adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ƏFSANƏ ŞUŞA VƏ ŞUŞA ƏFSANƏSİ - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
2124 | 2021-11-26 15:25

Esse

Artıq Vətən savaşından bir ildən çox bir vaxt keçir. Yaşadığımız bu bir il hər bir Azərbaycan vətəndaşının yaddaşında özünə məxsus izlər qoydu. Qarabağın qara günlərinə son qoyan Azərbaycan əsgərinin şücaəti, ordumuzun qüdrəti, xalqımızın yumruq kimi bir olması.., hər şey yaddaşlarda daim yaşayacaq, heç zaman unudulmayacaqdır. 44 günün içərisində baş verənlərin əsasının əslində illər öncədən qoyulduğu da bəllidir. Dövlətimizin siyasi arenada möhkəmlənməsi, ordumuzun maddi və hərbi potensialının gücləndirilməsi, inkişaf etdirilməsi, yeni, müasir hərbi-texniki avadanlıqlarla təmin olunmuş bir orduya çevrilməsinin arxasında böyük zəhmət dayanır. Məhz Azərbaycanın müstəqillik qazanmasından keçən bu illər ərzində dövlət başçısının yorulmadan apardığı giqant işlər, işğal altındakı torpaqlarımızın geri qaytarılması istiqamətində atılan hesablanmış addımlar nəhayət qələbəyə gətirib çıxardı...

Bu müharibə o müharibədən deyildi. İndi döyüşün önündə sıravi əsgərlər deyil, komandir özü gedirdi!.. Döyüşçülər bir-birinə qardaş, generala oğul idilər. Atılan güllə bir əsgərə deyil, bir orduya dəyirdi. Heç kəs özünü düşünmürdü, bir qabdan yemək yeyir, su içirdilər. Soyuqdan, güllədən qorunmaq üçün bir-birinə sığınır, sipər olurdular. Müharibənin bir üzü həmişə sirli olub həmişə. Döyüş planları, əməliyyatlar bu gün də sona qədər açıqlanmır və yəqin ki, açıqlanmayacaq da...

Amma bir əməliyyat var ki, hələ uzun illər onun haqqında əfsanələr, miflər yaranacaq, eşidənlər heyrətlə dinləyəcək, az qala eşitdiklərinə inanmayacaqlar. Hər dəfə Ordumuzun qüdrəti, Azərbaycan əsgərinin qəhrəmanlığından söz düşəndə gözlərdə sevinc və qürur qığılcımları parlayacaq. Hələ düşmənlərimiz... Onlar üçün ömürlük sinə dağına çevrilən döyüşlər gecə də yuxularından çıxmayacaq. Azərbaycan əsgərinin qorxusundan dik atılacaqlar!

Həmin o sirli əməliyyat, Şuşa əməliyyatı idi. Şuşanın azad olunması planı!.. Hərbi sirr olduğundan detalları açıqlamaq olmaz. Elə xarici reportyorların hər birinin görüb bildiklərini öz ölkəsində çıxan mətbu orqanda yazdıqları bir həqiqətdir desəm bəsdir. Bəlkə həqiqətdən qat-qat azdır, amma bundan o tərəfə bilgi olmayacaq...

Mən də belə gördüm, belə düşündüm Şuşa əfsanəsini, araşdırdım, təsəvvür etdim, inandım...

Fermopil döyüşünü xatırlayıram, e.ə 480-cı ildə olmuş Yunan-İran müharibələri zamanı Füssaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində olan vuruşmanı...

Sparta sərkərdəsi Leonid əsas qoşunu Afinanın müdafiəsində saxlamaqla, özü 300 spartalı ilə keçidi qorumuş və qeyri-bərabər döyüşdə bütün döyüşçülərilə birgə həlak olmuşdu. Çox sonradan spartalılar həmin yerdə Fermopil döyüşünün qəhrəmanlarına abidə qoydular...

Demək olar ki, eyni ssenari, ən xırda detallarına qədər hesablanan taktiki plan və Azərbaycan ordusunun qələbəsi ilə bitən Şuşa əfsanəsi...

Sözə sığmayan, danışdıqca da bitməyən film kimi döyüş səhnələri gördü Şuşa dağları. Cəngavər oğulların bələdçisi oldu, büdrəyəndə qolundan tutdu qala divarları. Erməni fəndgirlərinin acığına sinəsindən yol elədi sıldırım qayalıqlar! Yuxarıdan "gəl" deyə səslədi, bura sənin torpağındır, torpaq haram götürməz dedi...

...Şuşa-dağların başında bir çiçək topası, saf havası, sərin suyu, ətirli meşəsi... İsmətli qız misalı Şuşamız yad nəfəsdən soluxmuşdu, gözləri kədərli, ürəyi qübarlı idi. Düşdüyü qəfəsdən azad olacağı günü gözləyirdi. İnanırdı ki, o gün gələcək, bu yurdun qeyrətli oğlanları Qarabağı xilas edəcəklər...

Döyüş planı xüsusi hazırlanmış, dəfələrlə kəşfiyyat aparılmışdı. Düşmənin dörd bir tərəfdən müdafiəsini möhkəmləndirdiyi qalaya hərbçilərimizin necə, hardan girəcəyi dönə-dönə götür-qoy edilirdi. Hər şey son dərəcə dəqiqliklə hesablanır, baş verə biləcək bütün məsələlər diqqətlə araşdırılırdı... Döyüş planı, düzgün koordunatlar olmasa hamı məhv ola bilərdi...

Həmin günlər dünyanın gözü Qarabağda idi. Bir-birinin ardınca azad olunan şəhər və kəndlərdən sonra növbə Şuşanın idi... Ordumuzun xüsusi təyinatlı hissələri qədim qalaya dağlardan, sıldırım qalayıqlardan qalxaraq düşmənlərin həqiqi mənada ölüm mələyinə çevriləcəkdi...

Xüsusi Təyinatlı qüvvələr dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşaya gecə saatlarında, sıldırımlı yollarla qalxdılar. Daşaltı kəndi və Qəribəli kəndi tərəfdən meşə yolu ilə şəhərə daxil oldular. Özləri ilə nə ağır texnika, nə top, nə də digər silahlar götürməmişdilər. Ən iri silahları tapança və bıçaq idi...

Düşmənin bir neçə postunu zərərsizləşdirəndən sonra "Köhnə Qala” və "Türmə”ni ələ keçirmiş, düşmənin hücumlarını dəf edərək mövqelərini möhkəmlətmiş və plasdarmı genişləndirmişlər. Xankəndi-Şuşa yolunu bağlayan digər qrup da düşmənə əlavə təminat və kömək gəlməsinin qarşısını alırdılar. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə daxil olan Azərbaycan əsgərləri topsuz, Zirehli texnika və aviasiya köməyi olmadan iki sutka döyüşmüşlər. Yaralıları, şəhid olan yoldaşlarını da çiyninə alıb şəhərə qaldıran xüsusi təyinatlılar bir işarə ilə anlaşır, lazım olan anda düşmənlə əlbəyaxa döyüşlərə girirdilər...

Səsi gəlir qulağıma Şuşanın

Könlü yara, qəlbi qırıq Şuşanın.

Damarında qeyrət qanı axanım,

Yüru Ordum, yürü Qurdum, Şuşaya.

 

...Şəhidini al çiyninə sən yeri,

Yamaca yat, buludlarla tən yeri.

Addımların qoy titrətsin Göy-Yeri,

Yürü Ordum, yürü Qurdum, Şuşaya...

Fransanın "Le Monde” Qəzetinin Xankəndidə olan reportyoru yazırdı ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır. Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yarası...

Bu o deməkdir ki, Şuşa şəhəri üzbəüz, əlbəyaxa döyüşlərdə azad olunub...

Xüsusi təyinatlılarımız bu tiqran, sərkis tör-töküntülərilə şir kimi döyüşürdülər...

Həmin döyüşlərin iştirakçısı olan qazi Alik Məmmədov əlbəyaxa döyüşdə tək özünün "40-dan çox erməni əsgərinə bıçaq salıb çıxardığını” xatırlayır...

Noyabrın 6-da axşamçağı ordumuzun motoatıcı hissələri şəhərə daxil olub... Məğlub olduğunu anlayan düşmən, bir neçə dəfə əks-hücuma keçsə də nəticəsiz qalmışdır...Noyabrın 7-də qədim şəhər düşməndən azad olunmuşdur...

Əsgərlərimiz saatlarla dörd yandan aramsız atılan mərmi, güllə ,mina yağışı altında qalırdılar...

Düşmən baş qaldırmağa, göz açmağa imkan vermir, əlavə qüvvələr toplayır, tanklar, toplar, iriçaplı pulemyotlar, müxtəlifçaplı minaatanlar, PDM-lər işə düşür...

Amma sən-Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, "Bir addım da geri çəkilməməli!” əmrini almısan.. Nəyin bahasına olursa olsun Şuşanı azad etməlisən...

Sığınmağa nə istehkam, nə də səngər var.. Atəş açmağa da nə top, nə tank, nə minaatan yoxdu... Olanın avtomat, tapança, əl qumbaraları, pulemyot və bir də bıcaqdır...

Amma sən, Şuşanı azad etməlisən!..

İndi sənin ən güclü silahın vətən, yurd sevgisi və bir də müharibəyə gələn gündən hərbi formanın sol döş cibində-ürəyinin başında saxladığın Azərbaycan bayrağıdır... Sən, onu bura qədər qorumusan, yenə qoruyacaqsan... Əlinlə bir də yoxlayırsan, barmaqlarının toxunuşuyla onun sirli cazibəsini, səsini hiss edirsən.

Sanki səninlə danışan bu səs on illər öncə diri-diri oda atılan, gözü çıxarılan, əzaları kəsilən, sümükləri sındırılan, işgəncələrlə öldürülən soydaşlarının səsidir... bu sənə güc verir, qisas hissi hər şeyi üstələyir, müdafiə olunmalı anda "Azərbaycan uğrunda!”, "Qələbə naminə!” deyib, irəli atılırsan.

Güllələrin tükənir, cəsarətin ki, tükənməyib, bir andaca bıçağı işə salırsan. Budur, bir erməni səni nişan alır. Aman vermirsən, pələng sıçrayışıyla boğazlayıb bıçağı tiyəsinəcən sinəsinə yeridirsən... Dünyanın gözü burda-Şuşa döyüşlərindədir. Sənin qələbəni də, məğlubiyyətini də istəyənlər var.

Amma sən, Şuşanı azad etməlisən...

Gecədir, qaranlıq hər şeyin üstünə qapqara pərdə çəkib, öz gözü görmür. Burda hissiyyatın gözlərdən vacib olduğunu dərk edirsən. İndi ətrafda kim və nə varsa səsindən duyacaqsan... Dörd tərəfə güllə yağdıran düşmənlərin çaşqın vəziyyətdədir, pərən-pərən düşmüş bu murdar çəkməlilər artıq öz əsgərlərini öldürür, çünki hara baxsa orda Azərbaycan əsgərini görür...

Düşmən qoşunla üstünə yeriyir, amma Koroğlu misalı, "leş bir yana, baş bir yana” düşüb qalır köhnə Qala ilə Türmənin qarşısında. Yaralı yoldaşın yerə çökür, tez əlindən tutub qaldırırsan. O ağırdır, sənsə yorğun, qan tərin içindəsən, amma bacarırsan. "Az qalıb, lap az!..”. O isə yarasının üstündən basıb qan içində gülümsəyir, səndələyərək qalxır, amma qamətini düz tutur...

TƏQVİM / ARXİV