adalet.az header logo
  • Bakı 17°C
25 Oktyabr 2021 09:05
1877
MƏDƏNİYYƏT
A- A+

Pikasso – qadınları intihara sürükləyən dahi

İtaliya intibahının dahi nümayəndəsi Leonardo Da Vinçinin “Mono Liza” tablosu 1911-ci ildə oğurlanır. Lakin 2 il sonra Florensiyada tapılsa dasoyğunla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pablo Pikasso da vardı…

Kimdi Pikasso?

Pablo Pikasso 1881-ci ildə İspaniyanın Malaqa şəhərində anadan olub. Doğularkən zəiflikdən səsi belə çıxmayan körpəni tibb bacısı ölü zənn edir. Bu bəd xəbəri rəssamın anasına çatdırmaq üçün onu çarpayının üzərinə qoyub otaqdan çıxır. İçəriyə daxil olan tütün aşiqi əmisi körpəni qucağına götürür və çəkdiyi siqarın tüstüsünü onun
bəmbəyaz, rəngsiz üzünə üfürür. Bu zaman körpə özünə gəlir, canlanır və bərkdən ağlamağa başlayır. Xaç suyuna salınarkən isə rəssama verilən ad nə az, nə çox, düz 23 sözdən - Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martyr Patricio Clito Ruiz y Picasso - ibarət idi. Bura rəssamın müxtəlif əcdadlarının və müqəddəslərin adları daxil idi.
Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. 
Nə qədər qəribə olsa da, körpə Pablonun dil açdığı zaman dediyi ilk söz də karandaş olub. (İspanca "lapiz" - qısa formada "piz"). Doqquz yaşında Pikasso özünün ilk sona çatdırılmış əsərini çəkir. "Le picador" adlanan rəsm əsərində at üstündəki çapar və ətrafındakı döyüş öküzləri əks olunub. Pikassonun atası Xose Ruiz Blasko sənətşünas idi və boş vaxtlarında rəsmlər çəkirdi. Pablo 7 yaşında olarkən atası ona rəsm çəkməyi öyrətməyə başlayır. Qısa zamanda bütün müəllimlər balaca dahiyə dərs verməkdən imtina edirlər. Səbəb isə çox sadə idi - Pablo rəssamlıqda müəllimlərdən daha çox bilir və daha istedadlı idi. Artıq 13 yaşına çatanda balaca Pablonun atası oğlunun bu istedadının qarşısında baş əyir, bir daha rəsm çəkməməyə söz verir və bütün ləvazimatlarını ona hədiyyə edir. İlk akademik əsəri isə 15 yaşında çəkdiyi "First Communion"dur. Əsərdə rəssam öz atası, anası və bacısının rəsmini işləyir. Sözsüz ki, Pablo oxuduğu illərdə özündən bir neçə yaş böyük tələbələr arasında ən savadlısı və istedadlısı idi. 
1894-1895-ci illərdə gənc Pablo La-Korunya, 1895-ci ildə isə Barselona incəsənət məktəbinə daxil olur. 20 yaşına kimi atasının - Ruiz Blasko - adı ilə işləyir, lakin sonradan adətə əsasən anasının qızlıq soyadını - Pikassonu - götürür. 1897-ci ilin sentyabrayında Madridə yollanan Pikasso San-Fernand Akademiyasına daxil olur. 1898-ci ildə isə Pablo Barselonada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv olur və 30 yaşında özünün ilk sərgisini məhz bu kafedə nümayiş etdirir.

Amma gənc dahi müəllimlərinin yaddaşında ən nadinc və intizamsız tələbə kimi qalıb. Çünki Pikasso həmişə müəllimlərinin ona nə edib, nə etməyəcəyini göstərəndə, nəyisə əmr edəndə çox hirslənirdi və buna görə də vaxtının çoxunu məktəbdə "həbsdə" keçirirdi. "Calaboose" adlanan 4 ağ divar və oturacaqlardan ibarət otağa uşaqları öz səhvlərini başa düşmək üçün salırdılar. Pikasso isə buranı sakitliyinə görə çox sevir, şəkil çəkmək üçün istifadə edir və çölə çıxmaq istəmirdi. Yeri gəlmişkən, Pikasso həmişə yuxudan çox gec oyanır, gündüz vaxtını dostları ilə keçirir, dünya incisi əsərlərini isə gecələr, şam işığında işləməyi sevirdi. Parisdə isə ömrünün ən kasıb günlərini keçirən Pikasso bəzən əsərlərini odun əvəzinə yandırırdı.
XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişib. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Onun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirib ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib.
Adı bəşəriyyətin 100 dahi şəxsiyyəti siyahısına daxil edilib. Buna görə də o cəzalandırılıb.

"Mavi" və "Çəhrayı" dövrlər


1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso məhz burada impressionalistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvələrində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Pikasso bu üslubu 1903–1904-cü illərdə Barselpnaya dönüşündən sonra işləyib. Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunur, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903). Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırırdı. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı.
Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir.
Pikasso 1904-cü ildə Parisdə məskunlaşır. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirirdi ("Akrobat ailəsi meymunla", 1905).

Kubizm

Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltaraşlığını yeni janra çevirir. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyur.
Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırır (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırır (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itir, palitra monoxromluğa meyil edir. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarır. Reallıqla əlaqəyə qaytımaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə edirlər. Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvələrində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayır.
Kompozisiyalarda "kubistik kriptoqrafiya" — şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlir. Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verir (Qızın portreti, 1914). "Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilir. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq I Dünya Müharibəsinin başlanmasından az sonra bitir. Lakin buna baxmayaraq Pikasso bir çox əsələrində bu üsluba yendən müraciət edir (Üç musiqiçi, 1921).

Pikasso bu günədək həyatından ən çox qadın keçmiş və həddən artıq çox sevgilisi olan tək rəssamdır. Qadınlar ona işləmək, yaratmaq üçün hava-su kimi lazım idilər. Onun istedadı dövrünün ən gözəl qadınlarının diqqətini asanlıqla cəlb edirdi. Sonra isə bu gözəlçələr dahinin qurbanına çevrilirdilər, çünki Pikasso heç bir zaman qadınlara canlı varlıqlar kimi baxmırdı. Fernanda Olivye rəssamın "Çəhrayı dövrü" nün əsas muzası və Pikassonu "gitara formalı qadın obrazı" yaratmağa ilhamlandıran ilk qadın idi. Amma az keçmir ki, qadının qabarıq bədən formaları rəssamı yorur və onu Eva Quel əvəz edir. Fernandanın qabarıq ölçülərindən fərqli olaraq, Evanın miniatür forması rəssamı məst edir və o, Evanı uzun müddət dayanmadan çəkir. 1917-ci ildə Sergey Diaghilev Pikassonu "Parad" baletini formalaşdırmağa dəvət edir. Elə bu zaman rəssam yeni ilham pərisi, balerinalardan biri Olqa Xoxlova ilə tanış olur və ona aşiq olur.

Münasibətlər o qədər ciddi olur ki, Serqey Diaghilev Pikassoya xəbərdarlıq edir: "Ehtiyatlı ol, Olqa rus qızıdır, rus qızları ilə isə zarafat olmur, onlarla ancaq evlənmək olur". Evlənmək fikri Pabloya çox maraqlı gəlir və o, general qızı Olqayla evlənir. Balerina Pikasso üçün gözəl ilham pərisi və model olmağı bacarsa da, yaxşı həyat yoldaşı ola bilmir. Olqa tez vəfat edir və ölənə kimi də rəssamın arvadı olaraq qalır, Pikasso isə onun dəfninə belə getmir.
50 yaşında olarkən yağışlı bir gündə metrodan çıxıb sürətlə qaçan gənc qızın cavanlığı və təravəti Pikassonu cəlb edir. 17 yaşlı Mariya Tereza Valter həmin an rəssamın atelyesinə model kimi dəvət edilir və 3 gündən sonra onlar sevgili olurlar. Nə qədər gözlənilməz olsa da, onların münasibəti 10 il davam edir. "Mən cavan xanımla yaşadığım müddətdə özüm də cavan qalıram", - deyən Pikasso-nun yeni sevgilisi özündən 40 yaş balaca Fransuaza Jila olur.

Sevdiyi qadınlara əzab verməyi və onların ağrılarını çəkməyi sevən rəssam iki dəfə Fransuazanı ana olmağa sövq edir və onun necə eybəcərləşəcəyini görmək istəyir. İki doğumdan sonra isə artıq sevgilisi xoşuna gəlmir, əsərlərində onun eybəcərliklərini göstərməklə qadını qıcıqlandırır və Fransuaza Pikassonu özü tərk edən yeganə qadın olur.

Hər zaman olduğu kimi, yeni və daha cavan qadına ehtiyacı olan Pikasso özünün həyatındakı sonuncu qadını və ikinci qanuni arvadını 72 yaşında tapır. 27 yaşlı Jaklin Rok onun hər istədiyini yerinə yetirir, "mənim hökmdarım" deyə müraciət edir və onu ideallaşdıracaq şəkildə əllərindən öpürdü. Pikasso 91 yaşında həyatdan köçdü və özündən sonraya dəyəri 1.1 milyard dollar qiymətləndirilən 50 min-dən çox şəkil, qravüra, skulptur, keramika işləri qoydu. Ən qəribəsi isə odur ki, rəssamın ölümündən sonra sevgililəri Mariya Tereza Valter və Jaklin dəintihar edirlər.

İITİFAT