adalet.az header logo
  • Bakı 19°C

GECƏ YARISI QAYIDIŞ...

FAİQ QİSMƏTOĞLU
26909 | 2009-10-31 03:11
Vallah, Bakıda nəqliyyatda yaranmış problemlərlə bağlı yazı yazmaqdan əllərimiz qabar olub. Biz nə qədər yazsaq da nəqliyyatdakı problemlər düzəlmək bilmir ki, bilmir. Bir də görürsən ki, bir avtobus dayanacaqda saxlamayıb qırmızı işıqda durmamaq üçün yüksək sürətlə keçib gedir. Sonra da camaat, daha doğrusu, sərnişinlər o ki, var sürücüyə deyinir, giley-güzar eləyirlər. Sürücülər də çox vaxtı bu deyilən sözləri qulaqardına vurur. Yəni sən nə qədər danışsan da, nöqsanları desən də yenə sürücü öz bildiyini eləyir.
   
   Bir neçə gün bundan əvvəl qəzetimizin əməkdaşı Vüsalə xanım gəlib mənə dedi ki, bəs metronun "Elmlər Akademiyası" stansiyasının qarşısındakı dayanacaqda 96 saylı marşrutda işləyən iki avtobus sürücüsü bir-birini qırırdı. Nə var, nə var onlar dayanacağa tez çatıb sərnişin götürmək üçün əvvəl bir-birilə ötüşüblər. Sonra dayanacaqda sürücülər yerə düşüb əlbəyaxa olublar. Burda bir "dartma yaxam cırıldı" əhvalatı baş verib ki, gəl görəsən. Sərnişinlər nə qədər çalışsa da bu iki sürücünü bir-birindən ayıra bilməyib. İş o yerə çatıb ki, Nəqliyyat Nazirliyinin əməkdaşları və marşrutu işlədən sahibkar hadisə yerinə gəlib. Onların gəlişindən sonra sürücülər arasında dava dayanıb və hər şey sakitləşib. Təki bütün davaların sonu sakitçiliklə başa çatsın.
   
   Hövsan camaatı şəhərə gəlib getməklə bağlı üzləşdikləri əziyyətdən çox danışırlar. Bizim nəqliyyatla bağlı yazılarımızı oxuyub bildirirlər ki, nə olar heç olmasa bir dəfə də bizim dərdimizdən yazın? Elə uzaqda yaşayırıq deyin başımıza oyun gəlməlidir? Hövsanlılar telefonla bu sətirlərin müəllifinə bildirirlər ki, biz həmin qəsəbədən Bakı Dövlət Universitetinə gələnə qədər üç marşrut dəyişirik. Bu da nə az, nə çox 60 qəpik eləyir. Elə olmazmı ki, birbaşa Hövsandan təzə avtovağzala bir marşrut açılsın, onun da qiyməti 30-40 qəpik olsun. Biz də həmin marşruta minib müəyyən hissəmiz "Elmlər Akadeymiyası" stansiyasının yaxınlığındakı ali məktəblərə, qalanlarımız "Azərbaycan" nəşriyyatına, bir çoxlarımız isə birbaşa həmin avtobusda təzə avtovağzala gedə bilək. Elə Bakı Dövlət Universitetinin yanında üç ali məktəb, bir də Elmlər Akademiyası yerləşir. Və həmin Elmlər Akademiyasının da neçə institutu var. Bu institutda da nə qədər elmi işçi, ziyalı işləyir. Bax, onların və bizim Hövsandan birbaşa deyilən yerə gəlib çıxmamız üçün nə qədər çətinliyimiz olur. Əgər Nəqliyyat Nazirliyi Hövsandan birbaşa dediyimiz istiqamətlərə yeni bir marşurut açsa, bundan həm biz razı qalarıq, həm də bütün Hövsan qəsəbəsinin sakinləri.
   
   
   
   ***
   
   
   
   Əşi, bu mollalar da lap ağ eləyiblər. Adi bir yasini oxumaq üçün adamdan nə qədər pul istəyirlər. Qabaqlar bir Hacı xanım vardı, yoldaşım onu yaxşı tanıyırdı. Rəhmətə gedənlərimizə hər ay yasin oxutdurardıq və yasin də oxudulanda deyilənlərə görə, rəhmətə gedənlərin ruhu şad olur. Bu Hacı xanıma da biz altı nəfər rəhmətə gedənimiz üçün yasin oxutduranda 5 manat pul verirdik. Amma günlərin birində Hacı xanım sifariş göndərdi ki, tay mən 5 manata yasin oxumuram. Çünki yağın, çayın, qəndin qiyməti bahalaşıb. Əgər 10 manat verirsinizsə, yasin oxuyum, vermirsinizsə, rəhmətə gedənlərinizə yasin oxutdurmaq üçün başqa bir adam axtarın.
   
   Sözün düzü, Hacı xanımın bu sözlərindən sonra qanım bərk qaraldı. Qanım o qədər bərk qaraldı ki, hətta başqa mollalara yasin oxutmaq fikrindən daşındım.
   
   Bir gün çayxanada əyləşib çay içəndə şair dostum Xaqani Ayxan dedi ki, mən ərəb dilini çox gözəl bilirəm. Hətta "Quran"ı belə orijinaldan oxuyuram. Elə vaxt olur ki, kasıb-kusub adamlar yas məclislərinə pulu olmadığı üçün molla tapa bilməyəndə mən özüm gedib həmin məclisi aparıram. Özü də məclisimdə iştirak eləyən insanlar görür ki, mən o məclisi hansı səviyyədə apara bilirəm. Soruşdum ki, ay Xaqani, yəqin həmin məclislərdə pul almamış olmazsan. Dedi ki, ömrüm boyu mən oxuduğum Quran üçün heç vaxt heç kimdən pul ummamışam. Əgər rəhmətə gedənlərinə yasin oxutmaq istəyirsənsə, de, qardaşın oxusun. Elə bil ürəyimdən xəbər verdi. Mən də rəhmətə gedənlərimizin adlarını Xaqaniyə dedim. Sonra cibimdən çıxarıb oxuyacağı yasin üçün ona pul uzatdım. Xaqani isə bildirdi ki, qardaş, mən heç vaxt o pulu ala bilmərəm. Çünki Quranın və Yasinin dəyəri pulla ölçülmür. Əgər kimsə pulla oxuyursa, deməli, həmin adam böyük günah eləmiş olur. Gərək insan heç vaxt başının üstündəki Allahı unutmasın. Bax, özün bilirsən ki, mən kitab satmaqla ailəmi dolandırıram. 4 kitab alana "Quran"ı pulsuz verirəm. "Quran"ı heç pulla satmaq da düzgün deyil. Onun günahı lap ağırdır.
   
   
   
   ***
   
   
   
   Mənim bir dostum var. Çox savadlı, ziyalı bir oğlandı. İxtisasca baytar həkimidi. Əslən Naxçıvandan olan Rəsul Səfərovu deyirəm. O deyir ki, bizim kənddə bir qəssab vardı. Həmişə mal-qoyunu kəsəndən sonra səliqə ilə əti doğrayar və çeşidləyib ayrı-ayrı yerə yığardı. Bu vaxtı da alıcılar gəlib soruşardı ki, bu ət təzədi, ya köhnə? Əti satan qəssab isə deyirdi ki, Məmmədhəsənin ölmüşünə bu ət gül kimi ətdi. Alıcılar da elə bilərdilər ki, elə Məmmədhəsən həmin ət satan adamın adıdır. Amma Məmmədhəsənin o kişi ilə heç bir əlaqəsi yox idi. Sadəcə olaraq Məmmədhəsən kəndimizdə bir baməzə adam olub və çoxları da canına and içirmiş. Axırda Məmmədhəsəni tanıyan bir kişi deyir ki, ayə, sən nə utanmaz adamsan. Sənin adın Məmmədhəsəndi, yoxsa Tağı? Qəssab görür ki, işinin üstü açılır və istəyir bu sözun altından çıxsın. Nə qədər eləsə də sözün altından çıxa bilmir və axırda deyir ki, ay başına dönüm, görmürsünüz ki, hər səhər mən heyvanı sizin gözünüzün qabağında kəsirəm. Əgər bu mal-qoyunu sizin gözünüzün qabağında kəsirəmsə, deməli, bu ət heç vaxt köhnə ola bilməz. Ət alan kişi də Tağıya deyir ki, bax, belə danış xoşum gəlsin. Yoxsa yazıq Məmmədhəsənin yeddi arxa dönənini niyə qoymursan o dünyada rahat yatsın.
   
   
   
   ***
   
   Adam bilimr ki, bir saatdan, bir gündən və bir həftədən sonra başına nələr gələcək. Bilsə əlbəttə, əvvəldən işini ehtiyatlı tutar ki, həmin qorxulu və faciəli hadisələrlə üzləşməsin. Yəni insanın hər addımı, hər yerişi və hər hərəkəti özündən asılı olmayaraq ilahi varlıq tərəfindən idarə olunur.
   
   Bizim qohumlardan biri bir neçə həftə bundan əvvəl Bakıya gələrkən yolda Sabirabad rayonu ərazisindəki "Çənlibel" restoranında maşını saxlayır. Ailə-uşaq maşından yerə düşüb restorana gəlir və süfrə açıb çörək yemək istəyirlər. Daha doğrusu, elə süfrəni də, yeməyi də restoranın xidmətçiləri gətirirlər. Onlar yeyirlər, içirlər və Allahlarına şükür eləyib maşina əyləşirlər. Maşın Qaradağa çatanda mənim qohumumun həyat yoldaşı birdən arxa salonda çantasını axtarır. Görür ki, çantası yoxdur. Arvadın həmin an həyəcandan gözləri böyüyür və ürəyi gedir. Bir təhər onu dərman verib özünə gətirirlər. Məlum olur ki, çantanın içində çoxlu qızıl üzük, qolbağı, sırğa və brilyant qaşlı bilərzik varmış. Bir sözlə, dörd-beş qohumun bütün qızıl-ziynət əşyaları və 4 min manat da pul həmin çantadaymış. Çantanın içində həmin xanımın mobil telefonu da varmış. Maşını idarə edən qohumum tez həmin nömrəyə zəng edir. Bir neçə zəngdən sonra telefonu kimsə götürür və deyir ki, qardaş, sizin çantanız yeməkxanada qalıb. Telefon zəng çalmasaydı heç çantanızı açmayacaqdıq. Ürəyinizi buz kimi saxlayın, çantanızda nə varsa, hamısı yerindədi. İstəsəniz indi gəlin götürün, istəsəniz də sabah. Mənim qohumum da maşını Qaradağdan döndərib təzədən Sabirabad istiqamətinə sürür və gecə saat 2-də həmin yeməkxanaya çatır. Yeməkxananın işçiləri çantanı ona verir. Qohumum da çantanı açıb baxıb görür ki, bütün qızıl-ziynət əşyaları və pullar yerindədir. Yeməkxananın işçilərindən halallıq almaq üçün qohumum cibindən çıxarıb 100 manat pul uzadır. Ancaq həmin xidmətçilər o pulu almır. Deyirlər ki, bizim elə pullarda gözümüz olsaydı, hər gün yüzlərlə adam "Çənlibel"də maşını saxlayıb çörək yeməzdi. Bu cür hadisələr bizdə hər gün olmasa da, tez-tez baş verir. Elə vaxt olub ki, burda pul çantasında 10 min manat pul müştərinin yadından çıxıb stolun üstündə qalıb. O pulu müdirimiz götürüb saxlayıb. Bir neçə gündən sonra sahibi gəlib çıxıb və pulunu götürüb. Halallıq olmayan yerdə heç vaxt xeyir-bərəkət olmaz. Mənim qohumum həmin axşam çox sevinib. Çünki hər itən şey geri qayıtmır.

TƏQVİM / ARXİV