adalet.az header logo
  • Bakı 17°C

"iKiMiZ DARIXSAQ..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
27244 | 2012-05-26 07:12
Çoxdandı Yazıçılar Birliyinə tərəf yolum düşmürdü. Bir təsadüf nəticəsində Birliyə baş çəkdim. Tanışlarla, dostlarla görüşdüm. Həmişə olduğu kimi "Ulduz" və "Azərbaycan" jurnallarında da oldum, hal-əhval tutdum. "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ilə söhbət əsnasında öyrəndim ki, həmkarımız, şairə xanım Fərqanənin kitabının təqdimatı keçiriləcək. Doğrusu, yaranmış fürsətdən istifadə etməmək namərdlik olardı. Mən də namərd olmamaq üçün Fərqanə xanımla atüstü də olsa söhbətləşdim, yeni kitabı münasibəti ilə onu təbrik etdim. Bir az da ərklə kitabını mənə bağışlamasını istədim.
   
   "...Əbülfət Mədətoğluna müəllifdən xoş arzularla 15.05.2012". Aftoqraf ilə mənə hədiyyə olunan kitabın tərtibatı mənə müəyyən məqamları xatırlatdı. Çünki kitabın üz qabığındakı rəng çalarları bir az dan yerini, bir az qürubu, bir az da sözün dünyaya gəlişi məqamını pıçıldadı mənə. Mən də o pıçıltıların içərisində bir bənövşə xəfifliyi, bir xalı lalənin utancaqlığını hiss etdim və bu duyğuların içərisində kitabı vərəqləməyə başladım. İlk şeir parçası, ilk dörd misra elə bil ki, bu kitabın qapısı idi üzümə açılırdı. Həmin açılan qapının önündə isə Fərqanə xanımın mənə, yəni oxucusuna söylədikləri bir növ kitabın təqdimatı idi.
   
   
   
   Misra göyərdirəm ətim, qanımla
   
   Payız buludu tək boşallam, dollam.
   
   Şeirin ucbatından ölən canımla
   
   Özüm öz evimdə kirayə qallam.
   
   
   
   Bəli, bu təqdimat mənə elə gəlir ki, artıq müəyyən təəssürata yol açdı. Anladım ki, misra göyərdən Fərqanə xanım özü öz evində, yəni öz poetik məkanında kirayə qalır və bundan da təəssüflənmir. Çünki biz böyük mənada anamız Yerin, yəni öz oxu ətrafında fırlanan bu kürənin kirayişinləriyik. Amma bu kirayəşinlik "həm olum-ölümdü, həm də qalıb qalmamaq". Çünki haqq etdiyimiz kirayəşinliyin fərqini oxucular ödəyir öz diqqətləriylə və sevgiləriylə ayırdıqları zaman kəsiyi ilə yaddaşlarında yaşatmalarıyla. Bax, bu mənada söz dünyasında kirayənişin olmaq həm xoşdu, həm də məsuliyyətli. Ona görə ki, bizim o dünyadakı haqqımızı ödəyənlər bizdən haqq-hesab da tələb edərlər. Bunu çox yüksək dəyərləndirən şairə Fərqanə xanım özünəməxsus şəkildə yazır:
   
   
   
   İlahi, şamını özün vermisən
   
   Yandırım dam altda bu işıq ömrü
   
   Macalım yox idi salım sahmana
   
   Durum yığışdırım qarışıq ömrü.
   
   
   
   Doğrudan da bu dünya kimi ömrümüz də qarışıqdı, bir az xeyirə, bir az şərə, bir az yaxşıya, bir az pisə, bir az da özümüzə. Ona görə özümüzə deyirəm ki, biz bəzən ya özümüzü görmürük, ya da özümüzü o qədər böyük görürük ki, gözümüz qamaşır, yol seçə bilmirik. Yaxşı ki, şairə Fərqanə xanımın kirayişin olduğu söz dünyasında gözü qamaşmır. Özü öz yoluyla başını aşağı salıb gedir, şeirlərini yazır, övladlarının, aləsinin qayğısını çəkir və ən vacibi bacardığı qədər sözün keşiyində durur və ömrü də beləcə əridir.
   
   
   
   Ömür dəmirdi, əyirəm
   
   Acdım içimi yeyirəm
   
   Haçan ki, haqqı deyirəm
   
   Deyirlər duzsuz adamam.
   
   
   
   Və yaxud:
   
   
   
   Mənə çox şey vermisən
   
   İki göz, iki qulaq.
   
   Kor gördüm, kar eşitdim
   
   Keç günahımdan Allah.
   
   
   
   Düşünürəm ki, Fərqanə xanımın mənə bağışladığı və səhifələrindən hələ mətbəə qoxusu çəkilməmiş bu kitabından təqdim etdiyim nümunələr artıq oxucuya müəyyən fikirləri çatdıra bilir. Yəni sözün, şeirin həvəskarı olan oxucu poeziya aləminə təzə bir toplunun daxil olduğunu anlayır. Şəxsən mən bu nəfis kitabın misraları arasında bir rahatlıq tapdım. Elə bir rahatlıq ki, həm duyğularımı bölüşdüm, həm də yeni duyğuların qapısını döymək imkanı qazandım.
   
   Ümumiyyətlə, insan doğulduğu gündən özündən asılı olmadan müəyyən bir istiqamətə səmtlənir. Bunu bəzən tale, bəzən də alın yazısı adlandırırlar. Hər halda, bu tale də, bu alın yazısı da bizim səmtləndiyimiz istiqamətdə həm bizimlə yanaşı olur, həm də bizdən qabaqda gedir. Amma nədənsə söz adamları digərlərindən fərqli olaraq həmin o talenin əlində əməlli-başlı sağa-sola az qala təsbeh daşı kimi oynadılır. Olsun ki, bu söz adamının Tanrıya yaxınlığı ilə bağlıdır, mələklərə könül verməsi ilə əlaqədardır. Belə olan halda, söz adamı düşüncədə, məntiqdə, dünya görüşündə, ziyalılıqda, bir sözlə, işıqlı adam olması anlamında necə deyərlər, çoxlarından çəkidə zəif olsa da, ruhda, əvvəldə saydığım digər parametrlərdə daha ağırdı. Elə o çəki yüngüllüyü də söz adamını "oynatmağa" rahatca imkan verir. Onu külək də əyir, meh də, hələ yersiz söz də. Görünür, elə bu mənada düşüncələrini şeirə çevirən Fərqanə xanım yazır ki:
   
   
   
   Dünyanın düz adamıya,
   
   Tanrının öz adamıyam,
   
   Bilirsən söz adamıyam,
   
   Sən məni sözlə aldatma.
   
   
   
   Bu şairənin onu aldatmaq istəyənlərə, aldadanlara, bu niyyətə könül verənlərə həm ismarıcıdı, həm təvəqqisi, həm də özünün bu dünyada nəyin necə olduğuna yaxşı anladığına bir işarədi. Təbii ki, Fərqanə xanım da bu dünyanın adamıdı, bu dünyanın insandı. O da həyatın iqtisadi-siyasi burulğanlarını, eləcə də cəmiyyətdə baş verənləri bütün mənalarda görür, izləyir, bəzən onun iştirakçısına da çevrilir. Hətta maddiyyat baxımından insanların üzləşdiyi problem onun da həyatının gündəmi olur. Amma bu ehtiyacları, bu problemləri şair təmkini ilə qarşılayıb şair dözümü ilə yola verir. Ona görə də yazır:
   
   
   
   Tükənib evimdə nə desən elə,
   
   Gəl ha dediyim su kimi axmır.
   
   Bükülüb bir küncə utandığından,
   
   Çörək qazanım da üzümə baxmır.
   
   
   
   Arzular, istəklər çəkilib dara
   
   Ürək hər çəkdiyin açıb-bələmir
   
   Maaş gözləyirəm mən üzü qara
   
   Maaşsa bir kisə un da eləmir.
   
   
   
   Bəli, ədəbiyyatımızda, xüsusilə xalq yaradıcılığımızda güzəranın, iqtisadi problemləri poetik dillə ifadə etmək ənənəsi var. Hətta çoxlarımız məşhur: "Bayram oldu heç bilmirəm neyləyim" misralarını bayram öncələri tez-tez xatırlayıram. Bax, bu mənada Fərqanə xanımın da çoxlarımızın qarşılaşdığı problemi poetikləşdirməsi zənnimcə ənənəyə bağlılıqla yanaşı, həm də yaşamı uğurlu ifadə etməkdi. Bu mövzunun ardı kimi onu da xatırladım ki, bu gün zorla qatıldığımız müharibə, onun ən ağır faciələrindən olan qaçqınlıq, evsizlik Fərqanə xanımın şair baxışında çox kövrək tərənnüm olunur. Yəni uşaq bağçasından gəlin köçən qızın təkcə duyğularını göz önünə gətirmək, onu bir anlıq yaşamaq kifayət edər ki, dünyamızın ən ağrılı dərdinə etinasız qalmayasan. Fərqanə yazır:
   
   
   
   Tale yaddaşına salsın izini,
   
   Baxıb ağ donuna saralsın payız.
   
   Maşınlar daşımır cer-cehizini,
   
   Uşaq bağçasından gəlin köçən qız.
   
   
   
   Doğrudan da sn 20 ildə uşaq bağçasından, sinif otağından, idarə, müəssisə binasından, çadırlardan, daha nə bilim neçə-neçə sığınacaqdan gəlin köçənləriimz də olub, həmin ünvanlara gəlin gələnlərimiz də. Bunu poetik dillə ifadə edən Fərqanə təbiəti də günahkar çıxarır, payızı da qınayır, günü-güzəranı da ittiham edir və bütün bunlar da təbii və səmimi olduğu üçün rahatca anlaşırılr.
   
   Mən Fərqanə xanımın "İkimiz darıxsaq..." kitabını oxuduqca müxtəlif insanlara, doğmalarına, dostlarına, eləcə də məmləkətin işıqlı insanlarına, qəhrəmanlarına ünvanlanmış poetik nümunələrlə də rastlaşdım. Açığını deyim ki, mən ittihaf şeirlərini o qədər də rahat həzm edə bilmirəm. Özüm də çalışıram ki, bu qəbildən olan yazılara az yeri ayırım. Amma söz ürəkdən, duyğulardan qaynaqlananda onun kimə ittihaf olunması ol qədər də byöük əhəmiyyət kəsb etmir. Çünki yaxşı şeir, uğurlu misra hamıya aiddir. Onu hər kəsin adına bağışlamaq olar. Məsələn:
   
   Çəkdiyin əzab ki, var
   
   Axşam sabaha çatar.
   
   O qədər ah çəkirsən,
   
   Bir gün Allaha çatar
   
   Qayıt özünə, Şəfəq.
   
   
   
   Sən durru su kimiydin
   
   Axıb dolanma belə
   
   Nadan dönüb daş atsa
   
   Baxıb bulanma belə
   
   Qayıt özünə Şəfəq.
   
   
   
   Doğrudan da hər kəsin su kimi dupduru, göy üzü kimi işıqlı və dünyası əl çatmaz, duyğuları ipə-sapa yatmaz olması bir ilahi qismət, bir insanlıq haqqıdır. Amma nə yazıqlar ki, bəzən bizlər ya bilərəkdən, ya da laqeydlikdən həmin o suları da bulandırırıq, göy üzünə də daş atırıq, hələ gələ də qururuq. Bu da bir gerçəklikdi və bütün bu gersəkliklərin bir anlamı da təbii ki, hər kəsi duymaq, hər kəsə yanaşmaq qabiliyyətidi. Sevindirici haldı ki, Fərqanə xanımın müxtəlif mövzularda yazdığı şeirlərin böyük əksəriyyətində səmimi, uğurlu fikirlər poetikləşib. Məsələn:
   
   
   
   Yenə düyünləyib qaş-qabağını,
   
   Şimşək dəli kimi çaxıb ağlayır.
   
   Yuxudan ayılan körpə uşaq tək,
   
   Bulud gözlərini sıxıb ağlayır.
   
   
   
   Bu misralardakı təsvir və tərənnüm, həmçinin bənzətmələr zənnimcə çox uğurludur. Bu da onu göstərir ki, Fərqanə xanım hər şeyin fərqini və oxşarını, təkrarını, ilkini rahatca görüb, seçib, muncuq kimi bir-birinin ardınca ustalıqla düzməyi bacarır. Bu bacarıq da onun poeziya uğurlarının təsdiqinə hökm kimi səslənir.
   
   Sonda... Kitabın adı mənə çox məqamları xatırlatdı. Öz həyatımı, öz yazı-pozumu göz önünə gətirdi. Öz-özümə düşündüm ki, hər kəs özünün bir hissəsi saydığı ilə, özünə doğma bildiyi ilə, özünün güzgüdə əksi hesab etdiyi ilə bir dünyada yaşayıb və ikisi də eyni anda darıxsa görəsən nə baş verər? Sizi deyə bilmərəm, məncə ən azı göy özü oxu ətrafında fırlanmaqdan dayanar, dünya darıxdığından, yəni bizim ikimizin darıxmağımızdan dağıla bilər. Odur ki, ikimiz eyni anda darıxmaqdansa, ikimiz eyni anda bir-birimizi düşünüb, bir-birimizi yaşatsaq hər şey hamı üçün də yaxşı olar. Necə ki, bu kitabdakı misralar şəxsən mənim üçün uğurludu, yaxşıdı. Uğurlar olsun, Fərqanə xanım!

TƏQVİM / ARXİV