adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MƏN BU CAHANA SIĞMAZAM...

FƏRİDƏ RƏHİMLİ
59250 | 2014-10-25 01:05
Hər kəs bu dünyaya bir missiya ilə gəlir, deyirlər. Hansı missiya ilə gəldiyimizi bəzən anlamasaq da, bəzən də bunu özümüzə belə etiraf etməkdən çəkinirik. Amma elə insanlar var ki, onların həyata gəlişi, yaşayışı, fəaliyyəti göz önündə olur, bəzən bu gəliş insanlara gözəl, bəzən isə qorxunc nümunə olur. Tiranlıqla, qəddarlıqla da ad çıxaran olur, insanlıqla, xeyirxahlıqla, comərdliklə də. Birincilərin həyatları çoxlarının həyatını zülmətə gömür, ikincilərin qəlbinin işığında, nurunda isə çoxları doğru yolunu tapır...
Azərbaycan kimi balaca məmləkətdə demək olar ki, çoxlarının qiyabi də olsa bir-birini tanıma ehtimalı var. Məşhurlarımızı isə uşaqdan böyüyə hər kəs tanıyır. Göz qabağında olmaq, hər kəsin nəzarətini hiss etmək isə çox məsuliyyətli bir durumdur. Ya göründüyün kimi olmalısan, ya olduğun kimi görünməli. Çünki maska altında yaşamağı, süni görünüşü çox sürdürə bilməzsən, axır-əvvəl əsl sifətin ortaya çıxacaq.
O, səksəninci illərdə çox məşhurdu, demək olar ki, hər kəsin sevimlisi idi. Onu sevdirənsə istedadı, peşəsi, sənəti, görkəmi, qabiliyyəti idi. Onun hesabına heç ömründə bir kitab səhifəsini varaqlamayanlar Nəsimini, Babəki, Beyrəyi və sairi "oxumuş", tanımış oldular. Bəlkə Nəsiminin, kitablarının vərəqləri arasında uyuyub qalacaq fikirləri, ideyaları, qəlbin dərinliklərinə işləyən şeiriyyəti arxiv araşdıranlardan başqa kimsəyə məlum olmayacaqdı, əgər o, Nəsimini bizə sevdirməsəydi.

Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam.

İnsan təbiətindəki üsyankarlığı da, iki cahanın varlığının sübutu da, inanc fərqliliyindəki müxtəlifliyn ortaq məxrəci olan - Yaradanın varlığının inkar deyil, isbat edilməsi fəlsəfəsi də, hürufi azadlığının şərhi də... hər şeyi bu iki misrada insana çatdıra bilmək qabiliyyəti Nəsiminin timsalında yalnız ona məxsus idi. Yaxud,

Səni bu hüsn-camal ilə, kamal ilə görüb
Qorxdular həqq deməyə, döndülər insan dedilər...

İkicə misradakı Nəsimi fəlsəfəsinin dərinliyini xalqa çatdıra bilmək qabiliyyəti yüksək sənətkarlığın, istedadın təcəssümü idi...
Qəhrəmanlıq tariximizin səhifələrində unudulmağa məhkum olan Babəki "dirildib", xalqına bağışlayan da o idi. "Azadlıq" kəlməsini elə yanğı ilə söyləyirdi ki, insanın qəlbi riqqətə gəlirdi. Hər kəlmə onun diksiyasında elə möhtəşəm səslənirdi ki, özünü o qəhrəmanın zamanında, yanında, arzularında hiss edə bilirdin: "Azadlıq! Bir gün azad yaşamaq qırx il boyunduruq altda sürünməkdən daha üstündür".
Yurdunun yağmalanmasına, talanmasına dözməyən, el-obasının azadlığı yolunda canını belə əsirgəməyən və ən ağır işgəncə altında belə sevgisinə xilaf çıxmayan Beyrəyi sevdirməklə özü ikiqat sevilən Rasim Balayevdən söhbət getdiyi ilk cümlədən artıq oxucuya məlumdur.
Sənət zirvəsinin əlçatmazlığına istedadı, qabiliyyəti, mədəniyyəti, peşəkarlığı ilə ucalan Rasim Balayevdən. Böyüklüyü ilə bugünkü "sənətkarları" kölgədə qoyan, təvazökarlığı böyüklüyünü ört-basdır etməyə çalışan Rasim Balayevdən. Böyükdən kiçiyə el məhəbbətini qazanan və xalqı tərəfindən heç unudulmayan korifey sənətkar, filmimizin, kinomuzun bel sütunu Rasim Balayevdən...
O illərin filmini seyr etdikdən sonra müasir filmlərimizə baxanda sənətin nə qədər ucuzlaşdığının açıq-aydın fərqini görüb, təəssüf etməyə bilmirsən. İnamın azalır, bir daha Ədil İsgəndərov, Mehdi Məmmədov, Məmmədrza Şeyxzamanov, Həsən Məmmədov, Həsən Turabov, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Lütvəli Abdullayev, Nəcibə Məlikova, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev... kimi sənətkarların dünyaya gələcəyinə. Sanki filmimizdə qısırlaşma gedir. Bu, əlbəttə, mənim subyektiv fikrimdi. Amma əksini bilən, demək istəyən varsa, etirazım yoxdur. Mən yalnız gənclik illərimi rövnəqləndirən, həyata baxışlarımızın formalaşmasında böyük rolu, yaşam sevincimizdə öz payı olan o filmlərlə, o sənətkarlarla indi gördüklərimi müqayisə edəndə bundan artığını ifadə edə bilmirəm. Və ən ağrılısı da odur ki, indi özünü dahi sayan incəsənət adamları o illərin mürəkkəb sənət təcrübəsindən keçib, bu gün ömrünün ahıl çağını yaşayan, tutiyə kimi qorumalı olduğumuz o əsl sənətkarlara səviyyəsiz rollar təklif edirlər. Yaşamaq, yaratmaq həvəsi sönməyən, gənclərə əsl sənət nə olduğunu anlatmaq bacarığı, qabiliyyəti olan korifeyləri ucuz sənətin kölgəsində gizlətmək mümkün deyil, çünki günəş bulud arxasında müvəqqəti olaraq görünməyə bilər. Amma göründümü, buludlar yoxa çıxacaq...
Çox acıverici haldır ki, bizdə əksər vaxt sənəti, bacarığı deyil, maddi imkanı olanlar ön sıralara keçə bilirlər. Mənəviyyatın yardımı olmayanda isə maddiyatla çox uzağa getmək mümkün olmur və ideya ortalıqda iflic vəziyyətdə qalır.
Mənəvi qazancımız, sənəti ilə mənim illərimin yaddaşlarında öz uca yerini həkk etmiş Rasim Balayevin bu günkü durumu məni bir vətəndaş kimi çox narahat edir. Rasim Balayevə qarşı laqeydlik insana, sənətə, istedada, xaqımızın sevgisinə qarşı laqeydlik, hörmətsizlikdir. Onun potensialından filmimiz üçün hələ çox istifadə etmək olar. "Filmçilik oynayanlar" mənəmlik duyğusundan uzaqlaşıb, onun geniş təcrübəsindən, peşəkarlığından çox şey öyrənməli, ondan tutiyə kimi istifadə etməliykən maraqlanmırlar belə. Bu gün səhhətinin onu incitdiyi halda işləmək, həm içindəki sənət yanğısını söndürmək - bacarığını ortaya qoymaqla filmimizi bayağılıqdan xilas etmək, gəncliyi düzgün sənətə yönəltmək, həm də maddi durumunu yaxşılaşdırmaq üçün sənətkar iş arayışındadır. Nə qədər böyük haqsızlıq, deyilmi? Onun kimisini gündüz əli çıraqlı axtarmaq lazımkən, onun işləmək istədiyini incikliklə mediaya bildirməsi bu dünyanın baş-ayaq durmasının sübutudur. Halbuki onun, incəsənəti, mədəniyyəti tədris edən universitetlərdə bircə mühazirəsinin milyonlarla dəyəri, xeyri ola bilər. Onun yarada biləcəyi qoca rollarının necə səmimi, inandırıcı olacağını və xalqımızın şərhsiz qəbul edə biləcəyini aydın təsəvvür edə bilirəm.
Habil Əliyev deyir ki, dünyasını dəyişən insan haqqında o qədər gözəl sözlər danışırlar ki, adam ölmək istəyir. Bu şakərimizi yaxşı bilən ustad sənətkarımız gileylənir ki, "Məndən indi istifadə etmək olar, öləndən sonra haqqımda "yaxşı sənətkardı" deyilməsinin mənim üçün heç əhəmiyyəti olmayacaq...
...Yazı yazmaq istədim mənim aləmimdə "bu cahana sığmayan" Rasim Balayev haqqında, onun özünə, sənətinə, istedadına olan laqeydlik, haqsızlıq haqqında. Amma içimdəki təəssüfü, yanğını, onun bacarığından sağlığında istifadə edə bilmək imkanını əldən verməmə şansının vacibliyini, cavabdeh qurumlardakı bu arxayınçılığa qəzəbimi ifadə edə bildimmi, bilmirəm!
Rasim Balayevə qarşı laqeydlik elə Nəsimiyə, Babəkə, Beyrəyə... yüzlərlə başqalarına olan laqeydliyimizin təcəssümüdü. Laqeydliyimiz, unutqanlığımızsa həmişə itirə-itirə gəlməyimizə səbəb olub. Allah daha betərindən qoruyacaqmı bu milləti?!..

TƏQVİM / ARXİV