adalet.az header logo
  • Bakı 12°C

Biz uzun yaşadıq

FƏRİDƏ RƏHİMLİ
76339 | 2014-03-01 00:44
Həyatda təsadüflərin olduğunu eşitmişik. Amma mənim qənaətimə görə, heç nə təsadüfi olmur. Nəyinsə yeni başlanğıcı, bir başqa nəyinsə sonluğudu.
Onların ikisini də həyatda görmüşəm, oxumuşam, hətta onlarla söhbət də etmişəm. Hərəsi fərqli bölgələrdən olan, ixtisasları, yaşları, taleləri az qala yerlə göy qədər bir-birindən uzaq olan, amma ürəkləri, duyğuları bir-birini tamamlayan, anlayan bu iki şəxsin dostluğu da təsadüf deyildi. Xüsusən yaşamaları, yazmaları üçün...
Onlardan biri dünyadan daha erkən köç etdi. Vahid Əlifoğlunu deyirəm. Doğulduğum bölgənin böyük söz adamlarından olan Vahid müəllim özü boyda bir ürəyin sahibi idi. Söhbətləri də, yazıları da, hətta telefonda dediyi bir kəlmə belə, onun özünə oxşayırdı, sadə, səmimi, bir az da köntöy. Bu adam ürəyini yazıya, yazını ürəyinə elə hopdururdu ki, o yazıdan ayrıla bilmirdin. Sənə elə gəlirdi ki, sən yazı oxumursan, Vahid müəllimlə söhbət edirdsən. Çünki, həyatda gördüyüm, tanıdığım Vahid müəllim heç bir sözündə, cümləsində gerçək olmayan, özünün dediyi kim, əndirəbadi heç nəyi yazmayıb. Nəyi yaşayıbsa, nəyin şahidi olubsa, güclü müşahidə qabiliyyəti ilə öz baməzəliyini, yumorunu, düşüncələrini ona qataraq kağıza köçürüb. Mən də bir oxucu kimi Vahid müəllimi oxuduqca təkcə gerçəkliyə inanmamışam, həm də daxilən rahatlanmışam. Bax, səmimi və sadə olan bu həqiqət mənə yazının bəhs etdiyi mövzunu həmsöhbət edib, məni özünə tamaşaçı seçib. Həm oxumuşam, həm görmüşəm, həm də eşitmişəm Vahid Əlifoğlu qələminin gücünü.
On-on beş gün öncə Vahid müəllimin özündən sonra işıq ücü görən "Görənlərdən xahiş olunur ki..." kitabını bir də oxudum. Əslində, mən o kitabı əlyazma şəklində oxumuşdum. Bəllidir ki, əlyazmadan fərqli olaraq kitab daha canlı, daha diri olur. Onunla danışmaq, söhbətləşmək adama fərqli bir ləzzət verir. Bu kitabı oxuyanda Vahid müəllimin dostlarıyla olan yazışmaları da, onlara ünvanladığı misraları da təkrar gördüm.
İndi bu yazını yazarkən təəssüflə düşünürəm. Vahid Əlifoğlunun Tofiq Abdinə, Tofiq müəllimin də Vahid Əlifoğluna necə böyük dəyər verdiyindən, bir-birinə olan böyük ehtiramından xəbərdar idim. Təəssüflənirəm ki, indi Vahid müəllim kimi, Tofiq müəllim haqda da keçmiş zamanda yazmalı oldum...
Tofiq müəllimi mən daha çox "Ədalət" qəzetində tanıdım. Ancaq Vahid Əlifoğluyla olan yazışmaları və onun Vahid müəllimin vəfatından olan üzüntüsü, dost itkisinin necə ağır, ağrılı olduğunun hələ də yazıb yoza bilmədiyim bir tərəfini yaşatdı, bir daha anlatdı. V.Əlifoğlunun son, vəfatından sonra çap olunmuş kitabının çap olunması xəbərinə onun necə sevindiyini də sözlə ifadə etmək mümkün deyil. Təəssüf ki, biz kitabı ona çatdıra bilmədik. O kitab haqda internet saytda oxumuşdu. Kitabı görmək və haqqında yazmaq istəyirdi... elə o təəssüf hissləri içərisində mən o kitabı bir də vərəqləyirəm və Tofiq Abdinin gözü ilə baxmağa cəhd edərək bu misralara nə reaksiya verə biləcəyini düşünürəm:

Yurdda izimiz qalmadı,
Yolların tozun yaşadıq.
Dərddə gözümüz qalmadı,
Sevincin azın yaşadıq.

Canım canından əl çəkər
Kim bu canı cana bükər?
Yemədik davasız tikə,
Dağıdıb duzun, yaşadıq...

Nədi gələn daşdan sonra,
Bu, qanadsız quşdan sonra...
Yaz deyilmiş qışdan sonra,
Əridib buzun, yaşadıq...

Səfər çətin, əmr qısa
Baxt dediyin demir qısa...
Yaman gün çox, ömür qısa
Vallah, biz uzun yaşadıq...

Əslində, bu, heç də son deyil. Çünki uzun yaşamağın sirrini özləri ilə aparanlar, yəni nizamilər, füzulilər, səməd vurğunlar, müşfiqlər, hüseyn cavidlər, məmməd arazlar, bəxtiyar vahabzadələr, əli kərimlər... həmçinin mənim, itkilərini kədərli notlarla qəbul etdiyim Vahid Əlifoğlu və Tofiq Abdin bu dünyanı da yaxşı tanıdılar, bu dünyanın adamlarını da və bizləri də... Sadəcə, biz onları cismən itirəndən sonra yenidən və daha yaxşı tanımağa başlayırıq. Bəlkə uzun ömrün bir sirri də elə budur...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV