adalet.az header logo
  • Bakı 13°C

"ULDUZ" HƏLƏ ÇIXIR...

VƏSİLƏ USUBOVA
24857 | 2014-12-27 01:13
Kim nə deyir-desin, xatirələrin də öz ətri var. Qızılgül kimi təravətlisi, bənövşə kimi həsrətlisi, yasəmən kimi qüssəlisi var zaman-zaman yada saldığımız ömür kəsimlərinin. Mənim bu yazıda andığım o günlərdən isə nərgiz qoxusu gəlir. Nərgiz soyuq aylarda çiçəkləyir, həm də ətrində bir nisgil, intizar duyulur həmişə. Nisgil, intizar duyulursa, deməli, o şirin, unudulmaz günlər artıq yaşanmış, bir də geri dönməyəcək əlçatmaz duyğuların yanğısını miras qoyub getmişdir...

***
Dumanlı-çiskinli bir gün idi. Ədəbiyyat müəllimimiz dərsə başlamamış bir xəbər çatdırdı bizə:
-Uşaqlar, gələn ildən respublikamızda gənclik jurnalı nəşrə başlayacaq. Adı da "Ulduz" olacaq. Məsləhət görürəm, hamınız yazılasınız...
Bilmirəm, sinfimizdən neçə nəfər abunə yazıldı, amma onu bilirəm ki, həmin andan mənim intizarlı günlərim başlandı. Həmin jurnalı neçə cür təsəvvür elədiyimi indi təsvir eləməkdə çətinlik çəkirəm. Yaxşı şeylərin intizarında olmaq gözəl duyğudu. Günün, saatın hər anını şirin ürək döyüntüləri ilə yola verirsən...
Nəhayət ki, altmış yeddinci ilin yanvarı gəldi. Və özüynən "Ulduz"un da ilk nömrəsini gətirdi...
O gündən məktəbin günbatan tərəfdəki darvazasına, bu darvazadan girəcək yaşlı poçtalyonun yoluna dikilən baxışların sayı da artdı...
İlk nömrəni başdan-ayağa oxuyub sinifdə müzakirə elədik... Mənimsə yadımda ən çox qalan Anar, Gülrux Əlibəyova və Araz Dadaşzadə ilə müsahibə oldu...
"Ulduz" gözümüzün önündə bir ədəbiyyat qalaktikası açdı. Şeir və poemalar, povest və hekayələr, romanlardan parçalar, tərcümələr... Uzun qış gecələrində dərslərimi hazırlayandan sonra baş-başa qaldığım o zərif vərəqlərdəki ecazkar dünya ayaqlarımı yerdən üzüb məni öz qoynuna alır, bənzərsiz, doyumsuz hisslər burulğanına atırdı. O dünyada kimlər yoxdu?! Əkrəm Əylisli, Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Söhrab Tahir, Musa Yaqub, Rəfiq Zəka, Tofiq Bayram, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Nüsrət Kəsəmənli, Seyran Səxavət, İsi Məlikzadə, Sabir Rüstəmxanlı, Vaqif İbrahim, Davud Nəsib, Səyavuş Sərxanlı, Sərdar Əsəd, Məmməd İsmayıl, Yusif Səmədoğlu, Vidadi Məmmədov... Bu adamlar "Ulduz"un səhifələrində bizə doğmalaşdılar, gözümüzün önündə öz sözlərini deyə-deyə püxtələşdilər, bərkidilər, ucaldılar...
O illərdə içimdə məni incidən bir duyğu da vardı: niyə mənim "Ulduz"un səhifələrinə layiq yazılarım yoxdu?!.

***
Uzun illərdən sonra sevimli jurnalımı yenə də müntəzəm oxumağa başlamışam. İş yoldaşlarım "Ulduz"u stolumun üstündə görəndə təəccüblə soruşurlar:
-"Ulduz" hələ çıxır?!.
-Bəli, "Ulduz" hələ çıxır!-deyə sevincək cavab verirəm. Həm də onların xəbərsizliyinə bir kinayə duyğusu ilə...
Hamının gözü önündə olan şeyləri tərifləmək bir qədər çətindi. Üstəlik, elə bir dövrdə ki, oxucu tələbatı və zövqünün səviyyəsi barədə qəti bir söz demək də olmur. Bənzərsiz duyğular şairi Qulu Ağsəsin jurnalın səhifələrinə necə bir şairanəlik qatdığını da oxucuların ixtiyarına buraxıb "Ulduz"un noyabr nömrəsi haqqında danışmaq istəyirəm...
Nömrənin redaktoru Namiq Hacıheydərlidir.
Redaktor türk xalqları ədəbiyyatından seçmələri təqdim edir jurnalın bu sayında. Noyabr nömrəsi haqqında mətbuatda xəbərlər getdiyinə görə oradakı yazılar barədə geniş söhbət açmaq fikrində deyiləm. Bir oxucu kimi özümün bəyəndiyim yazılardan danışmaq istəyirəm...
"...Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı:
-Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!
-Qoy gəlsin, görsün qılıncımızı.
-Deyirlər, onlara heç bir silah təsir etmir, heç ox da batmır.
-Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!
-Deyilənə görə, onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verəcək. Günəş tutular, ay tutular...
Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq öz işini görməkdəydi..."
Bu parça Namiq Hacıheydərlinin "Xaqan oğlu Bars bəy" hekayəsindədir. Bu hekayəni ayrıca vurğulamaqda məqsədim var. Təəssüf ki, ərəblər haqqındakı mif bu günümüzəcən davam eləməkdədi. Heç kəs bu "göydəndüşmə"lərin günümüzdəki halını görüb tarixin gərdişindən ibrət dərsi götürmür...
Bu gün bizim belə bədii parçalara həmişəkindən daha çox ehtiyacımız var. Sərvəti bol olan məmləkətlər də gözəl qadın kimidi. Sevəni yox, göz dikəni, qəsbkarı çoxdu. Onu qorumaqsa ərənlərimizin boynunun borcudu...
Şeirlərini maraqla izləyib, zövqlə oxuduğum Qəşəm Nəcəfzadəni "Ulduz"un bu sayında yenidən kəşf elədim. Jurnalın "Dərgidə kitab" bölməsində onun dörd hekayəsi verilib. Hekayələrin dili nə qədər yığcam və koloritlidirsə, təsvir olunan obrazlar da bir o qədər tanış və doğmadılar. Kolxoz sədri, poçtalyon, smaxor Əvəz, Telli xala, Ənvər və başqalarını tanıdıqca düşünürsən: "Bu ki, bizim kəndimizdəki filankəsdi..." Yaşadığımız kəndlərdə nə qədər istəsən belə adamlar var. Ağıllısı və hiyləgəri, səmimisi və ikiüzlüsü, gözütoxu və tamahkarı ilə bir yerdə...Həm də yaşam qayğıları-sevgiləri və həsrətləri, sevincləri və dərdləri ilə baş-başa...
"Telli xala öldü..." hekayəsinin adı ilk anda oxucuya bəsit görünür. Hekayəni oxuduqca ölümlə bu qadının arasında nə qədər çox məsafə olduğunu düşünürsən... Ömrü-günü toy məclislərində keçən, kənddə gəlin köçən bütün qızlara yengəlik edən, məzəli söhbətləri ilə ürəkləri açan Telli arvad hara, ölüm hara?!...
"...Aman-zaman bir oğlu vardı. Telli xalanın oğlu orta məktəbdə şagirdim olmuşdu. Adı da Ənvər. Telli xala harda qız görürdüsə, deyirdi səni Ənvərə alacam..."
Ancaq bu anaya öz evində gəlin görmək qismət olmur. Oğlu Ənvər Əfqanıstana göndərilir və günlərin birində meyidi gəlir... Müəllif nə qədər yumşaq, sadə cümlələrdən istifadə eləsə də, Telli xalanın nisgilli ölümü oxucunun qəlbindən ağır bir daş kimi asılır...
Qəşəm Nəcəfzadənin hekayələrini maraqla oxudum. Bu hekayələr bir zamanlar Nodar Dumbadzenin, Seyran Səxavətin hekayə və povestlərindən aldığım zövqü və duyğuları təzədən yaşatdı mənə. Müəllifin yeni nəsr nümunələrini səbirsizliklə gözləyəcəm...
Bu gözləntiyə də həmişə xoş bir duyğu qarışacaq: nə yaxşı ki, "Ulduz" hələ çıxır...

TƏQVİM / ARXİV