimi inkişaf etmişdir. Tədqiqatçı yazır ki, ərəb ədəbiyyatında İlk qəzəlxan şair Ömər ibn Əbu Rəbiə (655-712) sayılır. Ömər, yaradıcılığında qəsidəyə yer verməmiş, bütün istedadını gözəllərin və məhəbbətin vəsfinə həsr edilmiş yığcam, 6-8 beytlik qəzəllər qoşmağa sərf etmiş və ərəb qəzəl ədəbiyyatınının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Sonra əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin "Nəqd-əş-şeir" əsərində təsadüf olunur. Qəzəlgbu, məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir". Bundan 400 il sonra XIII əsrin məşhur ədəbiyyatşünası Şəms Qeys Razi yazır: "Bir çox şairlər sevgilinin gözəlliyinin təsvirini, məhəbbəti və eşq vəziyyətinin təsvirini qəzəl adlandırırlar. Qəzəldən məqsəd ruhun təskinliyi və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl ahəngdar vəzndə, aydın və gözəl sözlərlə yazılmalı, nəcib fikirlər ifadə etməlidir".
   
   Azərbaycan poeziyasında ilk qəzəl nümunələri ərəb və fars dillərində qələmə alınmışdır. Təkcə əsərindən sitat gətirdiyimiz Azadə xanım deyil, digər gbrkəmli tədqiqatçılar da qeyd edirlər ki, Azərbaycan ədəbiyyatında ilk qəzəllər XI əsrdə yaşayıb-yaratmış Qətran Təbriziyə məxsusdur. XII əsrdə isə Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddin Şirvani, Əbülüla Gəncəvi, Qivami Mütərrizi, Xaqani Şirvani və Nizami Gəncəvi fars dilində misilsiz qəzəl nümunələri yaratmışlar. Azərbaycan dilində ilk qəzəlin müəllifi isə XIII əsrin sonları-XIV əsrin əvvəllərində yaşayıb-yaratmış Həsənoğlu olmuşdur. Qazi Bürhanəddin və Nəsimi yaradıcılığında isə qəzəl öz kamil mərhələsinə çatmış, Azərbaycan ədəbi dilinin formalaşmasında çox böyük rol oynamışdır.
   
   Məhəmməd Füzüli Azərbaycan qəzəlinin padşahı sayılır və əgər qəzəl dedikdə Füzuli, Füzuli dedikdə isə qəzəl anlaşılırsa, deməli, Füzuli və Yeniləşmiş Qəzəlin bir torpaqda nəşv-nüma tapdığına zərrəcə şübhə yox. Füzulidən sonra neçə qüdrətli qəzəlxan dünyaya gəldi (Saib Təbrizi, Qövçi Təbrizi, Qasım bəy Zakir, Natəvan, Qüdsi, Nəbati, Seyid Əzim Şirvani, Əliağa Vahid ) -bu şairlər Füzuli odunu sönməyə qoymadılar.
   
   Qəzəl janrı bu əsrdə də öz missiyasını yerinə yetirir. Sovet dövründə qəzəl nisbətən zəifləmişdisə, ona yad nəzərlər, qısqanc baxışlar və sovetoloq diqtəsi boylanırdı, amma keçən əsrin 80-ci illərindən başlayaraq qəzələ yenidən müraciət olundu, Seyidağa, Əliağa Bakir, Hacı Mail, Hacı Ələmdar, Baba Pünhan, Şahin Fazil, Hacı Mirəziz, Gülarə Munis, Müzəffər Şükür, Ənvər Nəzərli və b. bir qəzəlxan kimi meydana çıxdılar və bu canın yenidən çiçəklənməsi başlandı. Son illərdə Əli Aslanoğlunun bu sahədə fəaliyyətini qeyd etməmək insafsızlıq olardı.
   
   Əli Aslanoğlunu bir qəzəlxan kimi Füzuli məktəbinin bir nümayəndəsi hesab etmək olar. O, təkcə Füzulidən deyil, Nəsimidən, Seyid Əzimdən, digər ustad qəzəlxanlardan da faydalanır, amma qəzəllərində Füzuliyə sadiqliyilə seçilir. Professor Məhərrəm Qasımlı yazır ki: "Qəzəl ədəbiyyatı tarixində Füzuli dərin bədii-lirik pafosu, Nəsimi üsyankar təbiəti, Vahid vəsf və mədhiyyə üslubu ilə tanınırsa, Əli Aslanoğlu bədii-fəlsəfi düşüncə tərzi ilə meydana çıxır və bu zaman yüksək lirizmi də əldən buraxmır". Fikrimcə, ədəbiyyatşünas həmkarımın verdiyi bu qiymət bəlkə həddən ziyadə artıqdı, amma xiffət çəkməyə dəymümkün qədər çalışır ki, onun qəzəlxan obrazını yaratsın.
   
   Göndərən ol dilbəri zalım
   
   fələkdir, bilirəm,
   
   Məqsədi aşiqlərə
   
   zülm eyləməkdir, bilirəm.
   
   
   
   Bənzədir nisbətini
   
   Leylayə Məcnun kimilər,
   
   Böylə söz əlbəttə kimi,
   
   boş bir küləkdir, bilirəm.
   
   
   
   Büsbütün dünyanı mən
   
   gəzdim ki, oxşar arayım,
   
   Tapmadım bənzər ona,
   
   dünyada təkdir, bilirəm.
   
   Əli Aslanoğlunun qəzəllərində təsvir olunan gözəl müasir dövrdə yaşayır və təbii ki, onun vəsf və tərənnümündə mümkün qədər müasir qəzəl leksikonundan istifadə olunmalıdır. Bu vəsf və tərənnümdə bəzən yumoristik çalarlara da rast gəlirik ki, bunu da təsadüfi saymaq olmaz. Vahiddən üzü bəri qəzəl yaradıcılığında böylə hal istisna deyil.
   
   Ey mənim əqlim alıb həm
   
   sonralan naz eyləyən,
   
   Öyrədib kimdir səni bir
   
   böylə dilbaz eyləyən?
   
   
   
   Ya səni düşmən sözü
   
   incik salıb məndən bu cür,
   
   Ya fələk tədbiridir
   
   qismətdə qalmaz eyləyən.
   
   
   
   Tək sevən qəlbim ilə
   
   hörmətdəyəm aləmdə mən,
   
   Çün. Odur şöhrət verib
   
   el içrə mümtaz eyləyən.
   
   
   
   Sən demə çoxdan bilir
   
   əğyar mənim möhnətlərim,
   
   Bu imiş ol xainin keyfin
   
   belə saz eyləyən!
   
   
   
   Heç təmənnam olmayıb
   
   səndən mənim, ey xaliqim,
   
   Bir vüsal arzusudur
   
   könlümdə pərvaz eyləyən.
   
   
   
   Mən gərək möhkəm tutam
   
   cövrün yolun hər dəm,
   
   Əli, örmürəm bir özgə yol
   
   eşqim sərəfraz eyləyən!
   
   Bu qəzəlin ifadə etdiyi məna da müasirdir, özü də.
   
   Əli Aslanoğlunun qəzəl yaradıcılığında iki mövqe bir-birilə mübarizə aparır. Əvvəla, mən də Məhərrəm Qasımlının bu fikrilə yekdiləm ki, Əli Aslanoğlunun qəzəlləri həm forma və məzmun, həm də dil və üslub cəhətdən özünəməxsusluğu ilə səciyyələnir. Bəs onda hansı iki mövqedən söz açmaq olar?
   
   Fikrimizcə, birinci mövqe elə Məhərrəm Qasımlının ifadə etdiyi mövqedir. Əlinin bir sıra qəzəlləri öz sadəliyi, dil və üslub cəhətdən özünəməxsusluğu ilə seçilir. Məsələn, son qəzəllərindən biri:
   
   Hər nə dərd gəlsə mənə ol
   
   mahi-taban gətirir,
   
   Dərmanı müşgül olan hər
   
   dərdi asan gətirir.
   
   
   
   Vəsli-yar arzum mənim
   
   qəsdində fürsətdi ona,
   
   Naz ilə bağrım dəlib
   
   ardınca hicran gətirir.
   
   
   
   Çəkmişəm illərlə mən
   
   əğyar ilə qan davası,
   
   Dil verib zalım ona,
   
   qan üstünə qan gətirir!
   
   
   
   Çox dedim, çox söylədim:
   
   aldanma düşmən sözünə.
   
   Baxmadı kafər qızı, iblisə
   
   iman gətirir.
   
   
   
   Daşürək biganəni
   
   çox tutma tənqidə, Əli,
   
   Çünki çox tənqid özü
   
   mürşidə nöqsan gətirir.
   
   Deyə bilərik ki, çox urvatlı qəzəldir: dili sadə, aydın, fikrin poetik ifadəsində zəriflik çalarları özünü büruzə verir. Əli Aslanoğlunun bu tipli qəzəlləri sübut edir ki, indiki çağda qəzəl nə qədər sadə, aydın və anlaşıqlı yazılsa, onu oxuyan da, qavrayan da çox olar. İndiki döardə qəliz ərəb və fars tərkibləri ilə dolu qəzəl yazmaq, yaxud mürəkkəb fars və ərəb tərkiblərini misralara "yükləmək" isə təbii ki, istənilən qəzəl həvəskarını uzaqlaşdırır o poetik mətndən.
   
   Bu baxımdan Əli Aslanoğlunun islaha ehtiyacı olan qəzəlləri heç də az deyil. Bilirik ki, Əli Aslanoğlu klassik poeziyaya az-çox bələddir və o poeziyanın fəlsəfi yönü onu daha çox maraqlandırır.
   
   Mürəkkəb tərtibli söz və ifadələrini onun qəzəllərinə axıb gəlməsi həm bununla izah edilə bilər, həm də onun öz poetik təfəkkürünün mürəkkəbliyə meyl etməsi ilə. Ona görə də biz istəməzdik ki, Əli Aslanoğlunun qəzəllərində "imtiyaz" (Sinədç yoxsa nəfəs, bu imtiyazın neynirəm?!), "intiqal" (Öz içimdə şvadla naşad intiqalın görmüşəm), "ənsar" (Məqami-alidə ənsar nəyə lazım?!), "şəhvar" (Hüzur həqdə libas-şəhvar nəyə lazım?!), "əhləl", "bədəstur" (Ki, mey içdikcə əhləl-qəm bədəstur qəm tələb eylər! və s. ) Əli Aslanoğlu bu mücərrədçilikdən mümkün qədər tez uzaqlaşmalı, adları çəkilən o qəliz sözləri milli sözlərlə əvəz etməlidir.
   
   Qəzəl yaradıcılığında məcaz ustalığı, bədii təsvir vasitələrinin əlvanlığı mühüm rol oynayır. Böyük qəzəl ustadlarını əsrlər boyu yaşadan da klə bu deyilmi? Füzulinin bir beytini xatrlayaq: DEYİL BİHÜDƏ FƏLƏKDƏN GƏR YAĞSA BAŞİMƏ DAŞLAR, BİNASIN TİŞEYİ-AHMİMLƏ VİRAN ETDİYİMDƏNDİR. Görün bu iki misrada nə nəhənglikdə bir obraz canlanır.
   
   Bu meyarla Əli Aslanoğlunun qəzəllərinə yanaşanda ənənənin bu gün də davam etdiyinin şahidi ola bilərik.
   
   Münəccimlər nə bilsin
   
   sirrimi, ey dil, bu gecə?
   
   İtib səyyarələr, çün nurə
   
   boyandırdı muğam!
   
   
   
   Gəzməsin bir kəs məni,
   
   təxmin edib ünvanımı,
   
   Gendi səhra, kim bilər,
   
   qərbində ya şərqindəyəm.
   
   
   
   Dün gecə niyyət tutub
   
   gördüm hilalın yuxusun,
   
   Olmasa mənada qaş,
   
   təyyar qanadımdı mənim!
   
   
   
   Bəhri-eşqin təkinə gənci
   
   nə şövq etdi məni,
   
   Ayna tut, zəri-ziba, lölövü-
   
   dürdanəyə bax!
   
   Bəzmi-eşq divanına
   
   üz tutma, ey əhli-vəfa,
   
   Hökm edən sultanı gör,
   
   məhbusi-zindanəyə bax!
   
   Bir sözlə, Əli Aslanoğlu müasir qəzəl poeziyasında öz SƏSİ olan, nəfəsi olan bir şairdir və bu gün qəzəl yazarları arasında seçilir, fərqlənir. Yolun uğurlu, Əli müəllim!

TƏQVİM / ARXİV