adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Allaha əmanət etdiklərim - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1004 | 2021-11-23 13:14

Həyatımın görünməyən tərəfindən bir not

Yadımdadı, şeirlərimin birində yazmışdım ki, «Şəhər dolu adamdı, Adam axtarıram mən»... Bunu elə-belə xatırlamıram mən. Ümumiyyətlə, ömrün payızında adam daha çox xatırlamalara, xatirələrə üz tutur, olmuşların qapısını döyür, bir az da səmimi desəm, ölmüşləri xatırlayır. Görünür, bu həyatın yazılmamış qanunudu. Axı, hər birimizin bildiyi bir gerçək var. O gerçəyin də canı bundan ibarətdir ki, insan doğulanda iməkləyir, əllərini, dizlərini torpağa qoyur, sonra başlayır yeriməyə. Yəni, qəddini düzəldir və böyüdükcə də boyu da uzanır. Sonra... Sonra insan başlayır əyilməyə, daha doğrusu, onun qəddi əyilir, özü də yavaş-yavaş. Çəliyə, əsaya söykənir və ...

Və yenə qayıdır torpağa tərəf. Əllərini, dizlərini qoyduğu torpağa başını əyir, qəddini qatlayır... Mənə görə bu, torpaqdan ucalıb torpağa dönüşün bəlli marşrutudu, yoludu. Və hər kəs də bu yolu keçir. Ona görə də həmişə səsləndirilən, yeri gəldi-gəlmədi vurğulanan bir sözü, bir fikri mən də bu yazımda xatırladıram. Deyirlər ki, ölümdən qaçmaq olmur. Mən də deyirəm ki, ölümdən nə qədər qaçırsan qaç, amma torpaqdan qaçmaq olmur! Göyərdən, bitirən təzədən qollarını açır özünə çəkir, bağrına basır göyərtdiyini, bitirdiyini. Onun üçün də burda fərq yoxdur. O insan kim olur-olsun, hansı mərtəbəyə qalxır-qalxsın, ünvan, son duracaq torpağın qoynudu...

Bax, bu mənada mən şəhərdə adam axtarıram deyəndə, çevrəmin necə boşaldığını, ətrafımın necə seyrəldiyini hiss edə-edə, görə-görə o hisslərdən ayrıla bilmirəm. Şəhərdə axtardığım adamların çoxu indi son ünvandadı. Ürəyimdə olan adam isə ürəyimin sahibi kimi öz istəyinin, arzusunun, məqsədinin yolunda. Deməli, yenə bu şəhərdə tək qalan və təkliyinin içində də adam axtaran mənəm. Bu təklikdən qurtuluşun yolunu kim harda, nədə görür bilmirəm. Mənsə yalnız dörd divarla, Allahla və bir də Sənlə danışmaqda bir təsəlli tapıram, bir işıq üzü görürəm. Bu təsəlli də, o işıq da bütün hallarda hər şeyi kino lenti kimi gözümdən keçirməklə gəlib yenə qələmdə, vərəqdə dayanır. Bəlkə də bu mənim həyatımın ən böyük təsəllisi, ən böyük özəlliyidi ki, qələm, vərəq var. Mən heç kimə demədiyimi yalnız Sənə və Allaha bəlli olanları qələm vasitəsilə vərəqə köçürürəm və yazıram:

 

 

Barışa bilmirəm, sənsiz günlərin

Bütün ağrıları çökür canıma.

Mən bir ovuc torpaq, həsrət də bulud –

Sıxır leysanını, tökür canıma...

 

 

Əhvalım pozulub, dincliyim itib,

Qarşımda cavabsız suallar bitib...

Hayıma qəm gəlib, göz yaşı yetib –

Onu da ürəyim bükür canıma...

 

 

Xəyalım xatirə dalınca gedib,

Qələmi vərəqlə həmsöhbət edib...

Bilmirəm, hörmətmi, ya töhmət edib –

Hakimdi, qor büküb fikir, canıma...

 

 

Bəli, insanın sirr yeri, sirdaşı olanda fikir bölüşməyi də sadə şəkildə desəm, dərdləşməyi də rahat olur. Bölüşülən fikir, qəm, kədər müəyyən mənada iç dünyanı bir az rahatlayır. Özünü bir az həmin o bölüşdüklərindən xilas olmuş kimi hiss edirsən. Bunun da iki səbəbi var. Birincisi, kimsə səni dinlədi, ikincisi də səni dinləyən hansısa bir şəkildə sənə yardımçı oldu. Ya məsləhət verdi, ya təsəlli, ya da heç nə olmamış kimi laqeydlik göstərdi. Bunların hər biri də özü-özlüyündə psixoloji vasitədi. Dərdini bölüşən, fikrini bölüşən həmin o psixoloji sınaqdan keçir. Ondan nə isə götürür, yararlanır və nəticədə də içinə, ürəyinə bir yüngüllük hava kimi dolur, sərinləşdirir onu. Beləcə özü də bilmədən, özü də hiss etmədən gəldiyi kimi də sağollaşıb gedir. Amma gedəndə bölüşdüyünü aparmır. Ona görə ki, sirdaşı onunla həqiqətən sirr bölüşdü, sirrini yarıladı. Və...

Deməli, bu payız günlərinin havası da elə payızın özünə oxşayır. Adamı saralmış yarpağa da çevirir, gözlərində yaz ümidi də oyadır. Ona görə də qərar vermək, hətta geyimini seçmək belə çətin olur. Xüsusi ilə cibində təzyiq dərmanı gəzdirənlər bu havanın dilini öyrənə bilmirlər. O cümlədən də mən. Nəticədə haldan-hala düşmək, özünə yer tapa bilməmək adi bir işə çevrilir. Bu durumun adını qoymaq da çətinləşir. Neyləmək olar. İnsan bütün hallarda dözməyə, dəyanət göstərməyə məhkumdur. Əks halda büdrəmək, yıxılmaq çox asan ola bilər. Mən öz üzərimdə, öz həyatımda yaşadıqlarımı və müşahidələrimi müəyyən dövrdə qeydə almağa maraq göstərmişəm və sonda görmüşəm ki, təbiətlə anlaşmaq, ona qarşı çıxmaq heç də asan deyil. Çünki o bizi əhatə edir, biz onu yox. Bu da sonda daxili rahatsızlığa, hətta bəzən adamın özünün özündən bezməsinə gətirib çıxarır. Baxmayaraq ki, işin də var, evin də var, güzəranın da var. Amma həmin o sağlamlıqla bağlı yaşadığın anlar, streslər bunların hamısından güclüdü. Güclü olan da təbii ki, qalibdi. Bax, mənim gəldiyim son nəticə də məhz bundan ibarətdi:

- Qalib olanın mühakiməsi yadıma gəlmir. Nə kitablarda, nə də həyatda...

İndi, reallığın içərisində, təkliyimin, tənhalığımın güc gəldiyi bu məqamda həmin o qalib olan, mühakimə edilməyən durumun etdiyi diktəyə boyun əyərək bir gözüm təzyiq ölçəni, o birisi də dərman axtarır. İnanın ki, bu, gerçəklikdi. Özü də tez-tez təkrarlanan gerçəklik. Mən özümün

nəyə qadir olduğumu, nəyə gücümün çatdığını yaxşı bilirəm. Bu mənada, sağlıqla bağlı yazdığımın mənim gücümdən kənar olduğuna şübhəniz qalmasın. Amma onu da yazmalıyam ki, Allah, O və dörd divar bir çox hallarda köməyimə çatıblar. Hətta onu düşünəndə, içimdə onunla söhbət edəndə qəribə məqamlar yaşanır. Və yazmışam:

 

Ürək səndən danışırdı,

Sözünün üstünə gəldin.

Göz də yaman səyriyirdi –

Gözünün üstünə gəldin...

 

 

Ruhunu ovcuna alıb,

Sahildə xəyala dalıb...

Gördün ki, ortada qalıb -

Özünün üstünə gəldin.

 

 

Üzünü tutmuşdu göyə,

Dönmüşdü dilsiz bir neyə...

Alovun söndürüb niyə –

Közünün üstünə gəldin?!

 

 

Fikirlərimi, düşüncələrimi kağıza köçürəndə də, bilgisayara diktə edəndə də həmişə ağlıma hakim olan, ürəyimin şah damarında qərar tutmuş bir fikir, bir söz, lap gerçək bir bənd şeir məni divara dirəyir. Yəni, yaşadıqlarıma, yaşantılarıma görə sorğu-sual edir məni. O bənd belədir:

 

 

Alıb fikir qanadında -

Hara daşıyırsan məni?!

Sən öz gizli həyatında -

Belə yaşayırsan məni?!

 

 

Doğurdan da, mənim nə yaşadığım, lap dəqiqi, niyə yaşadığım ətraf üçün o qədər önəmli deyil. Buna əminəm. Ən yaxşı halda onlar üçün sıradan biri kimi olmağım bir tanışın, bir yaxının mövcudluğu deməkdi. Amma Allahım və Sənin üçün niyə, necə yaşamağımın yəqin ki, anlamı başqadı, yozumu fərqlidi. Bu mənim fərdi, özəl qərarımdı. Yaşamımdan, həyatımdan çıxartdığım nəticədi. Ola bilsin ki, yanılıram. Amma bütün hallarda yüzə yüz əminəm ki, mən Allahım və Sənin üçün mövcud olmuşam. Yəni, varlığım həmişə gözümüzün önündə, qarşımızda olubdu. Hələ ki də belədir. Bu məqamda Allahı da, Səni də Allaha əmanət edirəm.

TƏQVİM / ARXİV