adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"ADİ QƏŞƏM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
24670 | 2015-03-18 09:29
Ötən ilin kitabına bu ildən baxış

Adətən kitablar barəsində yazı yazmaq istəyəndə onları çeşidləyirəm. Elə kitablar var ki, onu elə həmin gün gözdən keçirib kitab dolabında yerləşdirirəm. Elə kitab var ki, onu bir neçə gün ərzində gözdən keçirib ruhuma yatan məqamlarını ağ kağızın bir küncündə qeyd edib sonra isti-isti barəsində oxucu sözümü söyləyirəm. Amma elə kitablar da var ki, onları bəzən bir neçə ay yazı stolumun üstündə saxlayıram və hər dəfə də əlimi o kitablara uzadanda elə bilirəm ki, onun müəllifi ilə əl uzadıb görüşürəm. Əlimdə kitabın hərarətini, misralarada cümlələrin arasında müəllifin özünü axtarıram, görürəm. Beləcə, nisbətən uzun bir zaman kəsiyində bu kitabla hal-əhval tutram. Bax, bundan sonra o kitab mənim iç dünyamda göyərtdiyi sözlərin, fikirlərin kağıza köçürülməsinə təkan verir.
İndi barəsində fikir söyləmək istədiyim "Adi Qəşəm" şeirlər kitabı da dediyim sonuncu kitablar silsiləsinə aiddi. Yəni mən az qala üç aya yaxındı ki, hər gün bu kitabla söhbət edirəm və hər gün də bu kitabda köhnə tanışımla, köhnə dostumla üz-üzə gəlirəm və görürəm ki, Qəşəm Nəcəfzadə, yəni o köhnə tanış, yənı o köhnə adam, o köhnə kişi və nəhayət sizə də, mənə də yaxın və tanış adam başını aşağı salıb öz şeir yolu ilə gedir. Və getdiyi yol boyunca da pıçıldayır:

Oğlum, ölüm xəbərimi uzaqdan
eşidəcəksən,
sağ olsaydım titrəyən dizinə
qurban olardım,
sənə dost olardım,
həyan olardım.

Gəlsən özünü maşından gözlə,
Tələsmə
Onsuz da anan hər şeyi
düz danışacaq
Mən necə öldüm?
Əvvəl nə dedim, sonra nə?
Əvvəl nə istədim,
sonra hansı dərmanı
içdim
Anan bilir
İçməyə macal tapmadığım
dərman
Hələ stolun üstündə durur.
Təcili yardım maşını hələ
qapımızdan
getməyib
Qonşular qapıda
stol qoyub oturub
Biri artıq xatirə danışır haqqımda.
Gəlib görəcəksən
üzümdə qara yaylıq,
Sinəmdə güzgü
Bilirəm çəkəcəksən qara yaylığı
Görünəcək gözünə
bir tanış adam üzü.
Oğullar uzağa gedəndə
atalar belə ölür
Oğlum,
Eynən belə.

Bəli, bütünlüklə siz oxuculara təqdim etdiyim bu şeirdə həm mənzərə var, həm hiss var, həm təqdimat var, həm etiraf, həm vəsiyyət, həm də bir az üzüntü. Hə, bir az da oğula, yəni övlada irad. Bu çalarları qəsdən vurğulayıram və qəsdimin də arxasında sadəcə olaraq beş-on cümləlik bir şeirdə hansı mətləblərin ifadə olunduğunu, hansı sosial və ictimai fikrin qabardıldığını göstərməkdi. Oxucuya xatırlatmaq istəyirəm ki, Qəşəm Nəcəfzadə təkcə özünü, öz iç dünyasını, öz problemlərini deyil, həm də sənin, mənim, bütövlükdə bizim içimizi, qayğımızı bir dam altında oğul-uşaq gözündən uzaqda ölümün əlini sıxdığımızı şeirə çevirib. Onu bədii sözün gücüylə hamımızın adından hər kəsə deyir. Məncə bu yanaşma, bu təqdimat bizi də həmin o yükün altından çəkib çıxarır, bizə də yüngüllük gətirir. Axı, bir də deyirlər ki, vəsiyyət yüngüllükdü...
Qəşəm Nəcəfzadənin bu kitabında toplanmış şeirlərinin əksəriyyətində obrazlar adama doğma, tanış gəlir. Elə həmin "Tanış adam" şeirindəki kimi. Məsələn, "Sənə qış paltarı alıram indi" şeirində olduğu kimi.

Heç fikir eləmə qurvanın olum
Adam aldanar da,
peşman olar da...
Sənə yalvarıram özünü üzmə
Ürək yerə düşüb qəfil sınar da.

Nə olsun
Ürək sınmayanda
bəs nə sınacaq?
Yerimdən durunca
Üstümü çırpınca
Gözümü açınca
Sən çıxıb getdin,
Nə olsun,
Adam sevdiyini alıb gedər də...
Mənə bircə kəlmə yaz
Evin istimi?
Məni o yandırır, o yandırır ki,
Sənə qış paltarı alıram indi,
Nə olsun,
Adam soyuyar da,
adam yanar da...

Və yaxud "Segah" şeirinə diqqət yetirək.

Burda nə danışım, burda nə dinim?
Segah havasıdı bu halım, dəmim
Gündüzlər qulağım kar olur mənim
Gecələr başımda küy oynar?
Oynar.

Mən Qəşəm Nəcəfzadənin "Adi Qəşəm" kitabını sizə təqdim edərkən kitaba ön söz yazmış çox hörmətli Vaqif Yusiflinin fikirlərini də gözdən keçirdim. Mənə məlum oldu ki, düşündüklərimin müəyyən əks-sədası hörmətli Vaqif müəllimin ön sözdə vurğuladığı fikirlərlə üst-üstə düşür. Çünki Vaqif müəllim vurğulayır ki, "Qəşəm Nəcəfzadə yeni əsrə yeni düşüncə tərzi ilə daxil olmağa, poeziya aləmində seçilməyə, fərqlənməyə cəhd etdi". Bəli, bu doğurdan da belədi. Həqiqətən də sözə həyatını həsr edən, sözü həyatının mənasına çevirən Qəşəm Nəcəfzadə bütün yaradıcılığı boyu yeniliyə, orijinallığa doğru addımlayan, onu öz sözünün boyuna biçməyə və sözünü də, fikrini də həmin yeniliyin notlarında ifa etməyə çalışıb bu kitabda göstərir ki, o, öz istəyinə böyük sözün meydanında öz yerini tutmağa layiqliyini ortaya qoya bilibdi. Mən bu kitabdakı bütün şeirlərdə Qəşəm Nəcəfzadə ilə həqiqətən həmsöhbət ola bildim. Çünki onun ruhu mənim ruhumun əlindən tutub söz dünyasında gəzdirməyi bacardı. Elə bu balaca bir yazını da onun öz misraları ilə yekunlaşdırmaq istəyirəm. Çünki dediklərimi bu misralar tamamlamış olur.

İçimdəki bir yaradan keçib gəlirəm
Ay üzünə
Aləmdən qaçıb gəlirəm ay üzünə
Ürəyimin ağrısını yuyur ay üzü...
Məni yaman vurdular
Qürurum sınan yerdən,
Qürurumun ay üzünü sarıyır
Gündə min dəfə yıxılıram
Mənə ay üzün qaldırır.
Mən qorxağam igid deyiləm
Mən güclü deyiləm, zəifəm...
Mən kişi deyiləm, insanam
Mən həqiqət deyiləm, səhvəm.
Ölümdən çox qorxuram-
Məni aldadırlar...
Deyirlər ölümdən sonra
Həyat var...
Durub gəlirəm ay doğana-
Durub gəlirəm ay üzünə...



TƏQVİM / ARXİV