adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Oktyabr 2021 16:23
1404
ELM VƏ TƏHSİL
A- A+

AMEA-da konfrans: Görkəmli filosof alim Zakir Məmmədovun 85 illik yubileyi

Oktyabrın 14-də Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof alim, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 85 illik yubileyinə həsr edilən “Qarabağ və milli fəlsəfi irs” mövzusunda elmi konfrans keçirilib.

Adalet.az xəbər verir ki, konfrans haqqında  filosofun oğlu, tanınmış jurnalist Orxan Zakiroğlu məlumat verib. O. Zakiroğlunun sözlərinə görə , konfrans AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının 22 iyun 2021-ci il tarixli qərarına əsasən baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli görkəmli alimin həyat və fəaliyyəti, zəngin elmi irsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsi Z.Məmmədovun Azərbaycan elminin inkişafında və zənginləşməsində göstərdiyi xidmətlər onun xatirəsini yaddaşlarda əbədi həkk edib. Akademikin sözlərinə görə, Z.Məmmədovun kitabları Azərbaycan fəlsəfi fikrinin möhkəmlənməsinə böyük töhfələr verib.

 

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə isə çıxış edərək Zakir Məmmədovun Azərbaycan fəlsəfə elminə misilsiz xidmətlərindən danışaraq bildirib ki, o, elmi fəaliyyəti boyunca müxtəlif dillərdə, xüsusən ərəb və fars dillərində olan mənbələrdən istifadə etməklə Azərbaycan fəlsəfə tarixinin öyrənilməsində əvəzsiz xidmətlər göstərib. O, alimin bütün tədqiqatları ilk mənbələr əsasında apardığını qeyd edib.

İctimai Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Nərgiz Axundova çıxışında bir çox tədqiqatçı tərəfindən Z.Məmmədovun elmi fəaliyyətinin araşdırıldığını, alim haqqında məqalələrin yazıldığını, onun elmi irsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə professor Azər Mustafayev “Görkəmli Azərbaycan filosofu Zakir Məmmədov”, professor Rəfiqə Əzimova “Taleyini fəlsəfəyə bağlayan alim”, professor Sakit Hüseynov “Zakir Məmmədov xatirələrdə”, f.e.d. Füzuli Qurbanov “Zakir Məmmədovun yaradıcılığı XX əsr Azərbaycan fəlsəfi təfəkkürünün transformasiyası kontekstində”, dosent Faiq Ələkbərli “Azərbaycan fəlsəfəsi tarixi” əsərinin milli fəlsəfə tarixində yeri”, dosent Müstəqil Ağayev “Azərbaycan fəlsəfəsi tarixinin fədakar tədqiqatçısı”, araşdırmaçı-yazar Elmin Nuri “Zakir Məmmədovun elm və fəlsəfə tarixindəki orijinal xətti” mövzusunda məruzə ilə çıxış ediblər.

 

 

Bundan əlavə, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, f.e.d., professor Əlikram Tağıyev, f.e.d., professor İmamverdi Həmidov, f.ü.f.d., dosent Mətanət Şəkixanova, f.ü.f.d., dosent Radif Mustafayev və digər çıxışçılar görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən, həyat və yaradıcılığından, yüksək insani keyfiyyətlərindən bəhs ediblər.

Sonda Zakir Məmmədovun qızı, fəlsəfə üzrə fəlsəfə doktoru  Aytək Zakirqızı Məmmədova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə, ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Adalet.az