adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

XİDMƏT APARMAQ ÇƏTİN OLSA DA...

FAİQ QİSMƏTOĞLU
55350 | 2015-02-06 01:35
Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ən müasir radar sistemləri quraşdırılıb. Təbii ki, bu sistemlər vasitəsilə sürət həddini aşan hər hansı bir avtomobil elə həmin an radarda qeydiyyata alınır və məlumat mərkəzi informasiya sisteminə ötürülür. Bir çox sürücülər elə təsəvvür edirlər ki, radar sisteminin fəaliyyəti onların işinə mənfi təsir göstərir. Əlbəttə, bu bəzi sürücülərin subyektiv fikirləridir.
Gəlin onunla razılaşaq ki, respublika əhəmiyyətli yollarda radarların və o cümlədən ağıllı radarların quraşdırılması demək olar ki, baş verə biləcək ağır qəzaların qarşısının alınmasında çox müsbət rol oynayıb. Yol polisi əməkdaşları bildirirlər ki, bu sistemin fəaliyyətindən sonra kobud surətdə qayda pozanlar və o cümlədən sürət həddini aşanlar əsaslı surətdə azalıb. Burdan belə bir məntiqli nəticə çıxır ki, hər bir müasir texnika və texnologiya insanların həyatını müəyyən təhlükədən xilas edir. Üstəlik ağıllı radarların bir üstünlüyü də ondan ibarətdir ki, həmin sistem vasitəsilə axtarışda olan və barələrində həbs qərarı çıxarılmış avtomobillər qısa zaman kəsiyində aşkarlanır və həmin nəqliyyat vasitələri Yol Patrul Xidməti Alayının stasionar postlarında saxlanılır.
Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları Bakı-Quba avtomobil yolunda son vaxtlar kobud qayda pozuntusuna yol verən çoxlu sayda sürücüləri aşkarlayıb. 1-ci tağımın naryad komandiri, polis kapitanı Namiq Əzizov bildirir ki, son vaxtlar bəzi sürücülər tez-tez kobud qayda pozuntusuna yol verirlər. Onlar qəza şəraiti yaradır, təhlükəli manevrlər edir və hətta bir çox halda sükan arxasına spirtli içki qəbul edərək əyləşirlər. Hansı ki, nəqliyyat vasitəsini alkaqollu içki içib idarə etmək çox təhlükəlidir. Birincisi, həmin sürücü öz həyatını təhlükədə qoyur, sonra da digər hərəkət iştirakçıları üçün qorxulu anlar yaşadır. Təsadüfi deyil ki, ağır qəzaların çoxu yol hərəkəti qaydalarının kobud surətdə pozulması nəticəsində baş verir. Tağımın komandiri, polis mayoru Mahir Məmmədyarov tərəfindən hər səhər əməkdaşlarımız təlimatlandırılır və onlara tövsiyə olunur ki, kobud qayda pozuntularına qarşı daha sərt mövqe tutsunlar. Məhz buna görə də xidmət apardığımız 24 saat ərzində bu məsələlər diqqət mərkəzində saxlanılır və qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunurlar.
Mürəkkəb hava şəraitində Bakı-Quba avtomobil yolunda xidmət aparmaq və hərəkətin təhlükəsizliyini təmin etmək hər bir yol polisindən yüksək məsuliyyət tələb edir. Bu mənada 1-ci tağımın polis baş serjantı Alov Səlimovun zəhmətini xüsusilə qeyd etmək lazımdır. Belə ki, Alov Səlimov uzun illərdir ki, Yol Patrul Xidməti Alayında çalışır və öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Ən çətin hava şəraitində Alov Səlimov hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri yüksək səviyyədə icra edir. Məhz bunun nəticəsidir ki, xidmət apardığı sutka ərzində yol hərəkəti qaydasını pozan neçə-neçə sürücü barəsində inzibati protokol tərtib edir və eyni zamanda bəzi sürücüləri də maarifləndirərək qaydalara əməl etməyi tövsiyə etməyi yaddan çıxarmır.
Digər bir polis baş serjantı İslam Cəfərov da yağışlı və yağmurlu havalarda növbə ərzində üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Dəfələrlə keçirilən reyd zamanı onun şahidi olmuşuq ki, İslam Cəfərov bəzi sürücülərin təzyiqlərinə və kobud rəftarlarına baxmayaraq, onlar barəsində inzibati protokol tərtib etmiş və öz vəzifə borcunu qüsursuz yerinə yetirmişdir. Əlbəttə, bu cür peşəkar, polisin adını və şərəfini uca tutan əməkdaşlar həmişə öz vəzifələrini məsuliyyətlə yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər.
Ümumiyyətlə, 1-ci tağımın hərəkətin təhlükəsizliyi üçün keçirdiyi reydlər bir qayda olaraq müsbət nəticələr verir. Biz onun da şahidi olmuşuq ki, bəzi sürücülər nəqliyyat vasitələrini vaxtında sığorta elətdirmir. Bu isə sonradan qanun pozuntusu kimi dəyərləndirilir və sürücülər saxlanılarkən onlar barəsində inzibati protokol tərtib olunur.
Yol Patrul Xidməti Alayının 1-ci tağımının stasionar postunda "Atəşgah" sığortanın nümayəndəsi Emin Əmirov bildirir ki, nəqliyyat vasitələrinin sahibləri saxlanılarkən bir çox halda onların avtomobilləri sığorta elətdirmədikləri üzə çıxır. Təbii ki, həmin sürücülərə hər bir şey xatırladılır və bildirilir ki, bu özü qanun pozuntusudur. Ona görə də stasionar postda saxlanılan sürücülər avtomobilin sığorta haqqını ödədikdən sonra yenidən nəqliyyat vasitəsini idarə edirlər. Bir daha onu demək istəyrəm ki, sürücülər nəqliyyat vasitəsini vaxtında sığorta elətdirsinlər ki, sonradan onlar yol polisi əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunmasınlar.
Hər bir xidmət onun əməkdaşından məsuliyyət tələb edir. Bu mənada Yol Patrul Xidmətinin 1-ci tağımının əməkdaşları da bu məsuliyyəti dərindən dərk edir, hətta çətin və mürəkkəb hava şəraitində belə öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirməyə çalışırlar. Çünki hərəkətin təhlükəsizliyinin təmin edilməsi hər bir hərəkət iştirakçısının sağ-salamat işə və mənzil başına çatmasına xidmət edir.

TƏQVİM / ARXİV