adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YUXU

FƏRİDƏ RƏHİMLİ
35859 | 2014-08-23 09:19
İyirmi ildi qısa fasilələrlə eyni yuxunu təkrar-təkrar görürdü. Bu artıq onu haldan çıxarmaqda idi. Nə edəcəyini bilmirdi. Bu məqsədlə yuxuyozanlara dərdini anlatmışdı. Hərəsi bir cürə yozmuşdu. Onların tövsiyələrini yerinə yetirsə də heç bir nəticə olmamışdı. Psixoloqa müraciət etmişdi. Bir neçə seansa girmişdi. Adlı-sanlı psixoloq şüuraltı prosseslərdən, sinirlərin gündəlik hadisələrdən etkilənərək yuxuda rahatlanıb boşalan sinir sisteminə müxtəlif cür təsirindən, nə vaxtsa aldığı stressdən qalan travmanın getdikcə böyüyərək beyin hüceyrələrinə sarsıdıcı zərbəsindən və sair uzun-uzadı danışsa da, deyilənlərin heç biri onu qane etməmişdi. Axır əlacı kəsilib xanımının məsləhətinə boyun əyməli olmuşdu - falçıya da üz tutmalı olmuşdu. Falçının qapısını döyənədək min kərə ölüb-dirildi. Birdən tanışlardan kiminsə onu burda görəcəyindən ehtiyat edirdi. Falçıları fırıldaqçı adlandıran adamın özünün falçı yanına getməsini nə ilə izah edəcəkdi...
Birtəhər özünü evə salıb sakitləşdi. Falçı sınayıcı nəzərlərlə onun qızarmış gözlərinə baxıb: Çox narahatsan. Yuxun ərşə çəkilib. Nə görürsən yuxuda? Falçının sözlərindən sevinən kimi oldu. Bunları bilirsə, demək əlacını da bilir, fikirləşdi. Falçı onun üzünün ifadəsindən məmnun qaldı və sualını təkrar etdi - yuxuda nə görürsən? O, yuxusunu adda-budda danışdı. Falçı qəflətən onun sözünü kəsib: yetim malı yemisən! İstədiyim məbləği versən, əlac edərəm! - dedi. Düzgün yaşayış tərzi keçirən, bütün malik olduqlarına öz zəhmətilə nail olan adama bundan böyük təhqir ola bilməzdi. O, əsəblə falçının pulunu xalçanın üstünə tullayıb deyinə-deyinə otaqdan çıxdı: Mənə deyən lazım axı sənin bu fırıldaqçılarla nə işin! Yetim malı haa! Mən suyu da üfürə-üfürə içirəm... Ürəyində buna görə xanımını da qınadı.
...Gecə yarı idi. Eyni yuxunu birdə görəcəyini fikirləşib yatmaq da istəmirdi. İyirmi ildə tez-tez onu yada salan bu, gecə qonağının səbəbsiz gəlmədiyi gün kimi aydın idi. Artıq dörd yaşlı qızının üçmərtəbəli evinin eyvanından yıxılıb ölümdən güclə qurtulmasını da bu yuxu ilə əlaqələndirirdi. Mistik bir qüvvə onu çıxış yolu tapmağa vadar edirdi. Amma necə, hansı yolla buna əlac tapacağını kəsdirə bilmirdi. Növbəti bir bəlanın gələcəyindən qorxurdu. Əli işdən də soyumuşdu. Min bir zəhmətlə qurduğu, üstündə əsdiyi biznesini işçilərinə həvalə etmişdi.
Xanımı ona yaxınlaşıb nəsə istəyib-istəmədiyini soruşdu. Sən yat, bir az işləyib mən də yatacam - deyə, onun iş otağından çıxmasını gözlədi. Bir siqaret yandırıb damağına qoyaraq fikirləşməyə davam etdi. Siqaretin nə vaxt kötüyünə çatdığını əli yananda fərq etdi. Onu külqabıya basıb başını əlləri arasına alaraq düşünməyə başladı. Bu yuxunu nə vaxtdan görməyə başladım? Deyəsən elə bu evi tikib içinə yığılandan. Görəsən, bu yerlə bağlıdımı məsələ? Səbəb nə ola bilər ki, pulumu artıqlaması ilə verib torpaq almışam. Fəhləsinə qədər bir işçinin haqqını kəsməmişəm. İçinin avadanlığını da halal zəhmətimlə qazanıb almışam. Bəs onda nə?.. Beyninin məşğul edən bu fikirlərin içində falçının sözlərini xatırladı. Yenidən od götürdü onu. Özünü birtəhər sakitləşdirib yenə iyirmi il əvvələ qayıtdı: Başlayaq, torpaq axtararaq bura gəlib çıxmağımdan...
Ləzgi qonşunun ona yaxınlaşıb, məndə torpaq var- deyə, evinin yanındakı boş altı sot sahəni göstərməsindən. Niyə satırsan?- soruşduğunu da xatırladı. "İnsan bu dünyadan beş arşın bezlə gedəcək. Qoca kişiyəm, dünyanı tutub getməyəcəm ki. Oğlum da Biləcərini bəyənmir, gedib şəhərdə ev almaq istəyir. Buranı satıb, üstünü düzəldib ona ev alacam". O vaxtlar bunu xoş qarşılasa da, sonralar qonşusunun heç də imanlı adam olmadığını, yaşına, saç-saqqalına yaraşmayan yaramaz hərəkətlərini görüb, onunla qonşuluq münasibətini yavaş-yavaş soyutmuşdu...
Birdən yerindən sıçradı. Pencəyini əyninə geyinib, bayıra çıxdı. Səhərə yaxın saat dörd olması eyninə də gəlmədi. Az qala yüyürə-yüyürə qonşunun qapısına çatıb, qapını döyəcləməyə başladı. Qonşu hövlnak qapıya çıxdı. " Noolub, qapını niyə sındırırsan, saatdan xəbərin var?"O, özünü ələ almağa çalışaraq - mənə satdığın torpaq kimindi? - deyə bağıra-bağıra soruşdu. Yuxudan tam ayılmamış qonşu heç nə anlamadan donuq-donuq ona baxırdı. Sualı təkrar edəndə isə - "sənə demişdim də, özümün on iki sot idi. Altısını..." Onun sözünü ağzında qoyub yaxasından yapışdı. Mənə düzünü de, qoca, yoxsa səni buradaca gəbərdərəm! Qonşu onun gözlərindən fışqıran qəzəbi görüb qorxdu və danışmağa başladı: "Bir oğlanın idi. Deyəsən qarabağlı idi. Burada (əli ilə evin arxasındakı uçulmuş inzibati binanı göstərdi) təmir-tikinti idarəsi vardı. O da burda fəhlə işləyirdi. Çox fərasətli oğlan idi. Torpağı biz alanda o da aldı. Mən bu yeri çox istəyirdim, amma o qabağa düşdü".
Kişi danışdıqca o, hövsələdən çıxırdı. Hə, sonra, sonra nə oldu? "Eşitdim ki, rəhmətə gedib".
- Sən də fürsətdən istifadə edib onun torpağını satdın hə, əclaf! -Neyniyim, gözlədim gələn olmadı mən də satdım.
- Nə haqla? Ailəsini, uşaqlarını axtardınmı? - Cavab gəlmədi.
Kişinin yaxasından tutub divara qısnadı: indicə boğub öldürərəm səni. De görüm oğlanın görkəmi necə idi? "Sarışın oğlandı. Kürən saçları vardı. Saçının qabağında bir hissə ağarmışdı".
Həyəcan onu basdı. Bu onun yuxuda gördüyü - uşaqlarım əmanəti... deyən oğlanın təsviri idi... Qışqıra-qışqıra: əclaf, de görüm ailəsi harada yaşayır?- soruşdu.
Qorxudan əsə-əsə "Xırdalanda yataqxanada yaşayırdı. Yoldaşı bir-iki dəfə gəlib torpağa baxdı. Mənə tapşırdı. Sonra daha gəlmədi".
Qəzəbdən titrəyən əllərini onun yaxasından çəkdi. Bu qədər rəzil insan görməmişdi. Düyünlədiyi yumruğunu ona deyil, divara çırpdı. Heç bir söz demədən onun üzünə tüpürüb, oradan uzaqlaşdı.
Artıq hər şey ona bəlli idi. Neçə illik əzabına son qoyulurdu deyəsən. Bir az yüngülləşmişdi sanki. Hətta sevinirdi. Sabahın açılmasını səbirsizliklə gözləyirdi. Səhər ilk görəcəyi iş Xırdalana gedib o ailəni axtarmaq olacaqdı...
Təmir-tikinti idarəsi işçilərnin vaxtilə yaşadığı yataqxananı soraqlayıb tapdı. Sonra ləzgi qonşusunun dediyi adla iyirmi il əvvəl rəhmətə gedən oğlanı axtardığını söylədi. Qonşuları onu hələ də hörmətlə yad edir, adını çəkəndə rəhmət oxuyurdular. Ona görə də çox əziyyət çəkmədən onları tapdı...
Sınıq-salxaq pilləkənlə yuxarı qalxdı. Üfunət iyi ətrafı bürümüşdü. Qopub tökülmüş divarda kömürlə yazılmış cürbəcür yazılar vardı. Divarda məftillə bağlanmış kauçuk su, kanalizasiya boruları, televiziya kabelləri bir - birinə dolaşmışdı. Aşağıdakı qonşular qapısı ağzında stolun üstündə dibçək gülünün qoyulduğunu dediklərindən yarıqaranlıq koridorda otağı rahatlıqla tapdı.
Həyəcanla qapını döydü. Qapını saçlarına dən düşmüş bir xanım açdı. Ərklə: Allah qonağı istəyirsinizmi?- deyə soruşdu. Qadın bu yad adamın ərklə müraciətindən çaşıb qaldı. Amma "Allah qonağını" qapıda da saxlamaq istəmədiyindən oğlunu səsləyib: Qonağımız var! - dedi.
Hər şeyi olduğu kimi xanıma danışdı. Qadın sakitcə dinləyərək tez-tez göz yaşlarını silirdi. Uzun müddət getmədiyi torpaq sahəsinə baxmaq üçün gedərkən orada ev tikildiyini görüb, ürəyini tutaraq yıxılan və bir ay xəstəxanada yatan qadın bunun yaramaz ləzgi qonşusunun işi olduğundan elə o vaxt şübhələnmişdi. Alan hər kimsə ona da qəzəblənsə də, heç nə sübut edə bilməyəcəyini düşünüb sakitcə bu durumu qəbul etmişdi... İndi halallıq istəyən oğlana: sənin nə günahın var ki, günahı olan cəhənnəm əzabını çəkəcək, inşallah! Halal zəhmətinlə almısan. Mənim əlim hər iki cahanda o kişinin yaxasında olacaq. Yetim malı yeyəni Allah hər iki dünyada cəzalandırar. Sənə halallıq verirəm, ürəyini buz kimi saxla. Allah köməyin olsun! Mən onsuz da Xırdalandan kənarda yaşamaq istəmirdim.
O, evə gülə-gülə gedirdi. Son vaxtlar onu belə gülərüz görməyən xanımı sevindi. Nə olub, səhər hara getmisən, xəbərim olmayıb?
- Suallarını saxla, onu tapdım! Məni yuxuda çağıran adamın ailəsini tapdım. Seyfdəki pulları da götür onlara gedirik! Axırıncı sözləri sevincdən uçaraq deyirdi. Uzun illərin zəhmətinin bəhrəsi olan halal pullarını "uf" demədən tanımadığı adama bağışlamağa tələsirdi...
...Ağsaçlı qadın qapının ağzında bayaqkı oğlanı və yanındakı xanımı görüb təəccübləndi. Nə baş verdiyini anlamadan onları içəri dəvət etdi. Çaya qonaq etdiyi bu adamların sevinci ona da sirayət etmişdi. Amma nə olduğunu hələ də anlamırdı.
Təşəkkür edib qapıdan çıxarkən oğlan kiçik bağlamanı ona uzadıb: Bilmirəm bununla günahımı yuya bilərəmmi? Amma sən böyüklük et, torpağında tikdiyim evin halallığını ver...deyib otaqdan çıxdı.
Qadın pəncərədən iki ildi yanından köks ötürərək keçdiyi yeni üslubda tikilən, üzü parka tərəf gözəl mənzərəsi açılan on səkkiz mərtəbəli binaya sevinclə baxırdı...






TƏQVİM / ARXİV