adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2021 17:16
2295
İDMAN
A- A+

Türkiyə hakimlərinə əcnəbi rəhbərlik

TFF Hakimlər Komitəsinin (MHK - Merkez Hakemler Kurulu) sədri Sərdar Tatlının ötən həftə istefa verməsindən sonra onu əvəzləyəcək şəxs əcnəbi olacaq.

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və Klublar Birliyinin rəhbərliyi İstanbulda bir araya gələrək yeni sədrin kimliyini müzakirə ediblər.  

Klublar Birliyinin başçısı Ahmed Ağaoğlu, "Beşiktaş"ın prezidenti Ahmet Nur Cəbi, "Qalatasaray"ın prezidenti Burak Elmas və I Liqanın Klublar Birliyinin rəhbəri Ecmel Sarıalıoğlunun qatıldığı yığıncaqda sədr məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyib. 

Səbri Çelik, Mustafa Çulcu, daha əvvəl komitəyə sədrlik etmiş Oğuz Sarvan kimi namizədləri istəmədikləri mövzusunda razılaşan klublar Ufuk Özerten, Kamal Dinçer kimi hakim olmayan adlarla bağlı fərqli fikirlər irəli sürüb. 

Tərəflər komitənin işinin yenidən qurulmasını əcnəbi mütəxəssisə həvalə etmək barədə razılığa gəlib. Hakimlərin yetişdirilməsi və idarə olunması ilə bağlı Avropada uğurlu işlər görmüş əcnəbi referi yeni sistem quracaq. Hələlik adı açıqlanmayan sədr hakimlərin təyinatına qarışmayacaq. Hələlik adı gizli saxlanılan bu şəxs sistemi qurduqdan sonra işi TFF-yə təhvil verəcək.