adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ŞUŞA DƏRDİMİZ...

FƏRİDƏ RƏHİMLİ
30075 | 2014-05-09 04:22
Kalendardakı günlər - milli bayramlar, peşə bayramları, matəmlər - bir sözlə qara və qırmızı rəngin ifadə etdiyi fərqli günlər bir-birini əvəz etdikcə təsəvvürümdə bir insanın, gülüb qurtarmamış ağlamağa başlaması, yaxud da ağladığı yerdə qəflətən şaqqanaq çəkib gülməsi səhnəsi yaranır. Bunu adətən yas yerinə gedən qadınların simasında daha dəqiq ifadə etmək olar. Deyib-gülərək bir neçə qadın yas evinə yaxınlaşır və ... yas sahibinin qarşısında elə şivən qoparıb saçlarını yolub, üzünü cırır ki, məətəl qalmaya bilmirsən. 8 martı, 20-21 martı bayram edirik, 31 martda isə sifətimizdəki sevinc ifadəsi dəyişib hüznlü görkəm alırıq. Və bundan sonra, bir yazarın söylədiyi kimi, müəyyəm vaxta qədər "palatkalar yığışdırılır" . İlboyu çaloynasın, vur-çatlasınla restoranlarda, şadlıq evlərində (xalq olaraq) günümüzü keçirib, Xocalı faciəsinin ildönümündə bir hüzn kampaniyası başlayır ki, sanki il ərzində 26 fevraldan başqa gün Xocalını yada salmaq icazəmiz yoxdu. Həmin gün "çaşıb" mahnı oxuyan müğənni, toy edən şadlıq evləri, xaricdə görüşlərə gedən nümayəndə o qədər qınanılır ki, az qala vətən xaini adlandırılır. Əlbəttə, onları qınamaq olar, amma qınanmayanlar nə iş görürlər ki, Şuşanın, Xocalının, Qaradağlının ... yarasını sarımaq üçün?
Ən qarmaqarışıq bayram-matəm günümüz isə bildiyiniz kimi, may ayına düşüb. Ayın səkkizində Şuşa deyib mələyən millət doqquzunda heç nə olmamış kimi faşizm üzərindəki qələbəsini qeyd eləməyə gedir. Onunda isə Gül Bayramının sevinci ilə yaşayır. Yəni, faciəmizin göz yaşlarını, qələbə sevincinin yaşları, sonra isə fəxrlə qeyd etdiyimiz Gül bayramının ürəyimizi riqqətə gətirən qürur göz yaşları... Atalarımızın məsəli bu ay daha çox öz əksini tapır: "Xeyirlə şər əkizdi". Bu, əkizlərin bu qədər mehribanlıqla yola getməsi bir az qəribə gəlir adama. Bir türk arkadaşım tez-tez bayramları qeyd etdiyimizi və bununla əlaqədar uzun tətil günləri yapdığımızı biləndə həsəd hissiylə mənə söylədi ki, nə gözəl sizdə bu qədər bayramlar, istirahət günləri var. Hər dəfəsində də yeddi gün, bəzən on gün evdə tətil yapırsınız. Amma təəsübkeşliyim yol vermir ki, deyəm, burda bir atalar məsəli də yerinə düşür: "Aclıq olsun, kef olsun". O, evdə pulsuz qalınan günlərin əzabdan başqa bir xeyri yoxdur. Bütün həftəni şənbəni, bütün ayı bayramı, bütün ili yayı, bütün həyatımız boyu XOŞBƏXTLİYİ gözləyirik.
Bəlkə də Gül bayramı da lazımdı, məhsul bayramı da, başqa bayramlar da, amma tam səmimi olaraq deyim ki, Şuşa alınmayınca bu bayramlar bizə halal olmayacaq!
Şuşa - dərdimizin ən dərini, Şuşa - qeyrətimizin, qürurumuzun tapdandığı yer, Şuşa - musiqimizin, keçmişimizin, eyni zamanda gələcəyimizin mələr qaldığı yurd, Şuşa - "qırmızı qofta, yaşıl tuman"larımızın təhqir olunduğu məkan, Şuşa - alınmaz dediyimiz alınmış qalamız, Şuşa - əsl Xarıbülbülün bitdiyi yeganə bölgə, onu dərə bilmək üçün, bu dözdüklərimizi, səbrimizi lənətləyib düşməni məhv etməliyik, düşmən özü təhvil verməyəcək bu incini bizə...
Şair Fikrət Məmmədlinin bu günlə səsləşən bir şeiriylə fikrimi tamamlamaq istəyirəm:

Şuşa dərdimi

Dünya gah quru şum, gah bar verən lək
Gah iblisə dönər, gah olar mələk,
Çıxarıb nə vaxtdır bu zalım fələk,
Ən əziz qonaq tək başa dərdimi.

Gərək göz dikincə yad verən paya,
Ya torpaq olaydıq, ya daş, ya qaya,
Ötürrəm hələ ki, bahardan yaya,
Payızdan boranlı qışa dərdimi.

Sal daşlar bir anda şum olar, vallah,
Torpağa çevrilər, qum olar, vallah,
Əriyər tökülər, mum olar, vallah,
Söyləsəm qayaya, daşa dərdimi.

Alışan sinəmdən qoy axsın Araz,
Daşıb sellər-sular, hər gələndə yaz,
Deyirəm bəlkə də ovutdu bir az,
Təbrizli, Göyçəli qoşa dərdimi.

Var Qarabağ adlı bir intizarım,
Nə vaxt o yerlərə düşər güzarım?
Dəfn etsəz, mənimlə yanar məzarım,
Laçın möhnətimlə Şuşa dərdimi...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV