adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Özünəqayıdışın başlanğıcı - 5

ƏBÜLFƏT MƏDƏTOĞLU
1348 | 2021-11-12 14:10

Mən o başlanğıcı 30 il gözlədim

 

...Tuğda, o cənnətməkanda, həm də 30 ildən sonra Ali Baş Komandanla birlikdə olmaq, bu qayıdışın, bu Zəfərin hər anını təkrar-təkrar yaşamaq dünyanın heç bir ölçüsü ilə ölçülməyən Xoşbəxtlikdir. Bunu yalnız həmin anı yaşayanda, həmin məqamın içində olanda bütün varlığımla dərk etdim, anladım. Əmin oldum ki, mən Tuğdayam, mən kəndimdəyəm. Mən Ali Baş Komandanımla birlikdə doğulduğum məkandayam, Cənnətdəyəm! Həmin Cənnətin varlığını Azərbaycan Prezidenti, cənab İlham Əliyev xüsusi vurğuladı, dedi ki:

- Bura əsl Cənnətdi! Mən hər dəfə bura gələndə buranın mənzərəsindən, gözəlliklərindən doymuram. Biz bu Cənnəti qorumalıyıq, daha da gözəlləşdirməliyik...

Bəli, ölkə prezidentinin çevrəsində dayanıb onunla söhbət etməyin özgə bir məmnunluğu var. Həm də bu məmnunluğun şah damarı səmimiyyət, sayqı, sevgi, diqqət olanda, o daha da ruha hopan, yaddaşa yazılan olur. Şəxsən mən həmin anları dörd gözlə yaşayırdım. Bütün duyğularımı həmin ana kökləmişdim. Heç nəyi gözümdən, diqqətimdən yayındırmaq istəmirdim. O hardasa, tam səmimiyyətlə deyirəm, səmimiyyət acgözlüyü idi və bilmədiyim səmimiyyət acgözlüyü.

Cənab Prezident üzünü bizə tutaraq:

- Niyə burda durmuşuq, gəlin, yuxarılara qalxaq, deyir.

Pilləkənlərlə ermənilərin viran qoyduğu məktəbə tərəf qalxırıq. Mən fürsətdən istifadə edib dillənirəm:

- Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Burda erməni və Azərbaycan bölmələri birlikdə təhsil alırdı. O zaman heç kimin ağlına  gəlməzdi ki, nə vaxtsa ermənilərin daxilindəki faşizm baş qaldıracaq, onların nankorluğu üzə çıxacaq. Bizim humanistliyimiz, qonaqsevərliyimiz yəqin ki bu problemin yaranmasındakı səbəblərdən biri olub.

Söhbətə Eyvaz müəllim də qoşulur. O deyir:

- Cənab Prezident. Sizin sərəncamınıza uyğun olaraq biz Tuğ məktəbinin yubileyini keçirmişik. Bu gün bir daha demək istəyirəm ki, çox əlamətdar bir tədbir keçirildi. Ümumiyyətlə, Tuğ məktəbinin kifayət qədər tanınmış yetirmələri, müəllimləri olub və bu gün də var. Hətta bu kəndin nümayəndələrindən 3 nəfəri cümhuriyyət hökumətində təmsil olunublar. Onların varislərindən Mübariz həkim və Tamella xanım da burada iştirak edir.

Söhbətə Bəxtiyar Qaraca qoşulur. Cənab Prezident, Xocavənd rayonunun ərazisi qədim abidələrlə zəngindir. Onlardan biri də Qaraca Çobanın məzarıdır. Dədə Qorqud dastanında adıçəkilən həmin Qaraca Çobanın məzarı bu gün də qalmaqdadır.

Ali Baş Komandan öndə, biz isə ardınca söhbət edə-edə kəndin daha yüksək bir nöqtəsinə doğru hərəkət edirik. Çatdığımız nöqtə Tuğluların zamanında «Köhnə klub»u adlandırdıqları yerdi. Əslində bu, qədim alban məbədi olmuşdu. Sovet dönəmində bu məbədi əvvəlcə klub, sonra məktəb kimi istifadə etmşdilər. Biz «Köhnə klub»un həyətində dayananda Azər Süleymanov vurğuladı ki, mən də bu məktəbdə oxumuşam. İbtidai təhsili burada almışam. Mən Prezidentimə üz tutaraq dedim:

- Cənab Prezident. Qarşı təpədəki tuğluların qəbiristanlığıdı. Burada görünən həmin o ağaclığın arasında «Qarabağnamələr»in ilk müəlliflərindən biri Mir Mehdi Xəzaninin məzarı yerləşir. Mir Mehdi Xəzani Tuğda ilk məktəbi açan şair, həm də müəllimdir.  Dünyasını dəyişəndən sonra tuğlular onu həmin qəbiristanlığın ən mənzərəli yerində dəfn ediblər. Bu dayandığımız həyətin divar qonşusunda isə mənim müəllimim Fransanın Milli Qəhrəmanı general Şarl Deqollun birlikdə döyüşdüyü 1945-ci ildə iyunun 24-də qələbədən sonra Moskvada keçirilən parada ağ atın üzərində gələn Vəli Qara  oğlu Vəliyevin evidir. Təəssüf ki, Stalinin rejimi bu qəhrəmanı vətən xaini kimi həbs etmişdi. Yalnız Stalinin ölümündən sonra ona bəraət verilmiş, Fransadan Tuğ kəndinə, onun ünvanına təşəkkür məktubları gəlmişdi.

Köhnə klubun həyətində maraqlı söhbətimizin aurası və ümumiyyətlə, burdakı adamların ancaq torpaqdan, Tuğdan, Qələbədən danışması, içindəki təşəkkürləri ifadə etməsi başqa bir aləm idi. Adətən, səlahiyyət sahiblərini, xüsusilə dövlət rəhbərliyində təmsil olunan şəxsləri görəndə hər kəs ehtiyacını dilə gətirir. Burada, yəni Tuğda isə biz hamımız kəndimizin sabahından və prezidentimizə olan sevgimizdən danışırdıq. Hətta mən bir anlıq hissə  qapılıb dedim:

- Cənab Prezident, mən şairəm. Siz mənə «əməkdar jurnalist»  adı vermisiz. Bu gün mən Sizə, Tuğu - kəndimi mənə qaytardığınız üçün sonsuz təşəkkürümü bildirirəm, qarşınızda baş əyirəm. Və bir bənd şeir demək istəyirəm:

Güldü, yaşla dolu bütün baxışlar,

Yaşayıb Zəfərin bütün anların!

Bu gün üstünüzə yağan alqışlar –

Sizə duasıdır Azərbaycanın!

 

...Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kameranın yaddaşına köçürməyə də cəhd edirdi. Mən də özümdən asılı olmayaraq dedim:

- Cənab Prezident, icazə verin sizinlə şəkil çəkdirək.

Ali Baş Komandan gülümsəyərək:

- Bu, mütləq lazımdı – dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdirək.

Hər kəs bu təklifdən çox məmnun oldu. Və biz Tuğda – Ali Baş Komandanla birlikdə keçirdiyimiz zaman kəsiyini fotoya köçürtdük.

Söhbət edə-edə köhnə klubun həyətindən kəndin mərkəzinə qayıtdıq. Mən həmin söhbətlərin detallarını yaddaşıma yazmışam. Düşünürəm ki, onlar mənə həmişə lazım olacaq...

Kəndin mərkəzində yenə ölkə rəhbərinin ətrafında cəm oluruq. O, hər birimizlə ayrı-ayrılıqda görüşüb, sağollaşır və xüsusi olaraq vurğulayır ki, biz Tuğun Cənnət görkəmini daha da gözəlləşdirəcəyik. Bu kənd öz qədimliyini və gözəlliyini də qoruyub saxlayacaq. Bundan arxayın ola bilərsiniz.  İnşallah Tuğda sizinlə tez-tez görüşəcəm!

- Sağ olun, cənab prezident, var olun! Allah  Sizi və Azərbaycanımızı qorusun!

Ali Baş Komandanımızı, ölkə prezidentimizi ürək dolusu sevinc və sayqı ilə yola salırıq. Əslində bu, bizim hələ uzun zaman yadımızda, ürəyimizdə, duyğularımızda yaşayacaq bir görüşün təbii yekunudu. Özü də axarı, davamı olan yekunu...

Heç birimiz Tuğdan ayrılmaq istəmirik. Dayandığımız nöqtədə bir-birimiz ilə söhbət edir, ilk təəssüratımızı bölüşürük. Ağsaqqalımız, Azərbaycanın maarif fədaisi Asif Cahangirov özünəməxsus təmkinlə deyir:

- Bu, bir tarixi gün oldu! Bu günü unutmaq inanmıram ki, mümkün olsun. Çünki biz həm Tuğa gəldik, həm də prezidentimizlə gəldik. Bu, həm qocalara, həm də cavanlara möhtəşəm bir hədiyyə, yaddaqalan bir tarix dərsidir.

Tuğdan heç kimin ayrılmaq istəmədiyini hiss edən Eyvaz müəllim, xüsusilə Niyaz müəllim üzünü  bizə tutub deyir:

- Əyləşin maşınlara, getmək vaxtıdır, yolda nahar edəcəyik. Maşınlara əyləşirik. Mən isə bu səfərin son akkordu kimi ürəyimə yazdığımı elə ürəyimdə də pıçıldayıram.

 

Dörd açaraq gözlərimi mən burda,

Qoymadım ki, kirpiklərim sıxılsın.

Otuz illik həsrətimi bu yurda –

Atıb gəldim, tay ömrümdən çıxılsın!..

 

Ürəyimin hər nöqtəsi, vergülü,

Sığal çəkdi daşa, ota, yarpağa.

Nəfəsimlə bələyəndə hər gülü –

Sarılırdı, varlığım da torpağa!..

 

İçimdəki tar bağlamış ağrını,

Əridirdi, seyr etdiyim mənzərə.

Sən həsrətin vüsal etdin axırın –

Allah, qoyma vüsal gəlsin nəzərə!..

 

...Yuxu kimi yaşadığım təması,

Hopdururam yaddaşıma, yadıma...

Başım üstə gülümsəyən səması –

«Qaçqın» sözün yaraşdırmır adıma!..

 

Karvan gəldiyi yolla üzü geriyə qayıdır. Bu Zəfər yolu indi bizi Füzulinin kəndlərindən keçirib üzü Bakıya doğru istiqamətləndirir. Bu an yadıma «Nəsimi» filmində Nəimi Fəzinüllahın dediyi söz düşür:

Gedən cismimizdir, ruhumuz burda, Tuğda, Qarabağda qalır...

P.S. Füzuli rayonunun Əhmədbəyli ərazisində açılan süfrənin orda səslənən fikirləri dadı, tamı da tamam fərqli idi. O məqamı xatırlayıb bir daha Niyaz müəllimə, Eyvaz müəllimə, orda zəhməti olan hər kəsə təşəkkür edib səfər yoldaşlarıma «nuş olsun!» deyirəm.

 

TƏQVİM / ARXİV