adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İMAN BAYRAMI

FƏRİDƏ RƏHİMLİ
57481 | 2015-07-11 07:32
Bu gün Ramazan ayının 25-ci günüdür. Artıq bayrama bir neçə gün qaldı.
Bu ayın fəzilətləri qədər, ayın son günü, yəni Ramazan bayramı da çox anlamlıdır. Ramazan bayramı (Fitr bayramı), ??vval ayının 1-ci günü. Ramazan ayının, orucun sona catması münasibəti ilə qeyd edilir.
Ramazan ayında oruc tutulması m?s?lmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bu, oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. Qurani-Kərimdə "Qədr surəsi" vardır. Bu surədə qədr gecəsi haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Q?dr sur?si, 3-5)
Müqəddəs Qədr gecəsinin adının mənası haqqında mülahizələr fərqlidir. Bəzi alimlər "qədr" sözünü darlıq və sıxlıq mənasında yozaraq, həmin gecə yerə enən mələklərin əlindən sıxlıq yarandığına görə, ona "Qədr gecəsi" deyildiyini bildirmişlər. Elə Qədr surəsinin 4-cü ayəsində də buna işarə vardır: "O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər".
Bəzi alimlər həmin gecə oyaq qalıb ibadət edən hər kəsin Allah yanında qədr-qiymət qazandığını əsas tutaraq, bu gecənin adının mənasını izah etmişlər.
Bəzi alimlərin fikrincə, Qədr gecəsinin özü Allahın nəzdində qədrli və qiymətli olduğu üçün, Allah onu bu adla adlandırıb.
Daha bir nəzəriyyəyə görə, Qədr gecəsində gələcək bir il ərzində baş verəcək hadisələr Allah tərəfindən təyin olduğu üçün ona bu ad verilib. Bildiyimiz kimi, Allahın izni ilə baş verən və Allahdan başqa heç kimin izni ilə dəyişməyən bütün hadisələr dini anlamda "qəzavü-qədər" və ya "qədər" adlanır. Qədr gecəsində gələcək bir ildə baş verəcək hər şeyin planı cızılır, yəni təqdir olunur. Qurani-kərimin aşağıdakı ayələri də bu fikrin sübutu kimi səslənir: "Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur" (Duxan, 3-4).
Qədr gecəsinin dəqiq vaxtı barədə dini mənbələrimizdə birmənalı qəti fikir tapmaq çətindir. Deyilənə görə, hətta bəzi böyük şəxsiyyətlər Qədr gecəsinin Ramazandan başqa vaxtlara da təsadüf etmə ehtimalını istisna etməmişlər. Məşhur səhabə Abdullah ibn Məsud və hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Qədr gecəsinin təqribi də olsa vaxtını təyin etməkdə çətinlik çəkmiş və bütün il ərzindəki gecələrdən biri olduğunu söyləmişlər (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 458). Abdullah ibn Ömər Abdullah ibn Məsudun bu qənaətini belə izah edirdi: İbn Məsud Qədr gecəsinin Ramazan ayında olduğunu bilirdi, amma ümmətin tənbəl olmaması üçün (yəni hər gecə oyaq qalıb gecə ibadəti etməsi üçün) belə demişdi.
Əksər rəvayətlərdən əldə edilən qənaət bundan ibarətdir ki, Qədr gecəsi Ramazan ayının son ongünlüyü içərisində yer alıb. Daha dəqiq desək, Ramazan ayının son ongünlüyünün tək gecələrindən birinin Qədr gecəsi olma ehtimalı qətidir. Ümmül-möminin Aişə Həzrət Mühəmməd Peyğəmbərə (s) istinadən buyurmuşdur ki, Qədr gecəsini Ramazanın son ongünlüyünün tək gecələrində axtarın (Səhihül-Buxari, 2017-ci hədis). Eyni kitabda Ramazanın son yeddi gecəsindən birinin Qədr gecəsi olması haqqında da rəvayətlər vardır. İbn Abbas Ramazanın sonuna 9 və ya 7 yaxud 5 gecə qalmış Qədr gecəsi olduğunu söyləmişdir (Səhihül-Buxari, 2021-ci hədis).
Əhli-sünnə məzhəbində geniş yayılmış fikrə görə, Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Məşhur səhabə Übeyy ibn Kəb də bu fikirdə idi (Səhihü Müslim, hədis 2777-2778).
Şiə mənbələrində də Qədr gecəsinin Ramazanın son ongünlüyünə təsadüf etdiyi vurğulanır. İmam Mühəmməd Baqirdən (ə) Duxan surəsinin yuxarıda xatırlanan ayələri haqqında soruşanda belə cavab vermişdi: "Bəli, bu, Qədr gecəsidir ki, hər il Ramazan ayının son on gününə təsadüf edir" (əl-Kafi, 4-cü cild, səh. 158). Bu mövzudakı hədislərə diqqət yetirəndə Qədr gecəsinin dəqiq tarixi ətrafında yaranmış dairəni daha da daraldaraq, 19, 21 və ya 23-cü gecələrdən biri ilə məhdudlaşdıra bilərik. Bunun sübutlarından biri "Məcməül-bəyan" təfsirində İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən hədisdir (səh. 460). Əhli-beyt imamları öz hədislərində bu tarixləri daha da məhdudlaşdıraraq, Ramazanın 21-ci və 23-cü gecələri üzərində durmuşlar. Əbu Bəsir adlı səhabə İmam Mühəmməd Baqirdən (ə) Qədr gecələri haqqında soruşanda o həzrət 21-ci və 23-cü gecələrə işarə etmişdi. Əbu Bəsir sualı daha da konkretləşdirərək, bu iki gecədən hansı birinin daha dəqiq olduğunu xəbər alanda İmam ona cavab verdi: "Bu iki gecədə öz istədiyini axtarmaq asandır". Başqa bir hədisdə İmam eyni suala bu şəkildə cavab verib: "Nə səbəb var ki, hər iki gecədə eyni əməlləri (ibadətləri) etməyəsən; bir halda ki, bunlardan biri Qədr gecəsidir" (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 460).
Məşhur bir hədisə əsasən, bir gün bir ərəb Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gələrək belə demişdi: "Mən səhrada heyvandarlıqla məşğulam və Mədinəyə tez-tez gələ bilmirəm. İstəyirəm hər il Ramazan ayında bir gecə Mədinəyə gəlib, burada səhərə kimi ibadət edim. Hansı gecəni mənə məsləhət görürsən?" Peyğəmbər cavabı onun qulağına söylədi və ərəb getdi. Bundan sonra həmin ərəb hər il Ramazanın 23-cü gecəsində ailə üzvləri ilə birlkdə Mədinəyə gələr, səhərə kimi ibadət edərdi. Bu hədis, həmin ərəbin mənsub olduğu qəbilənin adı ilə "Cühəni hədisi" adlanır və Qədr gecəsinin 23 Ramazan tarixinə təsadüf etmə ehtimalının ən qüvvətli sübutlarından biri sayılır (Vəsailüş-şiə, 10-cu cild, səh. 359-360).
Peyğəmbərin Cühəniyə niyə 23-cü gecəni məsləhət görməsinin səbəbini bilmək istəyənlər üçün İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədis açar rolunu oynaya bilər. İmam Cadiq (ə) buurub: "Təqdirlər 19-cu gecədə edilir, 21-ci gecədə mütləqləşir və 23-cü gecədə imzalanır" (əl-Kafi, 4-cü cild, səh. 159). Yəni növbəti bir il ərzində baş verəcək hadisələrin qədəri (planı) Ramazanın 19-cu gecəsində hazırlanır, 21-ci gecədə Allah bu qədəri mütləqləşdirir və 23-cü gecədə ilahi hökmlə bu müqəddərat qüvvəyə minir. Yəqin ki, həlledici nöqtə 23-cü gecədədir.
Peyğəmbər(s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Orucluq hələ İslamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: "Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, sizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir".
Orucluq pəhrizi qurtarmaq - id əl-fitr - bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır.
Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər.
Bayram günü oruc tutmaq haramdır.
Bayram günü qüsl almaq, çimib təmizlənmək, təmiz paltar geyinmək müstəhəbdir.
Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmamışdan qabaq heç olmasa bir kiçik xurma yeməlidir.
O gün bütün müsəlmanların bir-birlərini bayram münasibəti ilə təbrik etmələri və bir-birləri üçün dua etmələri təqdirəlayiq hesab olunur.
1993-cü ildən Az?rbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Orucluq (Ramazan) bayramı Azərbaycanda Milli M?clisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.
Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır. Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.
Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.
Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si bazar ertəsi günü də qeyri-iş günü olacaq.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV