adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DOLU MƏDƏLƏR...

FƏRİDƏ RƏHİMLİ
20163 | 2015-02-07 01:41



Son vaxtlar digər ərzaq məhsullarının qiymətində artım müşahidə edilsə də, mal və qoyun əti 1-2 manat ucuzlaşıb.
Bu, kasıb təbəqə üçün sevindirici haldır və onları qətiyyən bu halın səbəbi maraqlandırmır. Aylarla ət məhsullarına həsrət qalan insanlar var ki, uşaqlarının qarnını doyurmaq üçün bu fürsəti qaçırmırlar.
Amma ətin ucuzlaşma səbəbini bilmək istəyənlər də çoxdur. Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq" radiosuna müsahibəsində ətin ucuzlaşmasının səbəblərinini belə əsaslandırır:
"Ətlə bağlı anormal vəziyyət yaranıb. Azərbaycan özünün ət və ət məhsullarına tələbatını ödəyə bilmir. Beynəlxalq normaya görə, adambaşına illik 84 kq ət düşməlidir, amma bizdə il ərzində istehsal olunan ət adambaşına 30-35 kq-dır. Ətin qiymətinin ucuzlaşmasına isə iki amil təsir edib: birincisi, alıcılıq qabiliyyəti aşağıdır, ikincisi, bu il yem istehsalı azalıb. Ötən illərlə müqayisədə bu il 585 min ton az taxıl istehsal olunub. Taxıl heyvandarlıqda qüvvətli yem sayılır. Ot istehsalı ciddi azalıb. Bu isə bazarda yemin qiymətini qaldırıb. Heyvandarlığı inkişaf etdirmək üçün yem ən vacib şərtdir. Yem yoxdursa, ya çox bahadırsa, bu, özünü ət və süd istehsalında göstərəcək".
Təbii ki, yem bahalanıbsa, deməli ətin qiymətində də artım olmalıydı. Yəni, məntiqlə belə olmalı idi. Çoxları bu ucuzlaşmadan şübhələnməyə başladı. Ərzaq qiymətlərində artım olduğu halda ətin qiyməti düşürsə deməli burda bir əmma var, deyənlər də çoxdur. Yem bahalaşırsa, ət də bahalaşmalı idi. Amma biz bunun əksini gördük. Azərbaycanda alıcılıq qabiliyyəti aşağı düşüb, buna görə də fermerlər qiyməti artırsalar risk etmiş olarlar. Üstəlik, ətə tələbat azalıb. Bir səbəb budur ki, kökəltmədə saxlanan heyvanların təxminən 30 faizi ehsanlarda kəsilirdi. Ehsan verilməsi ilə bağlı məlum məsələlərdən sonra, yəni, ehsan məclislərinə qoyulan məhdudiyyətləri nəzərdə tutaraq, heyvana tələbat azaldı. Həmin 30 faiz də bazardakı təklifin üstünə gəldi. Amma bazarda tələbat artmamışdı. Digər səbəblərdən biri budur ki, ət istehsalı üçün əsasən Gürcüstandan gətirilən diri mal-qara yerli mal-qaraya nisbətən ucuzdur və gətirilən dondurulmuş ət iki dəfə buradakından ucuz təklif edilir. İmkanı aşağı olan istehlakçılar daha çox dondurulmuş ət alırlar...
Bütün bu açıqlamalar şübhələnənlər üçün kifayət edər,məncə. Təbii ki, otlaq əkin sahələrinin azalması, yem qıtlığı həyəcan təbili çalmağa əsas verir, çünki bu gedişlə ət məhsullarının azalması və xaricdən idxalının sürətlənməsi baş verə bilər ki, bu da xeyirə yozulası hal deyil. Amma bu açıqlamada diqqət çəkən bir nüansı qabartmaq istəyirəm.
Ehsanlar haqda qərara əsasən bu qədər ucuzlaşma olduysa, bu təşəbbüsü başqa sahələr, xüsusilə də şadlıq evləri üçün də tətbiq etmək yerinə düşərdi. Çünki israfçılıq nəticəsində il boyu tonlarla ərzaq, yeyinti məhsullarının korlanıb istifadəsiz hala salınmasındansa, kasıb təbəqənin qarnının doydurulması daha çox savab olardı. Ehsandan fərqli olaraq şadlıq evlərinin istifadə etdiyi ət məhsulları daha çoxdur və bu tövsiyələr onlara da şamil olunsa, bazar qiymətinə əmlli-başlı təsirini görə bilərik.
Bircə sahədə edilən (və cəmiyyətin bütün təbəqəsi arasında birmənalı qarşılanmayan ehsanda israfçılığa qarşı tədbir və tövsiyələr) təşəbbüs neçə imkansızın xeyrinə oldu.
Müqəddəs kitabımızda, varlı olmaq istəyirsənsə, qənaətcil ol, deyirlər. İmkanlının harınlıqdan zibil qutusuna tökdüyünü imkansız o qutudan yığaraq yeməyə məcburdur. Halbuki, o atılan hissəni israf etmədən hansısa ehtiyacı olana sağlam şəkildə vermək olar. Toxun acdan xəbəri olmaz, deyib atalar. Bəlkə də bu gün hər şeylə təmin olunmuş o insanlar (əsasən də haram yolla minlərin, milyonların sahibləri olanlar) kimlərinsə zibil qutusundan çürük, kiçik bir hissəsi salamat qalmış kartofu, pomidoru və sair meyvə-tərəvəzi, ərzaq məhsulunu seçib qidalandığına inanmaz. Amma bunu göstərmək, insanlara çatdırmaq, televiziyalarda, KİV-lərdə işıqlandırmaq, əhalidə mərhəmət hissini bərpa etmək lazımdır ki, toxun acdan xəbəri olsun.
İnsanın hüquqi, mənəvi, maddi, ruhi və sair ehtiyacları var. Amma insanın gündəlik fəaliyyətinin bəlli bir hissəsini qidalanma tutur. Dünyadakı bütün canlılar öz həyatlarını təmin etmək üçün qidaya ehtiyaclıdırlər, yaşamaq üçün yemək və yeməklər içində də ət insanın həyatında önəmli yer tutur. Vegetarianlar barmaq sayı qədər olar. Amma ehtiyac üzündən vegetarian olmağa məcbur olanlar yüzlərlədir.
Kimisi istəmədən acgözlükdən acmadan yeyir, kimlərsə... Ümumiyyətlə, az yemək bəyənilən xüsusiyyətlərdən sayılır. Hədislərdə buyurulur ki, dolu mədə qədər başqa heç nədən Allahın acığı gəlməz. Çox yemək bədəni əziyyətə salar. Həzrət Əli (ə) buyururdu ki, aclıq və xəstəlik, toxluq və sağlamlıq bir yerdə olmaz. Çox yeməyin mənəvi ziyanları haqqında Peyğəmbərin bu hədisi də maraqlıdır: "Qəlblərinizi çox yeyib-içməklə öldürməyin. Çünki qəlb də əkin kimi həddən artıq suvarılsa ölər".
Azərbaycan ailəsində doğulan hər kəs özünü müsəlman hesab edir. Müsəlman ailədə və ya müsəlman cəmiyyətdə doğulan şəxslər özlərini heç cür üstün tuta bilməz. İslam miras deyilki, onlara kimlərdənsə qalsın. Əsl müsəlmansa ətrafındakı vəziyyəti görməli, qiymətləndirməli və yardım əlini uzatmalıdır.



TƏQVİM / ARXİV