adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MAFİOZLAR

MƏZAHİR ƏHMƏDZADƏ
37445 | 2015-08-09 23:44
Heç dostlara da məlum olmayan hansı bir səbəbdənsə xeyli müddət intensiv jurnalistikadan uzaq düşmüş məşhur yazar Loğman Rəşidzadəyə son günlər çoxlu telefon zəngləri gəlir. Bir həmkar və dost olaraq bunları mənə də bildirir. Çox sevinirəm, çünki geçək və səmimi zənglərdir. İsər sırf mətbuat adamları olsun, istərsə də başqa sahədə çalışan dostlar... Onun bu qayıdışına sevinirlər, ürəkdən sevinirlər! Məsələ burasındadır ki, sevgili Loğman inana bilmirmiş ki, yayın bu cırhacırında tək bir məqalə ilə bu dərəcədə diqqət mərkəzinə düşər. Doğrudan da zənglər, təşəkkürlər, görüşlərə dəvətlər... Qınamaq da mümkün deyil...
... Siz yetmişinci illərin əvvəllərində Polşa kinematoqrafçılarının yaratdığı ikiseriyalı "Loğman" filmini, onun qəhrəmanını xatırlayırsınızmı? Baxmısınızsa, bir azca geriyə dönüb xatırlaya bilərsinizmi? Məşhur cərrahı elə bir günə qoymuşdular ki, hər şeyi, hətta adını da unutmuşdu. Ancaq ucqar bir qəsəbəyə sığınıb eləcə nökərçilik etdiyi ailədə baş vermiş bəbəxtçiliyə qeyri-adi reaksiyası (qəsəbə sakinlərinin nəzərində) onun əsl kimliyinə yol açmışdı. Həkim, cərrah instinkti Loğmanın xoşbəxt və həm də faciyəli keçmişini də sanki yarpaqlar arasından süzülən ilıq günəş şüası kimi isidib oyadırdı. O, hamının gözləri önündə özünün əsl kimliyinə qayıdırdı. Ətrafdakılar üçün bir möcüzə şəkilində.
Əzizlərim, indi mən bu dərin məzmunlu psixoloji filmin nə özü, nə də adı ilə bağlı bizim loğmanımızla hər hansı bir mistik əlaqə axtarışında deyiləm də. Sadəcə həyatın özü belədir.
...Və əksəriyyət bu qayıdışa - jurnalistikamızın daha da gözəlləşməsinə, iddiasız bir yazarın mükəmməllik və özünəməxsus dəst-xəttinə sevinir və... kövrəlir.
Loğman Rəşidzadəyə ünvanlanan cümlələrdən bəzilərini diqqətə çatdırım:
"Sən sona qədər yazmasan, bir də bu qələm-kağızı unutsan, bir də yoxa çıxsan, daha nə deyim..."
"Sən sübut edirsən ki, nə varsa elə köhnə qələmlərdə var..."
"Bir publisistin yaradıcılığını əsas götürüb çoxlarına yaxşı mənada dərs keçdin. Nə yaxşı varsanmış, əziz Loğman Rəşidzadə..."
"Ata, sən məqalə yox, sanki şeir yazmısan elə bil..."
"Sən Spartak kimi qayıdırsan. Ancaq qladiator kimi yox, jurnalistikanın "sanitarı" və ildırımötürəni görkəmində..."
"Ə, qardaş, bu nədi, indi də (?) mafiyozalardan yazırsan?"
Burası belə. Və onu da diqqətə çatdırım ki, əksəriyyətini Loğmanın söhbətlərindən eşitdiyim bu səmimi (hətta yanlış) deyimlər arzu və istəklərin təcəssümüdür. Yanlış da bir naxışdır - bu ifadəyə qayıdacağam. Mafioz məsələsini deyirəm. Ancaq mafioz məfhumu bəzi faciələrlə bağlı uzaq, bəlkə də yaxın bir assosiasiya da yaradır. Bunu elə indicə anladım.
Yox, daha yaza bilmirəm. Ruhumu alıb aparan kədərli vaqiəni əvvələ salım, yoxsa şaka kimi deyilən o ifadəni? Təslim olub geriyə qayıdıram. Allah eləsin, "Yanlış da bir naxışdır"dan sonra heç nə yazmayım, eləcə zarafatyana bitsin qurtarsın...
Yoxsa ki...
Bəli, həmin qardaş Loğman Rəşidzadəyə elə beləcə deyib: "...Bu nədi, indi də mafiozalardan yazırsan?" Gerçəkdən yalnış da bir naxışdı. Mafioz sözünün mənası da açıqdır: Qorxulu, dəhşətli və sairə və ilaxır... Ancaq bu sözü indiki məqamda xeyirxah bir missiya kimi mənfiyə sinonimləşdirmək də mümkündür. Təbii, dilçilik qaydalarını pozmaqla, bəlkə də qeyri-səlis bir məntiqlə. Qoy peşakarlar həqiqətən bir mafioz olaraq birləşib jurnalistikada metamorfoz yaratsınlar. Mətbuatımız oxuculara zülm verən miskin yazılardan xilas oldu bəlkə.
Loğmanın dostunun da sözü yalana çıxmasın...

P.S. "Avqust mozaikləri" silsiləsindən olan digər yazım da hazırdır. İkisini ardıcıllaşdırıb dərc etməli idim. Ancaq müəyyən bir səbəbdən saxlayıram növbəti şənbəyə. Sərlövhəsini də anons edirəm: "Şota". Ancaq birinci məqalənin həmin o tərəddüdlü abzasında yazmaq istədiyim vaqiəni də unuda bilmirəm. Neçə illərdir ki, yadımdan çıxmır, eləcə hər gün düşünürəm. Bu, sonralar nə vaxtsa bütövlükdə dərc edəcəyim elegiyanın bir nüansıdır. Biz zərifliyi əlimizdən, gözümüzdən, evimizdən, dünyamızdan alıb aparan bütün pislikləri məhv edənə qədər bu kədəri, bu faciəni yaşamağa məhkumuq. Çarəmiz yoxdur. Mən həmin elegiyada nə düşünmüşəm bir özüm, bir də Tanrım bilir. Həm də nələr çəkmişəm... Mən bu yazımdan qorxuram həm də. Yaman qorxuram... Ancaq yəqin ki, o vaxtlara qədər özümdə bir cəsarət tapacağam.
Həmin elegiyada böyük qardaşımız Ramiz Rövşənin də şeirlərindən istifadə etmişəm. Bəzən deyə bilmədiklərimi onun "üstünə yıxmışam". Bu, təkcə mənim gücüm çatan iş deyil axı, qardaş!

...Mənim balam, sən də təksən,
Təksən, yer üzündə təksən;
Ay kimi, gün kimi təksən,
Torpaqda dən kimi təksən,
Çöldə külək kimi təksən,
Canda ürək kimi təksən...
...Tanrı sənə necə qıyır -
Çaşıb bu göyün yiyəsi.
Bu yük sənin yükün deyil,
Hanı bu yükün yiyəsi?!
Çırmalasın biləyini
Girsin bu yükün altına,
Kürəyini, ürəyini
Versin bu yükün altına.
...Bəlkə elə mənim balam,
Boş yerə çığıran mənəm.
Özüm burda dura-dura
Özgəni çağıran mənəm.
Bəlkə bu göyün altında
Mənəm günaha batan da.
Sən girən yükün altından
Çiynini qaçıran mənəm...

TƏQVİM / ARXİV