adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ACI XATİRƏLƏR

FƏRİDƏ RƏHİMLİ
68665 | 2014-01-18 07:19
Müharibə hələ davam edirdi. Fəlakətlər, dağıntılar, itkilər, yurd-yuvanı tərk etmə məcburiyyəti insanların üzündəki gülüşü dərin bir hüzünlə əvəz etmişdi. Ölkədə xaos baş alıb gedirdi. Nizamsız "ordu quruculuğu" hər yerdə tuthatutla davam edirdi. Bir neçə mülki paltarlı "hərbi işçilər" küçədə, yolda qarşılarına çıxan oğlanları məcburi maşına basıb orduya aparırdılar. Heç bir hərbi anlayışı olmayan bu binəvalar ya ilk fürsətdə ordan qaçır, ya da təsrübəsizlikdən düşmən gülləsinə tuş gəlirdilər. Hər gün ölüm xəbərləri gəlirdi. Çadırlarda məskunlaşan insanların əksəriyətinin əyinlərindəki qara geyimləri hüzünlü görkəmlərini bir az da qabardırdı...
Tez-tez uşaqları da götürüb çadır şəhərciyinə, qayınatasıgilə qonaq gedirdi. Oğullarının ölümündən sonra nəvələrinin o ağrını bir az xəfiflədəcəyini düşünürək gəlin onları sevindirmək istəyirdi. Şəhərdəki rahatlığını ağır çadır şəraitinə dəyişməyə hazır idi, təki onların bir az üzləri gülsün.
Amma hər dəfəsində sanki səbəbini anlamadığı bir narazılıq oxuyurdu sifətlərdən. Sonuncu dəfə qayınanasının, xətrinə dəyməsin deyə qəbul etdiyi "yardım payını" yol çantasına qoyarkən, onun "yardımları da azaldıblar, get-gedə dolanmaq çətinləşir" sözlərini eşidəndə ağlına gələnə görə özünü qınadı. Ola bilməz, onlar buraya bu niyyətlə gəlmədiyimi bilirlər - düşündü. Lazım deyil, hər şeyimiz var, şükür Allaha! - desə də, qayınanası köhnə əski parçalarının arasına tökərək bükdüyü çayı, qəndi, düyünü və qarğıdalı yağını çantaya qoydu. İçində etiraz etsə də, onun qəlbinə dəymək istəmədi.
İsti yay günü idi. Gün axşama doğru gedirdi. Qayınatası çadırın kölgə düşən hissəsində oturub siqaret çəkirdi. Qadın ona yaxınlaşdı: Ay kişi, uşaqlar, sabah tezdən getmək istəyirlər. Kişi sifətindəki boz ifadə ilə halını da pozmadan: getsinlər də, neyniyim, oğlum getdikdən sonra onları neynirəm ki... deyərək çadırdan uzaqlaşdı.
Qulaqlarına inanmadı. Demək o yanılmışdı, bu gəliş heç də buradakıların ürəyincə deyilmiş. Demək bu aylar ərzində onun buraya gəlişinin ərzaq aparmaq məqsədi olduğunu zənn etmişdilər. Bir anlıq nə edəcəyini kəsdirə bilmədi. Əsəbdən, peşmançılıqdan bütün bədəni əsirdi. Başındakı qıjıltı səsləri, nəfəsinin təngiməsi, ürəyinin sıxılması get-gedə artırdı. Tez bir zamanda burdan uzaqlaşmaq istəyirdi. Çadırın ortasında dayanaraq düşünməyə başladı. Bakıya bu vaxt marşrut olmazdı. Anasıgil isə burdan iyirmi kilometr uzaqda məcburi köçkün kimi yerləşmişdilər. Qaçqınlıq dövrünə qədər buralara yolu düşmədiyindən bu yerlərə nabələd idi. Amma artıq burada qala bilməzdi. Qayınanasının çantaya qoyduğu ərzaqları yavaşca yerə boşaldıb, çadırdakı yeganə çarpayının altına itələdi. Uşaqları geyindirməyə başladı. Qadın içəri girəndə onlar yola çıxmağa hazır idilər. O, gəlinin hər şeyi eşitdiyini anladı və bu gedişə etiraz edə bilmədi. Bircə kəlmə: heç olmasa gözləyin, kişi gəlib maşınla aparsın - desə də, gəlinin bunu etməyəcəyini onun sifətindəki ifadədən anladı. Çıxarkən baldızı arxasınca qaçdı. Ağlaya-ağlaya sabahadək qalmasını xahiş etsə də, xeyri olmadı. Bu an Bakıyadək də piyada getməyə hazırdı, nəinki istənmədiyi, qüruru qırıldığı evdə qalmaq. Sonuncu avtobusa çatanadək baldızı hey nəsə danışırdı, ancaq o, eşidəcək halda deyildi...
Avtobus rayon mərkəzinə çatdı. Düşərək vağzalda ətrafa nəzər saldı. Yaxınlıqdakı kişidən getmək istədiyi ünvana hansı avtobusun gedəcəyini soruşdu. Kişi bu saatdan sonra oralara avtobus işləmir dedikdə, lap ümidi qırıldı. Mənzil başına hələ on beş-on altı kilometr yol qalırdı. Ətrafda bir taksi də gözə dəymirdi. Piyada yola düşməyi qərara aldı. Geriyə baxmaq belə istəmirdi. Uşaqların əlindən tutub yola düzəldi...
Başqa vaxt isti yay günlərində tez sərin düşməsini arzulasa da indi ən böyük arzusu günün daha gec batması idi. Günəşsə öz bildiyində idi, artıq yarısı dağların arxasında gizlənmişdi. Bir azdan hava qaralacaqdı. Yolsa uzandıqca uzanırdı...
Neçə kəndi piyada getmişdilər. Uzaqdan itlərin hürməsindən başqa nə bir səs gəlir, nə də bir insan görünürdü. Uşaqlar artıq yorulmuşdular. Dil-dil ötən kiçik qız yorğunluqdan susmuşdu. Kənddən çıxandan danışmayan beş yaşlı oğlusa sanki burda yeganə kişi olduğunu anlayıb təmkin göstərirdi. Yolda hərdənbir bir-iki avtomobil görünür, yenə ətrafa sakitlik və qaranlıq çökürdü. Mədain xərabəliklərini xatırladan buralarda vəhşi heyvanların da olması gözlənilən idi. O indi balalarını qorumağa hazır olan dişi aslan kimi idi. Uzaqdan çaqqalmı, tülkümü səsiydi, anlamadığı tükürpədici bir səs duydu. Uşaqlar həyəcanla "ana,bu nədir!" deyə soruşdular. Ana məcburən gülümsünərək nağıllardakı heyvanlardan söz salaraq onların başını qatmaq istədi. - Qarşımıza çıxsaydılar, daha yaxşı olardı, görərdiniz necə maraqlıdılar - dedi. Bakıya gedəndə yoldaşlarınıza danışarsınız, nağıllardakı yerlərdə olduğunuzu. Axı Bakıda belə yerlər, heyvanlar görə bilməzsiniz! Danışdıqca istər-istəməz əli çantasındakı uşaqlara meyvə soymaq üçün götürdüyü cib bıçağına doğru getdi...
Hər tərəf qaranlığa bürünmüşdü. Uzaqdan kənd evlərinin öləziyən zəif işıqları közərirdi. İsti göz yaşları yanağına axdıqca özünü qınayır, yaxşı niyyətinin bu cür yozulmasından olmazın xəcalət hiss edir, uşaqları bu əziyyətə, təhlükəyə saldığı üçün özünü bağışlaya bilmirdi. Uşaqlar yorulmasaydılar, sabahadək də yol getməyə hazır idi. Ağlına gələn yeganə çıxış yolu, məcbur olsa, kənddəki ilk qapını döyərək bir gecə qalmalarını xahiş etmək idi. Buna isə utanırdı. Soruşsalar, nə deyəcəkdi onlara? Qapını açan necə insan olacaqdı, gecə vaxtı iki körpə ilə tanımadığı yola çıxmasını nə ilə izah edəcəkdi? Doğrusunu söyləyə bilməzdi təbii ki. Bu, qaçqın düşmüş bir elin adı idi...
Nə qədər yol getdiklərini bilmirdi.Əsəbi hələ də keçməmişdi. Bu duruma düşdüyünü heç cür qəbul edə bilmirdi. Bu zaman yanlarında bir yük maşını dayandı. Sürücü: - Ay bacı, hara gedirsiniz? - soruşması onu bir az da əsəbləşdirdi. Cavab vermədi. Sürücü qadının onu yanlış anladığını görüb, əlavə etdi: - Bir-iki saat bundan əvvəl mən əks tərəfə gedirdim, sizi yolda gördüm. Bu uşaqlar yazıq deyilmi, o qədər yolu payi-piyada aparırsan? Gəlin, əyləşin, mən apararam. Sevinsinmi, imtina etsinmi bilmədi. Qüruru qırılmış qadın başqa çıxış yolu olmadığını görüb razılaşdı. Oğlunu sürücünün yanında oturtdu, sonra qızını və özü də axırda maşına mindi. Sürücü hansı kəndə getdiklərini, nədən bu qədər gecəyə qaldıqlarını soruşandan sonra bir müddət susdu. Qadının: qayınatam gətirirdi... yolda maşın xarab oldu... biz də sabah təcili Bakıya çıxmalıyıq...anamı görməmiş getmək istəmədim. Uşaqlar dönüb anasının üzünə təəccüblə baxıb susdular. Ananın sifəti pörtmüş, tər basmışdı. Deyilən ünvana az qalırdı. Sürücüdən qaçqınların məskunlaşdığı "Fin şəhərciyi"nə girməməsini, kənarda bir yerdə saxlamasını xahiş etdi. Sürücü dediyi yerdə maşını saxladı. Qadın düşərkən oğlunun oturduğu yerə xəlvətcə pul qoyaraq düşmək istəyəndə sürücü incik səslə: bacı, mən pula görə etmədim bunu. O uşaqları yolda qoyub gəlməyə vicdanım yol verməzdi. Sən qürurlu bir qadınsan, anladım. Amma izn ver mən də bir savab qazanım - deyə pulu oğlunun cibinə basdı. Qapını örtərkən: İncimə, qayınata məsələsinə heç inanmadım... deyib, maşını işə saldı.
Anasına, qayınatası ilə gələrkən maşının xarab olduğunu və onları taksi ilə yola saldığını dedi. Anası qudasına alqış edə-edə nəvələrini qucaqladı.
İllər sonra nəvəsini qucağına alarkən bütün bunları xatırlayıb, o üzücü anları yenidən yaşadı. Bu körpəni o cür çətinliyə ata bilərdimi? Nəvəsini bağrına basdı: Əsla!
Və bir də dəqiq əmin oldu ki, "övlad insanı düşmən qapısına da aparar" məsəli nə qədər doğru imiş...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV