adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MARKETDƏ MÜHARİBƏ LÖVHƏLƏRİ

FƏRİDƏ RƏHİMLİ
69370 | 2014-03-15 09:52
Tez-tez bir marketdən alış-veriş edirəm. İlk dəfə oraya ayaq basanda maraq, təəccüb bürümüşdü məni. Bu mağaza başqa mağazalardan fərqlənirdi. Ancaq satılan malları ilə deyil, mağazanın görkəmi, aurası, dizaynı ilə. İçəri girərkən tankların, topların, təyyarələrin, avtomatların arasında, özünü müharibə olan ölkənin vətəndaşı kimi hiss edirsən. Çalışan bütün işçilər hərbi geyimlərdədirlər. Divarlarda Milli Qəhrəmanların şəkilləri asılıb...
Bu market sahibi keçmiş döyüşçümü olub, yoxsa hərblə qətiyyən əlaqəsi olmayan adamdı, sadəcə bu xidmətiylə müharibənin bitmədiyini, hələ davam etdiyini, ancaq gündəlik qayğısını düşünərək ərzaq alan vətəndaşlara cəbhə zonasında əziyyət çəkənlərin, soyuqda, şaxtada səngərdə olanların, müharibənin zədələrindən hələ də qurtulmamış adamların da varlığını xatırladaraq vətənə borcunu bu sayaq ödəmək istəyibmi, bilmirəm. Amma çox maraqlı bir dizayn fikirləşib. Bütün gün işində-gücündə, bir parça çörəyinin arxasınca qaçan adamlar, heç olmasa axşam evə dönərkən çörək, ərzaq almaq üçün bu marketə girəndə torpağın düşmən tapdağı altında olduğunu, vətənin bölünmüş olduğunu bir neçə dəqiqəlik də olsa, yada salırlar. Mağazaya girən uşaq istər-istəməz oradakı mənzərə ilə maraqlanır, milli qəhrəmanlarımızı tanıyır, əsgər geyimli oğlanları, qızları gördükcə hərbi vəziyyətə maraqları artır, vətənin azadlığı uğrunda can qoyan igidlərin olduğunu nağıllarda deyil, real həyatda görmüş olurlar. Oraya ayaq basan, facebookdan bir anlıq ayrılmış gənclərin internet oyunlarından fərqli olaraq, əsl döyüşçüləri tanımaq imkanları olur... Türkiyədə istehsal olunmuş, üzərində Milli Qəhrəman Mübariz İbrahimovun, İbad Hüseynovun şəkilləri olan köynəklərin satışı da nəzərimdən qaçmadı. Gənclərin buna maraqla baxmaları, satıcıların bu köynəklərdə rəsmi olanlar haqda həvəslə məlumat vermələri də sevindirici idi. Çünki biz uşaqların dünya şöhrətli futbolçuların, oyun, film qəhrəmanlarının şəkli olan köynəkləri sevdiklərinin şahidi olmuşduq.
Maraqlıdır ki, yalnız orada işləyən inzibatçılar və xadimələr hərbi geyimdə deyillər. Bu da onu göstərir ki, layihə rəhbərləri əsgərə, onun geyiminə böyük sevgi ilə yanaşırlar. İlk baxışdan bu, adi görünsə də, arxasında böyük mənalar dayandığı aydın görünür. O mağaza sahibi bəlkə də keçmiş döyüşçüdür, yurd fədaisidir. İyirmi illik atəşkəsdən sonra döyüş əzmi qırılaraq bu yolla öz vətən borcunu bu şəkildə davam etdirmək istəyir...
Bu market haqda bircə yazıya rast gəldim, o da tənqidi yazı idi. Həm də bu, hadisənin əsl məğzini öyrənmədən yanlış informasiya ilə tələsik yazılmış, faktlara söykənməyən jurnalist səhlənkarlığı idi.
Bu yazdığım bəlkə də çoxlarına adi görünə bilər. Bu mağaza barədə fikirlərimi bəyənməyənlər oldu, niyə yazılmalıdır ki - ticarətlə məşğuldu, özüyçün pul qazanır, deyənlər oldu. Amma müharibəni uduzmuş bir ölkənin müğənnilərə, şou aləminə, qondarma toylar krallarına, kraliçalarına, nömrə 1-lərə, nömrəsizlərə, popstarlara, gecə starlarına, primadonnalara, şahlara, əjdahalara, quşlara, qızılsəslərə, qızılbaşlara bu qədər meydan verildiyi bir zamanda, "artistlərin" qarderobu xalqa nümayişkaranə şəkildə göstərilir, "Köndələn", "Qarabağ", "Həkəri", "Şuşa", "Xan qızı", "Xan bağı", "Zəngəzur"və.s, o cümlədən satılmış, itirilmiş yeddi rayonun adını xatırladan restoranlar, şadlıq evləri, gecə klubları, barlar nədən məmnuniyyətlə nümayiş etdirilir, reklamları gündəmdən düşmür, amma bu mağaza haqda söhbət düşəndə pul qazandıqları önə çəkilir?
Belə münasibətlərə dözməyən mərhum şairimiz Vahid Əlifoğlu yazırdı:

Bura Şuşadı, Şuşadı
Dağları baş-başadı
Bu çadırda şuşalının
Çadırı qoşadı, qoşadı.

Bura Ağdamdı, Ağdamdı
Qara buluddan ağ damdı
Beyləqanın yarsı Füzuli
Bərdənun yarsı Ağdamdı.

Bura Laçındı, Laçındı
Gülü Laçındı, Laçındı
Çadıra gələn gözəlin
Eli Laçındı, Laçındı.

Bura Kəlbəcərdi, Kəlbəcərdi
Duzu, dadı Kəlbəcərdi
Bakıda yüz çayxananın
Ünvanı, adı Kəlbəcərdi.

Bura Qarabağdı, Qarabağdı
Tərtərdən bəri Qarabağdı
İndi Qarabağdan başqa
Dünyanın hər yeri Qarabağdı.

Təəssüf ki, bizdə yaxşıya yaxşı deyə bilməmək problemi var. Bu, bəlkə də çox kiçik bir iş kimi görünə bilər. Amma o insan bunu ürəkdən istəyib və edib. Hər kəs torpaqların azad olmasını istəyir, amma hamı bunu kiminsə edəcəyini gözləyir. Hərəmiz o mağaza sahibi kimi bir addım atsaq, o zaman mənəvi dünyamızda, hadisələrə baxışımızda, hətta öz evimizin içində nə qədər dəyişikliklər baş verdiyini aydınca hiss edəcəyik. Bu bizim özümüzə dönüşümüz, bizim itirilmiş torpaq sevgimizin qayıdışı üçün təmənnasız, əmrsiz, reklamsız, sadəcə ürəyimizin səs ilə edilmiş ən böyük bir addım olar.

P.S. Yazıda Biləcəri dairəsinin yaxınlığındakı "Army" mağazası nəzərdə tutulub. Bu yazı reklam xarakteri daşımır, sahibinin kimliyini həqiqətən bilmirəm, sadəcə onun atdığı addımı bəyənirəm və bu, sadəcə bir vətəndaş yanaşmasıdır.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV