adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ADSIZ GüNAHLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
35103 | 2012-08-18 09:22
... Hər kəs günahına görə cəzalanır və hər kəsin də günahını özü yox, Tanrı müəyyənləşdirir. Doğrudur, biz bəzən bir-birimizi nədəsə günahlandırırıq. Hətta bəzən özümüzü unudub "günahkar" saydığımızın günahını o qədər şişirdirik ki, heç təsəvvür etmək də mümkün olmur. Sanki dünyamızın indiki durumu...sanki baş verən fəlakətlər... sanki Suriyanın bombalanması... sanki Cənubi Azərbaycandakı zəlzələ... sanki qonşumun 15 yaşında qızının toyuna hazırlaşması... sanki mənim məzuniyyətə çıxmaqda gecikməyim...bütün bunlar və digərlərinin günahı elə günahkar bildiyimizdədi. Amma bir az rahat oturub, rahat düşünəndə bütün bunların heç birinin günahkar olmadığı, daha doğrusu, bütün bunlarda bizim günahkar bildiyimizin heç izinin də keçmədiyi ortaya çıxır və məlum olur ki, sən demə, bu dünya bizdən xəbərsiz idarə olunur. Biz isə xəbərsiz idarə olunan bu dünyada özümüzü nə isə hesab edir, bir az yumuşaq ifadə etsəm, çoxbilmiş, uzaqgörən sayıb günahkar axtarışına çıxırıq. Günah isə axtarılmır, günah elə bizim öz içimizdədi. Sadəcə, içimizdəki günahın həcmi bizim dünya görüşümüzün, bizim insanlara münasibətimizin, bizim əxlaqımızın və bir də bizim duyumumuzun parametrləri qədərdi. Nə yaxşı ki, biz ömrümüzün hansısa bir məqamında, hansısa bir nöqtəsində günahkar olduğumuzu, günah işlətdiyimizi anlayırıq. Doğrudur, onda gec olsa da ancaq hər halda nə isə olub. Yəni biz bu dünyadan müəyyən günahımızı, onun həcmini, miqdarını bilmədən köç etmirik... Və bir də yəni biz dünyaya göz yumanda günahımızı son nəfəsimizlə, son baxışımızla, son pıçıltımızla , son jestlərimizlə göstəririk, ifadə edirik. Anlayan anlayır, anlamayan isə yox... Təbii ki, burda babal hər kəsin öz boyununda qalır.
   
   Yer üzünün, yəni coğrafi terminlə ifadə etsək, Yer kürəsinin ölçüsü bəllidir. Bu bəlli ölçünün içərisində hərənin bir nöqtə boyu yeri var. Şəxsən mən Yer kürəsindəki dayanacaq nöqtəmi göz önünə gətirəndə orta məktəbin tarix kitablarındakı təhkimli kəndlini xatırlayıram və buna görə də sevinirəm. Şükr edirəm ki, heç olmasa bir ayağım üstə dayanmağa mənə yer ayrılıb. Ayrılmasaydı nə olardı ki? Deyə bilərsiniz ki, havadan asılı qalarsan... Amma zatən onsuz da havadan asılıyam. Bir halda ki, doğulduğum torpağı, kəndi, iməklədiyim məhəlləni, divarından tutub ayağa qalxmağa çalışdığım evi, meyvəsilə ləzzət aldığım ağacları görə bilmirəmsə, onda yer üzündə yaşamaqdan danışmağa dəyərmi?
   
   Deyəsən çox uzaqlara getdim... deyəsən çox kol-kos doğradım...deyəsən mən də bu dünyadakı günahlarımın ağırlığı altında nə demək, nə yazmaq istədiyimi bir anlıq unutdum. Amma şükürlər edirəm ki, yaddaşımın işartısı hələ qalıb. Özü də elə-belə yox, işlək vəziyyətdə, nəfəsi duyulan bir şəkildə. Və mən də o yaddaşa söykənib nə demək istədiyimə doğru qayıdıram... bu yol son dərəcə uzundur. Bu yol bir ömür, bir yaşamdı və bu yolun, bu yaşamın tərcümanı yoxdur. Hər şey olduğu kimidir, göründüyü kimidir və bu olduğu, göründüyü kimi olanların dilini də yalnız bu yolun yolçuları bilir. O cümlədən də mən. Mən artıq hansı yolda olduğumu, hardan başlayıb hara getdiyimi dəqiq bilirəm. Ona görə də öz-özümə kifayət qədər suallar ünvanlayır, kifayət qədər ittihamlar səsləndirirəm... və butun bunların heç biri də mənim nə dediyimi, nə istədiyimi açıb ortaya qoymur. Çünki mən təkcə istəklərimdən, arzularımdan deyil, həm də geçəklikdən asılıyam. Axı, istəklə gerçəklik əzəli və əbədi bir döyüşdədi. Bir az da açıq ifadə etsəm, Yer kürəsindəki dayanacaq nöqtəm, maddi-mənəvi gücüm və sonda istəklərim hansı tərəziyə qoyulur qoyulsun, biri o birindən həmişə ağır gəlib. Mən hələ bir fərd olaraq istəyimlə arzumun ortada olan gerçəkliyə uyğun gəldiyini demirəm, hətta nisbətən uyğun göründüyünü bu yaşa qədər hiss etməmişəm. Ona görə də günahlarım savablarımı həmişə üstələyibdir. Nə qədər savab qazanmaq istəsəm də tərəzinin günah gözü ağırlıq edib...
   
   Son günlər günah barəsində xeyli fikirləşirəm. Bu təkcə müqəddəs ayla bağlı deyil. Bunun kökündə mənim iç dünyamın küləklər əsən, xəzan oynayan bir guşəsi də var. Elə bir guşə ki, ora özümdən başqa heç kim göz yetirə bilməz. Bax, o dünyanı alt-üst edəndən sonra qəti bir qərara gəldim:
   
   - Bu dünyada günahsız kimsə yoxdur! Bu dünyadakı bütün günahların daşıyıcısı, günahkarı var!! Bu dünyadakı bütün günahlar təkcə onu daşıyanlar, onu yaşayanlar üçün deyil, həm də onu görənlər, onu seyr edənlər üçündür. Və bu dünyadakı günahlar sadəcə yuyulmur...
   
   Bəli, elə bu qərarlar, bu qənaətlər içərisində özüm də bilmədən düşüncələrimi misralara çevirdim:
   
   
   
   mən bir daha
   
   sınandım
   
   əmin oldum-
   
   inandım:
   
   -günah!
   
   nəfəs kimidi
   
   ondan qaçmaq
   
   qurtulmaq
   
   ya da ki
   
   onu yumaq
   
   yalnız bir yoldan keçir:
   
   - günah ölmür!-
   
   əksinə,
   
   öldürmək yolun seçir!..
   
   
   
   Doğrudan da yalnız ölmək, qurban getmək, fəda olmaq, könüllü özünü təslim etmək günahı yuya bilər. Hansısa bir əməllə, hansısa bir xidmətlə, hansısa bir qələbəylə, uğurla, daha nə bilim nəylə günahı yumaq mümkün deyil. Çünki günah ürəyi parçalayır, ürəyə işləyir...ürəyə sancılmış xəncəri, ürəyi parçalayan süngünü çəkib çıxarmaq olur. Amma onun yerini qaysaqla belə, ən sonuncu tibbi ləvazimatla belə sağaltmaq mümkün deyil. Çünki ürək elə bir varlıqdı, elə bir orqandı, elə bir hissəcikdir ki, o sarğı götürmür, onu sarımaq mümkün deyil. Sarınmayan yara isə heç zaman sağala bilməz!..
   
   
   
   ***
   
   
   
   Onda dünyanın günü də başqa idi...onda dünyanın təqvimi də fərqli idi...onda dünyanın mənzərəsi də bu günlə heç uyğun gəlmirdi. Çünki onda şıdırğı bir yağış yağmışdı... çünki onda ilin bugünkü təqvimlə rəqəm baxımından fərqi var idi, elə günün də.... çünki onda dünyanın o fərqli, yəni bu günlə heç cür uyğun gəlməyən mənzərəsi böyük bir araşdırma, böyük bir şərh istəyir. Və o araşdırma da, o şərh də təkcə yaddaşdan yox, həm də günahdan keçir...
   
   Mənə elə gəlir ki, biz hər birimiz ayrı-ayrılıqda həmişə özümüzü daha dürüst, daha əxlaqlı, daha səmimi, daha gerçəkci saymışıq və bizə elə gəlib ki, bizim sözümüz də, hərəkətlərimiz də, düşüncələrimiz də daha dürüstdü, daha doğrudu, daha mentaldı... Və biz daha dürüst, daha günahsız olduğumuz üçün başqalarına nümunə olmalıyıq. Doğrudur, bizim içimizdən keçənlər bəzən çin olur. Kimlərsə günahkar olan bizləri günahsız sayır, təqdim və təbliğ edir. Amma bizi günahsız kimi qəbul edən əməlinə görə günah daşımır. Çünki o, gördüyünü söyləyir, gördüyündən danışır. Bizim iç dünyamız isə heç kimə görünmür. Bax, bu görünməyən içimizə gedib-gələn, ora kəndir sallayan, ora işıq çəkən də elə bizim özümüzük.
   
   İçimizlə üz-üzə qalırıq. İçimizdəki işıq üzümüzə düşür, gözümüzü qamaşdırır, bundan xoşlanırıq . Bizə elə gəlir ki, xoşlandığımız bu durum hamı üçün xoşdur və hamı da bunu qəbul etməlidir. Amma niyəsini düşünmürük. Doğrudan da niyə hamı bizi qəbul etməlidir? Axı biz bu qədər günahların içindəyik və nə qədər də etsək bu günahlar nəfəsimiz kimi canımızdan çıxmır. Təbii ki məqamına qədər. Məqamında onsuz da çıxacaq. Çıxan günahlarımız isə ömrümüzdən aparacaq, istəklərimizdən aparacaq, bütövlüyümüzdən aparacaq...biz kiçiləcəyik, xırdalanacağıq. Bəs sonu?..
   
   Bəli, bütün bunları yazdığım məqamlarda yaşadıqlarımı və bu sözləri yazmağa məni məcbur edən duyğuları, düşüncələri nə qədər sola-sağa yozsam da, yenə yaxamı günahın əlindən qurtara bilmirəm. Təsəvvür edin ki, üzərindən illər, aylar keçən, özümdən başqa kimsəyə xətası dəyməyən günahı işıqforun qırmızı işığı kimi gözümün içinə boylanır. Bilmirəm, bu qadağa işarəsidir, yoxsa xəbərdarlıq, amma bir həqiqət var ki, bu işıq yanır, onu görməmək mümkün deyil! Mən də yanan işığın şölələri altında gizlənməyə yer tapa bilmirəm. Çünki o işıq o qədər gurdur ki, bütün künc-bucaqları nura boyayır. Belə olan halda gizlənmək barəsində düşünmək özü belə ikinci günah sayılmalıdır...
   
   Nə yazıq ki, düşündüklərimi, yazdıqlarımı fərqinə vararaq saf-çürük edəndə heç nə yazmadığımı, heç bir nəticə çıxarmadığımı, ən əsası, ən vacibi iynə ucu boyda günahlarımdan yuyulmadığına bir daha əmin oluram. Onda özüm də bilmədən, daha doğrusu, özüm də istəmədən sənə də, günahlarıma da üz tuturam:
   
   qələm fırça, söz boya
   
   kətana yox, ürəyə -
   
   mən səni duya-duya
   
   çəkdim şəkillərini...
   
   
   
   fərqli-fərqli anların
   
   fərqli-fərqli ölçüdə...
   
   əlində gül dəstəsi -
   
   sənə gələn elçi də...
   
   
   
   kirpiklərim daradı
   
   gizli çəkdiklərimi...
   
   ürəyim sərgi zalı
   
   gəl, gör şəkillərini...
   
   
   
   ***
   
   İndi dünyanın bu nataraz vaxtı adamın qurda da, quzuya da yazığı gəlir. Çünki dünya elə bir oyuna ev sahibliyi edir ki, qurdla quzu kimliyini, nəyə xidmət etdiyini, nə üçün yaradıldığını anlaya bilmir. Bu çaş-başlığın, bu başıpozuqluğun içərisində hər gün yeni günahlar doğulur. Adı, soyadı bəlli olmayan həmin günahların silsiləsi uzandıqca uzanır. Biz bu mənzərəni təkcə seyr etmirik, həm də onun iştirakçısına çevrilirik. Özümüz də istəmədən oyun oynayırıq - qurdun da arzusuyla, quzunun da...
   
   Bax, dəhşət budur!!! Havasına oynadığımız, qol qaldırdığımız, sümüyümüzə düşüb-düşmədiyinin fərqinə varmadığımız nə varsa, hamısı günahdır. O günahların ölçüsünü yalnız yaradan bilir. Bizim bildiyimiz guya ki, kimlərinsə könlünü xoş etməkdi. Amma bu belə deyil. Gerçəklikdə biz günahların qol-qanad açmasına münbit şərait yaradan sıravi bəndələrik. Özü də fərqinə varmadan...
   
   Çox təəssüf ki, mənim də günahlarım kifayət qədərdir və mən də bu günahların acısını hər gün yaşayıram. Özü də təkcə xatirələrlə deyil, həm də üzümə çırpılan ağrıyla, acıyla, qəzəblə, nifrətlə o günahların içində ölüb - dirilirəm... Neyləmək olar, deyirlər ki, qədərdən qaçmaq mümkün deyil. Mən də qaçmıram. Bir də qaçmağa yerim də yoxdur. Qaçmaq istədiyim yer də hamının, o cümlədən mənim də nisgilini yaşadığım ünvan düşmən əsirliyindədi. Bax, bu günah da mənim boynumda yer tutur. Deməli, bu dünyanı görmək istədiyim kimi görə bilməməkdə, sevmək istədiyim kimi sevə bilməməkdə, yaşamaq istədiyim kimi yaşaya bilməməkdə mənim günahım hamıdan çoxdu. İmkanınız olsa, məni günahlarımdan asın!..

TƏQVİM / ARXİV