adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

RƏHMƏT VƏ LƏNƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
35278 | 2007-09-08 02:01
Bilmirəm, adam yaşlaşır, yoxsa illər onu qocaldır, amma hər halda ikisi də baş verir və ikisi də baş verdiyindən nə illərə, nə də qocalığa etiraz etmək olmur. Eləcə məcburi əmək cəzası çəkənlər kimi başını salırsan aşağı və taleyin hökmünə ram olaraq qədəri yaşamağa başlayırsan. Yaşadıqca da baş verənlərin hər birinə daha çox öz münasibətin, öz yanaşman olanda başın qalmaqalda olur. Axına qoşulanda isə sən də olursan sıradan biri. Varlığınla-yoxluğun, olumunla-ölümün nə bilinmir, nə də heç kimi narahat etmir...
   
   Azərbaycan adlanan bu məmləkətdə son 15-20 ildə baş verənləri göz önünə gətirəndə istər-istəməz kövrək və məşhur bir misra yada düşür. Həmin misrada deyilir ki:
   
   
   
   Kimlər gəldi, kimlər getdi,
   
   bu dünyadan, bu dünyadan.
   
   
   
   Bəli, həqiqətən 88-ci ildən lap dünənə kimi, ola bilsin ki, bu yazını oxuduğumuz ana qədər kimlərsə ictimai, siyasi həyatda var idi. Və həmin o kimlərsə öz varlıqlarını fəaliyyətləri ilə, əməlləri ilə, çığır-bağırları ilə, bəlkə də kimləri də şantaj etməkləri ilə və yaxud da səmimiyyətləri, sevgiləri ilə hər kəs üçün doğmalaşmışdılar, göz önündə olmuşdular, aranıb axtarılmışdılar. Bizlər də öz təsəllimizi onların varlıqlarında tapmışdıq. Ola bilsin ki, əksinə, başqa cür olanlar da olub. Yəni, bəlkə də, kimlərisə görmək və yaxud da heç onlar barəsində düşünmək belə istəməmişik. Bütün bunlar təbiidi. Sadəcə təbiiliyin içərisində adiliklə yanaşı, qəbul olunmaz bir məqam da olur. Bu da insanların baxışlarından, yanaşmalarından asılıdır. Birinin görmək istədiyini başqası qəbul etmir, birinin xoş məramla xatırladığını başqası lənətlə anır. Və beləcə həyatın qazancı olan və hər kəs tərəfindən dərk edilməsi labüd bir an gəlib çıxır ortaya. O da insanların qazandığı RƏHMƏT və LƏNƏTDİ!
   
   Həyatımızın qəribəliklərindən biri də ondan ibarətdir ki, biz bəzən çılğınlıq edir, bəzən də anlamazlıq ucbatından nə qazanıb, nə aparacağımızın fərqinə varmırıq. Ona görə də RƏHMƏTLƏ LƏNƏT arasındakı o bir iynə ucu boyda yolu keçmək məşəqqətə, zülmə çevrilir. Doğrudur, deyirlər ki, Məhşər günü var və mən də bunu qəbul edirəm. Amma həmin o dediyimin, Rəhmətlə Lənət arasındakı məsafənin illərdən bəri mənim üçün nə qədər keçilməz olması canımı acıdır. Və istər-istəməz xəyalımdan keçir ki, elə mənim özüm bəlkə də hər an Məhşər gününü yaşayıram - ailə, uşaq qarşısında, dost-tanış yanında, el-oba gözündə, millət, Vətən sınağında!
   
   Bütün bunlar əslində "Tale" sözü altında da birləşə bilir. Olsun, etiraz etmirəm. Ancaq bir məqam da var ki, var ola-ola yox olanlar arasına düşəsən, varlığınla-yoxluğun bilinməyə və burda da taleyi, qədəri günahkar görəsən... Bu olsa-olsa yalnız soyuq bir təbəssüm doğuran istehzanı yada sala bilər. Təəssüf və soyuq... Biz keçid dövrü adlandırdığımız bu illərin içərisində var olub yoxlar sırasına düşənləri çox gördük. Yoxluqdan varlığa üz tutanlarla da rastlaşdıq. Böyük Məmməd Araz demiş:
   
   Bu oyunda kim uduzdu, kim uddu...
   
   

TƏQVİM / ARXİV