adalet.az header logo
  • Bakı 12°C

BİR CAN QİYMƏTİNƏ

VƏSİLƏ USUBOVA
30527 | 2014-06-28 03:18
Nə ola bilər, görəsən, bir candan, bir ömürdən qiymətli olan?!. Ağlınıza çox şeylər gəlir, eləmi?! Məsələn, Vətən, övlad, məslək, sevgili... Daha heç nə? Birdən bu dediyim sadəcə bir şərqi olsa?! Səhv duymadınız. Cəmi bircə şərqi. Bir oxumluq, bir nəfəslik, içdən gələn, səndən ötrü qiymətli olan hər şeyi özündə ehtiva edən, səsinlə-nəfəsinlə birgə canını da ağzından çıxaran bir şərqi. Elə bir şərqi ki, oxunanda aləmlər susar, zaman dayanar, bütün canlılar gözünü yumub, nəfəsini qısıb dinlər onu...
Hətta Aləmlərin Sahibi də dinlər bu şərqini...
Və bütün eşidənlər anlarlar ki, bu son şərqidi. Bitən kimi oxuyanın da canı ağzından çıxacaq. Ancaq son anacan oxuyacaq bu şərqini...
Oxumaya da bilməz! Bu onun qisməti, alın yazısıdı...
Özgə yerdə deyil, tikanlıqda oxunar bu nəğmə. Niyə məhz tikanlıqda? Eşitmişik, görmüşük ki, quşlar güllükdə, çəmənlikdə oxuyarlar. Bir gülün, bir çiçəyin, lap elə bir yarpağın eşqinə cəh-cəh vurar, dil-dil ötərlər. Bu talesiz quş nədən tikanlıqda ötər? Bəlkə güllü bağçalara, laləli çəmənlərə buraxmazlar onu? Bir nəğməlik ömür verib ona Uca Yaradan, özünü də ətirli güllərin, əlvan çiçəklərin qoynunda deyil, tikanlıqda oxumağa məhkum edib. "Zamanı gələndə ömrünün nəğməsini də burada oxuyub, burada da öləcəksən" əmrini verib...
Deməli, sən güllərin arasında uça bilməzsən, çiçəkləri qoxulayıb içinə çəkə bilməzsən. Heç gözlərinlə, qanadlarınla da oxşaya bilməzsən onları. Sən tikanlıq quşusan-tikanlıqda yaşayıb, orada da ölməlisən. Əvəzində son nəfəsində elə bir nəğmə deyəcək, elə ötəcəksən ki, bu səsdən dünyanın qulaqları hələ-hələ eşitməmiş olacaq. O anda dəyişəcək dünya-bütün günahlardan, pisliklərdən arınacaq, durulacaq. Ancaq təkcə bir anlığa. Sən oxuduğun sürəcə. Sənə də bu lazımdı. Oxuyacaqsan sevə-sevə, ürəyi ata-ata, can verə-verə... Gülümsəyəcəksən... Dünyanı gözəlləşdirdiyinə, saflaşdırdığına inanacaqsan... Elə biləcəksən, belə də qalacaq dünya. Rahat yumacaqsan gözünü, rahat verəcəksən son nəfəsini. Arxayın gedəcəksən. Hər şeyi yoluna qoydum, sevgiynən doldurdum dünyanı, deyəcəksən...
Ancaq... belə olmayacaq...
Səsin kəsilən, canın ağzından çıxan kimi dəyişəcək hər şey. Üzü dönəcək dünyanın-bozaracaq, soyuyacaq, sərtləşəcək. Pislər, pisliklər əvvəlki qaydaynan yerlərini tutacaqlar...
Sonra... təzə bir quş doğulacaq tikanlıqda. Qanadları bərkiyəcək, pərvazlanacaq. Yaşayacaq öz nəğməsinəcən...
Son nəğməsinəcən...

***

Sən gözəlsən... Gözlərin ayrıla bilmədiyi, ürəklərin arzuladığı gözəlliyə sahibsən. Sənə tuşlanan baxışlarda nələrin olduğunu bilməzsən hələ. Bu baxışlarda üzə çıxan da var, bu baxışların altında gizlənən də... Bunları ayırmaq sənlik deyil hələ. Sənin baxışlarında dünya başqa rəngdədi. Hamının görə bilmədiyi rəngdə...
İstədiyini seçə bilərsən...
Seçmisən də...
Ancaq alnına yazılan rəng sənin seçimin deyil. Onu da yaşayacaqsan...
Ömürlərin də rəngi olurmuş...
Taleyin rəngindən boyanırmış ömürlər...
Bir də... səninlə üz-üzə gəlməkdən qaçan, səndən gözlərini gizlədən də var, axı... Bir gün hiss etsən ki, ömrünün rəngini elə gizlədilən baxışlarda görürsən, bəs onda necə olsun?!
Sən hələ bacarmırsan baxışlarını gizlətməyi. Heç istəmirsən də. Heyranlıqla açılıb dünyanı süzür gözlərin. Bəs, o niyə gözdolusu baxmır sənə? İstəyir, ancaq baxa bilmir. Anlamırsan... çaşırsan... üzülürsən... səndən qaçanın dalınca düşüb ayrılmaq istəmirsən ondan. O, səndən böyükdü, ağıllıdı. Duyğularını da, baxışlarını da idarə eləməyi, səmtini dəyişməyi bacarır. Ölçülü-biçilidi hər addımı, hər sözü...
Deməli, qorxaqdı...
Sənsə hər şeyə hazırsan. O yaşındasan ki... Bu yaşında ətrafın səndən ötrü mövcud olmur. Bir ürəyinin istədiyi, bir də gözünün gördüyü olur varlığının sahibi...
Nə bölmək, nə bölüşdürmək istəmirsən...
O... səni canından çox istəsə də, sevgisinin şəriki var. O şərik... Yer üzünün adamı deyil, Tanrının özüdü...
Həm də, o, Tanrısını səndən çox sevir...
Hünər istər sevdiyinlə Tanrının arasında durmaq, duruş gətirmək...
Ömür boyu barışmayacaqsan bununla. Ömür boyu vuruşacaqsan həm onunla, həm də özünlə...
Vuruşa-vuruşa da son şərqinə doğru gedəcəksən. Ancaq hamıdan sonda oxuyacaqsan o şərqini.
Elə onun özündən də...
Kim qoyub bu dünyanın boynuna belə ədalətsiz bölgünü?! Bu başında bir kişinin 400 hərəmi ola bilər, o başında bir kişi sevdiyinin barmağından da tuta bilməz...
Kim qoyub bu qaydaları?! Öz günahkar əməllərini Tanrının adına yazmaq istəyənlər və bunu bacaranlar... Yaradan hamını sevmək və həyatı sürdürmək üçün Yer üzünə göndərir. Onun belə ucuz qurbanlara ehtiyacı yoxdu. İlk dəfə kimin ağlına gəlib bu sayıqlamalar?
Hər kimsə, kirli varlığından müqəddəs düzəltmək istəyən birisindən başqası deyil...
Yaşıq bəşər... Sənə zülmlər verməkdən ötrü nələr uydurulmur?! Elə məharətlə, incəliklə uydurulur ki, ən ağıllın da baş aça bilmir...

***
P.S. On iki-on üç yaşım olanda mən də bir şərqi oxumaq istədim. Qoymadılar. Səsimi boğazımda boğdular. Həmişəlik... O gündən bəri ürəyimdə bir dəfə də olsun şərqi doğulmadı...
Könül nəğməsi susdurulanlar bir də oxuya bilmirlər...
Hələ də şərqisiz bir ömür yaşamaqdayam...
Günahı kimin boynuna yazılacaq?!.

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV