adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MƏNƏMLİK

FƏRİDƏ RƏHİMLİ
37479 | 2014-04-26 07:11
Sevgi, qayğı, diqqət, mehriban münasibət sağaldıcı təsirə malikdir. Çünki insanın içindəki bütün xəstəliklər sevginin əskikliyindən qaynaqlanır.
MƏN sözündən yaranan hər kəlmənin ifadə etdiyi məna həmişə təkəbbür qaynağıdır - mənəmlik, mənfəət, mənafe, mənsəb mənsubiyyət, mən deyən olmalıdı... və sair. Hər mən deyəndə "məni" mən edəni də düşünmək mənliyimizi günah yüklərindən azad edə bilən amillərdəndir. Mənəmliyin ən böyük nümayişi təkəbbürlü davranışdır. Özünə vurğun, imkanına, gözəlliyinə, sağlamlığına güvənib özünü hər şeyə qadir hesab edən, yalnız öz mənafeyini düşünüb, savab, yardımlaşma, paylaşmaq kimi, insanın içini rahatladan əməllərdən uzaq qalan insanın, nə qədər aciz olduğundan xəbərin belə yoxdu...
Bir təbəssümü belə sədəqə, savab buyuran İslam Peyğəmbəri təkəbbürü insanın ən böyük günahlarından sayıb: "Kafir olmağın bir yolu da təkəbbürdür. Harda olursan ol, Allahdan həya et!"- deyir.
Bəzən hirslə, əsəblə, problemlərin yükü ilə qanıqara yol getdiyin halda biri, təbəssümlü çöhrə ilə salam verib, səndən nəsə soruşanda əhvalın o dəqiqə dəyişir. Bir anlıq da olsa problemini unutduran o gülər üzü bir müddət xatırlayırsan. Yaxud da səhər-səhər eşitdiyin bir xoş kəlmə əhvalının yaxşıya doğru dəyişməsinə səbəb ola bilir. Yəni, bu qədər sadə, məsrəfsiz bir savabı etmək, bir təbəssümə ehtiyacı olanın əhvalını bu qədər cüzi "zəhmətlə" ödəmək nədən bir çox insanlara ağır gəlir?!. İqor Krutoyun "Peçalnıy angel"ini yəqin ki, seyr edən, dinləyən çox adam var...
Bəzən hansısa vəzifəni tutmuş adamların özlərini ciddi aparmaqla, onunla ətrafın, işçilərinin arasındakı "sərhədi"n keçilməməsi üçün olduğu aydın məsələdir, amma bu ciddiliyin təkəbbür, saymazlıq, yuxarıdan aşağı baxmaq, hörmətsizlik həddinə çatması nəinki ətrafı, elə onun özü üçün də çətindir.
Tibb sahəsində fəaliyyət göstərən bir qonşum işlədiyi xəstəxananın baş həkimi haqda əlacsızca, ümidsizliklə söylədiklərini dinləyərkən insanın bir addım qabağı düşünmədən dünya malına, dünya rahatlığına, ləzzətinə nə qədər düşkün olduğuna təəssüf etməkdən başqa çarən qalmır. Onun söylədiyinə görə rəhbər xanım kollektivdəki nə yaşlı, nə gənc işçilərə fərq qoymadan xəstəxanaya veriləcək dərman preparatlarını istədiyi səmtə yönəldərək, onsuz da az maaşla dolanan işçilərin həmin israfı ödəməsini tələb edir. Başqa hər cür qanunsuzluqlara da qol qoyan harınlamış xanımdan şikayət ərizəsi yazan işçilərin qarşılaşdığı hadisə isə onları əməlli-başlı şoka salıb. Kollektivin şikayət ərizəsini öz "yöntəmləri" ilə həll edən rəhbər xanım iclas yığaraq hədə-qorxusunu daha da saymazyana, həyasızlıqla ifadə edib: Ay binəvalar (müraciətinin ən yumuşaq forması), bir görün kiminlə kəllə-kəlləyə gəlirsiniz də. Heç olmasa, soyadıma baxın...
Xanım bir şeyi unudur ki, heç nə əbədi deyil, bir tək yaxşılıqdan savayı... İşi, vəzifəsi, təhsili bir xəstəyə şəfa vermək üçün olan xanım yüzlərin xəstə ruhla işləməsinə səbəb olduğunun fərqində də deyil. Onun təhsilində, yaşamında, bu mənsəbə çatmasında, təkəbbürlü davranışında önəmi payı olan soyadın da bir gün sonu gələcəyini düşünməyəcək qədər cahil ola bilir insan. Həzrət Əli (əleyhissalam): "Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir", "Təkəbbürdən çəkin, çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır", "Təkəbbür ən çirkin xüsusiyyətdir".
Təkəbbür ən çirkin xüsusiyyət, günahların ən böyüyü, eyiblərin ən pisi olduğu halda insanların ona bu qədər meyilliyi həqiqətən İblis xislətinin təzahürüdür.
İmam Sadiq (ə) buyurur: "Təkəbbür Şeytana Allahın əmrinə itaət edib, Adəmə səcdə etmək icazəsini vermədi". Və qazancı Cəhənnəm oldu...
Marşrutda hərdən rastlaşdığım iki tələbə qız var. Biri yaraşıqlı, gözəl bədən quruluşuna malik, ətrafına saymazyana nəzər salaraq özündən razı şəkildə avtobusa minir, boş yer olan kimi əyləşir, ona yer verənlərə sağ ol belə demir. Digəri ortaboylu qaraşın qız isə səmimi təbəssümü, çəkingən hərəkətləriylə, nəzakətli davranışı ilə seçilir. Onun xəstə, hamilə, yaşlılara yer verərək dəfələrlə ayaqüstə getdiyini görürəm. İkincidəki mənəvi zənginliyi özünü gözəl hesab edən birincidə tapa bilməzsən. Çünki onun mənəviyyatını içindəki şeytan təkəbbürü soraraq yox edib...
Kimsəyə lağ eləməyin, kimsənin qəlbini qırmayın, kimsəyə ləqəb qoşmayın, kimsəyə çirkin deməyin, kimsənin qeybətini etməyin, çünki əslində kimin haqlı, kimin gözəl, kimin çirkin olduğunu yaradan daha gözəl bilir.
İndi bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, əgər Quranın buyurduqlarına əməl olunsa, heç kəs nahaq yerdən kiminsə qəlbini sındırmaz, təkəbbürə, özündənrazılığa ehtiyac qalmaz.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV