adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

KİMDƏ VARSA PUL...

FƏRİDƏ RƏHİMLİ
60206 | 2014-05-17 02:42
Bütün pisliklərin bir açarı var - şərab, deyirlər. Şərabı istehsal edən, içən, içməyə sövq edən şeytanın vəsvəsəsinə uyanlar hesab olunub. Amma hər bir dövrdə ən böyük şeytan əməli nəfs hesab edilib və nəfsin ən ümdə nümunələrindən biri də puldur. Bəzən imanlı bildiyimiz adam, ən sadiq məmur, ən vəfalı dost, ən xeyirli övlad pul qarşısında aciz qalaraq yolundan çıxır, fikrini dəyişir, onun şirinliyinə aldanaraq ömrü boyu vicdanının verdiyi əzablara düçar olur...
"Pul əl çirkidir" atalar məsəli hərdən quruca cəfəngiyyatdan başqa bir şey hesab olunmur. Çox mətləblər onun vasitəsiylə həll oluna bilir, çox açılmaz qapılar onun gəlişiylə taybatay açılır, çox müşküllər sayəsində adiləşir... O, hər şey olmasa da, çox şeydir...
Bəzən çörəyi xatirinə, bəzən daha gözəl yaşayış istəyindən, şan-şöhrət hərisliyindən insanlar məddahlıq, yaltaqlıq, vicdansızlıq etməyə vadar olurlar ki, bunun da kökündə yenə pul amili dayanır. Və yaltaqlıq elə həddə çatır ki, boğazdan yuxarı təriflər, yarınmalar insanda ikrah hissi oyadır. Bu binəvalar elə düşünürlər ki, yerli-yersiz özündən yuxarı vəzifədəkini tərifləməklə, onları ürəkdən gəlməyən sözlərlə mədh eləməklə rəğbət qazanacaq, nəyəsə nail olacaqlar. Düzdü, onlar müəyyən vaxta qədər "tula payı"yla bəslənirlər, necə ki, ta qədimdən saraylarda təlxəklər, yaltaqlar, şilləvuranlar və sair saxlayıblar, amma bunu özləri üçün peşəyə çevrilən adamlar var ki, düşünürlər ki, bu xidmətləri hər zaman qiymətləndiriləcək. Bu hal mediada daha çox artıb son vaxtlar. Yazdığı cəfəngiyyatlarla, məddahlıqla dolu cızmaqara ilə kiminsə xoşuna gələcəyini düşünərək xəyalındakı mənsəbə çatmaq istəyənlərin sayı sürətlə artmaqdadır... Balzakın bu qiymətli kəlamı da bugünlə səsləşir: "Yalançılıq peşə elan edilməlidir artıq, o qədər ustası var ki..."
Yolumun üstündə tez-tez rastlaşdığım dilənçi Allahın adından istifadə edərək əzbərlədiyi ürək yumşaldan, alqışlı sözlərlə yoldan keçənləri ayaq saxlamağa vadar edirdi. Məni ona yaxınlaşmağa məcbur edənsə onunla üzbəüz beton üstə oturub güclü öskürəkdən nəfəs ala bilməyən, üz-gözü kir-pas içində, iki yaşı ancaq olan uşağı oldu. Uşaq tez-tez öskürür, az qalır ağ ciyəri öskürəkdən parçalansın, ana əhəmiyyət vermədən gəlib-gedənlərə yalvararaq pul yığmaqla məşğuldu. Ondan uşağına niyə əhəmiyyət vermədiyini soruşuram. Dərman almışam da... - deyir və uşağın əlinə indi diqqət yetirir ki, ac-susuz saatlarla burada oturan uşaq "biseptolun" yarısını yeyib...
Qəribə bir ürpənmə keçdi içimdən. Ən vəhşi heyvan da instinktlə də olsa balasını qoruma qabiliyyətinə malikdi. Pul qazanmaq üçün doğma balasını belə düşünməməsi insanın vəhşidən də vəhşi olduğununmu sübutudur?..
Əvvəllər insanları doğru yola dəvət etmək iqtidarında olan tək-tək şəriət nümayəndələri olardı ki, Həcc ziyarətinə getməyə layiq bilinərdilər və onlar xalqın inandığı, güvəndiyi, məsləhət aldığı adamlar idi. Son zamanlar isə içərisində imanı deyil, imkanı daha çox olanların, Həccə, Kərbəlaya, Məşhədə ziyarətə getmə yarışmasına qoşulanların sayı-hesabı yoxdu. Hacı, Kərbəlayı, Məşədi "titulu" ilə dönsələr də, onların iman məsələlərində heç bir dəyişiklik müşahidə olunmur...
Keçən il Xırdalanda yataqxanada yaşayan qaçqın və məcburi köçkünlərin bir şikayəti haqda yazmışdım. Məsələ belə idi, avtomobil yolu ilə yataqxana arasında olan dörd-beş metrlik məsafədə tikinti işləri başladı. Torpağı talanmış, var-dövləti yağmalanmış, yurd-yuvası dağılmış şakinlər yuvasına çöp uzadılmış arıya döndülər. Şikayət etmədikləri yer qalmadı. Aydın oldu ki, bu iki yataqxana qarşısında bir metr də işıq düşməyə yer qoymadan silsilə tikintini başladan adam hacıdır. Və onun da əli normalda hacıların əllərinin olduğu Allahın deyil, yuxarı təşkilatların ətəyindədir.
Beləcə, hacı camaatı toplayıb nə dedisə, camaat sevinə-sevinə evlərinə dağılışdı. Yəqin hacının onlara nə dediyi sizə də maraqlıdı? Hə, hacı deyib ki, burda tikilən altı-yeddi obyektdən hər birinə iyirmi-otuz işçi lazım olacaq və o işçilər siz olacaqsınız. Qaldı ki, tikilinin sizin pəncərənizi tutub havanı buraxmamasına, mən hacı adamam, halallıq istəmək üçün hər birinizə 400 ABŞ dolları verəcəm. Onsuz da güllü gülüstan torpaqlarını itirmiş adamlar iş yeri və oturduqları yerdə dörd yüz dollar qazanmaq hesabına havadan da imtina etdilər...
Əsas iş də bundan sonra başladı: Obyektlər tikildi, amma işçilər kənardan gətirilən "müasir tip"li oğlan və qızlar oldu. Ən əsası isə, sıra ilə düzülmüş kafelərin, barların, çay evi adı altında "Hacı" pivəsindən başqa hacı adına heç bir dəxli olmayan daha nələrin birbaşa yataqxanaya dirənmiş kiçik "fortuçkaları" ndan (nəfəslik deyə bilmirəm çünki nəfəs alacaq yeri yox idi -F.R) gecə saat ikiyə qədər gələn dava-dalaş, söyüş, musiqi, sərxoş adamların nalayiq ifadələri sakinlərin hüzurunu pozmağa başladı. Pulunu alıb hacıdan şikayət etməyi özünə sığışdırmayan sakinlər nəyə ürcah olduqlarını indi anlamağa başlayıblar. Və evində qızının, xanımının kafedən gələn, evinin içindəymiş kimi aydınca eşidilən söyüşləri, nalayiq danışıqları eşitməməsi üçün bir azca hava gələn pəncərəsini bağlamağa, televizorun səsini yüksəltməyə məcburdular...
Onlardan bir az aralıda tikilən şadlıq evi isə tullantıları ilə deyəsən təbiəti qoruma missiyasını öhdələrinə götürüblər. Yəni, it-pişiyin, ağcaqanadın, milçəyin qidalanma ərazisinə çevrilmiş bu zibilxanada "sakinlər"in qarşıdan gələn istilərdə daha da artacağı qaçılmazdır.
Bəli, bütün bura qədər söylədiklərimin hamısının məğzində pul dayanır. Bəlkə elə natural təsərrüfat üsulu ən əlverişlisi imiş insanlar üçün, sənə lazım olanı al, ona gərək olanı ver - dəyişmə üsuluyla yaşa. Pula daloy! Bəlkə insanlar insanlıqdan, din adamları imandan çıxmasınlar deyə pulu çıxaraq həyatımızdan?..

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV