adalet.az header logo
  • Bakı 16°C

BAĞ BAĞBANDAN KÜSƏNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
86237 | 2013-08-31 00:53
İstənilən bir yazının mütləq söykənən bir dayaq yeri olur. Yəni nə qədər söz bolluğunda çapalasan da, sözləri ələkdən, xəlbirdən keçirsən də, ən son halda əlindən-ətəyindən tutduğun söz sənə nə qədər doğma gəlirsə, bir o qədər də sanki əvvəldən tanıdığın, qarşılaşdığın söz olur. Çünki dünyada elə bir söz yoxdur ki, onu bütövlükdə insan işlətməmiş olsun. Şərt o deyil ki, bütün sözləri mən bilim və yazım. Burda ikinci bir şərt də var. O da, bilib və yazdığım sözlərdən başqa kiminsə bilib və yazdığı sözlərdi. Və nəhayət kimdənsə eşitdiyim sözlərdi...
Bəli, yazımın birinci hissəsində söylədiyim həmin o söykənəcək, dayaq nöqtəsi məsələsi indi özü-özlüyündə artıq ortaya çıxır. Təbii ki, diqqətli oxucu artıq nə demək istədiyimi anlayır. Bir az da dəqiq ifadə etsəm, hətta bəziləri ola bilsin ki, sovet dönəmində, xüsusilə 80-ci illərdə sevə-sevə oxuduğumuz bir povesti də xatırlayır. O povestin adı "Unuda bilmirəm" idi. Bundan başqa "Unuda bilmirəm" adlı bir tamaşa da var idi və biz həmin tamaşanın da yaratdığı auranı öz içimizdə rahatca qoruyub saxlayır, hətta ondan yaxşı mənada dərs də alırdıq. Görünür, onda dünyanın rəngləri tamam fərqli olduğundan bizlər də daha çox hisslərə, duyğulara, insani dəyərlərə, əbədi olan sevgiyə könül verirdik. Təəssüf ki, bu gün həmin o dəyərlər də, həmin o əbədi olanlar da elektronikanın, xüsusilə internetin umuduna qalıb. Nə isə...
Bir vaxtlar adamların unutqanlığından, laqeydliyindən bir növ gözüyumulu, elə hamıya qoşularaq mən də gileylənir, hətta bəzən ifrata varıb bir acı söz də söyləyirdim. Çünki mənim aləmimdə unutqanlıq dünyanın ən ağır qəbahətlərindən, günahlarından biri idi. Lakin...
Ən böyük müəllim həyat, ən böyük məktəb də elə həyatın özüdü. Bu mənada gördüklərim, şahidi olduqlarım, xüsusilə nəfəs-nəfəsə dayandığım insanların hərəkətlərində sezdiklərim məni düşünməyə, necə deyərlər, gözlərimi ovuşdurub hər şeyə təzədən baxmağa məcbur etdi. Və baxıb görüdüm ki, bu dünyada, sən demə, ən böyük xoşbəxtlik elə Unudulmaq imiş!.. Yəqin təəccübləndiniz. Ola bilsin hətta içinizdən mənə qarşı hansısa bir qınaq da, sərt ifadələr də gəlib keçdi. Bunlar təbiidi, anlaşılandı, lap elə belə də olmalıdı. Ancaq...

Öldürülən ruhumu
Ağacdan asılı gördüm
O ruhun başı üstə
Bir gözü yaşlı gördüm -
Tanıdım...

Baxır kirpikdəki yaş
Buz kimi - əl üşüdür!
Dinmir, amma bilir ki
Ruhum onu eşidir: -
Tanıdım!

Nəm dəsmalı astaca
Sürüşür barmağından
Məhəbbət heykəlini
Eləcə durmağından -
Tanıdım!

***
Dünyanın ən böyük xoşbəxtliyi unudulmaq imiş. Neçə gündü ürəyimdə özünə rahatca bir yer tapmış, fikirlərimin alt-üst olmuş mərtəbələrində gəzib-dolaşan unudulmaq xoşbəxtliyini özümlə üz-üzə otuzdururam. İki dost kimi, iki tanış kimi söhbət edirik və onu məcbur etdiyim bu söhbətdə mən heç də kimlərisə aşağılamaq, kimlərinsə qəlbinə dəymək fikrində deyiləm. Çünki bütün dünya unudulmağın əleyhinədir, unudulmağı günah sayır, unudulmağı hətta faciəyə, bədbəxtliyə bərabər tutur. Amma mən isə...
Bəli, mənə görə unudulmaq xoşbəxtlikdir. Çünki haqqımı tapdalayan, yerimə su calayan, çörəyinin qədrini bilməyən, insanlığını dərk etməyən dırnaqarası dostun, tanışın, yaxının-uzağın, sevgisi üçün təşnə olduğun gözəlin, lap elə səninlə bir candan, bir qandan olanın səni unutması məgər bədbəxtlik sayıla bilər? Məgər bu faciədir? Axı hər şeydə təmənna umub, hər şeydə səndən korpü kimi, vasitə kimi, pilləkən kimi, hətta pul kisəsi kimi istifadə edən birisi səni unudursa, burda kim itirir? Bu itkidə kim daha çox əziyyət çəkir? Və nəhayət, bu itki hansı yaraya duz səpir, sağalmağa qoymur?
Hə, elə bu sualların hər birinin cavabında unudulmağın necə xoşbəxtlik olduğunu mən kifayət qədər görürüəm, hiss edirəm. Gözlərimin qarşısında bir sonsuzluq, bir düzəngah açılır. Bu sonsuzluq da, bu düzəngah da mənə o qədər böyük rahatlıq bəxş edir ki, həmin o unudulmaq xoşbəxtliyini nöqtəbənöqtə hiss edirəm. Onun təması ilə yaşayıram!.. İlahi, bu boyda dünyada insanların münasibətlərə, yanaşmalara, ünsiyyətlərə, hətta birgə yaşayışa verdiyi gen-bol qiymətlərin içərisində unudulmaq xoşbəxtliyinin də olduğunu mənə göstərdiyinə, öyrətdiyinə görə sənə minnətdaram. Çünki mən indi anlayıram ki, əl tutmaq nə boyda savab iş olsa da, başqasının ətəyindən yapışıb yaşamaq bir o qədər böyük rəzillik və günahdır. Öz şəxsiyyətini, öz mənliyini, öz bütövlüyünü mənəviyyatdan çox, madiyyatın quluna çevirmək və həmin o qulu olduğun hisslərlə də kimlərisə xatırlamaq nəyi dəyişə bilər? Necə xoşbəxtlik sayıla bilər? Mən bu sualları öz-özümdə təkrarlayanda az qala içimdən keçən o dalğa ətimi ürpədir, qəbul edə bilmirəm. Ona görə də unudulmağı xoşbəxtlik sayıram. Düşünürəm ki, hansısa maddiyyata görə, hansısa tülüngülüyə görə xatırlanmaq və kimlərinsə xatirəsində yaşamaq sağ ikən ölmək kimi bir şeydi. İçində iynə ucu boyda insanlıq və işıq olan heç kəs məncə bu cür xatırlanmağı, unudulmamağı arzu etməz. Bir də ki:

Oxuyuram bəxtimin
Ağ-qara kağızını
Bir kimsə yox söyləyim
Ver, yara kağızımı!

Sükutların dalğası
Hərdən şahə qalxması
Aparır qal salması -
Gör hara kağızımı?

Bəxtim susdu, satmadı
Çimir edib yatmadı
Əlin mənə çatmadı -
Çək, dara kağızımı!

Hə, istənilən halda insanın gözü-könlü kimisə axtarıb arayır, xəyalı haralarasa qanadlanıb gedir. Hətta o yerlərdə nisgilli, acılı xatirələr olsa belə. Bu da təbiidi. İnsanın ən böyük dövləti, varı həm də onun yaddaşıdı. Ancaq mən bu qənaətə gəlmişəm ki, ən böyük dövlətimiz, varımız olan yaddaşda unudulmalı olanları silək, unudaq! Onları özümüzə, yaddaşımıza yük etməyək. Və hətta elə bir şərait yaradaq ki, onlar da bizi unutsunlar, bizi görməsinlər. Və biz bu görünməzliyin içərisində unudulmaq xoşbəxtliyinə qovuşaq... Qovuşub onda unudulmaz olanların qədrini bir az da artıq bilək. Məncə burda qazanc insanlığın olar. Özü də həqiqi və böyük insanlığın!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV