adalet.az header logo
  • Bakı 11°C

Dərd çəkən ürəkdə dərdə bahardır!

RZA RZAYEV
45041 | 2011-02-07 16:33
Mən əslində Aqil Abbas haqqında yazmaq istəyirdim. Çünki onun "Şair xalqın xalqsız şairləri" məqaləsindən çox təsirlənmişdim. Məqalənin ruhu ilə razı deyildim. Çünki o adam dərviş ola bilər ki, milyonları var, milyonlarından imtina edir, dərviş olur. Heç nəyi olmayan insanın dərviş olması və yaxud özünü dərviş adlandırması... Cavabını yazammıram. Çünki mən bir dəfə Aqil Abbası son model (bahalı) maşını sürəndə görmüşdüm. Bu məqaləni yazmamışdan öncə gərək Aqil Abbas öz maddi dəyərlərini ehtiyacı olan insanlara bağışlayardı. Varsa əgər... Bəlkə də sürdüyü maşın özünün deyil? Bəlkə heç nəyi yoxdur? Bağışlayıb.. Bilmirəm.
   
   Bütün şəxsiyyətləri millət yetişdirib. Heç bir şəxsiyyət öz millətindən böyük deyil, uca deyil. Elə şəxsiyyətlərin yaşadıqlarıdır onları şəxsiyyət edən, yaşadıqlarıdır onları tarixdə saxlayan. Şəxsiyyət olmaq üçün, onlar bu yolu könüllü seçirlər. Bu yol şəxsiyyətin daxili tələbatından doğur. Dünyadan o qədər misal gətirmək olar ki, böyük şəxsiyyətlər səfalət içində yaşayıb acından ölüblər. Sonra dahi kimi tanınıblar.
   
   Tarixin yaddaşında Peyğəmbəri çarmıxa çəkiblər, Peyğəmbər övladlarının başını kəsiblər. Tutduqları yola inam, Tanrıya inam onlara bu əzabı seçməyə, yaşamağa güc verib.
   
   Hər bir şəxsiyyət millətini ifadə edir. Mədəniyyətin yaradıcısı millət, onu ifadə edənlər isə şəxsiyyətlərdir. Bu günə qədər şəxsiyyətlər millətini ifadə etməkdən üstün heç nə yarada bilməyiblər.
   
   İsa Peyğəmbər inanırdı ki, nə qədər çox əzab çəksə Tanrıya bir o qədər yaxın olacaq. Ona görə də dözə bilirdi dəhşətli əzablara. Tanrı eşqinə... ONDAN istəyirdi əvəzini...
   
   Aqil Abbas həmin məqaləsində həyat yoldaşı İradə xanım haqqında yazmışdı: O, heç vaxt ürəkdən gülməyib.
   
   Mən də nədənsə İradə Tuncay haqqında yazmaq istədim. Həyatda heç vaxt rastlaşmamışam. Bu yaxınlarda yaxın qohumunun hüzr yerində Aqil Abbasla uzaqdan birlikdə gördüm. Necə ki, bizim kənddə kişilər qabaqda gedir, həyat yoldaşı da arxadan gəlir, eynən elə. (Məqalənin sonuna yaxın məlum olacaq ki, niyə bizim kişilər qabaqda, həyat yoldaşları arxada gəlir).
   
   Həmişə bu xanım mənə maraqlı olub. Çünki o, bizim kənddəki xanımlar kimi danışır, düşünür, yazır. (Əsas yazmaqdır). Şəhərdə belələrinə az rast gəlmək olar. Rast gəldiklərimiz də kənddən gələnlərdir. O da, mən bilən, kənddə yaşamayıb. Bəs nədən şəhərdə yaşayan xanım, KƏNDİNİ heç vaxt unutmayıb?
   
   Yəqin həyatda çox qadın var ki, ona həsəd aparır.
   
   Axı onun gözləri böyükdür. Axı qadınlar böyük gözləri xoşlayırlar. Axı onlar hər şeyi görmək, bilmək istəyirlər. Amma çoxları heç vaxt dərk etməyəcək ki, niyə İradə xanımın gözləri böyükdür.
   
   Yazdıqca düşünürəm, o, gözündəki dərdlərlə, əzablarla necə yaşayır? Axı dərd, əzab həmişə onun gözünün önündə olub. Olubmu ki, o, gözünü bu əzablara yumub? Yumubsa da, gözündəki dərdi, əzabları görməsinlər deyə yumub. Bəlkə o, dərd, əzab görməyəndə gözünü yumur? Birdən gözlərindəkilər inciyər ondan. Bəlkə onun gözləri gözündəki dərdlərə, əzablara görə elə böyük görsənir? Bəlkə Tanrı onun gözünü ona görə böyük edib ki, dərdləri, əzabları daha yaxşı görə bilsin, daha çox əzab çəksin?
   
   O, hər dəfə yazdıqca, hər dəfə gözünü açıb-yumduqca, ömrünü, ürəyini, yaddaşını, yaşadıqlarını vərəqləyir! Dərdlər kirpiklərində gilələnir! Yenidən dərdlə, əzabla, kədərlə doldurur ağ vərəqləri. Yazdıqca gözlərindəki kündələnmiş dərdi ovxalayır!
   
   Dərd göydən enir. Kimisi dərdin altından çiynini, başını çəkir. Kimisi də dərdə qucaq açır, başını, çiynini dərdin altına verir.
   
   O, həmişə dərd axtarır, əzab çəkir, dərd yazır. Bəlkə o, dərdsiz, əzabsız yaşaya bilmir? Bəlkə o, dərd, əzab çəkməklə övladlıq borcunu yerinə yetirir? Atasının da çəkdiyi əzabları, dərdi azaltmaq istəyir?
   
   O, atasını ucalığa qaldıran dərdi çəkir. Dərdi çəkə-çəkə yığır gözlərinə. Qalxmaq istəyir ucalığa. Amma nə qədər istəyir dərddən yuxarı qalxa, qalxa bilmir. Elə həmişə dərd onun başının üstündədir. Axı o, başını, çiynini dərdin altından çəkmir. O, dərdi gözü ilə çəkir özünə sarı hər dəfə dərdli insan görəndə. Axı hamı o qapıya gedir ki, onu o qapıda gözləyirlər, qovmayacaqlar. Dərd də bilir ki, kimin qapısını döyür. Axı bu gün ehtiyacı olanlara qapı açmayanlar çoxdur. Onun dərd qapısı açıqdır...
   
   Dərd çəkməyənlər görən onun gözünə necə baxır?
   
   Dərd də bitkilər, ağaclar kimi iqlimlə bağlıdır. Necə ki, bitkilər, ağaclar iqlimə, fəsillərə uyğun olaraq bitirlər, yaşayırlar. Hər ürəkdə dərd də bitmir, yaşamır. Ürək var ki, dərd düşür ora, boy atmır, böyümür, soyuq alır dərdi. Soyuq ürəkdə, yanmayan ürəkdə dərd nə gəzir? Dərd üçün o ürək qışdır. Ürək də var ki, dərd düşür ora, boy atmağa, böyüməyə, çəkilməyə başlayır.
   
   Dərd çəkən ürəkdə dərdə bahardır!
   
   Dərdsiz insan yoxdur, dərdini çəkməyən, dərdini anlamayan insan var.
   
   Hərdən elanları oxuyun. (İ.T) Hər kəsin öz elanı var. Heç olmasa, öz elanınızı oxuyun, yazın, çəkin...
   
   O, başqalarının dərdini çəkməklə, bəlkə, öz dərdini azaldır, unudur? Axı başqalarının dərdi onun dərdindən ağrısızdır, zəifdir. Başqalarının dərdini çəkmək öz dərdini çəkməkdən asandır, yüngüldür. Bəlkə o, başqalarının dərdini çəkməklə öz dərdini unutmaq istəyir?
   
   Dərd çəkmək insanı istedadlı edir. Bəlkə elə istedad dərddir?
   
   Ən yaxşı istedadlı dərd çəkənlərdən biri də İradə xanımdır.
   
   Bəlkə insan Tanrının ona verdiyi istedadın əvəzini dərd çəkməklə ödəyir?
   
   Mənə elə gəlir ki, İradə xanım çəkməyə dərd tapmayanda dərddən yazmağa başlayır. Yenidən yaşadığı dərdləri yazmağa, çəkməyə başlayır. Dərd də bezib ondan. Axı dərd də istəyir onu başqası çəksin. O da istəyir axı dəyişə insanları...
   
   Dərd çəkən insan dəyişməyəndə dərd də dəyişmir.
   
   Dərdə bu qədər sadiq insan görmədim!
   
   O, bəzən bezir. Özündən qaçır dərddən azad olmaq üçün. Azad olur... Yenidən özünə qayıdır dərd çəkmək üçün. Heç səndən qaçmaq olarmı dərd? Səndən qaçan... olmur.
   
   Dərd çəkənlər olmasa bu dünya dərdlə dolar, batar. Dərd çəkən insanlar dərd çəkdikcə dərd azalır. Dünya ona görə bu günə qədər yaşayır, ayaq üstə durur.
   
   Dərd çəkmək insanın mənəviyyatının müqavimət sistemini gücləndirir.
   
   Dərd çəkmək mənəviyyatsızlığa qarşı immunitet yaradır.
   
   Dərd çəkin... Mənəviyyatsızlığa qarşı immunitet yaradın.
   
   İnsanın ürəyindəki sözlər yığılır nəfəs borusuna, başlayır insanı boğmağa. Danışdıqca, yazdıqca nəfəs borusu açılır, yavaş-yavaş nəfəs almağa başlayırsan. Amma elə sözlər var ki, yazammırsan, danışammırsan. O sözlər qalır ürəyində, boğazında. Bir nəfər də yoxdur ki, vura kürəyindən. O sözlər həmişəlik boğur səni, nəfəs ala bilmirsən.
   
   Bu dünyada nə qədər sözlər, sirlər var insanlar özləri ilə aparıblar o dünyaya.
   
   Həqiqətlər vaxtında, zamanında söylənməyəndə həqiqət olmur. Elə həqiqətlər də var ki, onlar söylənməyəndə həqiqət olur. Söyləndi, həqiqət olmur artıq.
   
   İnsan özü haqqında tam həqiqətləri danışmayanda başqaları onun haqqında təhrif olunmuş sözlər danışır.
   
   Bu gün cəmiyyətimizdə bir çox qadınlar ictimailəşmək istəyirlər. Öndə gedənlərdən biri də İradə xanımdır. Kişilərə qarşı aqressivdir.
   
   Nəyə görə qadınlarımız ictimailəşmək, söz sahibi olmaq istəyirlər?
   
   Niyə bu gün qadınlarımız daha çox kişi kimi danışmaq istəyir, kişi kimi danışır, kişi sözü deyir?
   
   Nəyə görə qadınlar uca daban ayaqqabıları xoşlayırlar, geyinirlər? Bəlkə istəyirlər kişilərdən uca görünsünlər? Niyə onlara elə gəlir ki, görünmürlər? Niyə onlar bilmirlər ki, kişilərin gözləri həmişə onları axtarır?
   
   Bəlkə biz çoxdandır həyat yoldaşımız üçün torpaq, kənd, şəhər tutmuruq? Çoxdandır, onların adına abidələr yaratmırıq. Biz həmişə onları daha çox qorumaq istəyirik axı. Bəlkə bunları unutduğumuza görə yaxşı qoruya bilmədik torpaqlarımızı?
   
   Bəlkə bu gün onlar yoxdur, ona görə?
   
   Biz bir millət olaraq Avropada yaşanan həyat tərzini, prosesləri, hadisələri yaşamamışıq. Biz bəzən o yazılanları, yaşananları yamsılamağa, kserokopiya etməyə çalışırıq. Situasiyanı, dövrü, zamanı nəzərə almırıq. Təcrübədən keçmişləri bir daha təcrübədən keçirtmək istəyirik.
   
   Bu gün Azərbaycanda ən böyük problem odur ki, insanlar danışdığı sözün ifadəçisi deyillər. Mən Türkəm deyənlərin çoxunda Türk sifəti (düşüncəsi) yoxdur. Çoxu, sadəcə, Türk sözündən çətir kimi istifadə edir.
   
   Türk qadını obrazı mənim üçün odur ki, Türk kişisi onunla ifadə olunur. Türk kişisi qadına qadın kimi baxmır. Qadın onun üçün anadır, bacıdır, həyat yoldaşıdır, bibi qızıdır, dostun bacısıdır. Türk kişisi üçün metrodaki qadın da kiminsə bacısıdır, anasıdır. Qadın bu dəyərlərlə gözəlləşir, qiymətləndirilir. Bu gün Avropanın hədəfində əsasən bizim qadınlarımızdır. Türk qadınını məişətdən ayırmaq istəyirlər. Türk qadını kod daşıyıcısıdır. Nəsildən-nəsilə kodu o ötürür. Qadınlarımızın həyat tərzininn dəyişdirilməsi məqsədlidir. Qadınlarımızı süni surətdə ictimailəşdirirlər. Bu özünü ən çox da incəsənətdə göstərir. Qadınlarımızın ictimailəşməsi tələbatdan doğmur. Bu, azlığın arzu, istəkləridir. Türk qadını Türk kişisinin kürəyidir. Türk kişisinin kişilik ölçüləri onun anası ilə, bacısı ilə, həyat yoldaşı ilə, tanımadığı qadına olan münasibəti ilə ölçülür. Türk kişisini zəiflətmək üçün həmişə onun qadınını əlindən almaq istəyirlər. Fərqi yoxdu ictimailəşdiriblər, ləkələyiblər, böhtan atıblar. Türk qadınının məişətdə vəzifəsi tək mətbəx deyil, övlad böyütməkdir, kodları övladına ötürməkdir, məişət qanunlarını yaşatmaqdır. Tələbatdan, situasiyadan doğarsa, atası ilə, qardaşı ilə, həyat yoldaşı ilə birgə addımlamaqdır. Dünyada Türk kişisi anasına Mömünə Xatun məqbərəsi, həyat yoldaşına Tac Mahal tikdirib qadınını əbədiləşdirib.
   
   Dünya istəyir ki, Türk kişisi qadına olan münasibətini dəyişsin.
   
   Mənə İradə Tuncayın Azərbaycan qadını haqqında özəl düşüncələri çox maraqlıdır. Mən yazdığım kino-ssenaridə Azərbaycan xanımının vətəninə, dövlətinə, döyüşdə olan həyat yoldaşına, dünyaya gətirəcək övladına olan psixoloji münasibətini açıqlamaq istəyirəm ki, dünya Azərbaycan qadınını olduğu kimi tanısın. Dünyaya bir Azərbaycan qadınının kimliyini açıqlamaq istəyirəm ki, bu cür anası, həyat yoldaşı, bacısı olan milləti məğlub etmək mümkün deyil. Bunu, məğlubedilməzliyi Azərbaycan qadınının ifadəsində göstərmək istəyirəm.
   
   Qadınlarımızı yeri gəldi-gəlmədi ictimailəşdirməyin!
   
   Qadınlarımızı önə verməyin! Onların yeri ucadadır! Başımızın üstündə!
   
   Bunlar çox böyük mövzu olduğuna görə saatlarla fikir mübadiləsi aparmaq lazımdır. Sadəcə bunları düşünmək üçün söylədim.
   
   İradə xanım, əgər bu yazını oxuyası olsanız, qiymətli vaxtınızı aldığım üçün öncədən üzr istəyirəm.
   
   
   
   P.S. Çoxları istədi İradə xanımın qələmini sındıra! Sındıra bilmədi! Amma dərd yeyir İradə xanımın qələmini!
   
   Hörmətli Aqil Abbas, Naxçıvanlılar kürəkəni çox istəyirlər. Biz də sizi çox istəyirik. Yazımı sona çatdıranda gördüm ki, yenə də bizim kənddəki kişilər kimi siz qabaqda, İradə xanım isə arxadan gəlir. (Yəni öncə sizdən yazdım, sonra İradə xanımdan)
   
   Hörmətli Aqil Abbas, bu günün problemi niyə qəbirləri ziyarət etmirik, niyə muzeylərə getmirik deyil. Bu günün problemi niyə yeni Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Araz yetişmir? Bu böyük şəxsiyyətlərin doğulduğu bölgənin insanlarına qarşı mətbuatda, ədəbiyyatda, kinoda amansız mövqe var. Qorxurlar ki, yenidən Hüseyn Cavid, Məmməd Araz, Rza Təhmasib doğular? Niyə ədəbiyyatdan, sənətdən Naxçıvanlı düşüncəsini, xarakterini silmək istəyirlər? Bunu niyə edirlər, kimlər edir? Bu suala cavab verə bilərsinizmi? Mənim qulaqlarım eşitdi: Bunlar gəliblər kinostudiyanı da tutalar? Qoymayın bunları. Mən eşitdim ki, deyiblər qoymayın Naxçıvanlı gəncləri inkişaf edələr. Çap etməyin onları və s. Kimlərin, nəyin acığını çıxırlar bizdən? Tanrının verdiyi istedadın cəzasını ödəyirik?
   
   Mən oxuduğum institutda tənəffüs zamanı qızlar Naxçıvanlı oğlanlar duran yerdə toplaşardılar ki, kimlərsə onlara sataşmasın, toxunmasın. Biz getdiyimiz avtobusda oğlanlar oturacaqda oturmazdılar.
   
   Qələmin pastası qurtardı. Yaxşı ki, qurtardı...
   
   Bu məqalənin nöqtəsinə, vergülünə toxunmaq olar. Ancaq bu məqalənin ruhunun nöqtəsinə, vergülünə toxunmaq olmaz!

TƏQVİM / ARXİV