adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SƏNGƏR, QEYRƏT, DÖYüŞ POEZiYASI

VAQİF YUSİFLİ
59656 | 2012-06-09 08:27

   
   Bu gün hamının içində Qarabağ dərdi yaşayır. Bu dərdi hərə öz cismində, ruhunda bir cür yaşadır. Şeirimizdə də bu dərd korun-korun tüstülənməkdədir. Şairlər var ki, o dərdi məhz dərd kimi yaşadırlar. Nisgilli, ağlar misralar şeirləri boyu səpələnir. Onlar "Qarabağ haçan alınacaq?" həsrəti ilə Vətəndən Vətənə boylanan, gözləriylə unutmadıqları kəndlərinə yol çəkən soydaşlarımızdır. O kəndlər, oradakı bulaqlar, otlar, yamaclar, dərələr, ağaclar indi xatirə-xatirə yaddaşlarda yaşamaqdadır. O bulaqlar, o otlar, ağaclar də qaçqın, köçkün dediyimiz insanların yolunu gözləyir. Amma elə şairlər də var ki, müharibə başlanandan bu günə kimi iki möhtəşəm şairimizin-Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" və Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" çağırışlarını poeziyanın əsl məramına çevirməkdədirlər. O şairlərdən biri Ramiz Duyğundur. Xalq şairi Söhrab Tahir onun haqqında yazır ki: "Ramiz Duyğun poeziyası səngər, qeyrət, döyüş poeziyasıdır". Mən də əlavə edib deyirəm ki: "Ağlamaq, sızlamaq, nostalgiyaya qapılıb keçmişi hüznlə yad eləmək bu poeziyaya yaddır".
   
   
   
   Müqəddəs bir amal hökm edir qəlbə,
   
   Düşmən niyyətini, səfini pozmaq.
   
   Meydanda ölməyin adı-Qələbə,
   
   Meydandan qaçmağın adı-uduzmaq.
   
   
   
   Məğrur qəhqəhəylə düşmənə hücum,
   
   Biçsin xainləri yel qanadımız.
   
   Bu sənin, bu onun, bu mənim borcum,
   
   Tarixdə qalibtək qalsın adımız.
   
   
   
   Qara gözlərinin qara giləsi-
   
   Qarabağ
   
   yad yurda heç vaxt qarışmaz.
   
   Götür, bu sətirlər döyüş gülləsi,
   
   Ağlama, ağlamaq bizə yaraşmaz.
   
   
   
   Bu şeiri Ramiz Duyğun 1989-cu ildə qələmə alıb. O zaman Azərbaycanın başı üstünü qara buludlar almışdı. Məlum himayədarlarının dəstəyi ilə torpaqlarımıza göz dikən və tədricən kəndlərimizi, şəhərlərimizi işğal etməyə hazırlaşan duşmənlə üz-üzəydik. İçimizdə "yaxın qonşu", "böyük qardaş" məhəbbəti silinib gedirdi. Amma qüvvələr qeyri-bərabər idi. Belə bir zamanda Ramiz Duyğun "Torpaq ələn getdigqalx", "Özünə arxalan, özünə güvən", "Qarabağımdan əl çək" deyirdi. Doxsanıncı illərin əvvəllərindən ta Atəşkəs dövrünə qədər Ramiz Duyğun, yəni müharibənin ən şiddətli çağlarında öz şair-vətənpərvər missiyasını şərəflə yerinə yetirdi, döyüşən gəncləri daha cəsarətli olmağa səslədi, səfərbərlik ruhunda şeirlər yazdı, eyni zamanda, içindəki nisgili də şeirə çevirdi, xüsusilə, Şuşanın-hər qarışından Natəvanın, Üzeyr bəyin, Xan əminin addım səsləri eşidilən bu gözəllik sərgisinin tarmar olmasına dözəmmədi:
   
   
   
   Ürəyimdə Şuşa ağlar,
   
   Buludlarla baş-başa ağlar.
   
   Pəhləvan qayaları para-para,
   
   dəlik-dəlik
   
   Güzgü bulaqları çilik-çilik.
   
   Yalqız, tək-tənha ağlar,
   
   Zirvədə söykənib Allaha ağlar.
   
   
   
   Ümumiyyətlə, Ramiz Duyğunun şeirlərində Şuşa ayrıca bir mövzu, ayrıca bir obrazdır. Kitabda Şuşayla bağlı şeirlərin hər birində böyük, qarşısıalınmaz bir məhəbbətin ifadəsini hiss edirsən.
   
   
   
   Babəkimi oyadın, Qazan xanı oyadın,
   
   Koroğlunu oyadın-
   
   Şuşa məni çağırır, Şuşa səni çağırır.
   
   
   
   Kişi öz torpağında yağıya baş əyərmi?
   
   Görmürsənmi, korsanmı? Daşın, qayan da mərmi?
   
   Hayqır, Azərbaycanım!
   
   Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?
   
   Şuşa məni çağırır, Şuşa səni çağırır.
   
   
   
   Dili, ağzı "Şuşa, Şuşa" deməkdən yorulmayan şair "Sənə and içirik, Şuşa qalası" şeirində nə qədər nikbindirsə, Şuşaya həsr olunan laylalarda bir o qədər qəmlidir.
   
   İstər Atəşkəsdən öncə, müharibənin qızğın çağlarında, hər günü həm qələbə, həm də məğlubiyyətlə bitən illərdə, istərsə də sonralar-Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik etdiyi zaman onun şeirləri libasını dəyişmədi. Müharibə psixologiyası bu şeirlərin ovqatını təyin etdi. İndi də, artıq yetmiş dörd yaşına gəlib çatan-istefada olan Azərbaycan ordusunun bu yüksək rütbəli zabiti, polkovnik Ramiz Duyğunu görəndə yadıma düşən ilk iki kəlmə "Döyüş" və "Müharibə" olur. Atəşkəs elan olunub, amma müharibə bitməyib və içində qisas, intiqam hissi ilə alovlanan vətənpərvərlərdən biri kimi görürəm onu. Amma o, vəzifədə olanda da şair idi, məmur deyildi. Lev Tolstoyun "Anna Karenina" romanındakı Karenin kimi (belə adamlar bizim məmləkətdə də az deyil) quru, daşqəlbli, yalnız karyerasını fikirləşən bir məmur olsaydı, "Müharibə veteranı dilənirdi..", "Polkovnik papağı satıram", "Metroda Xocalıdan bir gəlin dilənirdi", "Qeyrətdən danışma" şeirlərini yazmazdı.
   
   
   
   "Vətənimdə didərgin..nə yurdum var, nə yuvam,
   
   İstəyirəm yarımın qanını qanla yuyam.
   
   Elə hey yalvarıram, Allaha çatmır duam.."
   
   Bu dünyanın çayları hüsnündə tellənirdi,
   
   Metroda Xocalıdan bir gəlin dilənirdi.
   
   
   
   Kədəri hıçqırırdı daranmamış telində,
   
   Bir qom dilənçi payı tutmuşdu sağ əlində.
   
   Bir gəlin dilənirdi Azərbaycan dilində,
   
   Bir ana baxıb onagVətəntək yellənirdi-
   
   Metroda Xocalıdan bir gəlin dilənirdi.
   
   Azərbaycan dilində bir gəlin dilənirdi.
   
   
   
    Bu şeir 1992-ci ildə yazılıb. Deyərdim ki, ümumən Ramiz Duyğun ovqat və vaxt şairidir. Yəni yaşadığı günlərin, ayların, illərin ictimi-siyasi, mənəvi ovqatını tutu bilir. Amma onu da unutmayaq ki, müəyyən bir dövrün mənzərəsini, baş verən hadisələri protokol qaydası ilə şeirə çevirənlər də olub və bu şeiriyyətsiz nəzm parçalarının ömrü uzun olmayıb. Amma Ramiz Duyğunun şeirləri müharibə illərinin psixologiyasını və ovqatını həqiqət işığında əks etdirdiyi üçün yaşayacaq şeirlərdir. Həm də və ən başlıcası, bu şeirlər poeziyamızın lirik-publisistik qolunu təmsil edir. İllər keçəcək, sülh yoluylamı, ya müharibə yoluyla torpaqlarımız işğaldan azad olunandan sonra dönüb 1988-ci ildən üzü bu yana baxacayıq, şeirimizin o illərdəki mənzərəsini seyr edəcəyik..Və heç şübhəsiz, Ramiz Duyğunun poetik duyğu ilə yazdığı qəzəb və nisgil dolu şeirləri də bir mənbə, qaynaq rolunu oynayacaq. Görəcəyik ki, R.Duyğun Füzuli uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olan gizir Etibar İsmayılovu ("Etibar nağılı"), ağır yaralanmış çavuş Uümşüd Əliyevi ("Doğra məni, kəs məni) necə vəsf edirmiş. Vətənə xəyanət edən bir xaini necə lənətləyirmiş ("Bu torpaq səni götürməz"), bir yaralı əsgərin dadına necə çatırmış ("Yaralı əsgər"). Görəcəyik ki, inam və nikbinlik bu şeirlərin ruhuna hopub. "Dilbər xanım göz yaşları içində soruşdu: "Görəsən, Şuşaya gedəcəyimiz günü görəcəyik?" . Şair cavab verir ki:
   
   
   
   Bu Vətənin hər elində səngər-səngər dursaq əgər,
   
   Bu yurdun hər qarşında bir istehkam qursaq əgər.
   
   Çəkicləri bir nəfərtək bir zindana vursaq əgər-
   
   Biz o günü görəcəyik,
   
   Biz Şuşaya tank üstündə qalib kimi girəcəyik.
   
   
   
   İşdir əgər,
   
   biz o günü görəmməsək,
   
   Qarabağa girəmməsək,
   
   nə az, nə çox,
   
   Yaşamağa haqqımız yox!
   
   Qılınc-qalxan qurşamalı-
   
   Yer altında yaşamalıg
   
   
   
   Ramiz Duyğunun lirik-publisistik səpgidə yazdığı "Tarixin lənəti" ("Birlik dastanı") poemasında isə Zaman daha geniş dairəni əhatə edir. Şair təxminən iki əsrdən artıq bir müddətdə Azərbaycanın başına gələn fəlakətlərdən söz açır. XIX və XX əsrlərdə Azərbaycan torpaqlarının hissə-hissə əldən getməsini ürək ağrısı ilə təsvir edir. Burada günahkarlar da məlumdur: həm torpağımıza göz dikən xarici dövlətlər, həm yurd-yuva anlayışından məhrum olub bizim məmləkətdə yuva quran-dövlət quran ermənilər, həm də içimizdəki "sapı özümüzdən olan baltalar".
   
   
   
   Günahsız körpələrə
   
   od, zəhər içirildi.
   
   Azərbaycanlı olan
   
   güllədən keçirildi,
   
   qılıncdan keçirildi.
   
   
   
   Qələm-kağıza sığmır,
   
   erməni cəlladlığı,
   
   Daşnak fahişəliyi.
   
   Faşizmdən çox ötə,
   
   Erməni vəhşiliyi.
   
   
   
   Qanımız damla-damla,
   
   erməni kaşısında.
   
   Yandırıldı Qarabağ
   
   Avropanın, dünyanın
   
   Gözləri qarşısında.
   
   
   
   Bu məlum qəziyyələr xatırlanandan sonra müəllif tarixin ibrət dərslərindən nəticə çıxarmağı tövsiyyə edir. Yeganə əlac isə BİRLİKdir. "Tufanda sarsılmayan, Savaşda qısılmayan, Sınmayan, basılmayan BİRLİK. Birlik tələbimizdi, Birlik QƏLƏBƏMİZDİ. Qarabağda ÜÇRƏNGLİ BAYRAĞIMIZdı Birlik!".

TƏQVİM / ARXİV