adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Zərif barmaqların pıçıltıları - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1041 | 2021-11-16 11:49

Gənc musiqiçi Nərmin Nəcəflinin doğum gününə

 

Barəsində fikirlərimi bilgisayara diktə etdiyim Nərmin Nəcəfli artıq mənim üçün doğmalaşmış bir musiqiçidir. Belə ki, son bir neçə ildə ardıcıl olaraq yaradıcılığını izlədiyim, uğurlarından xəbərdar olub sevindiyim Nərminin ailəsi mənə yaxın olduğundan demək olar ki, onun həm Azərbaycanda, həm də ölkə sərhədlərindən kənarda dinləyicilərini heyrətə gətirən ifalarının bir növü izləyicisinə, tamaşaçısına çevrilmişəm. Bunun da iki səbəbi var.

Öncə onu deyim ki, Nərmin Nəcəfli musiqiyə olan sevgisinin ilk qığılcımlarını büruzə verəndə onun valideynləri əlindən tutub musiqi məktəbinə gətirdilər. Müəllimlərlə ilk təması göstərdi ki, bu cılız, amma içi musiqi sevgisi ilə dolu olan qızı uğurlu sabahlar gözləyir. Təsəvvür edin ki, piano arxasında əyləşmə məqamını izləyən müəllimlər bir-birinin üzünə baxıb baxışları ilə bildirdilər ki, musiqi aləminə uğurlu bir gəliş var. Çünki Nərminin elə əyləşməyinin özündə bir musiqiçi jesti özünü büruzə vermişdi. Bax, elə həmin məqamın sözlə ifadəsi göstərirdi ki, Azərbaycan musiqisinin böyük arenasına yeni bir iz salınır. Və...

Nərmin Nəcəflinin uğurlarının ikinci bir səbəbi onun inadkarlığıdır. Qarşısına qoyduğu məqsədə çatmaq üçün yorulmağı yadından çıxarır. Hətta bəzən valideynlər onu pianodan güclə ayırıb yemək süfrəsi başına gətirirlər. Söylədiyim bu iki məqamın birliyini, yəni bir-birini tamamladığını görəndə onda inanmaq olur ki, daha doğrusu inanmağa şübhə yeri qalmır ki, Nərmin Nəcəfli musiqi üçün doğulubdur.

Mən onun bioqrafiyasına nəzər salanda görürəm ki, 1996-cı ilin noyabr ayının 17-də Bakıda doğulan Nərmin Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfini uğurla başa vurub. O, 2004-2007-ci illərdə Bakıda, Moskvada, Tbilisidə 8-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqələrin qalibi olub. II və IV Beynəlxalq Rastrapoviç, 2011-ci il III Beynəlxalq Üzeyir Hacıbəyli festivallarının iştirakçısı olub. Ulu Öndərimizin 85 illik yubileyindəki çıxışı «Qran-Pri»yə layiq görülüb. Adı Respublikanın gənc istedadlarının «Qızıl kitab»ına yazılıb. Azərbaycanın hüdudlarından kənarda, Almaniyada, Fransada, Rusiyada, Belçikada, İtaliyada, Böyük Britaniyada, ABŞ-da və digər ölkələrdəki möhtəşəm çıxışları Azərbaycanın gənc istedadına şöhrət qazandırıb. Nərmin öz yaşıdları arasında ifa mədəniyyəti ilə, peşəkarlığı ilə, ən vacibi isə, musiqinin yaşamağı ilə seçilibdi. Onunla ilk təmasdan hiss edirsən ki, həyatını, ruhunu musiqiyə bağlayıb, musiqi ilə nəfəs alır.

Təsəvvür edin ki, bizim musiqi tariximizdə ilk addımlardan biri də Nərminin adı ilə bağlıdır. Belə ki, o, Hannover Musiqi Dram və Media Universitetinin ilk azərbaycanlı tələbəsidir. Burada doktorantura təhsili alıbdı. Ona görə də bu gün onun özünün 7 tələbəsi var. Həmin tələbələr də Nərmin Nəcəflinin qazandığı uğurlarını təkrarlamaq üçün öz müəllimlərindən daha çox öyrənməyə üstünlük veriblər. Bu da bir müəllim kimi Nərmin xanımı daha da həvəsləndirir.

Özünə həyat kredosu kimi qəbul etdiyi Üzeyir Hacıbəyli yaradıcılığı, şəxsiyyəti Nərmini milli musiqimizə elə bağlayıb ki, o, yalnız dünya musiqi korifeylərindən də öndə Üzeyir bəyi görür. Hər dəfə söhbət düşəndə vurğulayır ki, Üzeyir Hacıbəyli zirvəsi əlçatmazdır. Hətta bir dəfə kiçik yaşlarında babası ilə söhbət edərkən soruşub ki, baba, mən haralıyam. Təbii ki, babası da onun hansı bölgəmizə aid olduğunu Nərminə xatırladıb. Lakin Nərmin gözlənilmədən deyib:

- Mən qarabağlıyam! Çünki Üzeyir Hacıbəyli qarabağlıdır!

Bu məqamı ona görə xatırladıram ki, əslində bütün Azərbaycan dünən də, bu gün də, özündə Qarabağı ehtiva edib, yüksəldib və ona qovuşubdur. Nərminin də 30 il həsrətini yaşadığımız Qarabağ üçün çırpınan ürəyinin pıçıltısı olan «Mən də Üzeyir Hacıbəyovun doğulduğu Qarabağdanam!» fikri məhz böyük qələbəyə inamın, inancın, güvəncin işartısı idi. Şükürlər olsun ki, bu istək 44 günlük müharibəmizdə gerçəkləşdi. Biz Qarabağa qovuşduq.

Bugünlərdə doğum gününü qeyd edəcək Nərmir Nəcəfli söz düşəndə deyir ki, ən böyük arzularımdan biri Şuşada konsert verməkdir. İnanıram ki, bu arzuma da qovuşacam.

Biz də Nərminin arzularının çin olacağına inanırıq. Çünki o, hələ kiçik yaşlarından özünün nəyə qadir olduğunu sübut edibdir və bu gün onun müəllim kimi dərs dediyi 7 tələbənin hər biri bir ölkəni İngiltərə, İtaliya, Avstriya, Çin, Rusiya, İran və Almaniyanı təmsil edir. Bax, budur azərbaycanlı musiqçinin, azərbaycanlı xanımın öz istəyini reallaşdırmaq gücünün bəhrəsi. İnşallah, o, bugünə qədər qazandığı fəxri fərmanların, mükafatların, fəxri adların sırasını daha da artıracaq, dinləyici alqışlarının sədası bitib-tükənməyəcəkdi. Çünki o böyük salonlarda çıxış etmək gücünü öz zərif barmaqları ilə dəfələrlə nümayiş etdirib.

Yaradıcılığında uğurlar dilədiyim Nərmin Nəcəfliyə doğum gününüz mübarək olsun, deyirəm!

TƏQVİM / ARXİV