adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"BURDAN BİR ATLI KEÇDİ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
19456 | 2015-02-10 01:10
Öncədən onu deyim ki, Mustafa Çəmənli imzası mənə 70-ci illərdən tanışdı. Mən həmin o 70-ci illərdə artıq imzasını oxucu yaddaşına yazmış və bir-birindən maraqlı fikirləri ilə diqqəti çəkmiş Mustafa müəllimi həm də bir qarabağlı kimi Qarabağda, bütövlükdə Azərbaycanda yaxşı tanınan Çəmənli kəndinin övladı kimi özümə daha doğma bilmişəm. Çünki bu kəndlə bağlı ədəbiyyatımızda kifayət qədər bilgilər və bu kəndin sayılıb-seçilən, elmə, ədəbiyyata, mədəniyyətə, tarixə töhfələr verən oğulları da yetərincədi. Bax, bu dediyim səbəblərdən lap erkən yaşlarımda özümdə daxilən Çəmənliyə, Çəmənli imzasına bir marağın, sevginin olduğunu duymuşdum. Sonra Bakı mühiti məni Mustafa müəllimlə görüşdürdü. Onunla "Yazıçı" nəşriyyatında qarşılaşdım. Səhv etmirəmsə, onda 1978-ci il idi. Bax, həmin o gündən artıq mənim Mustafa Çəmənli imzasına daha böyük, lap sadə şəkildə ifadə etsəm, ikiqat sevgim yarandı. Adətən, təkcə imzasını yox, özünü, şəxsiyyətini tanıdığın qələm adamlarına hər kəsdə əlavə bir hörmət də, diqqət də olur. Mən də əlini sıxdığım, çöhrəsini yaddaşıma köçürdüyüm bu qarayanız, ucaboy, həm də son dərəcə diqqətli baxışları olan Mustafa müəllimi özüm üçün doğma olan yazarların sırasına əlavə etdim, özü də könüllü şəkildə. Onun "Azərbaycan" jurnalında oxuduğum hekayələri, xatirələri, sonra avtoqrafla mənə bağışladığı kitabları həmin o doğmalığın özülü, bünövrəsi oldu...

Qarabağ savaşı başladı. Bu savaş qarabağlı ziyalıların torpaq, yurd sevgisini də ortaya qoydu. Məhz həmin o gündən əslən Qarabağdan olan söz adamlarının düşmənə qarşı qələm müharibəsi, qələm savaşı ayağa qalxdı. Hər kəs bacardığı, duyduğu və bildiyi kimi müharibənin bütün fəsadları ilə yanaşı, onun tarixi qaynaqlarını da açıb ortaya qoydu. Şəxsən zorla cəlb olunduğumuz müharibə ilə bağlı Mustafa Çəmənlinin "Xallı gürzə" tarixi romanı, həmçinin "Fred Asif", "Ruhların üsyanı" , "Mübariz" kitabları həmin dediklərimin gerçək, ədəbi nümunəsidi. Yəni bu kitabları, bu əsərləri oxumaqla nələri itirdiyimizi və nələri geri qaytarmağa bir vətəndaş kimi məhkum olduğumuzu anlamaq olar. Düşünürəm ki, bugünkü problemlərimizin başında məhz həmin o hamımızın anlaya bilməməyimiz dayanır. Yaxşı ki, Mustafa Çəmənli və digər yazarlarımız bizim yaddaşımıza daş atır, bizi oyadır, bizi ayaqda saxlayır və həm də bizə anladır. Bax, bu mənada mən sözünə və şəxsiyyətinə sayğı ilə yanaşdığım Mustafa Çəmənlinin indi sizə təqdim edəcəyim kitabını açığını deyim ki, birnəfəsə oxuya bilmədim. Çünki bunun çox konkret səbəbləri var idi. Kitab barəsində fikirlərimi yazmamışdan öncə bildirim ki, bu kitabdakı şəkilləri gözdən keçirəndə xeyli tanış simalarla qarşılaşdım. Və həmin o şəkil sahiblərinin müəyyən söhbətləri yadıma düşdü. İkincisi, bu kitabın ilk nəşrindən azacıq məlumatlı idim və ona görə də düşündüm ki, bəlkə elə vərəqləməklə həmin o günlərə qayıda bildim. Ancaq vərəqlədikcə gördüm ki, yox, burdakı hadisələr, fikir yükü məni öz ağırlığı altında sıxıb saxlayır, ordan çıxmaq mümkün olmur. Odur ki, kitabı tələsmədən, necə deyərlər, bölmə-bölmə oxumağa başladım. Burda onu da etiraf edim ki, mən o kitabı oxumurdum, elə bil ki, bu kitab mənlə söhbət edirdi, mənlə danışırdı. Çünki kitabın adı mənə rəhmətlik babamın bir deyimini xatırlatmışdı. Babam deyərdi ki, (keçmişdən, köhnə tarixdən danışanda - Ə.M.) a bala, yaxşı kişilər yaxşı atları minib getdilər. İndi meydan gədə-güdəyə, bir də taytax atlara qalıb...g

Bax, elə bu deyim və kitabın adı artıq məni söhbətə hazırlamışdı. Ona görə də Mustafa müəllimin kitabındakı mənim dərk elədiyim kimi əsas obraz olan baş qəhrəman İsa kişi öz şirin ləhcəsiylə, astagəl ləngərli söhbətiylə dayanmışdı gözümün qabağında. Dəfələrlə məclislərdə dinlədiyim bu kişi indi də Mustafa Çəmənlinin qələmiylə danışırdı mənimlə...

Kitabdakı hər bölümdə konkret bir süjet şərh olunur. Tutaq ki, söhbət Məhəmməd Ağa Müçdəhitzadədən gedir. Müəllif bütün Qarabağın ən hörmətli aydınlarından olan Məhəmməd ağadan danışdığın zamanda İsa kişi məsələyə bir ağsaqqal kimi, bir böyük həyat bilgisi olan şəxs kimi öz yanaşmasını sərgiləyir, onun kimliyini elə sadə şəkildə söyləyir ki, dərhal Məhəmməd ağa oxucunun yaddaşına yazılır. Və yaxud Mirmöhsün Ağa Nəvvab və yaxud Xan qızı Natəvan, Həmidə xanım, eləcə də lap uzaq tariximizdən Uzun Həsən, Şah İsmayıl Xətai,Nadir şah ,Ağa Məhəmməd şah Qacar və digərləri ilə bağlı çox lokonik bilgilər verilir. Həmin o bilgilərin mayasında da Qarabağı beş barmağı kimi tanıyan rəhmətlik İsa kişinin köklü deyimləri dayanır. O deyimlər ki, onların xalqın yaddaşından süzülüb zamanında gəlib çatmışdı. Doğrudu, sovet ideologiyasına xidmət edənlər həmin o deyimlərin bir çoxunun istiqamətini dəyişib qol-qanadını qırmışdılar. Amma İsa kişi həmin o yaddaş saxlancında yaşayanları Mustafa Çəmənliylə söhbət eləmişdi. Mustafa müəllim də məhz xalqın yaddaşından qaynaqlanan bir əsər ortaya qoymuşdu.

Bu kitabda bizim müasirlərimiz barəsində də kifayət qədər bilgilər var. Məsələn, çox sevdiyim, mənim nəzərimcə Azərbaycan poeziyasında bütöv şəxsiyyəti və son dərəcə mükəmməl yaradıcılığı ilə seçilən Şahmar Əkbərzadə barəsində bu kitabda oxuduqlarım və Şahmar itkisinə Mustafa Çəmənli yanğısını duymağım doğrudan-doğruya həm sevindirici, həm də kədərli oldu. Sevindim ki, Şahmar Əkbərzadə Mustafa müəllimin diqqətindən kənarda qalmayıb. Kədərləndim ki, Şahmar müəllimi çox tez itirdik...

Eləcə də bu kitabda avtomobil qəzasında həlak olmuş Sokrat Musayev, dəyərli dostum Şahin Rüstəmovla bağlı yazılanlar, həmçinin Qarabağın digər aydınları ilə əlaqəli düşüncələr ruhumu yerindən oynatdı, məni o yerlərə xəyal qanadında olsa da apardı və bir də gördüm ki, mən bu kitabı oxuyub başa çıxmışam. Kitabı qatlayıb bir kənara qoymaq istəyəndə bir də əlimə götürdüm, bir də vərəqlədim. Qələm dostum Tahir Aydınoğlunun şəklinə baxa-baxa onunla etdiyim söhbətləri də yaddaşımda təzələdim və son dəfə kitabdakı müqəddəslərin - Seyid Lazım Ağanın və digər mənim üçün dəyərli olan insanların şəkillərini öpüb ürəyinə sağlıq, Mustafa Çəmənli! - dedim. Öz-özümə də dedim ki, bu kitabda barəsində bəhs edilən kişilərin hər biri Qarabağın yaxşı atlarını minib belə Qarabağa gediblər və bizi orda gözləyirlər.



TƏQVİM / ARXİV