adalet.az header logo
  • Bakı 13°C

SƏNİ KİM ÖLDÜRÜR, KÖRPƏM?!.

VƏSİLƏ USUBOVA
30354 | 2015-01-17 09:40
Oxucunu yorsam da, bir qədər təfərrüata varacam. Bu günlərdə qəzetlərin birində oxuduğum yazının təsirindən yaranan fikirlərimi paylaşmaqda xəsislik etməyəcəm...
Hamiləliyinin iyirmi birinci həftəsində həkimlər Culiyanı xəbərdar edirlər ki, bətnindəki körpə anadangəlmə və sağalmaz onurğa çatışmazlığı ilə doğulacaq. Bu xəstəlik adamı dik dayanmaq və gəzmək imkanından məhrum edir. Üstəlik, uşaq hələ ana bətnindən çıxarılarkən ölə bilər...
Culiya akuşerka idi. Eşitmişdi ki, belə olan vəziyyətdə çatızmazlığı yox etmək və sağlam uşaq doğmağın yalnız bir yolu var. O da uşaq hələ ana bətnində olarkən mürəkkəb mikrocərrahiyyə müdaxiləsi ilə onurğanı formalaşdırmaqdan ibarətdi. Ancaq bu yolla uşağı xilas etmək və tam həyata qaytarmaq şansı mümkündü. Culiya bu işi görə biləcək cərrahı da tanıyırdı. Həmin cərrahı öz körpəsinə kömək eləmək üçün dilə tutdu. Baxmayaraq ki, bu əməliyyat ananın həyatı bahasına başa gələ bilərdi...
Və ana riskə getdi...
Əməliyyat zamanı baş vermiş hadisə isə hələ-hələ insan ağlına sığan deyil. Cərrah qeysəriyyə üsulu ilə uşaqlığı çıxarıb körpəni oradan götürmədən balaca bir kəsikdən əməliyyata başlayır. Əməliyyatın ortasında möcüzə baş verir: körpə ayılır və tamamilə formalaşmış əli ilə minnətdarlıq əlaməti olaraq onun həyatı uğrunda əlləşən həkimin barmağını bərk-bərk sıxır... Həkim donub qalır, tərpənməyə belə halı olmur. (Həmin nadir əməliyyat fotoqraf vasitəsilə lentə köçürülüb). Nəhayət cərrah gücünü toplayır, həyəcanını üstələyərək əməliyyatı başa çatdırır...
Sonralar etiraf edir ki, bu onun həyatında ən həyəcanlı və təsirli an idi...
Əməliyyat uğurla keçir və təyin olunmuş vaxtda-düz on beş həftə sonra sağlam körpə dünyaya gəlir...
Bundan sonrasını yazmaq istəmirəm. Bu yerdə bizlərə bircə şey qalır: dizlərini yerə at və əllərini göyə qaldırıb bu dünyanı idarə edən Fövqəlqüvvəyə heyranlığını bildir. Avam, səriştəsiz və günahkar əməllərinə görə üzr istə! Onun qarşısında gücsüzlüyünü etiraf elə. Özünü də anlamağa, dərk etməyə çalış. Və əmin ol ki, bundan belə min illər keçsə də, insanlıq Onun sirlərini aça bilməyəcək...
***
Və elə torpağın üstündə də qarşısında diz çöküb səcdə eləməli varlığı tanı: Körpəni!
Bir də ondan ötrü həyatını riskə qoyanı tanı: Ananı!
Tanıyırıqmı?! Səcdə eləmək bir yana, sevib qoruyuruqmu? Əlimdə dəqiq məlumat olmasa da, deyə bilərəm ki, indi abort olunan uşaqların sayı doğulanlardan çoxdu.
Bu adamlar özlərini nə sanırlar?!
Doğulduğum kənddə hər evdə yeddi-səkkiz uşaq böyüyürdü. Ailələrin dolanışıq imkanlarından asılı olmayaraq kimsə üzünü də turşutmazdı. Hər səhər bir-biriynən rastlaşan adamların çox zaman salamdan sonrakı sözü bu olurdı: "Xəbərin var, bu gecə filankəsin oğlu olub. Filankəsin də yenə qızı oldu..." Xəbəri eşidən də üzü nurlana-nurlana "çox uşaq yaxşıdı, bir-birlərinin paltarını geyə-geyə böyüyəcəklər" deyirdi.
Qonşumuzda bir çoxuşaqlı qadın vardı. Axşamlar əl-ayaq yığışandan sonra gündüzlər yuyub qurutduğu corabları, köynək-şalvarları qabağına töküb gecə yarısınacan zümzümə edə-edə yırtıq-söküyünü tikər, yamaq qoyardı. Sonra da bir-birinin üstünə yığıb nəvazışlə sığallayar, "yamaqlı paltar bir az da isti olar" deyərdi.
Fikrim yoxsulluğu təbliğ etmək deyil. (Heç o ailə də kasıb deyildi). Əslində, biz heç varlı-kasıb sözlərini də düz işlətmirik. Bir evdə ki, belə nəvazişkar analar, əli qabarlı atalar var, o evə yoxsulluq yaxın düşə bilməz. Həmişə əyni isti, qarnı tox olar o evdə böyüyən uşaqların.
Bir bibim vardı-həm özü göyçək idi, həm də gözəllik aşiqiydi. Göyçək qız-gəlinlərin, gözəl, toppuş uşaqların dəlisiydi. Bir də görürdün gəlinlərin birini xəlvətə çəkib danlayır: "A-az, pəhləvan kimi ərin var, niyə doğub-tökmürsən?"
Həmin o çoxuşaqlı evlərin qızları, gəlinləri indi bir-iki uşaqla yığışıb oturublar. Vaxtlarının çoxunu seriallara, şoulara baxmaqla öldürürlər...
Daha evlərdən gecələr Aya, ulduzlara ucalan, körpələrin yuxusuna bal qatan laylalar eşidilmir...
Deyək ki, onlar cavandılar, çox şeyi dərk eləmirlər. Bir gün peşiman olacaqlarını ağıllarına da gətirmirlər. Bəs, onların anaları, qayınanaları?! Deyəsən onlar da vaxtlarının çoxunu söz gəzdirmək, ara qarışdırmaqnan keçirirlər... Çox zaman da özləri qızlarını, gəlinlərini yanlarına salıb abota aparırlar. Xüsusən, qız uşaqlarına qarşı əməlli-başlı "soyqırım" başlayıb...
Səni elə öz anan, öz nənən öldürür, körpəm...
Kriminal xəbərlərdən nə qədər qaçsam da, ara-sıra qulağım alır. Arvadına işgəncə verənlərin, təhqir edənlərin, öldürənlərin, qaynar su, sirkə ilə yandırıb eybəcərləşdirənlərin qabağından hələ çoxmu qaçacağıq?! Yoxsa, bu da artıq şouya çevrilib?!
Düşünürəm: bu cavan, sağlam adamlar niyə öz enerjilərini, qəlblərinin istisini uşaq törətməyə, onların qayğısına qalmağa sərf eləmirlər?!.
Təxminən iyirmi ilin söhbətidi. İş otağıma başqa bölgədən bir kişi gəlmişdi. Qarayanızın, çəlimsizin biriydi. Amma hiss olunurdu ki, dağ boyda ürəyi varö Söhbətarası belə bir söz dedi: "Bilirsən, nə var, mənim bacım? Mənim fikrimcə, kişinin bu dünyada üç vəzifəsi var: birincisi uşaq törətməkdi, ikincisi zəhmət çəkib, qan-tər töküb o uşaqları bəsləməkdi, üçüncüsü də... daha onu demirəm..."
Onun dediklərini hələ unutmuram.
Bu çox dürüst həyat fəlsəfəsidi...

***
Ötənlərdə kişilər uzaq-uzaq ellərə iş dalınca gedərdilər. Getdikləri yerlərdən pul yüklü, mal yüklü dönərdilər. Atları, dəvələri yükün altında itib-batardı. Arvad-uşaq xoşbəxt, güzəran güvəndə olardı...
İndi uzaqlara gedən kişilərimiz nə desən qazanırlar, puldan başqa. İyirmi-otuz ildən sonra da dallarınca gözüyaşlı oğlanlar, qızlar üzübəri gəlirlər.
Bu halnan qadınlarımızı uşaq doğmaq bəxtəvərliyinə necə inandırasan?!
Səni belə atalar, babalar öldürür, körpəm...

***
Səni biz hamımız öldürürük, körpəm... Mən, o, o birisi...
Günahımız o qədər böyükdü ki, sizdən üzr istəməyə də üzümüz yoxdu.
Körpə əllərinizin sinəmizdə gəzməsi həyatımızın ən şirin duyğusudu...
Bir gün o əllər yaxamızdan yapışsa?!.
Əsl qiyamət o gün qopacaq...
Onda Tanrı da bizdən üz döndərəcək...

TƏQVİM / ARXİV