adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ELƏ SEVİNİRƏM

KAMALƏ ABİYEVA
63804 | 2014-07-19 01:20
HI-nı ara-sıra düşünürəm

Yay, yəni məzuniyyət vaxtı yaxınlaşanda Həmkarlar İttifaqı (Hİ) daha çox yadıma düşür. Bu ittifaq nə iş görür, hansı qanun pozuntusuna qarşı çıxır, nə vaxt məsələn, müəllimlərin maddi durumundan söhbət açıb, narazılıq edib, hansı işçinin əmək hüquqlarını qoruyub, evsizə mənzil almaqda, işsizə işlə təmin olunmaqda yardım edib? Desəm ki, bunların heç biri olmur yalan olar, çünki dəqiq bilmirəm.
Sadəcə düşünürəm bu haqda. Azərbaycan Respublikasının Həmkarlar ittifaqı haqqnda qanununa əsasən bu ittifaq İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə,Beynəlxalq Əmək Təşkilatlarının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq ayrı-ayrı Hİ-larının hüquqlarını, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və iqtisadi mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir. Əvvəllər, sovet dönəmində onun varlığı hiss olunurdu. Məsələn, tələbə-gənclər üçün pulsuz, ya da çox az məbləğə turgəzintilər olardı tətillərdə-qışda və yayda. Ömrümdən keçən "Tələbə dostluq" qatarıyla dəmiryolu olan bütün sovet respublikalarına səyahəti, maraqlı günləri həmişə xatırlayıram. Yayda isə tələbə düşərgələrinə göndərərdilər.
İndiki APU-nun - Pedaqoji institutun tələbələrinin çoxu rayon və kəndlərimizdəndi, yayda evlərinə gedərdilər, göndərişləri xahişlə, minnətlə tələbələrə verərdilər. Üstəlik yardımlar, konsertlərə, tamaşalara biletlər olurdu. İstənilən tədbiri Həmkarlar təşkilatının köməyi ilə keçirə bilərdin. Hələ məktəblərdə... Məktəblərdə bütün ehtiyacı olan ailələrin uşaqlarına geyimlər verilərdi. Hələ təyinatla müəllim işlədiyim dövrdə Həmkarlar təşkilatı əlində "putyovka"lar gəzirdi, elə o vaxtlar sosialist ölkələrinə Çexoslavakiya, Rumıniya, Bolqarıstana getdim. Pribaltika, Orta Asiya respublikalarına və s. Özümüzü demirəm heç - Pirşağı, Mərdəkan, Buzovna, nə deyim, sadəcə ərizə yazmaq, müraciət etmək kifayət idi. Ta ki... Ta ki, fəhlə-kəndli dövlətini yıxdıq, HƏMKARLAR təşkilatı da Həmkarlar İttifaqı oldu. İndi nə edək? Hara fırlansaq, ha çabalasaq, bir cavab var; ÖZÜN GÜNAHKARSAN. İndi adama deyərlər adi müəllimsən, ya yazı adamısan nə işin var orda-burda istirahətdə? Adicə bir otağı ən azı 50 manat olan, yadların deyil, özümüzkülərin - "doğmaların" aldıqları torpaqlarda tikdirdikləri istirahət mərkəzlərində sənin nə işin var? Hələ bunun yeməyi-filanı da var. Ən azı günə 100 azn lazımdı. Azacıq komfort istəsən, günü 200 azn. Bütün ili işləyirsən ki, məzuniyyətə çıxanda istirahət edəsən? Müəllim adamsan, ya jurnalistsən, ya elə fəhləsən, hər halda sadə vətəndaşsan sənə yaraşır elə... Amma fəhlələrə nə putyovkalar verilərdi- Bir bilsəz.
İstirahət bir yana qalsın. Oturarıq sovetdən qalma evimizdə. Qoy "yorulanlar" istirahət etsin. Təki xəstələnməyim, heç müalicəvi sanatoriyaya da ehtiyacım olmasın. Amma Həmkarların bir önəmli işi də vardı: 30 ildən çox əmək fəaliyyəti olanlara "Əmək veteranı" adı və xüsusi vəsiqələr vermək. O vaxtlar əmək veteranları nazir kimi danışırdılar. Elə bilirdim daha bu da ləğv olunub. Yenə günah özümüzdədi. Nə edək, Hİ həyatımızda gözəgörünməz olub, nəsə edə biləcəyi ağıla gəlmir. Əmək fəaliyyətim 30 ili ötüb. Mən də bu günlərdə xəbər tutub, ərizə verdim. Sağ olsun Yasamal rayon Hİ-mızın sədri Elçin Həmidov Bakı Şəhər BTİ-nə təqdim edib. Elə sevindim ki. İndi qalıb BTİ-nin TN-nə təqdim etməsi. Yəqin yenə sevinəcəm. Neynim, sovet tərbiyəsi, "Əmək veteranı" olmaq havası hələ başımda.
Sevinməyimin əsas səbəbi bu deyil. Əsas səbəb "Təhsil İstirahət Mərkəzi"di. "TİM" ötən il istifadəyə verilib. İllər öncə Nabrana ezamiyyət vərəqi-putyovka istəyəndə dedilər ki, "Dostluq"istirahət mərkəzinə var. Təsadüfən bir yaxın adamdan eşitdim ki, oranın vəziyyəti yaxşı deyil. Nəsə Nabrana "Orman"a getdim. "Dostluq"da yaxınlıqdaymış. Maraq üçün gedib baxdım. Kaş baxmayaydım! Özümə də, bütün müəllimlərə də yazığım gəldi... İllər öncə yazdım bu haqda mətbuatda, hətta desən, prezidentə də yazdım. Sonra eşitdim ki, müəllimlər üçün istirahət mərkəzi tikiləcək.
Sonra eşitdim ki, açılışı olub. Eşitdim və sevindim. Hətta özümü qəhrəman kimi də hiss etdim azca. Çünki bu məsələdən yazmışdım, narahat idim, müəllimliyi aşağılanmış hiss edirdim. Necə olsa böyük müəllim ordusu Hİ-nın üzvüdü. Bu il ərizə verdim Yasamal rayon Hİ-na "Təhsil İstirahət Mərkəzi"ndə dincəlmək üçün və müsbət cavab aldım.
Gəldim "Təhsil İstirahət Mərkəzi"nə. Sağ olsun direktor İlham müəllim də hörmətlə qarşıladı. İstirahət mərkəzinə isə söz ola bilməz. Otaqlar yaxşı, səliqəli, hər yer tərtəmiz. Meşənin içində sağlam bir məkan. Hotel tipli binayla bərabər koteclər də var. Xidmət əla. Yeməkxananın bir müdiri var Əli müəllim, yaşlı adamdı. Üzündə həmişə təbəssüm var, yaşlıları bəyənməyənlər bir görsələr. Tez-tez masalara yaxınlaşır, nə istədiyimizi, nədən narazı olduğumuzu soruşur. Bizim masaya Günay adlı bir gənc qız xidmət edir. Adam elə qızın üzünə baxanda dincəlir. Bir sözlə əsl istirahətdi.
Putyovka da Hİ-nın ödənişiylə, cəmi 15 faiz özümüz ödəyirik. Düzdür, müəyyən "əmma"lar da var, amma onlardan yazmıram, "mənə nə?" deyirəm, sonucda hamının əvəzinə niyə danışım ki? Yaxşısı "TİM"-dən deyim, soruşun burda səs-küy var? Burda təbiəti dinləyə bilirsən. Yoxsa bu "Malibu", "Atlant"-filan, səsdən qulaq tutulur. Yetəndən 10 manat alıb buraxırlar içəri.
Kənar adamlar üçün hovuz ödənişlidi. Onlar da 10 manat verib çıxmaq bilmirlər gecəyarısına qədər. Adı ailəvi istirahət mərkəzi olan yerdə qalmağa gələnlər səsdən, həşirdən otura bilmir. Elə bilməyin burda musiqi, əyləncə-filan yoxdu,var. Axşamlar diskoteka olur, mahnılar da elə nanay-zad deyil, onlar da səviyyəlidi. Diskoteka da vaxtla olur, günortalar sakitlikdi, axşamlar əyləncə. Yoxsa kimsə ədəbaz-ədəbaz 5-10 manata mənasız müsiqilər qoydurub hamının əsəbində oynamır. Heç kim inciməsin. Hər şeyin bir həddi var axı. Siz hələ burda dincələn müəllimləri görəsiz... Onların üzündəki özündənrazı, məsud ifadəni görüb xoşbəxt oluram neçə gündü. ELƏ SEVİNİRƏM Ki!
Məzuniyyətim başlar-başlamaz ağrılı xəbərlər oldu: Əvvəlcə çox sevdiyim şagirdim olmuş direktorum Şükufə müəlliməni itirdim, sonra əzizimiz Xanım İsmayılqızının oğlunun xəbəri. Çox ağrılıdı. Və İradə Tuncayın yazdığı kimi "alt-üst oldum". Düşündüm ki, kədər üzlüdü, təklif-filan gözləmir, həyasızca qapımızı təpiklə açır, həyatımıza soxulur.
Ona yardımçı olmağa gərək yoxdu. Sevincsə üzüyumşaqdı, abırlıdı, onu özün görməlisən, dəvət etməlisən, dəyər verməlisən. Yoxsa səssizcə çıxıb gedəcək. Bunu da özümüz etməliyik. Və bir də düşünürəm ki, yazını oxuyanlardan müəllimlərin adına sevinənlər olacaq. Burda Hümbət müəllimin, Səttar Mehbalıyevin adını çəkməsəm olmaz. Ona ayrıca müraciət etmək istədim.

AZƏRBAYCAN RESPUBLİKASI AZAD Hİ-NIN SƏDRİ SƏTTAR MEHBALIYEVƏ

Səttar müəllim! illər öncə şikayət, giley dolu müraciətimi bəlkə də xatırlamırsız. Ancaq mən müəllimlərə edilən istənilən haqsızlığı özümdən asılı olmadan ağrılı yaşayıram. İndiki istirahət mərkəzlərində müəllimlərin dincəlməsi az qala qeyri-mümkündür. Belə dönəmdə məhz təhsil işçiləri üçün istirahət mərkəzinin açılmasında əməyiniz var. Çox sağ olun. Məncə bu təkcə müəllimlərə deyil, dövlətimizə gərəkli bir işdi. Bahalı-bahalı istirahət mərkəzləri açan imkanlılarımız bu işdə Hİ-na yardımçı olsalar, ildə öz məkanlarından 10-15 yer ayırsalar necə gözəl olar. Bu işdə Hİ-na yardımçı olmaqla dövlətə - xalqa sevgilərini göstərərlər. Qiymətləri gün-gündən qaldırmaqla narazılıq yaratmaq əvəzinə insanlara sevinc yaşadarlar. Bundan gözəl heç nə yoxdu.
P.S. Yazını oxuyub da "niyə təşəkkür? borclarıdı" deyənlər olacaq. Bəlkə haqlıdılar. Amma unutmayaq ki, biz kapitalizm qururuq-kasıb və dövlətlilər yaşayan cəmiyyət, özü də könüllü. Və bu cəmiyyətdə haqqını almamaq adidi, quruluşun yaşam tərzidi. Ona görə haqqı vermək səlahiyyətli insanlardan asılıdı. Şikayət, narazılıq etmək haqqımızdısa, "sağ ol" deməyi bacarmaq da mədəniyyətdi.

ASTARA

Bu yay günlərində Astaraya gəldim. Azərbaycanımızın ən kasıb rayonlarından birinə. Buranın əhalisi həmişə kasıb olub, yəni aza qane olublar. "Bir parça çörəyi, başının üstə damı varsa, adam sakitcə yaşayır, şikayətlənmir. Amma bu zonada ən nadir, ən bahalı bitkilər yetişir: çay, mandarin, portağal, feyxoa. Hələ yerli düyünü demirəm, o qədər dadlıdı ki. Meyvə-tərəvəzi də var. Niyə buranın camaatı aza qane olur? Bəlkə sadəcə tənbəldirlər?

Kəmalə ABİYEVA

TƏQVİM / ARXİV