adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AYBASANLI... BELƏ KƏND OLAR?!

FAİQ QİSMƏTOĞLU
73361 | 2015-06-20 08:56
... Hər elin, hər obanın öz gözəl adları var. O adlar da bu gün deyil, çox uzaq bir keçmişdə qoyulub. Elə ad var ki, bəlkə də qüsurludur, ancaq buna görə kimisə qınamaq, tez-tez bu adı həmin kəndin sakinlərinin başına qalxmaq kişi işi deyil. Bunu yəqin çoxları bilir, kənd adlarını heç də o kəndin adamları seçmirlər. Vaxtilə kimsə ağıllı, müdrik və uzaqgörən bir insan bu adı dilinə gətirib və bu ad da əbədiləşib...
Bu mövzuya qayıtmağımız və Aybasanlını yada salmağımız heç də təsadüfi deyil. Bu kənd Füzuli rayonunun ərazisində yerləşir və indi ermənilərin işğalı altındadır. Kənd gözəlliyinə və füsunkarlığına görə həmişə insanların nəzər-diqqətini cəlb edib. Füzuli şəhərinə çatmamışdan həmin kəndi keçirsən və sonra da rayon mərkəzinə daxil olursan. Bu kənddən çox istedadlı, savadlı və tanınmış ziyalılar çıxıb. Onunla işimiz yoxdur. İşimiz onunladır ki, bu yaxınlarda yüksək vəzifəli bir məmur Füzulidə işləyən bir neçə şəxsin işlərinə baxarkən təəccüblənib. Şəxsi işi vərəqləyib və sonra da deyib: "Ay bala, Aybasanlı adında kənd olar? Get kəndinin adını dəyiş. Rəhmətliyin oğlu, siz füzulililəri kim bu idarəyə işə götürüb-eləyib. Torpağı qorumaq əvəzinə hamınız gəlib doluşmusunuz bu idarəyə. İndi də ixtisara düşmüsən, get özünə başqa bir iş tap".
Rəis yenidən köməkçisini səsləyir: "O birilərinin də şəxsi işini gətir, görüm kimlərdir". Köməkçisi şəxsi işləri ona təqdim edir və yenidən rəis əsəbiləşir: "Əşi, mən bunların əlindən boğaza yığıldım, Mahmudlu -1, Mahmudlu- 2, Mahmudlu- 3. Belə də iş olar? Bir yerdən nə qədər vəzifədə adam olar? Ona görə də bunların hamısı ilə xudahafizləşməliyik. Qoy getsinlər özlərinə başqa yerdə iş tapsınlar. Əgər olsaydılar mənim yerlim, o başqa məsələ. İndi hər adama vəzifə verəcəyik ki, gedib kef eləsin? Bunlarla qurtardıq".
O vəzifəli məmurun nəzərinə çatdırmaq istəyirik ki, heç vaxt insanlarla belə rəftar etmək olmaz. Ən azından ona görə ki, cənab prezident İlham Əliyev öz çıxışında bəyan edib ki, biz xalqın xidmətçiləriyik. Əgər prezident özünü xalqın xidmətçisi sayırsa, onda bu balaca məmur niyə özündən belə razıdır? Görünür, var-dövlət onun başını gicəlləndirib. Allah-Təala hər adamı sınağa çəkir. Əvvəl, var-dövlət verir, böyük imkanlar yaradır, sonra görür ki, yolunu azıb, el dilində demiş olsaq, qatıqlayır, verdiklərini bir-bir almağa başlayır. İş bununla da qurtarmır ha. Sonra həmin adamın başına min oyun açır və axırda da canını alır.
Görünür, bu məmur da rəhmətlik millət vəkili, professor Şamil Qurbanovun Jak Şiraka dediyi kimi, qudurub. Quduran iti isə nə vaxtsa öldürürlər. Xülasə, bu məsələ deyəsən çox su aparacaq. Bir daha, həmin məmurun nəzərinə çatdırırıq ki, füzulililər torpağı qoyub qaçmayıb və onlar axıradək döyüşüblər və qanları ilə bu torpağı suvarıblar. Əgər belə olmasaydı, Qarabağ müharibəsində Füzuli rayonu 733 şəhid verməzdi. Üstəlik bu müharibədə 1240 nəfər əlil olub, 181 nəfər də itkin düşüb. Amma əlimin içi kimi bilirəm ki, başı var-dövlətdən fırlanan həmin məmurun Qarabağ döyüşlərində bir qohumu şəhid olmayıb. Bəlkə də heç o müharibədə iştirak eləməyib. Özü kimi yaxınları da qaçıb aradan çıxıblar.
Vaxtilə yüksək vəzifəli bir məmur da rayonun vəzifəli şəxslərindən birini qəbul edəndə soruşub ki, Füzuli bizim əlimizdədir, yoxsa işğal altındadır? Həmin həmyerlimiz isə dillənib: "Füzulinin yarısı işğal altındadır, yarısı da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ilin yanvarında erməni işğalından azad olunub".
Məmur qımışır və deyir: "Nə yaxşı bunları bildim. Yoxsa elə bilirdim ki, Füzuli rayonu işğal olunmayıb".
Bax, bizim yerində olmayan bəzi məmurların siyasi savadı, dünyagörüşü bu səviyyədədir. Əsən küləklər, yeni islahatlar təbii ki, bu cür yerində olmayan məmurları nə vaxtsa həmin məkandan uzaqlaşdıracaq. Bax, həmin o məmur da gec-tez vəzifə kreslosundan atılacaq. Buna günün çıxması kimi inanıram və ürəyim də buz kimidir. Ən azından ona görə ki, bir elin, bir obanın zəif nöqtələri ilə, mənəviyyatı ilə heç vaxt oynamaq olmaz. Azərbaycan birdir, bütövdür və onun da İlham Əliyev kimi dünya şöhrətli, uzaqgörən, müdrik prezidenti var. Allah qoysa, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalı altında olan rayonlarımız azad olunacaq və həmin yerlərə Azərbaycan bayrağı sancılacaqdır!

TƏQVİM / ARXİV