adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İSİNİŞMƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
37427 | 2013-12-21 00:07
Dilimizdə bir söz var, bu söz çox mənaları özündə əks etdirir. Amma mən onun bir mənasından yapışacam, daha doğrusu, onu təqdim edəcəm. Çünki son günlər həmin o məna məni daha çox özünə çəkir və elə mənim də ona ehtiyacım daha çox artıb.
Öncə sözün özündən başlayıram. Deməli, bu, "isinmək" sözüdü. Amma bu sözün çalarları çoxdur. Yəni isinmək, isindirmək, isinişmək və sairə. Bax, indi mənim isinməyə, isindirməyə yox, isinişməyə daxili bir ehtiyacım var. O elə bir ehtiyacdır ki, onu maddiyyatla almaq mümkün deyil... ona hökm etmək də mümkün deyil. Sadəcə, bunun dilini tapmaq, onun ürəyinin qapısını döymək, pəncərəsini, bacasını açmaq lazımdır. Yalnız bu yolla həmin o isinişməyə isinişmək olar... Təbii ki, "olar" da burada tam qəti hökm deyil. Bunun da içində bir şübhə yeri, bir mücərrədlik, bir ümidsizlik var. Olsun...
Bəli, həyat boyu çarpışır, vuruşur, oddan-közdən keçib hansısa məqsədə doğru yol gedirik. Bu yolda qolumuzdan tutan da olur, qolumiuzu burub badalaq atan da... lap elə biz özümüz də kiminsə yoluna çıxırıq, kiməsə problem yaradırıq. Və bütün bunlar da bir həyat gerçəkliyidir. Əgər insan bütün məqamlarda yalnız arzulandığı, ehtiyac duyduğu yerdə olsaydı nə vardı ki, onda elə cənnət, cəhənnəm adlanan dünyaların cənnətini burda görmüş olardıq. Təəssüf ki, biz həmişə arzulanan və olmaq istədiyimiz yerdə ola bilmirik... heç olmalı olduğumuz yerdə də bəzən heç dayana bilmirik... Bütün bunlara da bir həyat qanunauyğunluğu, bir alın yazısı, bir qədər kimi baxır, qiymət verir və ən yaxşı halda bir köks ötürməklə, bir "ah" çəkməklə unutmağa çalışırıq. Əgər bacarsaq?..
Hər şeyi bacarmaq bəlkə də qəhrəmanlıqdı, bəlkə də qəhrəmanlığın yarısıdı... bəlkə də heç nədi... Hökm verə bilmirəm. Amma hərdən hər şeyi bacaranlara bir az maraqla, bir az təəccüblə, bir az da elə-belə desək, həsədlə baxıram. Bu yerdə yadıma orta məktəbin zoologiya dərsliyi düşür. Həmin vaxtlar indiki kimi yadımdadı. Müəllimimiz bizə suda-quruda yaşayan canlılardan danışırdı və biz də ona bir az maraqla, bir az da qınaq hissi ilə baxırdık. Çünki kənd uşaqları idik. Görürdük ki, qurbağalar suda da yaşayır, quruda da. Və bizə qəribə gəlirdi ki, hamının bildiyini niyə kitaba salıblar, burda qeyri-adi nə var ki? Bunu bizə müəllimimiz tədris edir, öyrədir... Amma sonra gördüm ki, yanılmışam. Sən demə...
Burda bir zarafat da edim:
- Dalğıcları tanıyırsınız da. Yəqin dərhal gözünüzün qarşısına gəldi. Axı dalğıclar da bəzən saatlarla suyun altında qalırlar. Nəyisə axtarırlar, nəyisə öyrənirlər, nəyisə tapırlar... və sonra da bütün bunlar böyük-böyük elmi əsərlərə, bilgilərə çevrilir. Bax, biz orta məktəbdə oxuyanda sinfimizin dəcəl uşaqlarından biri yerdən əlini qaldırmadan müəllimimizə dedi ki, müəllim, onda belə çıxır ki, dalğıclar da suda-quruda yaşayanlara aiddi?..
Təbii ki, bu sual sinifə bir gülüş gətirdi. Müəllimimiz halını pozmadan həmin uşağa:
- Yox, mən elə bilirdim ki, sənin dünyadan bir az anlayışın var. Amma indi görüb inandım ki, sən nə suda yaşayansan, nə də quruda yaşayan...Təbii ki, buna da güldük...
Bəli, mən yazımın əvvəlində bəlli bir sözü xüsusi vurğulamışdım. Yenə qayıdıram həmin sözə. Mənim anlamıma, inamıma görə, dünyada vərdişlə öyrəşməklə yanaşı, isinişmək də insan həyatında müəyyən bir yer tutur. Biz insanlar isinişdiyimiz hər nədisə, istər ev-eşik olsun, istər yurd-yuva olsun, istər kollektiv olsun, ondan ayrılmağa çox çətinlik çəkirik. Mən əvvəl elə bilirdim ki, vərdiş, öyrəşmək, bizə bunu problem edir, ona görə ayrıla bilmirik. Amma sonra dərindən çək-çevir edəndən sonra gördüm ki, sən demə, məsələnin mayasında isinişmək dayanırmış. Yəni biz bir-birimizin odunda, bir-birimizin nəfəsində isinirik. O istilik, o hərarət qanımıza-canımıza hopur. Hətta ruhumuzu da diri saxlayır. Ona görə də isinişdiyimiz hər şey, hər kəs bizim üçün doğmalaşıb və bu doğmalıq da ayrılığın addım səslərini hiss edəndə üzülür, sarsıntı keçirir, təlaş keçirir. Çox təəssüf ki, biz bunu gec dərk edirik, gec anlayırıq və bəzən də bu gecikmə o qədər yubanır ki, biz artıq heç nə edə bilmirik. Bax, onda günahlarımızın boy sırası bir az da böyüyür...
Hərdən isinişdiklərimin nə vaxtsa məndən uzaq düşəcəyinə və yaxud da mənim onlardan ayrı düşəcəyimi ağlımın ucundan keçirəndə özümə yer tapa bilmirəm. Ən çox da bu işdə günahkar olduğum bəlli olanda daha çox sıxılıram. Hətta onda durduğum, dayandığım məqama da, yerə də isinişə bilmirəm və günahlarımın qarşısında susub sual işarəsi görkəmi almaqdan başqa heç nəyə gücüm çatmır. Bir şeirimdə yazdığım kimi:

etiraf etməliyəm-
bacarsan
bağışla sən...
məndən
çox şey umurdun
şipşirin
xəyallar qururdun
odur ki
etdiyim günahlara
özün də bilə-bilə
çox vaxt
göz yumurdun...
amma...
təəssüf ki
umduqların olmadı
xəyalında
qurduqların da...
uçub dağıldı
bircə göz yumduqların
oldu
özü də lap çox
sürətlə artıb çoxaldı-
günahlarım-
pərpətöyün toxumu kimi,
bağışla...

***
Hərdən dost-tanışlar mənə eyham vururlar. Həftəsonu yazılarımda əllaməçilik etdiyimi, filosofluq iddiasında olduğumu him-cimlə də, dolayı sözlərlə də çatdırmaq istəyirlər. Amma inanın ki, mən bütün bunlardan uzağam. Harda dayanamağı, yerimin hara olduğunu bilirəm və heç vaxt da unutmuram...
Doğrudur, bəzən yazı-pozu, söz adamı olmaq müəyyən məsələlərə münasibəti dilə gətirməyə səbəb olur. Yəni, loru dildə desəm, adamı qıdıqlayır ki, sən də dillənib hanısısa məsələ ilə bağlı hansısa bir fikri söyləyəsən. Hökm deyil ki, dediyin, söylədiyin dahiyanə bir tapıntı olsun. Yox, əsas odur ki, sənin sözün olsun, sənin dilindən çıxsın...
Bax, bu mənada mən də hərdənbir çalışıb yerinə, məqamına uyğun böyük Səməd Vurğun demiş: "uydururam". Yəni "az-az uydururam yeri gələndə". İndi necə alınır, qəlibə düşür-düşmür onu deyə bilmərəm. Bir də ki, hər oxuyan Molla Pənah olmadığı kimi, hər deyilən söz də təbii ki, qeyri-adi ola bilməz. Söz o vaxt qeyri-adi olur ki, o yerində deyilir, ünvanına tuşlanır və bir də sözü deyən o sözün arxasında durmaq iqtidarında olur. Çox təəssüf ki, indi söz deyənlər çoxalıb, sözün kölgəsində dolananlar artıb, amma arxasında duranlar barmaqla sayılır... Bu da bir həyat həqiqətidir... bunu da mən kəşf edib deməmişəm...
İndi isinişdiyim, gözümün, könlümün hər vaxt axtardığı doğma bir insanın özümdən iynə boyu uzaq düşmüş görəndə çox pis hallar keçirirəm... Saatlarla, bəzən günlərlə bu uzaqlığı aradan qaldırmaq və onun kökünə gedib çıxmaq, səbəbini qazıb ortaya qoymaq istəyirəm. Amma görürəm ki, mənim isnişdiyim mənə qarşı həmin o münasibəti ifadə etmir, göstərmir və mən də təkbaşına ilğımla döyüşə atılıram. İndi özünüz təsəvvür edin bu döyüşü və onun qəhrəmanını!..
Yəqin ki, çöhrənizə bir gülüş qondu. Bax, elə o gülüşdən yapışıb mən də həmin o isinişdiyim ünvana yazdığım şeiri sizlərə pıçıldayıram.

Sən -
səsimdə güldün
sən-
sözümdə güldün
sən-
gözümdə güldün-
səsimdə
sözümdə
gözümdə
saxladım səni!..

Sən -
səsimi öldürdün
sən -
sözümü öldürdün
sən -
gözümü öldürdün
səsimdə
sözümdə
gözümdə
ağladım səni!..

Sən -
səsimin ağ işığı
sən -
sözümün ağ işığı
sən -
gözün ağ işığı
səsimə
sözümə
gözümə
ağ aldım səni...

***
Bəli, bugünlər qarşılaşdığım bir çox məqamlar oldu ki, mən onların demək olar ki, hamısına nişangah oldum. Elə bir nişangah ki, atılan hər bir ox ancaq ürəyimdən keçib gedirdi... Əvvəl özümü qınadım, sonra nişangah olmağımı, daha sonra isə həmin oxları atanları. Lakin birinci ikisi ilə dil tapa bildim. Yəni özümlə, nişangah olmağımla anlaşdım, amma oxatanlarla yox! Çünki onların bəlli məqsədləri var və mən də onları həmin məqsəddən, həmin fikirdən daşındırmaq iqtidarında deyiləm. Ona görə də sadəcə susub öz ağrılarımı öz canımla birlikdə çəkirəm... heç kimi həmin o ağrıların əhatə dairəsinə yaxın buraxmıram.
Yeri gəlmişkən... Bu barədə çox yazmışam. Təkrar olsa da yenə xatırladım. Mən ağrılara, dərdlərə çox isinişmişəm. Ona görə də bir-birimizdən ayrı düşmürük. Ağrı olan yerdə mən oluram, mən olan yerdə təbii ki, ağrı...
Hə, bax elə isinişdiyim hər kəs məndən üz çevirəndə, mənə laqeydlik göstərəndə, mənim ruhumu alt-üst edəndə istər-istəməz aşıq Ələsgər demiş, sınıb, qol-qanadım yanıma düşür. Bax, sınıq qol-qanadla neyləmək olar?.. Mən də belə məqamda ancaq könlümü sözə verirəm, özümü kağız-qələmə tabe edirəm, azadlığım sözün əlində, kağızın, qələmin əhatə dairəsində misralanır, şeirə çevrilir. Bu gün də belədi, yəqin ki, sabah da belə olacaq. Ona görə də...

Hərdən özüm özümün
Cavabımı verirəm
Haqsız olduğum yeri
Gendən baxıb görürəm...

Etirafın yaxası
Heç vaxt çıxmır əlimdən...
Fikirlər söyləyəndə
Dişim sıxmır dilimdən!..

Düşündüyüm, duyduğum
Sözə çevrilir hər an
Özümü söz yolunda
Taran edirəm, taran!..

Hə, bütün hallarda hər kəsə ürəyinin diktəsinə qulaq asmaq, ürəyinin istəyi ilə isinişmək və ürəyinin istəyi yolnda tarana hazır olmağı arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV