adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SÜKANI BELƏ SAXLA...MA

FƏRİDƏ RƏHİMLİ
55763 | 2014-05-24 04:02
Hər gün əhalinin bəlkə də səksən faizi nəqliyyat vasitəsi kimi avtobuslardan istifadə edir. Əhaliyə bu xidməti daha da yaxşılaşdırmaq üçün son illər ölkəmizə iritutumlu avtobusların gətirilməsi, mikroavtobusların sıradan çıxmasına və bununla da istifadəçilərin rahat yolçuluğuna stimul vermiş oldu. Avtomatik idarəetməyə keçid, sərnişinlərin kimsəyə ehtiyac olmadan hara necə gedəcəyini dayanacaqlarda quraşdırılmış aparatların köməyi ilə müəyyən etməsi, ödəniş kartlarına mərhələli keçid və sair də inkişafın müyyən mənada irəliləyişindən xəbər versə də əsas amil unudulur.
Insanlarla - sərnişinlərlə davranış mədəniyyəti bizim sürücülərdə demək olar ki, yox dərəcəsindədir. Sükan arxasına keçən hər kəs özünü az qala cəmiyyətin idarə edəni sayır. Hamısı əsəbi, sanki psixi sorunları olanları sürücülüyə qəbul etmək şərt olub.
Məlum olduğu kimi, bir çox xarici ölkələrdə sərnişindaşımada işləyəcək sürücülər buna görə dörd il təhsil almalı və bir il də usta sürücülərin yanında təcrübə keçməlidirlər. Və bu təhsil müddətində onlar sərnişinlə rəftar qaydaları, sürücü mədəniyyəti, bəzi tibbi biliklər və sair haqda məlumatlandırılırlar. Bu çox təqdirəlayiq bir işdir və bunu hər səhər, axşam evdən işə, işdən evə gedərkən sürücülər tərəfindən əsəbləşdirilən sərnişinlər daha yaxşı anlayır.
Bizdə isə əksər vaxt orta məktəbi güclə sürünüb qurtaran, iş tapmayan, özünü ağır işlərə vermək istəməyənlər sürücülük etməyə məcbur olurlar. Son vaxtlar Dövlət Yol Polisi əməkdaşlarının reydlərinin nəticələri televiziya vasitəsiylə açıqlanarkən şahidi olduğumuz həqiqətlər bunu sübut edir. Hətta sürücülük vəsiqəsi olmadan da avtobus idarə edənlərin olduğunu gördük. Bu isə insanların həyatına dəyər verməməyin nəticəsidir. Ən əsas ağrılı olan odur ki, əksər sürücülərdə "sürücü mədəniyyəti"ndən söhbət belə gedə bilməz, amma sürücü mədəniyyətsizliyi ilə hər gün rastlaşırıq və bu bir sərnişin kimi məni də çox məyus edir. Hər gün əsəblərimizi güclə cilovlayaraq mənzil başına çatmamızı səbirsizliklə gözləyirik. Adi bir halmış kimi, Nəqliyyat Nazirliyi, onun tabeliyində olan Nəqliyyat Departamenti bu məsələyə cavabdeh qurumlar heç bir reaksiya vermirlər. Onların bu barədə bir şey eşitməmələri, bilməmələri mümkün deyil, çünki hər gün yüzlərcə narazılıqların şahidi oluruq. Bəzən avtobusların ön şüşəsinə bir nömrə yazaraq, "sürücü sürətli sürərsə...", həmin nömrəyə zəng vurmağı tövsiyə etməklə işlərini bitmiş hesab edirlər. Sürət qəzaların əsasını təşkil etsə də, bir avtobus dolu insanın əsəblərinin korlanmasının da nəzərə alınması vacibdir və bu deyəsən bizim "mentalitetdə" bəyənilən hal deyil.
Bəlkə kimlərsə şahidi olub, amma mən heç rastlaşmamışam ki, sürücü: zəhmət olmasa, bəli, buyurun, oldu, yaxşı yol... kimi sözlərdən istifadə etsin. Hər gün rastlaşdığımız sözlər yalnız tərbiyəsiz davranış, bayağı sözlər, kobud rəftar və sairdir. Düşəcəyi dayanacaqda avtobusun dayanmadığını görən qadının "Saxla!" deyə bağırmasına sürücünün ən yaxşı halda cavabı: Nədi aaz, erməni sərhəddini keçdik? - olur. Dayanmaq üçün xəbərdarlıq süqnalı toxunmaqla isə sanki sürücülərin sinir nöqtəsinə toxunursan. Siqnal basılarkən ayrı-ayrı avtobuslarda eyni reaksiyanı şahidi olmuşam: Onu söküb ataciyam. Diliniz yoxdu bəyəm??? Çox qəribə məntiqimiz var, siqnalı basma, dilinlə de. Yaxud, saxla deyərkən sürücünün sualına baxın: Düşürsüz?.. səhərlər işə gedərkən avtobusda iynə atsan yerə düşməz. Amma belə halda sürücünün "sıxlaşın da, orta bomboşdu", deməyi onsuz da sıxlıqdan əziyyət çəkən sərnişini bir az da əsəbləşdirir. Hətta avtobusu yolda saxlayıb, o qədər insanın müşayiəti ilə mübahisə etdiyi başqa sürücünün üstünə əlbəyaxa davaya gedənlər də olur... Məktəbliləri isə avtobusa götürməməklərinin səbəbi pul ala bilməyəcəkləri qorxusudur. Saatlarla yolda qalan məktəbli bu "əmilərdən" həyatın qara üzlərini öyrənirlər. Tıxac problemimiz hələ ki, həll olunana oxşamır. Tıxacın olması isə başqa bir problemin yaranmasına yol açır. Onlar üçün ayrılan interval vaxtında mənzil başına çatmaq sürücülərin ən vacib işləri olduğunu hər bir sərnişin artıq yaxşı anlayır. Çünki tıxac zamanı gecikən sürücünü arxadan gələn avtobusun sıxması və onların bir-biri ilə telefonda söyüşərək danışmağının hər gün şahidi oluruq. Bu da sərnişinləri avtobusa minib-düşərkən sürücünün tələsədirməsi nəticəsində müxtəlif qəzaların baş verməsinə səbəb olur. Amma sürücü heç vaxt özünü haqsız saymır: Evimə çörək pulu aparmalıyam, neyniyim? Aydındır ki, evdən işə tələsən hər kəs evinə çörək pulu aparmaq üçün çıxır. Buna görə kimisə şikəst eləmək heç kimin haqqı deyil. Dəfələrlə gözlərim qarşısında 119, 135, 29 nömrəli avtobusların (Onlardan gündəlik istifadə etdiyim üçün bu nömrələri yazdım. Güman etmirəm ki, başqa marşrutlarda vəziyyət əladı) sürücülərinin kobud rəftarını, sərnişinlərlə tərbiyəsiz danışıqlarının, yol hərəkəti qaydalarını pozmalarının şahidi olmuşam. Ən qorxuncu isə hər iki avtobusda rast gəldiyim, avtobusdan düşmək istəyən qadının enməsini gözləmədən hərəkətə keçməsi və qadınların təkər altından möcüzəylə xilas olması idi... Nəşriyyatın qarşısına az qalmış başı pul saymağa qarışmış sürücünün qarşıdakı avtomobilə çırpılmasının qarşısı güclə aldı.
Fikrimcə bu barədə əlaqədar təşkilatlar düşünməlidirlər. Sürücü mədəniyyəti öyrədən kurslar təşkil olunmalı, sürücülər həm tibbi, həm psixoloji testdən keçirilməlidirlər. Bəlkə də "Düzəlib hər yarağımız, qalıb saqqal darağımız" deyənlər də tapılacaq. Amma hərə öz sahəsində işini layiqincə yerinə yetirsə, böyük problemlərin həllinə kömək etmiş olar.
Bu, kiçik saydığımız problem həll olunarsa, sürücünün nalayiq hərəkətindən əsəbləşərək, o əsəbi auranı işə, yaxud evimizə daşımağa məcbur olmarıq. Bir yerində olmayan adam başqalarının əsəblərini yerindən oynatmamış olar. Yalnız bununla da bitmir, bir sürücünün səhlənkarlığı bir həyatın bitməsinə, bir ananın göz yaşlarına, bir ailənin başsız qalmasına, bir ömrün həbsdə keçməsinə, bir insanın ömür böyu şikəstliyinə və sair səbəb ola bilər...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV