adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BİZƏ "BAŞQA" NƏ LAZIMDI?!.

VƏSİLƏ USUBOVA
21029 | 2014-11-29 01:04


Yeddi-səkkiz ay bundan qabaq "Ədalət" qəzetində Rudolf Ott Vimerin "Belə bir gün idi" adlı hekayəsini oxumuşdum. Cild-cild romanların oyada bilmədiyi bir təəssürat yaratmışdı bu hekayə məndə. O qədər işıq, qəlb isidən hərarət vardlı ki, bu hekayədə, adam indiyədək yaşadıqlarını bir də yada salıb incələmək, harda haqlı, harda haqsız olduğunun fərqinə varmaq üçün özündə güclü bir ehtiyac hiss edirdi. Bu günlərdə yazı bir də əlimə keçdi, bir də oxudum və yuxarıda qeyd etdiklərimi təzədən yaşadım. Yazıçının qüdrətinə heyran olmaya bilmirsən. Gərək nə qədər istedadlı olasan ki, sadə cümlələrlə bir insan ömründən ikicə məqamı təsvir etməklə oxucuda belə zəngin təəssürat yarada biləsən...
Mayer adlı şəxs qaşqabaqlı, kefsiz halda qonşusunu məhkəməyə verməkdən ötrü şəhərə gedir. Yolda qonşusuynan rastlaşır. Məhkəməyə vermək istədiyi adam onu xoş təbəssümlə dindirib kefini xəbər alır. Qonşusunun bu əhvalı Mayerə də təsir edir, kefi açılır, öz hərəkətinə peşiman olur. Hətta şəhərə nə üçün getmək istədiyini də xatırlaya bilmir. Bu vəziyyət hər iki qonşunun gülüşünə səbəb olur və onlar əl sıxışır, qucaqlaşır, şirin-şirin söhbət edə-edə geri dönürlər...
Həmin gün qonşuların bu ovqatı sanki bütün ətrafa sirayət edir. Müəllim uşaqları cəzalandırmır, uşaqlar da bir-biriynən savaşmağı unudur. Çox pisliklər yaddaş çıxır həmin gün. Oğru oğurluğunu, yolkəsən soyğunçuluğunu, brakonyer ziyankarlığını yerə qoyur. "...Əsgərlər müharibəni unutdu; silahlarını atıb evlərinə getdilər. Bütün küçələrdə gülüşən və bir-birini qucaqlayan böyüklü-kiçikli, kasıb-varlı, ağlı-qaralı insanlar görünürdü..."
Necə gözəl mənzərədi... İnsanlığın əzəli və əbədi arzusu. Görəsən, belə yaşamağa bizlərə kimlər və nələr mane olur?! Əslində, cavabı hamımız bilirik. Məsələ burasındadı ki, çoxumuz bunu istəsə də, belə bir dünya qurmağa gücümüz çatmır. Azımız bunun marağındadı, onlara da "dur!" deməkçin birləşə bilmirik. Birləşməyə də elə onlar qoymur bizi...
Hekayədən misal gətirdiyim parçada ən çox xoşuma gələn cümlə hansı oldu, bilirsinizmi?! "Əsgərlər müharibəni unutdu; silahlarını atıb evlərinə getdilər..." Nə ilahi bir mənzərədi... Silahları yerə atmaq və... evə dönmək. Elə bilirəm, bir gün bu baş versə, insanlıq indiyəcən çəkdiyi bütün bəlaları unudar. Göz yaşlarını silib, yaralarını sarıyıb yeni, xoşbəxt bir dünya qurmağa başlar...
Amma... Bunun mümkün olmadığının cavabı elə həmin hekayədədi. Təsvir olunan xoş anların ömrü cəmi bir gün olur. Səhərisi Mayer hara gedəcəyini və kimi məhkəməyə verəcəyini xatırlayır. Onun ardınca da başqaları öz pis niyyətlərini xatırlayıb işə keçirlər. Və öz əməllərinin layiqincə də cəzasını alırlar...
"O gündən artıq gülmürlər..."

***
Uşaqlıqda buna bənzər bir rəvayət də eşitmişdim. İki qonşu uşaq savaşır. Anaları da onlara qoşulub məsələni böyüdürlər. Axırda arvadlar uşaqlarını kürəklərinə şələləyib bir-birilərindən şikayət eləməkçin piyada rayon mərkəzinə yola düşürlər. Yolda uşaqlardan biri anasının kürəyini döyəcləyib, o biri uşağa deyir: "Sənin atın yaxşı çapır, mənimki?" Qadınlar bir-birilərinə baxıb özlərini saxlaya bilmirlər. Gülməkdən uğunaraq yarı yoldan geri qayıdırlar...
Böyüklərin ağılsızlığı və uşaqların məntiqi. Uşaqlardan ötrü kin-küdurət, ədavət mövcud deyil. Cığallıq edər, bir-birilərini söyər, saçını yolar, ağız-burnunu belə qanadar, beş dəqiqədən sonra hər şeyi unudaraq təzədən bir yerdə oynarlar. Onların dünyası yaddaşsız və unutqandı. Əgər o qadınlar rayon mərkəzinəcən gedib çıxsaydılar, müvafiq qurumlar barışıq yaratmaq əvəzinə məsələni bir az da qəlizləşdirəcəkdilər. Nəticədə qonşuların bu dadsız olayı illərə, bəzən on illərədək sürəcəkdi...
Təsadüfi deyil ki, Rudolf Otto Vimer öz hekayəsini bu gümlələrlə tamamlayır: "Bəlkə də unutmaq təkbaşına mümkün deyil. Deyəsən, başqa şeylər də lazımdı...
Amma bu "başqa"nın nə olduğunu heç vaxt demədi... "
Müəllif qəsdən o "başqa"nın nə olduğunu demir. Onun hamımıza gün kimi aydın olduğunu yaxşı bildiyindən demir...
Və bu yerdə xalq şairi Fikrət Qocanın "525-ci qəzet"in ötən şənbə sayındakı "Havayı tikə tələdə olur" adlı yazısından (orada daha qlobal məsələlərdən danışılır) bir parçanı oxucuların yadına salmaqdan özümü saxlaya bilmirəm...

"Allaha uzanıb narazı əllər,
Hamı "mənim payım" az oldu, deyir!
Pay bölən ağılı düz bölüb ancaq
Heç kəs öz ağlından gileylənməyir.

Bəlkə bir-birimizə qəzəblənməzdən əvvəl "lənət şeytana" deyib bir an da səbr edək, bir daha öz ağlımızdan soruşaq: haqlıyıqmı? İndi ehtiyatlı olmaq zamanı yetişib, çünki itirəcəyimiz şeylər çoxdur".


TƏQVİM / ARXİV