adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2021 10:07
2379
MƏDƏNİYYƏT
A- A+

Ailədə bütün fədakarlıqlara rəğmən xəyanətə ugrayan, taleyini filmdə oynayan aktrisa: Nəcibə Məlikova - 100

Azərbaycan filmlərinin ən sevilən nümunələrində onu gördük, sevdik. Sevgisindən ,şəfqətindən hər birimizin qəlbinə bir sevgi, bir şəfqət süzüldü. O möhtəşəm qadın. o möhtəşəm aktrisa "Ögey ana"da (Dilarə), Aygündə (Aygün), Arşın malalanda (Cahan xala), Əhməd haradadır da (Nərgiz xala) rollarının ifaçısı həyatıda filmləri kimi maraqlı, keşməkeşli olan Nəcibə Məlikovadan söhbət açacağıq. 


Yəqin tamaşaçılar “Əhməd haradadır” filmini unutmayıblar.  “Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”, “Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm”  “Vaxtilə mane olmasa idin, indi mən xalq artisti idim”  “Onda Nərgiz xaladan incimə, özündən küs”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan” kimi sitatlar da bu gün dillər əzbəridir. Nə qədər ki, Nərgiz xala kimi özündən deyən, mərd qadınlar var, bu fikirlər də yaşayacaq.

Bu gün gözəlliyi, xanımlığı , peşəkar sənətçi olmağı ilə yaddaşımıza əbədi həkk olan "Azərbaycan SSR əməkdar artisti" , "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülmüş sevilən aktrisanın anadan olan günüdür..
 


Adalet.az xəbər verir ki, bu gün aktrisanın yubileyi -100 yaşı tamam olur. Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Atası Bakının tanınmış ziyalılarından biri olan Haşım bəy Sağibin  həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. Aktrisanın anası Xoşsima xanım da maarifpərvər qadın imiş. Onların dörd qız övladı olub. İki qızı Rübabə və Ruqiyyə tibb işçisi olublar. Nuriyyə xanım Peterburqda - Smolnı İnstitutunda təhsil almış ilk Azərbaycan qızlarından biridir..
 

 Nəcibə ilk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək, Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.


O, 1943-cü ildə institutu bitirir və təyinatla Gəncə Dram Teatrına göndərilir. Həyatının ən gözəl və ən kədərli anlarını da demək olar ki, burada yaşayır.
Belə ki, Gəncənin tanınmış adamlarından olan, vəzifəli və yaraşıqlı Nəsrəddin adlı şəxs Nəcibə xanımın oynadığı bütün tamaşalara gəlirdi. Nəsrəddin bəy artıq bir dəfə evli olmuşdu və bu evlilikdən Fuad adlı övladı da var idi.
Bir müddət sonra Nəcibə xanım Nəsrəddinlə ailə qurur və bu nikahdan Saqib adlı bir övladı dünyaya gəlir. Aktrisa hər iki uşağa eyni qayğı, eyni sevgi ilə yanaşır, lakin qayınanası heç cür Nəcibə xanımı qəbul edə bilmir və evdə tez-tez söz-söhbət salır. Bu azmış kimi, həyat yoldaşı ona “sənətdən ayrılmalısan” tələbini irəli sürür.

 


Nəsrəddinin yalan və xəyanətlərindən yorulan aktrisa ondan boşanaraq oğluyla birlikdə Bakıya gəlir. Nəsrəddin isə Nəcibə xanımdan sonra üçüncü dəfə də ailə qurur, lakin 30 yaşında faciəli şəkildə vəfat edir.
Deyilənə görə "Ögey ana” filmində Dilarə rolu elə aktrisanın öz taleyindən bəhs edir. Belə ki, görkəmli rejissor Adil İsgəndərov Gəncədə olanda onların evinə tez-tez gedib-gələrmiş. Hər dəfə də qaynanası ilə Nəcibə xanımın dartışmasına tənə edib: "Əşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən” deyərmiş. Rejissor bu sözü elə-belə, söz xətrinə deməyib. Həqiqətən də, filmin ideyasını Həbib İsmayılova o verib. 

 

 

Az sonra Nəcibə Məlikovanın ailəsindəki münasibətlər haqda yazılan ssenari əsasında kinorejissor Həbib İsmayılov "Ögey ana” filmini çəkib. Filmdə baş verənlər cüzi dəyişikliklə çəkilib. Nəcibə Məlikovanın yaradıcılığında önəmli rol oynayan "Ögey ana" filmi də məhz öz ailəsinin hekayəsi olub. Aktrisanın oğulluğu, AFFA-nın sabiq baş katibi Fuad Əsədov bu haqda belə deyib:
““Ögey ana” filmi üçün süjet bizim ailə həyatımızdan hazırlanıb. Mənim nənəm Xanım xan nəslindən idi. Gəncə Mahalından Kəbleyi İsgəndərxan Muradovun qızı idi. Əsilləri Ağstafanın Dağ Kəsəmən kəndindədir. Çox şən və mərd qadın idi. Atam Nəcibə xanımla ailə quran kimi, nənəmlə münasibətləri kəsildi. Nənəm həmişə mənim öz anamı istəyib, onu qəbul edib.
Adil İsgəndərov isə atamın yaxın dostu idi. Tez-tez bizə gələrdi. Bir gün nənəmlə analığım arasındakı münasibəti müşahidə edib və nənəmə deyib ki, gərək bu haqda bir film çəksin. Düzdür, çəkməyinə özü çəkmədi. Həmin vaxt Kinostudiyanın direktoru idi. Amma filmin ssenarisi bizim ailədən idi.


Filmdə bacımın olduğu göstərilib. Atam isə həqiqətən də yol mühəndisi olub. Hətta filmdə İsmayıldan soruşurlar “böyüyəndə kim olacaqsan?” - fəxrlə deyir ki, “atam kimi yol mühəndisi olacağam”.
Nəcibə xanım həyatda ögey anam olmaqla yanaşı, filmdə də ögey ana rolunu oynayıb”.

Xalq artisti Firəngiz Mütəllimovanın Nəcibə Məlikova ilə bağlı xatirələri ilə yazını yekunlaşdırırıq “Anamız, sirdaşımız, rəfiqəmiz idi. Onun yanında kimsə gənc aktrisalara nə isə deyə bilməzdi. Bizi müdafiəyə qalxardı. Əslində, bizi qorumaq üçün həmişə bizimlə olardı, amma ona belə bir don geyindirirdi ki, guya bizimlə gəncləşmək istəyir”.
Nəcibə Məlikova Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulmuşdu. Həyatının sonuna kimi - 27 il şəkər xəstəliyi ilə yaşadı. Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova İkinci Fəxri xiyabanda dəfn olunub.

Əntiqə Rəşid