adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Azərbaycan"ın bu ilə vidası

ƏBÜLFƏT MƏDƏTOĞLU
19619 | 2014-12-19 09:13
Yeni nəşrlər

Hər bir ədəbi nəşr özü ilə birlikdə oxucu camiyəsinə yeni nəfəs gətirir, yeni söz çatdırır. Bu mənada nəşrin qaim-qədimliyi, yəni onun kifayət qədər oturuşmuş olması xüsusilə təqdirəlayiqdi. Fikrimi bir az da açıq ifadə etsəm, onda deyə bilərəm ki, böyük həyat tarixçəsi olan, uzun bir məsafə qət etmiş ədəbi jurnallarımızın hər biri yeni-yeni sayları ilə öz ənənəsini həm də qoruya bilir. İstənilən yeni sayda mütləq təzə bir nəfəslə qarşılaşırsan, təzə bir sözün oxucusu olursan.
Artıq oxucu qapısını döyən və tarixin arxivinə verməyə hazırlaşdığımız 2014-cü ilin sonuncu "Azərbaycan" jurnalı bir növü bir ilin ovqatını ifadə etməyə nail ola bilib. Çünki buradakı yazılar, imzalarla yanaşı, jurnalın sonunda oxuculara təqdim edilən "Azərbaycan" - 2014" xatırlatması bir növü oxucunu ilin əvvəlinə qaytarır, ordan 12-ci saya qədər bir yol gəlməsinə səbəb olur. Şəxsən mən vərdişimə uyğun olaraq ilin son saylarını məhz o xatırlatmadan oxumağa başlayıram və orada gördüyüm imzalar, əsərlərin adları mənə nostalji hissləri yaşatmaqla yanaşı, həm də nələri gözdən qaçırtdığımı da xatırladır. Burda səmimi bir etiraf edim ki, hərdən öz imzamı da o sırada görmək könlümdən keçir. Amma o mərhələ qapımı döyməyib...g
Bəli, "Azərbaycan"ın son sayı ən çox qadın yazarlarımıza yer ayırıb. Demək olar ki, jurnalın ilk poeziya nümunəsi ilə yanaşı, son müəllif yazısına qədər olan məsafənin böyük payı xanımların ixtiyarına verilibdi. Şeirsevərlər Füruzə Məmmədlinin imzasını təbii ki, tanıyırlar. Bu xanım şairənin oxuculara 12-ci sayda təqdim edilən şeirləri də özünəməxsusluğu ilə seçilir. Elə həmin şeirlərdən birində söylədiyim fikir özünü bir daha göstərmiş olur.

Ömrün yarısı ölüb,
Qalıb diri yarısı.
Görüm elə boş qalsın,
Bu qəbirin yarısı.

Nə su, nə dəmiryolu,
Nə od, nə kömür yolu.
Mən keçən ömür yolu -
Bir sətirin yarısı.

Hər yan qəbir quyusu,
Dolmur səbr quyusu.
Dünya bir sirr quyusu-
Biz - o sirin yarısı.

Poeziyasevərlərin diqqətinə təqdim olunan Nisə Bəyimin, Afaq Şıxlının, Vaqif Aslanın, Rəfail İncəyurdun, Ətraf Sərrafın, Gülağa Tənhanın bir-birindən maraqlı, poetik fikirləri maraqla qarşılanır. Yeri gəlmişkən, xatırladım ki, həmin şairlərin arasında öz orijinallığı ilə mənim üçün daha doğma olan Nisə Bəyim, Vaqif Aslan və Rəfail İncəyurdun şeirlərini demək olar ki, birnəfəsə oxudum. Çünki təkcə yaş, zaman baxımından deyil, həm də ədəbiyyata aid olma baxımından mən onları özümə daha yaxın sayıram. Bax elə fikirlərimi Vaqif Aslanın bu misraları da təsdiq edə bilər.

Bağının qədrini bilə bilməyən,
Barının qədrini bilə bilərim.
Dağının qədrini bilə biləməyən,
Qarının qədrini bilə bilərmi.

Və yaxud Nisə Bəyimin:

Bir ağac yarpaq idik,
Tez açılıb-töküldükg
Buludların bəhsinə,
Göz yaşına büküldük.

Jurnalın nəsr bölümündə gənc və istedadlı yazarımız Varisin oxuculara iki hekayəsi təqdim edilib. Onsuz da hər əsəri ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da maraqla izlənən və qarşılanan Varisin hekayələri də müəllifin oxuculara Yeni il hədiyyəsi də sayıla bilər. Bu bölümdəki Gülşən Lətifxanlının "Dağlar qızı" povesti və Səxavət Talıblının "Adəmin övladları" romanının son hissəsi də oxucu marağını qazanmaq gücündədi.
"Azərbaycan"ın 12-ci sayında Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma məktubları, Vaqif Yusiflinin bugünlərdə 90 yaşını qeyd etdiyimiz Nəbi Xəzri və 80 yaşını andığımız Tofiq Bayram barəsində maraqlı xatirə-tanıtım yazıları da diqqəti çəkib. Üstəlik, jurnalda Buludxan Xəlilovun professor Nizaməddin Şəmsizadənin 60 yaşı ilə bağlı "Alim, tənqidçi şair" məqaləsi də özünəməxsusluğu ilə seçilir.
Həmişə maraqlı xatirələrini müxtəlif ədəbi üslublardan istifadə etməklə oxuculara çatdıran Qəşəm Nəcəfzadə bu dəfə də "Qəşəmə bir dənə qələm..." adlı xatirəsini oxucuların istifadəsinə verib. Həmin xatirə Qəşəmi tanıyan hər kəs üçün dünənə baxışla bağlı bir anım ifadəsidi.
Mən son sayını sizlərə təqdim etdiyim jurnalın tənqid və ədəbiyyatşünaslıq bölümündə Safura Quliyevanın, Aygun Bağırlının və Nərgiz Cabbarlının da bugünkü ədəbi proseslərə fərqli baxışlarının şahidi ola bilirik. Daha doğrusu, bu dəyərli tənqidçi xanımlarımız ədəbiyyatımıza öz baxışlarını mükəmməl bir şəkildə sərgiləyiblər.
Bəli, artıq başa çatmaqda olan ilin sonuncu sayı kimi "Azərbaycan"ın mükəmməl təqdimatını baş redaktor İntiqam Qasımzadə, baş redaktor müavinləri Südabə Ağabalayeva və Əsəd Cahangir, eləcə də məsul katib Tofiq Mahmudov biz oxuculara bir növü qarşıdan gələn ilə hədiyyə saymaq olar. Və onların bu təqdimatı həm də 2015-ci ilin "Azərbaycan"ı üçün yaxşı bir özüldü. Mən də "Azərbaycan"ın oxucularından biri kimi onun yaradıcı kollektivini Yeni il münasibəti ilə təbrik edib və daha böyük uğurlar diləyirəm.

TƏQVİM / ARXİV