adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Oktyabr 2021 13:24
2229
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanın Orfeyi- Müslüm Maqomayevin xatirə günüdür

Oktyabrın 25-də Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin vəfatının 13-cü öldönümüdür. Xalqımızın iftixarı olan  Müslüm Maqomayevi qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə müqayisə edirlər.

1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Balaca Müslüm babasını görməsə də, onun həyatı ilə maraqlanır və qərara alır ki,  babasının yolunu davam etdirsin.

Bəstəkar Müslüm Maqomayev ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını çox illər sonra üzünü belə görməyəcəyi, lakin Azərbaycan peşəkar musiqisinin yaradıcılarından biri kimi tarixə düşəcək adını dünyada məşhurlaşdıracaq nəvəsi Müslüm Maqomayev ifa edəcək. 

Həmyaşıdları kimi böyüyən Müslüm dənizi, gəmiləri, fantastik əsərləri, nağılları çox sevib, rəsmlər çəkib. Hətta  Jül Vernin “Nautilus”una oxşar “gəmi” də düzəldib. Uolt Disneyin bütün filmlərini toplayıb. Amma maşın və qalay əsgərciklərlə oynayan yaşıdlarından fərqli olaraq əlindəki karandaşla “dirijorluq” edib. Hər şeylə maraqlanan uşaqlar kimi oyuncaqlarını söküb ki, görsün içində nə var. Hətta onun bu marağı babasının skripkasının sınması ilə nəticələnib. 


Əgər uşaq teatr rəssamı və dramatik aktrisanın ailəsində doğulursa və hələ üstəlik onun babası tanınmış bəstəkardırsa, hər şey onun incəsənətlə bağlı olacağını güman etməyə əsas verir. İndiki vəziyyətdə də məhz belə olub. Lakin heç kəs bu oğlanın hansı yüksəkliklərə ucalacağını və pərəstişkarlarının necə sonsuz sevgisini qazanacağını təsəvvür edə bilməzdi.

Müslüm Maqomayev  qorxulu və dəhşətli 1942-ci ildə dünyaya gəlib. Doğrudur, Bakida müharibənin bombası, gülləsi olmasa da, amma bütün dəhşəti aşkarnhiss olunurdu. Öz atasını Müslüm ümumiyyətlə xatırlamırdı: oğlu anadan olduqdan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır, taleh isə onunla pis zarafat edir – o, Berlinin alınması uğrunda gedən döyüşlərdə qələbəyə bir neçə gün qalmış vəfat edir.

Babasının royalı ilə çox tez dostlaşan Müslüm beş yaşında ilk melodiyasını bəstələyib və onu ömrü boyu yadında saxlayıb. Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran qoyub.

Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb, Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıdıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib. 1963-cü ildə Moskvadakı P.Çaykovski adına konsert salonunda ilk solo konsertini verib. Dünyanın əksər ölkələrində qastrolda olub.
1964-65-ci illərini Maqomayev İtaliyada, məşhur Milan teatrı "La Skala"da təcrübədə keçir. O zaman belə bir şaiyə dolaşırdı ki, gənc solist Milan teatrının truppasına daxil olmaq barədə təklif alıb, lakin Maqomayev estradaya artan sevgisinə görə bundan imtina edib. Belə bir təklif şühəsiz ki, doğrudan da olmuşdu. Lakin aydındır ki, imtinanın səbəbi başqa olub.

1966 və 1969-cu illərdə Maqomayevin Paris "Olimpiya"sında konsertləri anşlaqla keçir. "Olimpiya"nın direktoru müğənniyə illik müqavilə təklif edir (bu məlumat təstiqlənib). Lakin Sovet Mədəniyyət Nazirliyi müdaxilə edərək bu təklifdən imtina edir. Nazirlik belə bir addımını Maqomayevin dövlət konsertlərində çıxış etməli olması ilə izah edir. Mədəniyyət Nazirliyi eyni zamanda Maqomayevə ümumiyyətlə müstəqil qərar qəbul etməyi qadağan edir. Sözə qulaq asmamaq isə mümkün deyildi. Çünki bu, Vətənə xəyanətdə ittiham olunmaq kimi ağır nəticələrə gətirib çıxara bilərdi.

Moskvaya qayıtdıqda Maqomayev Böyük Teatrın tərkibinə daxil olmaq barədə təklif alır. Solist qərarlı şəkildə bundan imtina edir – ya özünü teatr cədvəlinə bağlamamaq istəyindən, ya da sadəcə prinsipiallığından. Onun repertuarı çox geniş idi. Buraya opera ariyalarından hit estrada mahnılarına qədər bir çox mahnı növləri daxil idi: estrada mahnıları (SSRİ-də ilk dəfə Maqomayevin ifasında məşhur Beatles-ın Yesterday mahnısı səslənir), rus romansları və əlbəttə ki vətənpərvər mahnılar.

Sovet dövlət mükafatları onun üzərinə dayanmadan yağır. Bu sıraya beynəlxalq mükafatlar da daxil olur. İlk mükafat Polşanın Sopot şəhərində qazanılır: Kaan-dan gətirilən "Qızıl val". Heç bir bayram televiziya verilişi Müslüm Maqomayevsiz ötüşmürdü.

Bütün dövrlərdə olduğu kimi, bu boyda böyüklük paxıllıq və qısqanclıqdan yan keçə bilməzdi. Hətta hər cürə əclaflığa hazır insanlar peyda olurdu. 1960-cı illərin sonunda baş verən hadisəni başqa nəylə izah etmək olar ki?

1960-cı illərin sonlarında Müslüm Maqomayev hansısa yolla öyrənir ki, Rostov Filarmoniyası maliyyə problemləri yaşayır. Don kazaklarının mahnı və rəqs ansamblının hətta Moskvada qastrollara geyinmək üçün kostyumu belə yoxdur. Maqomayev konsert verməklə yardım etməyə razılaşır. Bu konserti o, Rostovda verir. Stadion 45 mindən çox tamaşaçı ilə dolur. Əslində Maqomayev yalnız bir hissə ilə çıxış etməyə razılaşır. Lakin tamaşaçılar sevimli ifaçılarını səhnədən buraxmaq istəmirlər. Buna görə də o, 2 saatdan artıq səhnədə olur. Bu çıxış üçün ifaçıya bir hissədə ifa üçün qanunla nəzərdə tutulan 202 rubl əvəzinə 606 rubl ödənilir. Tədbirin adminstratorları Müslümü əmin edirlər ki, bu məbləğ tamamilə qanunidir və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Lakin bu tamamilə yalan olur. Bu qəribə hadisə solist barədə anti-korrupsiya xətti üzrə cinayət işi açmaq üçün səbəb olur.

Bu barədə Parisdə "Olimpiya"da çıxış edən Maqomayevə məlumat veriləndə o, şoka düşür. Mühacir dairələr ona Fransada qalmağı və hər şeyin üzərindən xətt çəkməyi təklif edirlər. Lakin Maqomayev vətəndən uzaqda həyatı təsəvvür belə etmək istəmir. Təbii ki, o mühacir həyatının SSRİ-də qalan qohumları üçün necə nəticələnəcəyini də yaxşı anlayır.

Düzdür araşdırma komissiyası Maqomayevin günahkar olması barədə heç nə tapmır. Belə ki Müslüm Maqomayev ödənilən məbləğə rəsmi şəkildə imza atmaqla qəbul etmişdi. Lakin buna baxmayaraq SSRİ- Mədəniyyət Nazirliyi Maqomayevə Azərbaycandan kənarda qastrollarda çıxış etməyi qadağan edir. Boş vaxtdan səmərəli istifadə edən Maqomayev imtahan verərək Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur və Şövkət Məmmədovanın sinfində təhsil alır. 1968-ci ildə isə oranı bitirir. Maqomayevə qarşı qəzəb yalnız DTK-nın sədri Yuriy Andropov o zamanki mədəniyyət naziri Yekaterina Furtsevaya zəng vurub Maqomayevin DTK-nın yubileyində çıxış etməsi üçün şərait yaratmasını tələb etdikdən sonra soyuyur.

"Mən Müslüm Maqomayevin ifa etdiyi bir çox konsertlərdə iştirak etmişəm. Bu konsertlərdə heç vaxt aparıcı onun adını və soyadını tam elan etməyə imkan tapmayıb. Adətən Müslüm adından sonra o qədər alqış səsləri ucalırdı ki, bütün texnikaya rəğmən aparıcının onun soyadını elan etməsi səs-küy içərisinsə eşidilməz olurdu. Buna öyrəşmişdik. Necə ki, onun tək bir adının bizim incəsənətdə özünəməxsus yeri olduğuna öyrəşmişdik. Həm də ona alışmışıq ki, istənilən opera ariyası, istənilən mahnı onun ifasında həmişə gözlənilən möcüzə idi", -deyə Robert Rojdestvenski qeyd edib. Qeyd edək ki, Maqomayev Robertin bir sıra şeirlərinə bəstələnən mahnılar ifa edib. Bu mahnılardan bəzilərinin sözlərinin müəllifi Müslüm özü olub.


Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazıblar. Lakin müğənninin repertuarında Azərbaycan musiqisi Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və  digər əsərlər  xüsusi yer tutub. O deyərdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”.
Müslüm Maqomayevə 31 yaşında SSRİ Xalq Artisti fəxri adı verilib. O, müstəqil Azərbaycan Respublikasının yüksək  mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Müğənninin repertuarına, ümumilikdə, 600-dək əsər daxildir.

Bəstəkarlıq sahəsində də özünü sınayan M.Maqomayevin yaradıcılığında Xalq Şairi Nəbi Xəzrinin sözlərinə yazdığı “Azərbaycan” mahnısı özünəməxsus  yer tutur və bu gün də sevilə-sevilə dinlənilir.
Müğənni haqqında  “Oxuyur Müslüm Maqomayev” adlı film çəkilib.

1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilib.
Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olub. İtalyan mənşəli Amerika müğənnisi Mario Lansa haqqında kitab yazıb.  “Mənim məhəbbətim melodiya” kitabında isə biz gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənni, ən əsas isə – vətənpərvər insan, əsl azərbaycanlı obrazı  görürük.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub. 

Ölümündən  əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanır.


 

İLTİFAT