adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

İSLAHAT

FƏRİDƏ RƏHİMLİ
30983 | 2014-09-06 01:15
İllərdir toy və yas adətlərimizdəki xoşagəlməz hallardan, israfçılıqdan, hətta əllaməçilikdən yazılır, etirazlar bildirilir, hər kəs deyilənlərlə razılaşır, amma heç kim əvvəlki adətlərimizə dönmək üçün ilk addımı atmaq istəmir. Səbəb isə el qınağından çəkinmək, "camaat nə deyər" düşüncəsi və sair. Məncə, bu addımı ən çox bu barədə danışan, yazan, televiziya kanallarında fikir söyləyən cəmiyyətdə tanınmış, səlahiyyətli insanlar, deputatlar, imkanlı şəxslər atmalıdırlar. Millət vəkilimizin bu barədə dəyərli fikirlərini oxuduqda zənn etdim ki, o, öz oğlunun toyunu məhz bu, təklif etdiyi formada edərək ilk addımı atacaq. Amma təəssüf ki, əksinə oldu - ən möhtəşəm şadlıq evlərindən biri, bahalı menyu və s...
Kasıb özünü sındırmaq, qürurunu əzdirmək istəmir. " Yazığın gücü çatmadı bircə oğluna əməlli-başlı toy eləsin..." deyilməsindən çəkinir. Amma imkanlı bunu başlasa hamı alqışlayar, normal qarşılayar. Toy adətlərimizdəki əndazəni aşan yazılmamış qaydalar, israf edilən nemətlər, açıq-aşkar soyğunçuluqla məşğul olan restoran, şadlıq evləri sahibləri, xalqın pulu hesabına lovğalanan, təkəbbürlərinə ün yetməyən, onları qiymətləndirib adam eləyən xalqa "qiymət oxuyan" müğənnilər toy sözündən iyrəndirib hər kəsi. Artıq toy deyərkən iki gəncin sevgisi, ailə qurması, bir xoşbəxt ocaq, bir xeyirli nikah deyil, xərc, dəvət olunduğun adamla, yerlə cibinin nisbəti yada düşür. Barmaq basmağa yer qalmayan süfrədən ürək rahatlığı ilə bir tikə yeyə bilmirsən. Bütün bunların əvəzinə milli kulinariyamızda olan və sevilən iki cür yemek hazırlansa həm gələnlər ürək rahatlığıyla, sevə-sevə yeyər, həm də israfa yol verilməz. Hər gün ötür-ötürlə o biri günə saxlanan, bir toydan o biri toya "qonaq gedən" salatlar, yeməklər bəzən bir ailənin zəhərlənməsi, hətta ölümü ilə də nəticələnir. Amma yenə də "qonşudan qalma dala" prinsipiylə bizi barmağına dolamış bir qrup adamların oyuncağına çevrilirik və illərlə qazandığımızı, hətta borc götürdüyümüzü bir gecədə şadlıq evlərində qoyub çıxırıq.
Toy sahibi valideyn övladının bu xoş gününə sevinməyə macal da tapmır. Menyunun kəlləçarxdakı qiyməti, gəlin maşını, əndirabadi şarlar, güllər, səhhətimizə zərərli "tüstü" (onun nə üçün olduğunu hələ də anlamış deyiləm!), heç yerdə tamaşaçı müvəffəqiyyəti qazana bilməyib toyxana sahibləri ilə müqavilə bağlayan rep, meyxana, rəqs qrupları, xoruz səsi verən müğənnilərin zorla proqrama daxil edilməsinin əlavə xərcinin əndişəsi, toyun ortasında qondarma "gecikmiş xınayaxdı" biabırçılığı və sair nəinki sevinməyə imkan verir, hətta əsəbdən ağlını itirməyə də kifayət edər.
Yaslarımıza gəldikdə isə bu, daha əcaib şəkil almaqdadır. Ölüsünün, itkisini, acısını yaşayan adamın bir də camaatı, məclisi düşünmək dərdi var...
Son günlər yas məclislərindəki lazımsız, sonradan yaranmış adətlərin ləğvi haqqında səslənən müsbət fikirlər əhali tərəfindən rəğbətlə qarşılanıb. Və bunun tətbiqi hər kəsin ürəyincə olacaq.
Amma təəssüf ki, problem yalnız yas məclislərimizdəki israfçılıqla bitmir. Şəriət qaydalarına görə yas üçün vacib olan şərtlər ölünün yuyulub kəfənlənməsi, cənazə namazının oxunması və islam adətinə uyğun dəfn olunmasıdır. Qalan sadalamaq istəmədiyim, son vaxtların ən çox söylənən fikirləri olan yas süfrələrinin, üç, yeddi, qırx, bəzi bölgələrimizdə isə əlli iki məclisinin isə şəriətlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə ölü sahibinə təskinlik üçün, rəhmətə gedənin xatırlanması, anılması üçün və həmin gün Quran oxunması baxımından bəyəniləndir.
Yas məclislərimizdə dini təhsilli kişi molların olduğunu eşitmişəm. Amma qadın məclisindəki mən gördüyüm "mollabacılar" əsl şarlatandırlar.Ağır baxışlarla ətrafı süzüb (tatuajlı döymə qaşlarını çataraq, sürməli gözlərlə - F.R), yaxınının ölümünü qəbul edə bilməyərək yüksək səslə ağlayan qadının üstünə qışqırıb Qurana hörmət etməsini tələb edən, məclisdə söhbət edən xanımları təhqir edərək ya səssiz qalmaq, ya da məclisdən çıxmaq şərti qoyan, sifətindən ali dini məktəbin müdavimi ifadəsi oxunan bu mollabacılar heç "Fatihə", "İxlas" surələrini də doğru düzgün oxuya bilmirlər. Əllərindəki dəftərdəki qafiyəsiz, mənasız "şeir"lərdən oxuyaraq hər kəsdən dizlərinə çırpmağı, "Şəxsey, vəxsey" deməyi tələb etməyi isə lap gülüncdür. Qadınların ona qoşularaq əllərini dizlərinə çırparaq ritmlə onun dediyini təkrar etməsi Molla Sadığın məclisini xatırladır mənə. Sanki yas, dərd məclisində deyil, rep deyənlərin əhatəsindəsən. Hərdən arada "Səs verin, diliniz tökülüb?" deməsi isə repçilərin "Exo ver!" deməsini xatırladır. Ölü sahibinin xətri olmasa bərkdən şaqqanaq çəkib gülmək keçir insanın içindən (Allah sizə rəhmət eləsin, C.Məmmədquluzadə, M.Ə.Sabir!).
Çox da keçmişdə olmayan uşaqlıq xatirələrimdə toy məclisinin də, yas məclisinin başqa sayaq xatirələri hələ də qalır... Çadır toylarında ən maraqlı gəlini, bəyi seyr etmək olardı, sevənlərin toyda uzaqdan bir-birlərini görəcəkləri sevinci, gözəl rəqs edənlərə heyran baxışlar... süfrə arxa planda idi.
Yaslarda isə qonşular yemək bişirib yas evinə gətirər, ev sahibini və uzaqdan gələn qonaqları məcbur da olsa yedizdirərdilər. Qalan qonaqlara çay verilərdi.
Indi bir spirtli içki fərqiylə yasla toy süfrəsi eynilik təşkil edir. Və ən ön planda olan da süfrə məsələsidir.
Sağ olsunlar bu problemin həllini düşünənlər. Qadağalar çoxdan lazımdı, amma həyata keçirmək məsələsi nə dərəcədə olacaq, onu zaman göstərəcək.
Çünki qarnı dolu, başı boş cəmiyyətdə sivil qaydalardan söhbət gedə bilməz. Əsl islahat əvvəlcə insanın beynində, şüurunda aparılmalıdır. Bu islahatlar qarından başlasa, baş bunu anlamayacaq. Cəmiyyətin bütün sahələrindəki inkişafın, irəliləyişin məğzində bir-biriylə əlaqəli olaraq təhsil məsələsi, maarifçilik dayanır. Yeməyə xərclənənlərlə təhsilə xərclənənlərin nisbət fərqi cəmiyyətdə özünü aydın büruzə verir.

TƏQVİM / ARXİV