adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İSTEDAD SEÇİMİ, YOXSA...

FƏRİDƏ RƏHİMLİ
61904 | 2014-04-19 06:36
Dünyanın bir çox ölkələrində televiziyaları izləmə rekorduna görə ön cərgələrə çıxaran əyləncəli, intellektual, musiqili verilişləri var ki, onları nəinki öz ölkələrində, hətta başqa ölkə tamaşaçıları da izləyərək məmnun qalırlar. Bunlardan ən çox yayılanı musiqi müsabiqələridir. Əvvəlcə hansı ölkədə yarandığını bilmədiyim (internet saytlarda Amerika, Rusiya, Ukrayna, Türkiyə televiziyalarında çoxunu izləmişəm)bu proyektlər bir çox ölkələrdə həm oxşar, həm fərqli cəhətləri ilə o ölkə televiziyaçılarının "süzgəcindən" keçərək özününküləşdirilir və tamaşaçı zövqünü oxşamağa malik olur. Bu müsabiqənin keçirildiyi ölkənin səsi ("O ses Türkiye", Ukraynanın səsi və sair) adlandırılan bu tədbir həqiqətən ədalətli, peşəkar şəkildə qiymətləndirilir və ortaya çıxarılan səsin, istedadın tanınması üçün böyük işlər görülür və bunlar milli, irqi, dini ayrı-seçkiliyiə yol verilmədən edilir. Bu yaxınlarda həmyerlimiz Vaqif Nağıyevin Ukrayna səs müsabiqəsindəki qələbəsi buna gözəl sübutdu.
Lakin məni məyus edən fikirlərdən biri də bu sayaq müsabiqələrin bizdə hələ də formalaşma probleminin olmasıdır. Hər il yüzlərlə tələbə incəsənət, mədəniyyət, kino sahəsindəki univerisitetlərdə təhsil alsalar da, bu yöndə uğurdan danışmaq, müvəffəqiyyətdən söz açmaq yersizdi. Kənardan alınmış poyektlər elə gülünc, əttökən şəkildə tamaşaçıya sırınır ki, istər-istəməz kanalı dəyişməyə məcbur olursan. Əslində istedad yalnız diplomla əldə olunan bir şey deyil. Bildiyim qədəriylə Türkiyə tv-lərinin əksəriyyətində izləmə rekordu qıran "Survivor", "O səs Türkiyə", "Yetənək sizsiniz Türkiyə" kimi verilişlərinin təşkilatcısı Acun Ilıcalının ali təhsili yoxdur. Amma bu verilişləri seyr edərkən jürinin ədalətli qərarı, ortaya çıxarılan səsdən aldığın zövq, zaldakı tamaşaçı mədəniyyətindən məmnun qalmaq izləyənləri vaxtın nə zaman bitdiyindən xəbərsiz edir. Bu əyləncəli verilişə sərf elədiyin vaxtı nəinki itmiş hesab etmirsən, hətta bitməsinə təəsüflənirsən.
İnidyə qədər kənardan televiziyalarımıza gətirilmiş proyektlərin heç biri hələ ki, uğur qazana bilməyib. Sanki qeyri-peşəkar, istedadsız bir aktyorun oyunudu, tamaşaçını zalı yarımçıq tərk etməyə vadar edən mənasız bir tamaşa...
Bunun bir çox səbəbləri olduğu ortadadır. Məsələn, o yarışa tanınmış imkanlı birinin övladı qoşulubsa, jüriyə təxminən ən mülayim şəkildə bu mövzuda zəng gələ bilər: Mənim də qızım yarışa qoşulub. Ədalətli qərar verəcəyinizə inanıram.
Heç nə... nə təhdid, nə hədə-qorxu(?!.)
Ən əsas problemsə elə jürinin tərkibi məsələsidir ki, bütün səbəblər də burdan qaynaqlanır. Əvvəldə sadaladığım ölkələrin jüriləri öz istedadı, sənəti, uzun illər fəaliyyəti ilə tamaşaçının sevimlisinə çevrilmiş, sayqısını, hörmətini qazanmış insanlardır. Bu adamlara görə tamaşaçı verilişin yaxşı nəticələr verəcəyinə inanır, seçimlərinə də hörmətlə yanaşır. "O ses Türkiye"nin Azərbaycan variantının tv-lərimizdə yayınlanacağı xəbərini eşidəndə nədənsə (nədən?) əttökən bir işin ortaya çıxacağını düşündüm. Jüri elan olunanda isə buna tamamilə əmin oldum. (Eşitdiyimə görə istedadı, sənəti ilə kifayət qədər izləyici, dinləyici sevgisi qazanmış Sevda Ələkbərzadə və Teymur Əmrahın münsiflər heyətinin üzvü olmasına etiraz edilib. Musiqimizə gözəl bələd olan, seçimlərinə tamaşaçının inana biləcəyi bu insanların nədən kənarlaşdırıldığı müəmma da deyil əslində).
Görünür, bu verilişdə də məqsəd istedad seçmək yox, şou yaratmaqdır. Odur ki, münsifləri də şou nümayəndələrindən seçilməsi təbiidi. Şou əhli şou yarada bilər, Azərbaycanın səsini tapa bilməz!
İstənilən məqsədi ilk addımdan düşünmək lazımdı. Onsuz da kənardan gələn proyektlərin heç biri bizim televiziyalarda müvəffəqiyyət qazana bilmir. İstedadsız aparıcı da nə qədər əlləşsə də bir şey ortaya çıxara bilmir, əzbərçiliklə tamaşaçı qarşısına çıxmaq mümkün deyil. Aktyorun, aparıcının daxili potensialı, improvizəsi olmasa, verilişin axarı yeknəsəklikdən pozula bilər. "Yetənək sizsiniz"in türklər demiş, çakması bizdə çox mənasız bir halda ortaya çıxdı, "Ben bilmem, eşim bilir"in "Məni yarımdan soruş" variantı ortalıqda "can çəkir". İndi də "Azərbaycanın səsi".
Bu yarışa qoşulanların problemi isə bir başqadır. Qazancın, məşhurluğun, rahat həyata yolun şoudan başladığını görən gənclər belə səviyyəsiz verilişlərə axın etməyə başlayıblar. Amma istedadı olub, parası olmayan hər kəsin də oraya baş vurması müşkül məsələdir. Çünki müsabiqəyə qoşulmaq istəyən tanış bir gəncin 600 manatım olsaydı qoşulacaqdım deməsi, məni burada həm də başqa maraqların olduğuna əmin etdi...
Belə maraqların olduğu və şou əhlinin lahiyə gerçəkləşdirdiyi halda təbii ki, Azərbaycanın səsini bu "şounun" təşkilatçılarından başqa heç kimsə eşitməyəcək. Yaxşı ki, bu sahədə, Azərbaycanın səsi dünyada muğamın, sazın simasında eşidilir.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV