adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

HARAM SÜFRƏ

FƏRİDƏ RƏHİMLİ
59295 | 2014-10-11 01:45
Çeşid-çeşid qarğışlarımızın içində "Haram olsun!" deyimi xüsusi seçilir. Və çox ağır bir qarğışdı. Amma haramlar o qədər artıb, nə yolla olursa olsun, qazanıb evinə çörək aparmaq istəyi elə adiləşib ki, bu qarğışın mahiyyətinə əhəmiyyət verən o qədər də çox deyil.
Dinimizdə halal-haram məsələsinə dair aydın yol göstərilsə də, onun qulaqardına vurmək istəyən çox insanlar əməllərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Amma bu haramın sonrakı cəzasını azaltmır...
Son zamanlar toy və yas məclislərimizdəki israfçılıqlar barədə saysız-hesabsız yazılar, müzakirələr, fikir mübadilələri olsa da hələ ki bu sahədə əsaslı dönüş gözə çarpmır.
Mən isə bu mövzuya toyda şahidi olduğum başqa sayaq biabırçılıqdan qaynaqlanan haram qazanc məsələsi qaytardı. Əksəriyyət toy sahibləri bankdan kredit götürməklə, yaxud borc almaqla övladının xoş gününü görmək arzusunu həyata keçirmək istəyir. Adət üzrə yığılan pulun çox hissəsi restoran, şadlıq evi sahiblərinin cibinə axır. Bu, hər kəs tərəfindən qəbul olunub artıq. Əgər şadlıq evinin sahibi "ürəyiyumşaqlıq" edib iki yüz manat güzəşt edirsə, toy sahibinin uçmağa qanadı olmur, bu "halal adamın" tərifini göylərə qaldırır. Amma arxa planda başqa hadisələr də baş verir. Sarayın sahibinin mədəni surətdə cibə girdyi hər kəsə aydındır. Amma işçilərin gizli fəaliyyətlərindən xəbərim yoxdu. İşçilər toy başlayandan axırına qədər yavaş-yavaş gözlərdən yayınaraq başqasına məxsus olan yeməkləri əvvəlcədən hazırladıqları xüsusi "oğurluq güşələrinə" daşıyırlar. Ordan da adamları vasitəsilə evlərinə. Özləri də mətbəxi göstərərək "aydan arı, sudan duru, məsum-məsum" görkəmləriylə yeməklərin qurtardığını deyirlər. Sarayın rəhbərliyinin sözlərinə bel bağlayan toy sahibi arxayın qonaqlarla məşğul olur, amma bəzən məclisin ortasında masaların üstü boş qalır, külli miqdarda maliyyə sərf etməsinə baxmayaraq qonaqlar narazı, bəzən ac gedirlər.
İşçilərin toy sahibinin izni olmadan mətbəxi talamaları barədə eşitmişdim. O gün Mingəçevir şəhərindəki "Zümrüd" şadlıq sarayındakı toyda isə təsadüfən bunun canlı şahidi oldum. Məclisdəki səs-küydən bir az uzaqlaşmaq üçün sarayın arxasındakı bağı gəzməyə çıxdıq. Bu zaman işçilərin arxada saxladıqları maşına dolu qazanlar, selofan torbalar daşıdıqlarını gördüm. Bunu elə tələsik, işgüzarcasına edirdilər ki. Heç biri də bir-birindən utanmırdı. Hər gün etdiklərindən alışdıqları bu haram qazancla elə xoşbəxt ilidər ki... Evə əlidolu gedəcəkdilər, balalarını sevindirəcəkdilər, haram qazanca öyrətdikləri balalarının qarınlarını başqasının xərci, xəcaləti, əsəbiliyi, utancı sayəsində dolduracaqdılar.
İçəri dönəndə isə süfrələri boş gördüm, gecikən qonaqların yanında nə edəcəyini bilmirdi toy sahibi...
Şikayət etməyin isə heç bir xeyri olmayacaqdı, çünki bu adi haldı və başqa yerə daşınmış malın geri qaytarılma şansı yoxdu. Və hər kəsə də, "malınıza nəzarət edəydiniz", deyəcəkdilər.
Haram yemək vicdanın yoxluğundan xəbər verir. Çünki hər addımımızda bizə nəzarət edən, hərəkətimizi nizamlayan vicdan meyarı var. O, yatanda, yoxa çıxanda hərəkətimiz də nəzarətdən çıxır, əndazəsini aşır. Heç kimin görmədiyi günahı öz içimizdəki vicdanımız görür və qınayır bizi. Məcbur olduğu haram yoldan əzab çəkənlər də olur, yavaş-yavaş vicdanını susduran da. Vicdan susdusa, fəlakətlər, yaramazlıqlar, cinayətlər, oğurluqlar, terrorlar... baş alıb gedir.
Eyni hadisəni bir neçə dəfə təkrar görəndə göz öyrəşir, qulaq alışır, qəbul olunur. Ən qorxulusu da insanın, çoxluğun naqislikləri qəbul etməsidir. Gündəlik həyatımızda çoxumuz əhəmiyyət verməsək də, evdən çıxandan mənzil başına qədər hər gün bu eybəcərliklərlə qarşılaşmaq mümkündür. Öz xeyrinə başqasına yalan danışmalar, ən cüzi maddi qazanc üçün vicdansızcasına yarınmalar, kiməsə xoş gəlsin deyə, onun sevmədiyi birinə qara yaxanlar, böhtanın, qeybətin, şərin babalından qorxmayanlar kimi "təkcə mən deyiləm ki", məntiqi ilə düşünüb özünə haqq qazandıranların içi haramın münbit torpağıdır. O torpaqdan cücərən də haram mayalı olacaq. Sadaladıqlarımın ən son məqsədi bir qarın yemək üçün olduğundan o adamların oturduğu sığınacağı da (bəlkə də villaları), o sığınacaqdakı süfrə də haramdan yoğrulmuş, haramdan qaynaqlanmış, haramla dolmuş olduğu üçün o süfrədən qidalanan gələcəyin insanı da bu harama şərik olmuş olur.
Zəhmətlə, halal qazancla ömrünü keçirən sadə həyat sürənlərə belələri bəzən yuxarıdan aşağı baxırlar. Amma zəhmətin gətirdiyi nəfin, zəhmətli gəlirin bəzədiyi süfrənin ləzzətini heç nəylə əvəz etmək olmaz. Bir anlıq öz içinizdən uzaqlaşıb, dünyanı, olanları, olacaqları - şahları, sultanları, "süd gölü"ndə yaşayanları düşünün. Bu "pəncərə" dünyadan baxıb gedəcəyimiz o sonsuzluğu düşünün. Heç bir mal-mülkün, güvənc saydığınız heç bir qüvvənin gedəcəyimiz yerdə əhəmiyyəti olmayacaq. Yalnız ədalətli, təkəbbürdən uzaq davranış, düzlük, təmizlik, halallıq, təqva xilas edə bilər insanı.
Son zamanlar "ateistlər"in sayı çoxalmağa başlayıb. Bunun səbəbini də anlamıram. Müqəddəs kitabımızdan bir cümlə oxuyub, mənasını dərk etmədən kitabı guya gözdən salmaq üçün mənasız yazılarla özlərini də, oxuyub onlara uyanları da günaha batırmış olurlar. Quran-Kərimdə ən böyük cəzanın alimlərə düşəcəyi qeyd olunur. Çünki insanlar arasında mövhumatdan uzaq, sağlam düşüncə tərzinə malik insanların Yaradanı inkar etməsi anlaşılan deyil. Ya da onlar əslində aydın düşüncə sahibi deyillər, elə görünməyə çalışırlar. Yəni, uzun illər ateistlərin əllərində bayraq olan darvinizm kimi elmi sübutlar öz təsdiqini tapmadığından və yaradan, idarə edən bir varlığı inkar edə biləcək başqa sübut olmadığından, yaxud insan düşüncəsi o həddə çatmadığından ən azı bunu qəbul etmək ən doğru olandı. Ateistlər ən azından onu oxumaqla günahdan, haramdan, yalandan, təkəbbürdən, dünyadan dörd əlli yapışmaq mərəzindən xilas ola bilərlər.
Haramdan əl çəkin ki, o yalnız süfrələrdə deyil, düşüncələrdə, təfəkkürlərdə də kök salmasın.

TƏQVİM / ARXİV