adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SİZ BAŞQAYDINIZ...

FƏRİDƏ RƏHİMLİ
27114 | 2014-10-04 01:31
Müəllim haqqında ilk təəssüratım hələ məktəb yaşım çatmamış tanış olduğum bir rus qadınla başlamışdı. Kəndimiz İran İslam Respublikası ilə sərhəd zonasında olduğundan, burada sərhəd qoşunlarının zastavası yerləşirdi. Zastavada qulluq edən əsgərlərin əksəriyyəti ruslar olardı.
Torpağımız Gülüstan müqaviləsi ilə ikiyə bölünəndən sonra Araz çayı boyunca sərhəd dirəklərinin tikanlı məftilləri həsrətlə o tərəfə boylanmaq istəyənlərin təkcə əlinə deyil, ürəklərinə də batırdı...
Bu milləti ikiyə bölən rus siyasəti, sərhəddini qoruyan da rus əsgəri idi...
Mətləbdən uzaqlaşdım. O hərbi hissədə xidmət edən zabitlərin ailələri də orada yaşayırdılar. Onların uşaqlarına dərs keçmək üçün kənardan rusdilli müəllimlər gəlirdilər. Həmin qadın da oraya dərs demək üçün gedərkən bizim evin yanından keçirdi. Uşaq marağımla onun bizim qadınlardan fərqli olduğunu, "filmlərdəki qadınlar"a bənzədiyini görürdüm. Kənd qadınlarının geyimindən fərqli olaraq çox səliqəli və ciddi geyinərdi - qara kostyum, ağ köynək, əlində də qara çanta. Sarışın saçları ağ bənizinə xüsusi yaraşıq verirdi. Onun gələcəyi vaxtı bilir və yoluna çıxardım. Məni görəndə gülümsəyər və mehribanlıqla salam verərdi. Rusca bəzi sözləri öyrənmişdim və kiçik yaşımda onların dilinə marağım görünür, müəllimənin xoşuna gəlmişdi və "Salam, necəsən, hə, yox" sözündən başqa çox şey anlamasam da, mənə "Afərin, sən nə yaxşı qızsan, bu yaşda başqa dil bilirsən!" deməsi məni ruhlandırır, bu fərqli qadının dilini öyrənməyə çalışırdım. O, heç vaxt mənim müəlliməm olmadı, dərs demədi, amma məndə elmə, təhsilə, öz dilinə marağı aşılaya bildi...
Əli əleyhissəlam deyib ki: "Mənə bir hərf öyrədənin ömrüm boyu qulu olaram". Aristotelsə: "Valideynim məni göydən yerə endiribsə, müəllimim yerdən göyə qaldırıb" deyib. Müəllim sənətinin müqəddəsliyi haqda çox yazılıb, deyilib, amma yazılanlar başqa, əsl həqiqətdə gördüyün başqa. Hər bir dövrdə köhnələr yeniləri asanlıqla qəbullənə bilmirlər. Zaman irəli getdikcə dəyişir, keçən zamanla bərabər addımlayanların çoxu öz gördüklərini, yeni zamana daşımaq istəsələr də buna nail ola və bununla barışa bilmir və hey zəmanədən şikayətlənirlər. Qəbul edə bilmirlər ki, hər anın öz hökmü var. Mən də onlardan biriyəm. Mənim şagirdlik dövrümün öz qanunları vardı. Müəllim o zamanlar müqəddəs sayılardı, ikinci valideyn hesab olunardı. Bəzən cılız cüssəli bir qadın müəllimənin bir kəndi razı salacaq hökmü ola bilirdi. Çünki onların içindəki səmimiyyəti hiss edirdik, bildiklərini öyrətmək yanğısını, öyrəndikləri hər şeyi şagirdlərinə çatdırmaq istəklərini anlayırdıq. Bəzən heç oxumaq istəməyn bir şagird müəllimin xətrinə dərsini oxuyurdu, onu incitməmək, onun gözündən düşməmək üçün.
Müəyyən səbəblərdən üç məktəb dəyişdim. İkisi kənd məktəbi idi. Kənd müəllimləri daha səmimi, canıyanan idilər. Çünki kəndin bu başından o biri ucunadək hər kəs bir-birini tanıyır, şagirdin də, valideynin də kim olduğunu əl içi kimi bilirdilər. Və istedadlı, bacarıqlı şagirdin dərsdən yayınmasına, gərəksiz vərdişlərə bağlanmasına heç cür imkan vermirdilər. Öz uşaqlarına bəslədikləri sevgini bütün şagirdlər arasında paylaşırdı o zamanın müəllimləri. Hələ şagird onun zəhmətini yerə vurmur, əla oxuyur, ali məktəbə qəbul olurdusa, müəllim dünyanın xoşbəxti olurdu. Bayramlarda məktəbi bitirmiş keçmiş şagirdi ona bir açıqca yollasaydı müəllimin sevincdən gözləri yaşararadı. Nə şagirddən, nə valideynindən bir təmənnası olmayan müəllim ömrünü şam kimi əridirdi onların yolunda və o ürəyin, o istəyin, amalın nəticəsi idi ki, üzlərində xüsusi bir ifadə olardı. O ifadəni indi anlatmaq çox çətindi, mehribanlıqmı deyim, sadəlikmi, mütəvazilikmi, səmimiyyətmi - heç biri o sözü ifadə edə bilmir.
Onlar insanı özü ilə qürur duymağa, gələcəyinə, arzularına, amallarına qanad çalmağa alışdırırdılar, ümidini qırıb: "Səndən adam olan deyil", demirdilər. "İstəyirsən oxu, istəmirsən oxuma, mən maaşımı alacam", demirdilər. "İstəsən sən də filankəslər kimi ola bilərsən, mən sənə, ona çatmaq üçün kömək edəcəm", deyirdilər.
Bu yazılanlar nağıl deyil. Mənim müəllimlərimin gerçək xatirəsidir. Dünyadan köçəni də var, qocalanı, xəstə olanı da. Ən dözülməzi odur ki, indi müəllimlərim qaçqın, məcburi köçkün həyatı yaşayırlar. O "müqəddəslər", vətəni, torpağı sevməyi, uğrunda canını qoymağı bizə aşılayan müəllimlərim indi vətəndə vətənsizdilər. Pərən-pərən düşmüş "şagirdlərinin" onları arayıb sormaq imkanı, bəlkə istəyi yoxdu. Onların şagirdləri indi öz uşaqlarını maddiyat üzündən, öz müqəddəs peşəsinin mənəvi tərəfini unutmağa məcbur olan, hər addımda rüşvət uman müəllimlərin yanına, çox vaxt nəticəsi olmayan hazırlıq kurslarına aparırlar.
Müəllim sənətinə olan o zamankı sevgi də yoxdu indi. Universitetdə imtahan zamanı balı az olub, müəllimliyi seçməyə məcbur olanlar daha çoxdu. Sənətinə, peşənə sevgi olmadısa, o sənət üzrə işləmək də işgəncə olur. Əlbəttə, bu hər kəsə aid deyil.
O zamanlar bir anlıq düşünəndə, həyatımızda ailə üzvlərimiz, sevdiklərimiz arasında müəllimlərin də öz yeri olduğu aydın görünürdü. İndikilərin bu barədə fikrini bilmək isdərdim.
Sabah müəllimlərimizin bayramıdır. İçimdən keçənlərin heç birini burada ifadə edə bilmədim. Yazı boyu müəllimlərimi xatırladım. Dünyasını dəyişən müəllimlərim - kəndimizin ən savadlı ziyalısı, adlı-sanlı ağsaqqal pedaqoq Səməd müəllimin, çox mehriban insan, istedadlı rus dili müəllimi İman müəllimin, gözəl riyaziyyatçı Cəmilə xanımın, ədəbiyyatçı, şair Novruz müəllimin, "Olaylar" qəzetinin bölgə müxbiri, savadlı ədəbiyyat müəllimi Xəlil müəllimin, qəza nəticəsində həyatını itirən çox sevimli kimya müəllimim Yelmar müəllimin ... (erməni bəlası ucbatından çoxu haqda məlumatım olmayan müəllimlərimin özləri, ruhları bağışlasınlar məni - F.R) müqəddəs çöhrələri bir-bir gözümün önündən keçdi. Allah qəni-qəni rəhmət eləsin!
Hazırda müxtəlif bölgələrədə məcburi köçkün həyatı sürən müəllimlərim, ilk müəlliməm Güllü Aslanovadan başlamış, mənə zəhmət sərf etmiş bütün müəllimlərim, sizi ziyarət edə bilməsəm də, həmişə ürəyimin bir hissəsində müqəddəs yeriniz var!
Müqəddəs Qurban bayramı ilə Müqəddəs müəllimlərimin bayramı bu il eyni ərəfəyə düşdü. Bayramınız mübarək!
Nə qədər böyüsək, yaşa dolsaq da, problemlərimiz sizin zəhmətinizi, əməyinizi müəyyən qədər unutdursa da, hər bir addımımızda, hər maddi-mənəvi qazancımızda sizin payınız var. Buna görə sizə minnətdarıq, əziz müəllimlər!

TƏQVİM / ARXİV