adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

16-CI RESPUBLiKA - NAXçIVAN

RZA RZAYEV
45445 | 2012-01-25 08:42
"İçəri Şəhər" məqaləsini yazanda, yəni Bakı, bakılılar, Bakı kəndləri , bakılı xarakteri haqqında yazmışdım və ədalətçilərə söz vermişdim ki, bir vaxt "16-cı Respublika - NAXÇIVAN " adlı məqalə yazacam, yəni Naxçıvan, naxçıvanlılar, naxçıvanlı xarakteri, düşüncəsi haqqında. Yaza bilmirdim, deyəsən, zamanı gəlib.
   
   Bir az keçmişdən başlamaq istəyirəm.
   
   Naxçıvan haqqında yazasan, keçmişdən yazmayasan, olmaz! Keçmiş həm tarix, həm olub keçənlər, həm də gələcəyi müəyyənləşdirən yaşanmış proses və hadisələrdir.
   
   Keçmişdən, hələ tam keçməyəndən, yəni SSRİ dönəmindən başlayaq. SSRİ 15 Respublikadan ibarət idi. Yəni yaradılmışdı, amma 15 Respublikadan birinin içini doğramışdılar neçə-neçə içə. Bu Respublikanın içində başqa üç Respublika yaratmışdılar. Daha bir içini isə özündən ayırıb özündə yaratmışdılar - Naxçıvan Muxtar Sovet Sosialist Respublikası.
   
   Böyüyü, yəni Azərbaycan Sovet Sosialist Respublikasını, daha böyük bütövdən, yəni Cənubi Azərbaycandan və Türkiyədən ayırmışdılar, amma daha böyüyü Naxçıvandan ayıra bilməmişdilər.
   
   SSRİ 15 Respublikanı kimsə ilə şərik deyildi, amma şərik olduğu bir Respublika var idi. Bu Respublika tam SSRİ-nin deyildi, dərdinə-şərinə Türkiyə şərik idi. Bu Respublika SSRİ-nin qeyri-rəsmi 16-cı Respublikası adlanırdı. 15 Respublikanın vətəndaşları bir-birinə icazəsiz gedib-gələ bilirdilər, amma 16-cı Respublikaya gedib- gələ bilməzdilər, hətta Azərbaycanın başqa bölgələrində yaşayan insanlarımız da Naxçıvana icazəsiz gedib- gələ bilməzdilər. Çünki 16-cı Respublikaya gedib-gəlmək üçün izin lazım idi, özü də yüksək yerdən - "KQB"-dən.
   
   
   
   ***
   
   Naxçıvan Azərbaycanın bir hissəsidir, amma tam fərqli, hissələrə oxşamayan, təkrarlanmayan hissə. Bütövü yaradan, bütövdən tam ayrılan bir hissə. Bütövü hissədən ayırsalar da, hissəni bütövdən ayıra bilməyiblər. Hissə bütövə dönüb, hissə həmişə bütöv üçün yaşayıb, həmişə bütövlüyün, vahidliyin, tamlığın simvolu olub. Bu hissə üçün bütövün başına nələr gətirilməyib . Bu hissə bütövün son başıdır, düşmənlər neçə illərdir bu son və böyük başı vurmaq istəyirlər.
   
   Allahsız dövlətin ərazisində tək Allah bu bölgədə ölmədi, Sovet Hökumətinin inanmadığı Allahı insanlarımız Sovet dağılana gədər yaşatdı. Allaha inam yaşatdı insanlarımızı. Allahın umuduna yaşadılar.
   
   Sovet nə qədər istəsə də, tarixi düşmənlərimizi 16-cı Respublikada çox yerləşdirə bilmədi. Naxçıvanlılar buna imkan vermədilər, Sovet boş yer tapmadı, cünki bu bölgənin insanlarının düşüncəsi millətçilik, dövlətçilik və bütövlüklə dolu idi.
   
   Naxçıvanda tarixi düşmənlərimizi bütün zamanlarda "daşnaq" adlandırıblar. Daşnaqları, yəni erməniləri şəxsi adları ilə çağırmayıblar:
   
   - Ə, bə daşnaq, gəl görüm bura! - belə .
   
   Daşnaqlar 16-cı Respublikada həmişə gözüqıpıq yaşayıblar.
   
   
   
   ***
   
   Naxçıvan şəhərində yerləşən binaların birində Qılı ləqəbli bir oğlan yaşayırdı. Naxçıvanda demək olar ki, hər kəsin ayaması var və hər kəs də ayaması ilə çağrılır. Ən məşhurları - Qaqqi, Mazqi, Cıbbı və s. Cıbbı indi böyüyüb, baba olub, amma hələ də uşaqlar onu Cıbbı əmi deyə çağırırlar.
   
   Keçək əsas məsələyə - Qılıgilin binası ilə üz-üzə olan binada Sovet zamanında daşnaqlar yaşayırdılar. "Neftçi" ilə "Ararat" oynayan zaman Naxçıvanın küçələrində heç kimi tapmaq olmazdı. Həngamə də futbol bitəndən sora qalxardı. Həm də fərq etməzdi, "Neftçi" udub, ya uduzub. Futbol bitən kimi Qılı düşüb gələrdi daşnaqların yaşadığı binanın qabağına. Haylayıb bütün hayları tökərdi binanın həyətinə. Bu dəfə "Ararat" udmuşdu. "Ararat" udsa da, daşnaqlar Qılının yanında sevinclərini gizlədərdilər, quzuya dönərdilər. Daşnaqların içində bir Cıqor adlı oğlan var idi. Qılı daşnaqları verərdi təpik-şillənin qabağına, ortada Cıqor imkan tapan kimi soruşardı:
   
   - Ay Qılı, bizi niyə döyürsən, "Neftçi"ni "Ararat" udub, get "Ararat"ın uşaqlarını döy da!
   
   - Ə, daşnaq uşağı daşnaq, sizləri "Ararat" "Neftçi"ni udduğuna görə döymürəm ee, sizləri "Ararat"a azarkeşlik etdiyinizə görə döyürəm.
   
   Bir müddət ötür, şillə-təpiyin ağrısı keçməmiş, yenə "Neftçi" ilə "Ararat" oynayır, bu dəfə "Neftçi" udur. Qılı yenə hayları haylayıb tökür həyətə, həyətə hay düşür, daşnaqları salır təpik-şillənin altına. Cıqor yenə mələyə-mələyə soruşur:
   
   - Ay Qılı, bizi niyə döyürsən, bu dəfə "Neftçi" udub axı ...
   
    - Ə , daşnaq uşağı daşnaq , sizi Ararat uduzduğuna görə döymürəm ee , sizi Ararata azarkeşlik etdiyinizə görə döyürəm .
   
   
   
   ***
   
   Sovet Naxçıvanda gec quruldu , bəzi kəndlərində lap gec . Sovet torpağı özününki edə bilsə də, burada yaşayan insanları özününki edə bilmədi , burada yaşayanlar Soveti yad saydı .
   
   Sovetə qarşı neçə illər dağ kəndləri daşla döyüşdü . Qəhrəmanlığı daşa yazdılar , əfsanələr yaratdılar . Bu kəndlərdən biri Keçili - kənd qəhrəmanı isə Quşdan idi.
   
   Quşdan neçə illər sovet əsgərini quş kimi dənlədi. Sonda Bakıdan gələn quşbazların əli ilə xəyanətin qurbanı oldu. Moskvanın bacarmadığını Bakı etdi
   
   Sovetə qarşı döyüşən qəhrəmanlarımızdan biri də Qaçaq Əsəd olub . Qaçaq Əsəd ana babamın dayısı idi . Ondan tarixi düşmənlərimiz " tük salıblar". Tarixi düşmənlərimiz bütün toylarında Qaçaq Əsədi başda oturdublar. Toy gecəsinin səhəri Qaçaq Əsədi təzə gəlin gülər üzlə yola salıb . Daşnaqların toy gecəsinin qəhrəmanı olub Qaçaq Əsəd !
   
   Tarixi düşmənlərimizin bütün toylarının bəyini , sonda yenə Moskvanın əli ilə , xəyanət nəticəsində öldürüblər , ölüsünə bir neçə gün yaxın düşə bilməyiblər . Yəqin , bir neçə saat zamanla xalqımızın düşüncəsində bir neçə günə dönüb . Amma xalqımızın üzü bu qəhrəmanlardan heç zaman dönməyib.
   
   Camaatımız sonda Sovetin qabağından qaçsa da , bu qaçaqları unutmadılar , dara düşən kimi bu qaçaqların adı ilə fəxr etdilər , bu qaçaqların adını önə çəkdilər , bu qaçaqların adının arxasında gizləndilər .
   
   Bu qaçaqlar dövlətə qarşı çıxıblar , yəni Sovetə . Sovet bu igidlərin atını və tüfəngini istəyib, onlar da verməyiblər , deyiblər : - " At və tüfəng kişinin namusudur " , dövlətə qarşı durublar - qaçaq adı alıblar , dağda, daşda, meşədə özlərinə yer ediblər - yer alıblar.
   
   
   
   ***
   
   İndi də dövlətə qarşı duranlar var , amma onların nə atı var , nə də tüfəngi . Məzmun və mahiyyət dəyişdiyi kimi dövlətə qarşı duranların adları da dəyişib . İndi bu adamlar , yəni dövlətə qarşı duranlar özlərinə mərhələli və ardıcıl şəkildə yeni adlar tapıblar, yeni adlar alırlar - müxalfətçi, siyasi məhbus , sonra isə siyasi mühacir . Amma keçmiş qaçaqlar kimi dağlara , meşələrə çəkilmirlər , özlərinə dağlarda , meşələrdə yer eləmirlər . Qaçırlar Avropaya , özlərinə Avropada yer eləyirlər , siyasi sığınacaq alırlar , ad alırlar - siyasi mühacirlər. Son zamanlar ad almayanlar bu adı almaq üçün nələrdən keçmirlər , nələr etmirlər , axı bu adı verənlər , bunları ölkələrində qəbul edənlər bunlara şərt qoyub : - Nələri etməlisiniz ?!
   
   
   
   ***
   
   Son zamanlar gündəmi tez-tez gün vurur , gün vuranların da başı gicəllənir , başı gicəllənənlərin də qoltuqlarının altına verib ötürürlər tez- tez küçələrə , - adını da piket , mitinq qoyurlar . Başı gicəllənənlər küçəyə çıxıb bir - iki ağız gic - gic danışıb dağlışırlar evlərinə . Evə çatan kimi də arvad - uşağı yığırlar başlarına , otururlar televizorun qabağında :
   
   - Bə indi məni televizorda göstərəcəklər . İndi ATƏT-in , BMT-nin nümayəndələri və Avropanın səfirləri baxır . Bu dəfə mütləq ad alacam , söz veriblər .
   
   Kişi özünü televizorda qaçan halda görəndə üzünü tutur arvadına , arvadı da tez Azadlıq Radiosunun reportyorunun nömrəsini yığır , telefonu uzadır kişiyə . Kişi telefonu alır :
   
   - Azadlıq Radiosu , iqtidarın kanallarında gaçanda düşmüşəm ,qovan da yoxdur , sən necə , məni çəkə bilmisən?
   
   - Hə, amma polis sənə çata bilmədi.
   
    Kişi bu dəfə " Yeni Müsavat " qəzetinin reportyoruna zəng edir :
   
   - Ə , sən nətər , məni çəkə bilmisən?
   
   - Hə , amma polislə öpüşəndə .
   
   - Əvvəl bir yerdə işləmişik , bir ələ .
   
   Kişi bu dəfə də "Azadlıq " qəzetinin reportyoruna zəng edir:
   
   - Ə , sən nətər , bir şey edə bilmisən?
   
   - Hə , Mc. Donaldsın qabağında sizə qamburger paylayanda düşmüsən .
   
    Arvadı üzünü çevirir kişiyə :
   
   - Əəə , söz vermişdin ki , bu il tutulacam, siyasi məhbus adı alacam , Avropaya köçəcəyik ?! Bu ildən də keçsə, ta məni ...
   
   Dədəsini hamıdan güclü bilən uşaqlar , dədələrini özündən bir neçə dəfə zəif polisin qabağından qaçan görəndə üzlərini çevirirlər dədələrinə :
   
   - Dədə , testin cavabı çıxıb , dövlət məni pulsuz Avropaya oxumağa göndərir .
   
   - Ə , gic-gic danışma , Avropaya çatan kimi , bilsələr ki , sən mənim oğlumsan , səni qaytaracaqlar geriyə . Çünki Avropanın fondlarından aldığım pulları qaytara bilməmişəm , nə də bir iş görmüşəm . Onlar bilsələr ki , dövlət müxalifətçinin oğlunu - mənim oğlumu dövlət pulu ilə oxumağa göndərib , elə biləcəklər ki , mən burda dövlətlə əlbir olmuşam - Grant ala bilməyəcəm ee !
   
   Bunu hakimiyyət bilə-bilə edib.
   
   Uşaqlar başlarını bulaya-bulaya üzlərini tuturlar analarına :
   
   - Ana , keçmiş polisdən başqa adam tapmadın , ərə gedəsən ?!
   
   Uşaqların dədəsi sinəsini qabağa verdi:
   
   - Keçmiş polisdən ... indi Avropa Dəyərlərinin Təbliği İctimai Birliyinin rəhbəriyəm .
   
   
   
   ***
   
   Naxçıvan Azərbaycanın başqa regionlarından çox fərqlənir , yerləşdiyi coğrafi ərazi çox strateji əhəmiyyət daşıyır . Naxçıvanı daha çox əhəmiyyətli edən budur . Yoxsa Naxçıvanın təbiəti insanların orada yaşamağı üçün çox çətinliklər yaradır. Çünki Naxçıvanın qışı sərt, yayı isə isti keçir.
   
   Bizlər cəviz ağacı deyirik , cəviz ağacı ən azı 20 ilə bar gətirir , hülü isə ən azı 3 - 4 ilə . Bir dəfə qış sərt keçəndə isə bütün ağacları soyuq alır . Gəl , indi 20 il gözlə ki , cəviz ağacı bar gətirəcək . Məncə , Naxçıvanın təbiətinin necə sərt olduğu və insanlarının torpağa necə sadiq olduğu artıq aydın oldu . Elə bu çətinliyə dözdükləri üçün də naxçıvanlılar özləri də strateji əhəmiyyət daşıyır . Strateji əhəmiyyətli naxçıvanlılar !
   
   
   
   ***
   
   Birinci kursda oxuyuruq , qrupumuzda 5 - 6 naxçıvanlı var . Qışdır . Müəllimə başı alovlu daxil olur sinifə :
   
   - Papağımı apardılar !!!
   
   - Bəəə !
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bütün kişilərin gözünün qabağında!!!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Bəəə!
   
   - Ə , nə bəyildəyirsiniz , durun rədd olun çölə !
   
   Hamımız sinifdən çıxırdıq ki , yəni bəəldəyənlər , müəlimə arxamızca :
   
   - Evdə bir bəəldəyənim var , - bəəə!
   
   Naxçıvanlılar heyrət və təəccüblərini -" bəəə "- deyə ifadə edirlər .
   
   
   
   ***
   
   İctimaiyyət arasında naxçıvalılara " yazanlar " - demaqoqlar deyirlər . Guya , naxçıvanlıların əksəriyyəti cibində qələm gəzdirir . Naxçıvanda düz söz demək , düz danışmaq , düzlüyü tələb etmək həyat tərzidir , "yazmaq" isə məişət qanunudur . Sovetin yalanlarına naxçıvanlılar heç zaman inanmadılar . Hər zaman Sovetin yalanlarını tutdular , Sovetin yalanlarından yazdılar , hətta Leninə də məktub yazdılar , şikayət etdilər :
   
   - "Əvin tikilsin Lelin, dur e , movzeleyde yatma , dur , qurduğun hökuməti dağıdırlar , gör, dırmığın , şananın , belin qiyməti neçəyə qalxıb ?! "
   
   
   
   ***
   
   Vətənimizin başqa bölgəsindən olan dostum məni 1991 - cı ildə aeroportdan Naxçıvana yola salmağa aparırdı . Keçid başladı , hələ qapı açılmayıb , qapının ağzı basabasdır , biz də dayanmışıq , o zaman bilet adamın əlində " qala " bilərdi , deyirdilər ki : - yer doldu - nə isə ...
   
   Kiminsə nömrəsini yazmalı olduq , kimdən qələm soruşduq - dedi - yoxumdu . Dostum uca səslə qayıtdı :
   
   - Ə , Rza , elə bil səhv dayanmışıq .
   
   - Niyə?!
   
   - Deyəsən , Naxçıvan reysi deyil .
   
   Dostumun üzünə baxıb başımı buladım , yəni nə gic-gic danışırsan ?
   
   Dostum:
   
   - Görmürsən , heç kimdə qələm yoxdu .
   
   - Bəəə !
   
   
   
   ***
   
   Bir də qərəzli mətbuat və qərəzli siyasətlə məşğul olanlar naxçıvanlıları yerlipərəst adlandırırlar . Əslində , naxçıvanlılarda yerlipərəstlik yoxdur , olmayıb tarixboyu . Naxçıvanlılarda özünüqoruma instinkti var , necə ki , çeçənlərdə olduğu kimi . Sovetin naxçıvanlılara və çeçenlərə münasibəti eyni olub . Onu da deyim ki , Rusiyada naxçıvanlıları Azərbaycanın çeçenləri adlandırırlar . Bəlkə də bu oxşarlıq özünüqoruma instinkindən doğur . Bu özünüqoruma instinktini naxçıvanlılarda və çeçenlərdə İmperiya yaradıb. Həmişə mərkəzdən (bütövdən) ayrı düşən Naxçıvan və naxçıvanlılar ən çətin anlarda özləri - özlərini qorumağa məcbur olublar . Və bunun nəticəsində bir naxçıvanlıya bir başqası toxunanda başqa naxçıvanlılar şəxsən tanımadıqları naxçıvanlıya qahmar çıxırlar .
   
   Mən hələ bu günə qədər rast gəlməmişəm , bir yüksək vəzifə tutan naxçıvanlı qohumların və yaxın tanışların çıxmaq şərti ilə kimisə, yəni naxçıvanlı olduğuna görə önə çəksin, dəstək olsun, istedadını, biliyini qiymətləndirsin . Bir təşkilatda əgər 5 naxçıvanlı işləyirsə , onların üçü bir-biri ilə danışmırlar , küsülü olurlar , bir-birlərinin ayağının altını qazırlar . Amma adını çəkmək istəmədiyim bir neçə bölgəmiz var ki , çox yerlipərəstdirlər, bir yerli olmaqları bəs edir ki , bir-birlərinə kömək etsinlər, bir-birlərini önə çəksinlər, bir-birlərinin işlərini aşırsınlar .
   
    (ardı var)

TƏQVİM / ARXİV