adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ELM XARİCİ, İMAN DAXİLİ İNQİLABDI

FƏRİDƏ RƏHİMLİ
161549 | 2015-07-04 09:57
Bu ayda yazımın əsasını dini mövzuların təşkil etməsi təsadüfi deyil. Məqsədim inancımızda örnək olan seçilmişlərin həyatı, Ramazan ayının - oruc tutmanın həm savabları, həm mənəvi, həm fiziki, bioloji əhəmiyyəti haqda oxuduqlarımı, eşitdiklərimi Müqəddəs kitaba, hədislərə istinad edərək sizinlə bölüşməkdir. Bu yazım İslam dininin sütunlarının əsasını təşkil edən müqəddəslərin ən güclülərindən biri və önəmlisi olan Həzrət Əli haqqındadır.
Hz. Əli (ə) kimdir?
Hz. Əli (ə) öz zatından ayrılmayan haqqının - xilafətin qəsb edilməsinə 25 il dözmüş səbr sahibidir. Məkkənin fəthində Peyğəmbərin çiyninə qədəm qoyub Kəbənin damından bütləri yerə töküb sındıran mömindir. Bədrdə öldürülən 70 kafərin 23-nü, Ühüddə öldürülən 22 kafərin 12-ni cəhənnəmə vasil edən pəhləvandır. 8 nəfərin yerdən qaldıra bilmədiyi Xeybər qapılarını iki barmağıyla qoparan qüvvət sahibidir. "Bəlkə başqaları acdır" deyə, bütün ömrü boyu qarın dolusu yeməyən zahiddir. Quran ayələrinin ya suda, ya quruda, ya səhrada, ya dağda nazil olduğunu, onun möhkəmini, mütəşabihini, halal-haramını, nəsix-mənsuxunu əzbər bilən alimdir. Rəsulullahın əmisinin oglu. Ona ilk iman edən uşaq. Hicrət gecəsi Peyğəmbərin yatağına yatan, yorğanı da başına çəkən, yəni ölümü gözə alan bir igid. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Tərbiyyəni Rəsulullahdan alıb. Rəsulullahın kürəkəni. Peyğəmbər nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir. Elmin qapısı. Dördüncü xəlifə.
Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənət dövrü başlayır... Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır...
İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: "Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır". Fatimə binti Əsəd deyir: "Sübh vaxtı bir nida eşitdim: "Ey Fatimə, Bizim Evə gəl". Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Birdən orda olanlar gördülər ki, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd (ə) içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var (İrşad 1.c, səh.5). Fatimə binti Əsəd (ə) deyir: "Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn İmranın anası və İsanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: "Əssəlamu əleyki, ya Vəliyullah". Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər. (O zaman) Fatimə binti Əsəd, Peyğəmbər (s) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: "30 il səbr elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq" (Biharül-ənvar c.36, səh.6. "Rövzətül-vaizin" c.1, səh.81). Cümə günü Əli (ə) Kəbənin sağ küncündə qırmızı daşın üstünə günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: "Əşhədu ən la ilahə iləllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulullah, bi Muhəmmədin yəxtimullahun - nubuvvətə və bi yəxtimul vəsiyyətə və ənə Əmirul-muminin"(Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) Allahın rəsuludur. Əli Məhəmmədin vəlisidir. Məhəmmədlə nübüvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin ərşiyəm) (Mənaqib, c.2, səh.198). Sonra buyurdu: "Haqq gəldi və batil aradan getdi". Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: "Vay olsun bütlərə və bütpərəstlərə". İslam dininin fədaisi, müqəddəs insan və tarixi şəxsiyyət olan İmam Əli (ə) öz qeyri-adi möcüzə və kəramətləri ilə Allah tərəfindən "Yədullah"- Allahın əli, "Qudrətullah"-Allahın qüdrəti, "Əsədullah"-Allahın şirri, "Babullah"-Allahın qapısı, "Eynullah"-Allahın gözü və sair kimi ləqəblər almışdır. Peyğəmbər buyurub: "Mənim ümətim, ziynətləndirin öz məclislərinizi Allahın dostu Əlinin tərifi ilə".
Quran və İslam baxımından həyat və Axirət məsələlərində ən mühüm sayılan əməl elm oxumaqdır. Bir şərtlə ki, həmin elmə əməl edəsən. Dedi: "Təfsir elə, elmin əsl meydanıdır Quran".
Qurani-Şərifdə elm gündüzə, cəhalət gecəyə bənzədilir. İslam dininin həyatı elm və bilikdir. Hər şeyin mənası məntiqi, hədəfi, dəyəri elm iman, əməl ilə bilinir. Peyğəmbər buyurur: "Oxuyun, oxuduğunuza inanın, sonra əməl edin. Əməl etdiz başqalarına öyrədin. Hərgah oxudunuz, inanıb əməl etdiniz, başqalarına öyrətməsəniz faydası yoxdur". Quran insanın kamalını elmdə bilir və elmsiz imanı qəbul etmir. Buyurur ki, Allahı da gərək elmi ilə tanıyasız. Elm ilə iman bir-birinə köməkdirlər, biri digərsiz naqisdi. İnsanın müxtəlif ehtiyacları var, bəzisinə iman, bəzisinə elm göstəriş verir. Elm-işıqlıq, iman-eşq verir, eşq-ümid verir. Əgər bir insanın qəlbində iman olsa onun gələcəyə ümidi olar. Elm heç vaxt eşq yarada bilmir, elm alət yaradır, iman isə istiqamət verir. Ariflərdən biri deyib: "Elm əməl gətirməz, eşq əməl gətirər". Elm - xarici, iman - daxili inqilabdır. İman bizə ilham bəxş edir. Elm ilə iman bir-birlərinə yardımçıdırlar.
Həzrət Əli dahi bir müəllim kimi insanlığı tərbiyə etməklə onun məziyyətlərini və başqa əsas xətlərini bəşəriyyətə göstərmişdir. Beləliklə, islam məktəbinin inkişaf yolu açılmışdır. İmam Əli (ə) öz qarşısında savadsız, biliksiz xalqı görürdü. Əlinin dövründə ərəb cəmiyyəti savadsız olduğundan nə qədər geriləyir və bu geriliyin də nə qədər mənfi təsir göstərdiyinin şahidi olur. Əli (ə) o qədər yüksək dərəcəli elmə malik bir şəxs idi ki, özü demişdir: "Bu köksümdə çoxlu gizli elmlər var. Kaş bu elmlərlə yüksəlib, onları apara biləcək insanlar tapa biləydim". Əlinin (ə) nə qədər yüksək məqama çatdığını Peyğəmbər bir hədisində belə buyurur: "Elm, hikmət, yüksək əxlaq, ədalətli hökm və fəzilətlər sahibi olan Əlinin (ə) şan və şərəfi o qədər ucadır ki, cənnət belə ona müştaq olmuşdur". Həzrət Əlinin elmi barədə bir çox alimlər, ariflər, şairlər hikmətli sözlər demişlər. Ulu Mövlanə Əlinin elmi barədə belə deyir: "İxlası da, əməli də Əlidən öyrən, Haqqın şirin hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan, sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan, Allah barigahı bağlanma, əbədi açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilir".
Fatimə binti Əsəd üç gün İlahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: "Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun" ("Biharül-ənvar", c.35, səh 9-37).
Həzrət Əli (ə)-in qiymətli kəlamlarından bir neçəsi:
Nemətiniz coxaldiqca şükrünüzü azaldıb onu özünüzdən uzaqlaşdırmayın.
Tamaha sarılan özünü alçaltmışdır.
Dərdini açıqlayan zillətə razı olmuşdur.
Acizlik dərd, cəbr cəsarət, zahidlik sərvətdir.
Günahlardan qaçmaq əzaba qalxandir.
Düşmənə qalib gəldiyin zaman bu qələbənin şükrü olaraq onu əfv et.
Əməliylə bir yerə varmayanı əsl-nəcabəti kömək etməz.
Məzluma kömək etmək və köməyə ehtıyacı olanı əlındən tutmaq günahların kəffarəsidir.
Qəlbdə gizlədilən şey dilin oynaması və ya üzün rəngi ilə üzə çıxar.
Ən böyük zəngillik ağil, ən böyük yoxsulluq axmaqlıq, ən qorxulu iş özünü bəyənmə və ən dəyərli üstünlük gözəl əxlaqdir.
Axmaqla dostluq etmə o fayda əvəzinə zərər gətirər. Xəsislə dostluq etmə o ehtiyacini səndən əsirgər. Pis adamla dostluq etmə o səni dəyərsiz əşya müqabilində satar. Yalançı ilə dostluq etmə o sənə uzağı yaxın, yaxını uzaq göstərər.
Axirəti xatırlayan sorğu sual günü üçün əməl edən, özünə kifayət qədər azüqə toplayan və ALLAHDAN razılıq edən insan necə də xoşbəxtdir.
İnsanların qəlbləri urkək olur. Kimə isinərsə ona yönələr.
Dil yırtıcıdır. Sərbəst buraxsan sancar.
Qadın əqrəb kimidir ama cancması şirin olur.
Dostunu itirmək tənhaliqdı...
Könüllər sultanı olan Həzrəti-Əli bir dəfə belə demişdir: "Geyimim sadə, şüarım Allah qorxusu, məskənim məscid, azuqəm aclıq, miniyim ayaqlarım, qəndilim - Ay, oturub-durduqlarım elm sahibləri, dünya malından heç bir şeyə malik olmadan günlərim keçir və mən bunlardan xoşnud oluram. Bu günüm sabaha qalsın deyənlərdən də deyiləm. Əvvəl-axır əcəl şərbətini içəcək adam üçün bunlar da çoxdur".
Bu sözlərdən sonra Peyğəmbərimiz: "Ey Əli! Allah qullarından heç kəsi səni sevdiyi qədər sevməyir. Bu sevgi Allah məqbul olan nəfsinə hakim olmağından irəli gəlir. Bu nəfsə hakimlik səndə varkən nə sən dünyadan, nə də dünya səndən bir şey ala bilməyəcəksiniz! Nəfsinə hakim olduğundan, Əli hökm verməkdə hamınızdan üstündür".
Təbii ki, heç birimiz imanımızda Həzrəti Əli (ə) zirvəsinə çata bilmərik, amma onun məziyyətlərini öyrənmək, əməl etməyə çalışmaq imkanımız var. Elminizi imanla bərabərləşdirin, imanınızı, oruc və namazlarınızı Allah qəbul etsin!



TƏQVİM / ARXİV