adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

EVLƏNMƏK İSTƏYİRƏM!

FƏRİDƏ RƏHİMLİ
31430 | 2015-03-14 01:35



"Rusiyada məhkəmənin qərarı ilə borcu olan vətəndaşlar evlənə bilməyəcəklər". Bu təkliflə Məhkəmə İcraçıları Federal xidmətinin rəhbəri Artur Parfençikov çıxış edib.
Onun sözlərinə görə, borcu olan vətəndaşların borclarını qaytaranadək evlənmələrinə icazə verilməməlidir: "Misal üçün bir nəfər evlənmək üçün nikah idarəsinə gəlir. Ona isə deyirlər ki, get nəqliyyat rüsumunu ödə, sonra ərizə yaz. Bunun nəyi pisdir ki? Evlilik dövründə isə onun borcla bağlı heç bir problemi olmayacaq. Biz borclu olanların arxasınca qaçmamalıyıq, onların özləri gəlməlidirlər".
Xatırladaq ki, hazırda məhkəmənin qərarı ilə 10 min rubldan yuxarı borcu olan şəxslər xaricə buraxılmır.
Rusiya əhalisi üçün bu necə xəbərdi bilmirəm, amma bir anlıq təsəvvür edək ki, bu qərar bizdə çıxarılıb. O zaman əhalinin barmaq sayı qədəri evlənmək hüququ qazana bilər. Çünki iş adamlarından tutmuş, ən aşağı yaşayış tərzinə malik azərbaycanlı banklardan götürdüyü kreditlər hesabına başını girləyir. Kimlər üçünsə min manatın faizini vermək müşkülə dönüb, kimlərəsə milyonların. Bu gün hər on ailədən yeddi-səkkizi bankların yardımından "yararlanır". Bu yararlılıq kimlərə nə qədər faydalıdır, onu o faizlərin vaxtı gələndə dünya başına daralan abonentlər daha yaxşı bilərlər. Belə bir vaxtda devalvasiyanın həyəcanı da insanları çaşdırdı, çarəsiz qoydu...
Bəli, bizdə Rusiyadakı qaydalar tətbiq olsa... Onlar deyir ki, bu üsulla evlənəndən sonra gənclərin borcu olmayacaq və bu qərar onların rahat yaşamaları üçündür. Amma bu borcları nə ilə ödəyəcək, onu söyləməyiblər.
Bankdan götürdüyü pulla bir iş başlamak istəyən gəncin xəyalları gözündə qalır. Bir neçə ilə ödəyə bilmədiyi borcunu qaytarmaq üçün ikinci banka da ayaq açmalı olur. Ordan götürüb köhnə borcunu ödəyir, qalanını xərcləyir, yenə borclu qalır. Beləliklə tilova düşmüş adam illərlə çapalayarak bank torundan çıxa bilmir ki, bilmir. Ev tikmək, iş qurmaq, maşın almaq xəyalı ürəyində qalır, üstəlik borc dərdinə də hər gün üzülür. Belə birinin evlənmə şansı olmadığından Rusiyanın çıxardığı qərarı bizimkilər özləri özləri üçün çıxarmalı olurlar - evlənmək şanslarının olmadığını qəbul edirlər. Evinin olmaması, işinin müvəqqəti xarakterli olması çoxunu evlənmək fikrindən daşındırır. Tək başını dolandıra bilmədiyi halda bir başqasını da bu möhnətlə saxlayacağını düşünüb bəri başdan qərarını verir. Əksini edənlərsə ehtiyac üzündən boşanmalı olurlar.
Tez-tez nostalji hisslərlə sovet quruluşunu xatırlamalı oluruq. "Köçən yurdun qədrini düşən yurdda bilərlər" deyib babalar. Azadlıq çətinliklərdən, məhrumiyyətlərdən, itkilədən ... keçərək qazanılır. O azadlığı əldə edərkən gələcəkdə olacak çətinlikləri nəzərə almayanlar hər şeyin birdən-birə "göydən zənbillə düşəcəyini" zənn edirdilər. Amma həmişə yıxmaq asan olub, tikmək çətin. Öyrəşdiyimiz sovet cəmiyyətin qanunları ilə yaşamağı indiki ilə müqayisə edəndə sanki bir boşluğa düşdük. Hər şeyin öz yeri, qaydası olduğu, müəyyən bir amalın uğrunda yaşadığımızı(utopik də olsa) bilərəkdən həyat sürmək asan idi, nəinki xaosa düşüb çaş-baş qalmaq. İndi hər kəs plansız - azad yox, avara halda yaşayır. Oktyabryat, pioner, komsomol, partiya üzvü olmaq kimi həvəslə, arzuyla, vətən deyəndə qürurlanaraq böyük sovetlər birliyilə fəxr edən, BAM tikintisində, tarlada, zavodda verilən madi-mənəvi qiymətdən məmnun qalan gənc hara, bugünkü - sabaha ümidsiz, məşğuliyyəti telefon, internet, gecə klubları... və sair olan pessimist gənclər hara... Təbliğat, təşkilatçılıq kimi işlər isə arxivə verilib.
Əgər o dövrün gənci əvvəl oxumaq, işləmək, cəmiyyətdə öz mövqeyini möhkəmləndirib sonra evlənməyi planlaşdırırdısa, indiki gəncin gələcəyə dair heç bir planı yoxdu. Olan ancaq boş xəyal, arzudur. Ya külli miqdarda pul uduşuna ümid bağlayıb olan qəpik-quruşunu futbol, at yarışı və sair kimi lotoreya yarışlarına qoyurlar, ya da xarici ölkələrə üz tutmağı çıxış yolu bilirlər. Bu isə hər kəsə xeyir gətirmir.
Məni düşündürən bəzi şeylərin cavabını almaq istərdim. On bir iqlim qurşağının doqquzunun bizim ölkəmizdə mövcudluğundan istifadə edərək xaricdən idxal edilən məhsulların qarşısını nədən almırıq? Mən mübadilə qanunlarını da anlayıram müəyyən qədər. Amma zəruri ehtiyacımız olan ərzaq, meyvə-tərəvəz, geyim, sənaye məhsullarının xammalının öz ölkəmizdə yetişdirilməsi mümkün olduğu halda nədən bu imkandan istifadə etmirik? Bunun reallaşması üçün hər şeyə malik ölkəmizin başqa ölkələrdən gətirilən geni dəyişdirilmiş məhsullara nə ehtiyacı var? Məsələn, bizdə pambıq yetişirsə, pambıqtəmizləmə zavodlarımız varsa, toxuculuq fabriklərimiz və orada iş təcrübəmiz varsa, nədən geyimi özümüz istehsal etmirik? Bu həm minlərlə insanın işlə təmin olunması həm də maya dəyəri aşağı olan ucuz mal deməkdir. Yaxud, hər bölgəsində minlərlə şəfaverici otlara malik ölkəmizdən bu otları su qiymətinə daşıyıb apararaq, ordan qızıl qiymətinə bizə satılan - (çox zaman tərkibi naməlum olan və ilk təcrübəsi də bizim üzərimizdə sınanan) o dərmanları nədən özümüz istehsal etməyək? Hər il yüzlərlə farmokoloqlar, tibb işçilərinin, alimlərin sayını artırırıq. Meyvə-tərəvəz şirələri, çeşid-çeşid ərzaq növləri, çay istehsalı, ət və ət məhsulları, süd, yağ, yumurta və sair bunun kimiləri də həmçinin. Bu zaman heç kimsənin işsizlikdən şikayəti olmaz, arzuladığı mənsəbə əməyi sayəsində nail olar.
Bugünkü gənclərə həqiqətən də ürəyim ağrıyır. Amalsız, məqsədsiz yaşamaq çox çətindir. Onları tufanlı dənizdə sükansız gəmi kimi təsəvvür edirəm. İstedadlı, bacarıqlı gənclərimiz çoxdu təbii ki, amma onlara əl-qol açmaları, özlərini sübut etmələri üçün meydan verilməlidir. Yalnız onda bir şeyə nail ola bilməyənləri qınamaq olar. İndi isə onlara doğru yolu göstərən sağlam ideologiya, düzgün təhsil və maddi sıxıntılardan qurtulmaları üçün iş yerləri lazımdı. Dövlətimizin isə buna və yuxarıda sadaladıqlarıma imkanı var. Bu təminatdan sonra gələcək həyatlarından qorxmadan evlənmək və sağlam nəsil artırmaq imkanı əldə etmək mümkün olar.
Yazı yaşı otuzu keçmiş onlarla subay oğlanlarla aparılan sorğunun nəticəsində yaranan düşüncənin nəticəsidir.



TƏQVİM / ARXİV